Xaliq Bahadır. ABBAS MİRZƏ (Türkmənçay bağlaşmasının 200 illiyi qarşısında)

 Ey Türk xalqı, sənə Özgürlük qazandıracaq,

Ağ günlər yaşadacaq

sanlı çarpışmaya bütün gücünlə yüklən.

Səni bu çarpışma qurtaracaq!

Azərbaycan özgürlüyünü bir yol qurdun,

bir daha qurmaq bacarığın var.

Düşmənini tanı, Milli dirçəlişini yüksəlt – uğur səninlədir!
Məhəmməd Əmin

 

Keçmiş – gələcək

Keçmiş, bir çoxlarının düşündüyü kimi, tarixə atılan daş deyil. Keçmiş tarixə keçən, ancaq gec-tez geri qayıdacaq, üstümüzə dönəcək bumeranqdır. Necə, hansı biçimdə – orası bilinməz. Alman filosofu Karl Yaspers belə buyurur: “Baş verənlər uyarmadır. Unutmaq suçu öz üzərinə götürmək deməkdir. Keçmişi sürəklə anmaq gərəkdir. O, olub, ola bilib, ola bilər. Onun qarşısını yalnız bilik ala bilər”. Danılmaz düşüncə dirənişi, görsənişi!

***

 İran çaşqın durumdadır. Mollakratiya – ayətullah rejimi Liviya lideri Qəddafi kimi blokada içində dünyaya meydan oxuyur. İran bilər, dünya bilər: bizim üçün ilginc olanı bu deyil; İranın hamıdan artıq bizə diş qıcaması, bizdən öc almağa çalışmasıdır. Düzdür, mollakratiya qabaqkı illərdə də Azərbaycanla bağlı bir sıra saldırqan girişimlərdə, saldırqanlıq uyğulamalarında bulunub. İndi baş verənlər: ayətullahların Azərbaycanı bağımsız ölkə, suveren dövlət olaraq yoxa sayan ardıcıl, qızğın çıxışları bütün sınırları aşmaqdadır. İslamın başlıca kitabında deyilir: “Dininizdə həddinizi aşmayın”. Bunlar, mollakratiya, həddini aşır, özü də yersiz olaraq. Görünür, bizim susqunluğumuz, yetərincə qarşılıq verməməyimiz, gərəkən təpkini göstərməməyimiz onları getdikcə daha çox ayaqlandırır. Ayətullahlar bir-birinin ardınca minbərə qalxıban Türkmənçay bağlaşmasını pozacaqları ilə bağlı Azərbaycana xox gəlməyə, Azərbaycanı qorxutmağa çalışırlar. Bunlar illərdir “Ermənistanı” – erməniliyi özlərinə bəradər, Azərbaycanı düşmən sayır, Azərbaycanın varlığı – bağımsızlığı ilə barışa bilmirlər.

İslam İranının doğma – yad qonşuluqları

İran İslam Respublikası 13 dövlətlə qonşudur. Bunlardan 12-si islam, vur-tut biri, Azərbaycan torpaqlarında qanlı qırğın, terror yolu ilə yaradılmış qondarma erməni dövləti – “Ermənistan” xristiandır. Olduqca ilginc, danılmaz bir görsənişdir: İran İslam Respublikası adlanan dövlət, demək olar, özünün bütün müsəlman qonşuları ilə konfliktdə, bircə “Ermənistan”la geniş, çoxyönlü, sarsılmaz dostluq, qardaşlıq ilişkilərində bulunmaqda, “Ermənistan”dan Qarabağadək 3 milyona yaxın (üç milyona yaxın!) müsəlmanın qanını tökən, namusunu tapdayan, yüzlərlə məscidi yıxan ERMƏNİLİYƏ ardıcıl olaraq yardımlar etməkdə, ona arxa durmaqdadır. Faktlardan göründüyü kimi, mollakratiyanın, İİR prezidenti Əhmədinecatın Yer üzündə ən çox sevdiyi, tez-tez görüşünə getməyi özü üçün başucalığı bildiyi bir kimsə varsa, o da Xocalı soyqırımını törədənlərdən biri – terrorbaşı Sərkisyandır! Suveren bir dövlət olaraq “Ermənistan”a mollakratiyanın, ayətullah rejiminin sayğıları sonsuzdur. Olsun, ancaq bizdən nə istəyirlər?

İran İslam Respublikasının Türkmənçay tozanağı

Bizdən, bəlli olduğu kimi, Türkmənçay bağlaşmasının aradan qaldırılmağını, Azərbaycanın yüyürüb mollakratiya – ayətullah rejimi altına girməyini istəyirlər. Tutarqa: Türkmənçay bağlaşmasınadək Azərbaycan İranın bir parçası olub. Elə buradaca demək gərəkir: Türkmənçay bağlaşması bağlanan dönəmdə də, ondan çox sonralar da (1935-ci ilədək) ortada İran yox, türksoylu Qacarlar dövləti olub! Qacarlar dövlətinin sınırları içində yalnız Azərbaycan deyil, Rusiya başda olmaqla bir sıra böyük dövlətlərin əl-ələ verib yaratdığı indiki “Ermənistan” torpaqları da olub. Lap elə deyək o çağlar – Türkmənçay dönəmində – Qacarlar dövləti yox, İran dövləti olub. Ad dəyişdi-dəyişmədi, coğrafiya dəyişməz qalır. O dəyişməz coğrafiyada indiki, qondarma “Ermənistan” da varsa, mollakratiya – ayətullah rejimi niyə görə yalnız Azərbaycanı “İranın legitim parçası olaraq” ələ keçirməyə çalışır? Bu nə sirri-xudadır belə? Hələ mən burasını demirəm: niyə görə mollakratiya – ayətullah rejimi İrandakı 300 minlik erməniyə hər cür hüquqlar verirkən, sayca farslardan çox olan türklərin ana dilində – Tanrının ona verdiyi dildə – yazıb-oxumaq hüququnu əlindən alır?!

Yox, belə olmayacaq. Soruna alayarımçıq yanaşmaya görə mollakratiya – ayətullah rejimi bizdən inciyə bilər. Yaxşı olar başdan, Türkmənçay bağlaşmasının başlandığı yerdən başlayaq. Türkmənçay bağlaşmasına gətirib çıxaran nədənləri ortaya qoymadan bu gün İranda baş verənləri gərəyincə dəyərləndirmək olmaz. İndi biz İranın Azərbaycanla bağlı yersiz-gərəksiz saldırqanlığına, açıq aqressor istəklərinə çeşidli reaksiyalarda bulunar, ardıcıl-uyğun təpkilər göstərə bilərik – gərəkən effekt alınmayacaq. Gərəkən effektin alınması üçün Türkmənçay bağlaşmasını doğuran, bu bağlaşmanı kəsinliklə qaçılmazlığa çevirən nədənləri ortaya qoymaq gərəkdir. Eləcə tarix faktlarını işıqlandırmaq üçün yox, o çağlar baş verənlərin İrandakı indiki rejimlə hansı ilişkilərinin olduğunu ortaya qoymaq üçün.

Devrimlərdən doğulanlar

Çoxsaylı çaxnaşmalar, çevrilişlər, devrimlər, bunların sonucu olaraq ortaya çıxan reformalar Avropada iki dövlət – İngiltərə ilə Fransa – dünya ağalığına can atan güclü dövlətlərə çevrilmişdi. I Pyotr reformalarının sonucunda güclənmiş Rusiya da dünya ağalığına can atırdı. Hər üç dövlətin geopolitik maraqları bizim bölgədə toqquşurdu. Hər üç dövlət Hindistana yiyələnməyə çalışırdı. Hindistana quru yolu Türkiyədən, Qafqazdan, Qacarlar dövlətindən (indiki İran), Əfqanıstandan keçirdi. İngiltərə hələ 18-ci yüzilin sonlarında su yolu ilə Hindistanı ələ keçirmişdi. Indi o, Hindistana quru yolunu açmağa çalışırdı. İngiltərə ilə Fransanın öz aralarındakı konkurensiya bir yana, bizim bölgədə onların hər ikisinin Türkiyədən sonra bir başlıca konkurenti vardı: Rusiya.

Hələ I Pyotr dönəmində Qafqazadək sınırlarını genişləndirmiş Rusiyanın bütün Qafqazı ələ keçirəcəyi gün çox uzaqda deyildi. İngiltərə ilə Fransa bunu yaxşı bilirdi. Buna görə də onlar o çağlar Qafqazın yiyəsi olaraq tanınan Qacarlar dövlətini gücləndirməyə, beləliklə, Rusiyanın Qafqazı tutmasına yol verməməyə çalışırdılar. Onların planlarına görə, Rusiya ilə Qacarlar dövləti arasında gözlənilən çoxillik savaşlar Rusiyanı gücdən salacaqdı. Buna görə onlar Qacarlar dövlətini gücləndirmək yönündə bir sıra yardımlarda bulunurdular.

İstər İngiltərə, istərsə də Fransa Osmanlı dövlətinin əlini Avropadan, ərəb ölkələrindən yığmaq üçün bu dövlətin içində geniş pozuculuq işləri aparırdı. Osmanlı dövlətini başlıca olaraq ermənilərin əlilə içindən dağıtmaq planlarına baş vurulmuşdu. Bəlli olduğu kimi, Osmanlı dövləti o çağlar bölgədə başlıca söz yiyəsi idi. Bu baxımdan Osmanlı dövləti yalnız İngiltərə ilə Fransanın deyil, eləcə də Rusiyanın bölgəylə bağlı geopolitik maraqlarının gerçəkləşməyində başlıca əngəl idi.

Qacarlar dövləti

Bu dövlətin özülü türksoylu Ağaməhəmməd xan Qacarın hakimiyyətə gəlişi ilə qoyulmuşdu. Ağaməhəmməd xan, demək olar, ağalığınin başlanğıcından sonunadək Bütöv Azərbaycan yaratmaq siyasəti yürütmüşdü. Ağaməhəmməd xanın uşağı olmadığından qardaşı oğlu Fətəli xanı özünə varis eləmişdi. Ancaq o bununla da yetinməmiş, Fətəli xandan sonranı da düşünərək Fətəli xanın ən bilikli, ən başarılı oğlunu – Abbas Mirzəni Fətəli xandan sonrakı dönəm üçün varis eləmişdi. Burada başqa bir faktor da önəmli rol oynayırdı: Çingiz xanı özünə örnək alan Ağaməhəmməd xan ölkə yönətimində Çingiz yasalarını uyğulayırdı.

Napoleonun məktub verib Fətəli şahla görüşə göndərdiyi şərqşünas Amedee Jauber sonralar yazırdı: “Fətəli xan elə açıqgözlü, geniş düşüncəli idi, onun Avropada oxumuş olduğunu sanmışdım”. Jauber Anadolu, Azərbaycan türkcələrini gözəl bilirdi. Üstəlik, fars dilini bilən Jauber bunu da bilirdi: hər yerdə, istər sarayda, istərsə də saraydan qıraqda gözəl türk dilində danışmaq bütün Qacarların ayrıca özəlliklərindən idi. Jauber gənc çağlarından Doğuda ayrıca ad-san qazanmış 21 yaşlı Abbas Mirzə ilə görüşlərindən böyük sayğıyla söz açır. Onların görüşlərindən birində Abbas Mirzə Jauberə fransız yazarı Fenlonun “Telemak” romanından danışanda Jauber şaşırıb qalmışdı. Yazdıqlarından göründüyü kimi, Jauber Abbas Mirzə ilə yaxınlaşmağa böyük önəm verirdi. Bu isə yalnız, Jauberin yazdığı kimi, Abbas Mirzənin çox bilikli, yeni düşüncəli, demokratik baxışlı olmasıyla deyil, bir də güclü xarakter yiyəsi olmasıyla bağlı idi.

Qacarlar dövləti ilə geniş birlik yaratmaq istəyən Fransaya Qafqazda, Orta Doğuda ruslara qarşı planlarını gerçəkləşdirmək, Hindistana doğru arxayınçılıqla irəliləmək üçün Abbas Mirzə kimi geniş dünyagörüşlü, güclü xarakter yiyəsi olan üstün dövlət başçısı gərək idi. Bu baxımdan Abbas Mirzə İngiltətə üçün də çox önəmli persona idi.

19-cu yüzilin başlanğıcında Qacarlar dövləti

19-cu yüzil siyasi, ekonomik, texniki baxımdan böyük dəyişikliklər, böyük irəliləyişlər, qalxımlar yüzilliyi olaraq tanınır. Başlanğıc Avropa idi. Avropada, obrazlı desək, Yer titrəyir, Göy guruldayırdı. Avropa, başlıca olaraq Avropanın iki dövləti – İngiltərə ilə Fransa – istər-istəməz Yeni Dünya Düzəninə start vermişdi. Dünyanın o biri başında – Quzey Amerikada – çoxillik savaşlar içində yeni, güclü bir dövlət – Amerika Birləşmiş Ştatları doğulurdu. Ancaq bu güclü dövlətin dünya siyasi arenasına çıxmasına, başlıca, ötkün söz yiyəsinə çevrilməsinə hələ çox qalırdı. Hələlik Yeni Dünya Düzəninin üç aparıcı subyekti vardı: İngiltərə, Fransa, Rusiya. Çoxillik İngiltərə – Fransa savaşları onların əl-qolunu bağlayır, dünya ağalığı yönündə bir çox planlarını əngəlləyirdi. I Pyotr reformalarından sonra yeniləşib güclənmiş Rusiya siyasi arenada İngiltərə ilə Fransanın başlıca konkurenti olaraq tanınmağa başlamışdı.

Hər üç dövlət, demək olar, bir arada – bir çağda Qacarlar dövlətinə doğru yönəlmişdi. İngiltərə ilə Fransa Qacarlar dövləti ilə sıcaq ilişkilər quraraq, bu dövləti gücləndirməklə Rusiyanı Qafqazdan uzaqlaşdırmağa, o biri yandan da Hindistana gedən yolunu açmağa çalışırdı. Rusiya bölgəyə ordu gücü ilə yiyələnməyə çalışırkən İngiltərə ilə Fransa bu işi aktiv diplomatiya yoluyla görməyə çalışırdı.

Fətəli şah (1766-1834) dönəminin Qacarlar dövləti (ona Qacariyyə də deyilirdi) o şağların dərin yuxuya dalmış tipik Doğu dövlətlərindən idi. Avropadakı Yer titrəyişləri, Göy gurultuları yuxulu Doğu dünyasından çox-çox uzaq idi. Eyş-işrət, qadın düşkünü olan Fətəli şah Ağaməhəmməd şahın qoyub getdiyi böyük imperatorluğun kefini çəkməkdə idi. Onun bir yadda qalası, bəyəniləsi işi vardı: gözəl binalar tikdirmək. (1925-dən sonra ağalığa gələn yalançı pəhləvilər Qacarların İrandakı izini itirmək üçün o binaları uçurub yerlə bir etdilər). Fətəli şah dönəminin Qacarlar dövləti hər baxımdan gerilik, durğunluq, çöküntü içində idi. Fətəli şahın özü, yaxın çevrəsi, dövlətə bağlı adamlar, din xadimləri-ruhanilər-mollalar bu gözəl dinclik-durağanlıq-sabitlik ortamında arın-arxayın kef çəkirdilər. Durum belə: Avropada dinamik dəyişikliklər gedir, dünyada dəngələr dəyişir, dəngələrə uyğyn dostlar, düşmənlər dəyişir, başkənd Tehran da, onun yönətimi altında olan ölkə də eləcə – molla dünyagörüşünə uyğun durğunluq içində qalır…

Yenilik başlanğıcı

Birdən gözlənilməz bir iş baş verdi: Fətəli şah sevimli oğlu, Ağaməhəmməd şahın özünün onun yerinə varis etdiyi Abbas Mirzəni (1789-1833) Azərbaycan ordusuna komandan qoydu. Bundan belə Abbas Mirzə Tehrandan ayrılaraq uşaqlıq çağlarından çox sevdiyi Azərbaycana qovuşacaq, Təbrizdə oturaq salacaqdı. Abbas Mirzə Azərbaycandakı bir sıra bacarıqlı kimsələrin köməyi ilə çox keçmədən 30 minlik ordu yaradır. Bu, yox yerdən yaradılan bir ordu idi. Özü də çağı çoxdan keçmiş qurallara uyğun qurulmuş ordu. Təbrizə gələnədək bir çox biliklərə yiyələnmiş, Avropada baş verən yenilikləri öyrənmiş, I Pyotr reformaları ilə tanış olmuş Abbas Mirzə geniş reformalar yolu ilə bütünlüklə başqa ordu – Avropa tipli ordu yaratmaq planlarına baş vurur. Bununla da onun Tehrandan başlamış ölkənin ən ucqarlarınadək, gerilikçi, hər cür yeniliyə düşmən irili-xırdalı dövlət adamları, din xadimləri ilə ölüm-dirim savaşı başlayır. Daha doğrusu, Abbas Mirzənin onlarla işi olmur, onlar əlbir, dilbir olmaqla sonadək Abbas Mirzənin sonunu gətirməyə, onun reformalarını durdurmağa çalışırlar. O çağlara bağlı çoxsaylı faktlardan göründüyü kimi, onlar ölkə içində də, ölkə dışında da Abbas Mirzədən başqa düşmən tanımır, bu “düşməni” aradan qaldırmaq, yox etmək, onun varislik statusunu əlindən almaq üçün illərlə min cür fitnə-fəsada əl atır, çoxlu sayda yersiz fətvalar verməkdən belə çəkinmirlər!

Yenilik başarıları – yenilik başağrıları

Abbas Mirzə Qacarlar dövlətində az bir sürə içində güclü ordu yaradır – Azərbaycan ordusu. Ancaq dünyada, başlıcası da, Avropada, qonşu Rusiyada gedən prosesləri yaxından izləyən, dərindən-dərinə analiz edən Abbas Mirzə gözəl bilir: Qacarlar dövlətindəki çağı keçmiş sosial-siyasi düzənlə, bu düzənə uyğun olaraq yaradılmış ordu ilə çox uzağa getmək, uğur qazanmaq olmaz. Buna görə də o, Avropa tipli yeni, güclü ordu yaratmaq üçün Avropa tipli yeni, güclü dövlət yaratmaq ideyasına gəlib çıxır. Özü öz ideyasından coşur, böyük gənclik coşqusu ilə də işə girişir. Ona elə gəlir, çətini başlayıncadır, sonra işlər yağ kimi gedəcək. Axı, o, şah oğludur, üstəlik, varislik statusu olan şah oğlu! Onun ilk yeniliklərindən biri Azərbaycan ordusunda saqqal saxlamağı yasaqlaması olur. Mollalar başda olmaqla din xadimləri vay-şivən qoparırlar: “Qoymayın din əldən getdi! Abbas Mirzə yolunu azıb! Müsəlman nədi, saqqal qırxmaq nədi?!” Abbas Mirzə Azərbaycan ordusuna yeni geyim – çevik davranış geyimi gətirir. Yenə də mollalar bütün ölkəni başlarına götürürlər: yenilikçi Abbas Mirzəyə “dinsiz-imansız, kafir” damğası vurulur.

Abbas Mirzə güclü ordunu güclü budunun (xalqın) yarada biləcəyi inamından çıxış edərək çeşidli yollarla budunun yaşayışını yüngülləşdirməyə çalışır – bu yerdə o, istər-istəməz xanlar, bəylərlə toqquşmalı olur. Çıxış yolunu o, atası ilə görüşüb-danışıb Azərbaycanın elbəyiliyinə yiyələnməkdə görür. O, sürdürdüyü reformalarla bağlı ortaya çıxan sorunların yetkiləri yüksək olandan sonra asanlıqla aradan qalxacağını düşünür. Ancaq onun başlıca sorunu elə atası ilə görüşmək olur. Sən demə, saray adamları, din xadimləri onu çoxdan şər-böhtan yoluyla atasının gözündən salmağa başlayıblar. O, aradan xeyli keçmiş, 1805-ci ildə, atasını yola gətirib Azərbaycanın elbəyi (valisi) yetkisinə yiyələnə bilir. Sözsüz, Rusiyanın Qafqazı ələ keçirmək uğrunda başladığı savaşların bu işdə önəmli rolu olur. Şah Azərbaycanı, Azərbaytcan ordusunu gücləndirmək gərəyinə anlayışla yanaşır.

Həmədandan Urmiyaya, Urmiyadan İrəvana, İrəvandan Lənkərana at belində ölkəni qarış-qarış gəzən Abbas Mirzə tezliklə sevən ürəyi, isti ilişkiləri ilə budunun sevimlisinə çevrilir. Abbas Mirzə özündən qabaqkı bir çox qurallara qarşı çıxaraq budunun, başçıların ona sovqat verməsini yasaqlayır. Vergiləri azaldır. Xanların budundan vergi adına toyuq, yumurta yığması görənəyinə son qoyur. Xanları düzənə düzməklə, yolkəsənləri yollardan yığışdırmaqla, soyğunçu-quldur yığnaqlarını yox eləməklə ölkədə yeni, buduna yararlı durum yaradır. Beləliklə, budunla Abbas Mirzə arasında onadək ölkədə görünməmiş güvən oluşurdu.

İngiltərə də, Fransa da Qacarlar dövləti ilə yaxınlaşmaq, bağlaşmaq üçün yollar axtarırdı. Ilk bağlaşma 1801-ci ildə İngiltərə ilə bağlandı. Bu bağlaşmaya görə İngiltərə Qacarlar dövlətinə bir sıra yardımlar edəcəkdi. Fransa ilə bağlaşma daha konkret idi. Bu bağlaşmaya görə Fransa Rusiyanın tutduğu torpaqları, ayrıca olaraq Gürcüstanı geri almaq üçün Qacarlar dövlətinə yardım edəcəkdi. Napoleonun yenilməsi üzündən bu iş baş tutmadı.1809-cu ildə İngiltərə ilə Qacarlar dövləti arasında ikinci bağlaşma bağlandı. Bu bağlaşmaya görə İngiltərə Rusiyaya qarşı Qacarlar dövlətinə maddi yardım etməyi üzərinə götürürdü. Yardım yalnız İngiltərə-Rusiya qarşıdurmaları boyunca ola bilərdi. Başqa cür desək, İngiltərə ilə Rusiya arasında barış bağlaşması bağlansaydı, bu bağlaşma öz özünə aradan qalxacaqdı. 1812-ci ilin yayında İngiltərə ilə Rusiya arasında bağlaşma bağlandı.

Rusiyanın Qafqaz yürüşü

Rusiya Qafqazda dayanmadan irəliləyir, Azərbaycan xanlıqlarını bir-bir ələ keçirirdi. Bu durumdan yana Qacarlar dövlətində gecə-gündüz çalışıb özünü oda-közə vuran bir kimsə vardı – Abbas Mirzə. Bir də İngiltərə ilə Fransa tələsir, Qacarlar dövlətini, başlıcası da Abbas Mirzənin komandanlığı altındakı Azərbaycan ordusunu tezliklə yenidən qurub gücləndirməklə Rusiyanı dayandırmağa çalıçırdılar. Bundan ötrü İngiltərə də, Fransa da bir-birinin ardınca ordu uzmanları – generallar, albaylar (polkovnik), yarbaylar (podpolkovnik) göndərməkdə idilər. Bu adamların bir çoxu Abbas Mirzə ilə birgə at belində Azərbaycanı qarış-qarış gəzir, İrəvanadək qalaların qorunma-savunma sistemlərini qururdular.

Gələn uzmanlar Azərbaycan ordusuna modern ordu düzənini aşılayır, topçuluğu , xəritə ilə işləməyi öyrədirdilər. Bu ordu öyrətmənlərinin başlıca öyrəncisi Abbas Mirzə özü idi. O, bir komandan kimi deyil, sıradan bir çərik (türkcə-çərik, ərəbcə-əsgər) kimi öyrəncilik edir, modern ordu prinsiplərini bütünlüklə mənimsəməyə çalışırdı. Bu baxımdan Abbas Mirzə Azərbaycan ordusunun çərikləri üçün də, zabitləri üçün də gerçəkdən örnək komandan idi. Abbas Mirzənin belə göstərişi vardı: ona da başqalarına verilən yeməkdən verilməlidir. Belə özəlliklərinə görə Azərbaycan ordusu Abbas Mirzə ilə bir idi: orduda hamı onu sevir, sonadək ona bağlı qalırdılar. Bu sevgi, bu istək özünü dönə-dönə döyüş meydanlarında, Abbas Mirzənin öldürüləcəyi, düşmən əlinə keçə biləcəyi çətin çağlarda göstərmişdi. Bütün ağır döyüşlərdə Abbas Mirzə ordunu ürəkləndirmək üçün çəriklərlə yan-yana, çiyin-çiyinə döyüşürdü. Belə çağlarda o, iki görəvi birdən yerinə yetirirdi: çərik-komandan görəvini. Dönə-dönə olmuşdu: kimsə özünü güllə qabağına atıb, canından keçməklə onu ölümdən qurtarmışdı. Dönə-dönə olmuşdu: çərikləri onu qanlı döyüş meydanından özlərini canlı qalxana çevirməklə çıxarmışdılar. Atı vurularkən o, yeni at gətirilməsini gözləmədən atsız çəriklərilə birgə düşmənlə döyüşə atılmışdı. Onun çəriklərilə birgə düşmənlə əlbəyaxa döyüşə atıldığı, süngü savaşına çıxdığı çağlar çox olmuşdu. Abbas Mirzə Qarabağ, Gəncə, Naxçıvan, İrəvan uğrunda bu sayaq ölüm-dirim savