Soylu Atalı. Yurddaş sözü

Sovetlər birliyi adında imperiya Türk birliyini dağıdan və türkləri dağınıq saxlayan başlıca güc mərkəzi idi. “Türk” sözünü, türk milli kimliyini millətin yaddaşından pozmağa çalışan ikinci güc mərkəzi İran imperiyası olub. İran adlanan ölkənin toplumunun əsas kütləsi Azərbaycan türkləri olduğu üçün, onun assimilyasiya yönündə etkisi də əsasən türkün Azərbaycan boyuna qarşı yönəlib. Orada başqa etnik türklərə münasibət Azərbaycana münasibətin tərkib hissəsi kimi özünü göstərir. Türk milli şüurunun oyanmasından vahimələnən İran həmişə sərt, kəskin vasitələrə əl atıb. Sovetlərin “şirin” özgələşdirmə üslubu ilə İranın qəddar özgələşdirmə üslubu arasındakı fərq yalnız onların daşıdıqları ideologiyalarla bağlı olub. Bu iki imperiya bir-birinə zidd ideologiyalar daşısalar da, onları bütün zamanlarda türkü özgələşdirmək niyyətləri birləşdiribdir. Yəni birinin dinçilik xətti ilə o birinin ateizm xətti fars-rus münasibətlərini deyil, daim türkün milli-ideoloji inkişafını zədələyibdir. Hər iki ideologiya türk ruhuna yad olub. Bu antitürk qüvvələr də belə ideolojilərdən bəhrələnib türkə qarşı qullanıblar. İran rejimi Güney Azərbaycanı dinçilik basqısı altında saxlamaqla əslində həm də Sovetlər birliyinə yardım etmişdir. Belə ki, Orta Asiya türklərinin bir araya gəlməsi də, tatarların, yakutların, başqırdların… müstəqilləşməsi də Azərbaycanın parçalanmasına bağlı olaraq baş tutmur. Azərbaycan Türk Dünyasının mənəvi-ideoloji beynidir. Onun dünyaya siyasi, iqtisadi cəhətdən nüfuz etmək imkanı da genişdir. Yəni Türk birliyi deyilən zəncirin həlqəsi Azərbaycanda qırılmışdır. Doğu Türküstanın siyasi taleyi də bu həlqəyə bağlıdır… Bu mövzunu zaman-zaman bəs qədər yazdığımız üçün davam etmirik.
Nə qədər ki, “Türk Yönətim Quralı”, “türk ideoloji sistemi” həyatımızda bərpa olunmur, türk birliyi yalnız arzularımızda mövcud olacaqdır. Türk birliyinə xidmət adı altında müxtəlif qurumlar yaradırlar, bir müddət fəaliyyət göstərirlər, ancaq fəaliyyətləri nədən ibarətdir, sonuc nədir, bəlli olmur. Çünkü nə Avropa yönətim qurallarının, nə də dinçiliyin həlməşik qəliblərində Türk varlığı bilinməz. Toplumun, zamanın diqtəsi əsasında çağdaş türk dövlətlərinin hakimiyyətləri türk birliyi şüarları ilə görüntü yaradıb baş qatırlar…
Sovetlərin maneçiliyini çağımızda Avropa maneçiliyi əvəz edib. Sovetlərin “qardaşlıq” şüarlarından Avropanın “ insan haqları, plüralizm” şüarları daha cazibədar görünür. Bir vaxtlar Sovet quruluşuna qarşı söz deyənlərin DTK dilini kəsirdi. İndi DTK-nın qılıncına ehtiyac yoxdur, hakimiyət həsrəti ilə çalışan siyasi partiyaların nümayəndələri, qrantlarla dövran sürən “hüquq müdafiəsi” təşkilatları və b. dünyanı qatıb-qarışdıran Avropa ağalarının qulluğunda müntəzir dayanırlar.
Avropa buyruğu ilə hərəkət edən Türkiyə və Azərbaycan iqtidarları da bu iki dövlətin münasibətlərinin saflaşmasına əngəl olurlar. Türkiyə-Azərbaycan münasibətləri daim qalxıb-enir. Çünkü bu iqtidarla o iqtidarın fəaliyyətləri şəxsi maraqlara bağlıdır. Türk millətinin varlığı və inkişafı onları düşündürən  məsələ deyil. Biz Azərbaycan və Türkiyə münasibətlərinə zərər gətirən məsələləri daim izləmişik. O faktları sadalamadan yeni bir fakta diqqət yönəltmək istəyirik: Azərbaycan vətəndaşlarının Türkiyə torpaqlarından keçərək Suriyada döyüşmələri hakimiyətimizi təmsil edənlərdə qıcıq doğurur, tranzit rolu oynadığına görə Türkiyə dövlətini qınayırlar. Halbuki Suriyada döyüşən azərbaycanlılar Azərbaycan hakimiyətinin gözləri qarşısında yetişdirilib göndərilirlər. Azərbaycanda bəzi məscidlər gənclərin sosial durumlarının aşağı olmasından, milli zəmində doğru maariflənə bilməmələrindən istifadə edib onları ələ keçirir, zehnini, düşüncəsini korlayıb Türkiyəyə göndərir, Türkiyə  hökuməti də özünəyarar siyasəti həyata keçirmək məqsədi ilə bu cür “atılmışlar”dan istifadə edə blilr. Azərbaycan hakimiyyəti öz gəncliyinə sahib çıxa bilmir, başqaları “sahib” çıxıb məhv edir. İndi mətbuatda Müşfiqabad məscidinin adı azərbaycanlıları Suriyaya göndərməkdə hallandırılır. Azərbaycanın hüquq-mühafizə sistemi də həmişə iş-işdən keçəndən sonra əl-ayağa düşür…
Dinin başında duran şəxs vəhabilərdən pul alıb onların sərbəst fəaliyyət göstərmələrinə şərait yaradır, hansısa nazirlikdən vəhabilərin fəaliyyətinə pul ayrılır, Azərbaycan hökuməti isə Türkiyəni suçlayır. Əsil komediya mövzusu da belə məsələlərdən yaranır.
Məscidlər gənclərimizi korlayır, hakimiyyət də korlanan gəncləri bir-bir içəri doldurur. Bəs dövlətin quruculuq və xilaskarlıq missiyası harda tətbiq olunacaqdır?!.
Bu gün məscidlərin sayı sürətlə artır. Bu o deməkdir ki, Azərbaycanda milli şüurun inkişafına dəyən zərbələrin sayı da sürətlə artır. Heç bir məsciddə insanlarımız milli yönə bağlanmır, dəyərlərimiz tanıdılmır, vətənə məhəbbət aşılanmır. Sevgi Azərbaycandan qırağa yönəldilir, əslində milli dövlətçiliyə qarşı başqa bir təhlükə hazırlanır. İranın tabeçiliyində olan məscidlər (Azərbaycanın harasında olmasından asılı olmayaraq) bir sıra gənclərimizin ruhunu milliliyə o qədər yadlaşdırır ki, onlar dövlətimizə nəcis deməkdən belə çəkinmirlər…
Bir vaxtlar sadə insanlar məbədlərə sığınacaq kimi baxırdılar. Ancaq bizdə məscidlər ona sığınanların yox, yurdu dağıdanların, gəncliyi azdıranların ünvanına çevrilib. Buna görədir ki, dini təriqətlərə qoşulanlar və məscidlərə gedənlər arasından mühakimə olunanların sayı oğurluq üstə mühakimə olunanların sayından çoxdur. Çünkü ictimai tərəqqiyə xərclənməli olan pullar ekstermizmin, terrorizmin yuvalarına xərclənir. İnsanlığı, dövlətçiliyi təhdid edən cəhalət qorunur, genişləndirilir, inkişaf etdirilir. Bizim hakimiyətimizi mənimsəyən kapitalist zümrə də özünü qoruyur, xalqın aqibətini faciələrə sürüyən köklü problemlərin heç birini həll edib aradan qaldıra bilmir. Dövləti sevgi, ədalət, vicdan qoruya bilər. O da ki, yoxdur. Dövlət xalqa qulluq eləməlidir ki, sevilsin. Xalqın dövlətçiliyə münasibəti uçuruma salınıb. Artıq “dövlətin ədalətliliyi”, “qanunun aliliyi” kimi anlayışlar xalqın inamını tərk edib. Xalqın içində yalnız bircə “nizam” var – o da Zor. Zorun mütləq hakim olduğu toplumda insan sevilməz, vətən bilinməz.
Bəs xalqın gələcəyini kim düşünməlidir?! Artıq elə bir aşamadayıq ki, ziyalılıq adına iddia edənlərimiz çoxluq etibarilə, nəinki danışmaqdan, hətta dinləməkdən belə qorxurlar. Dərdi çəkmək istəyən olmadığı üçün dərd varlığımızdan əziz olan millətimizə faciələr yaşadır.
Gəlin düşünək, qabaqdakı nəsil özündə güc tapa bilmir. Gəncliyimizi qoruyaq, vətənimizə, millətimizə bağlayaq.
Bütün bu sorunları görüb ümidsizləşmək vaxtı deyil, dərk eləyərək Haray çəkmək vaxtıdır.

Yükümüzdən Böyük fərəhimiz yoxdur!
Atamız Var olsun!

 (fevral, 2014. Bakı.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv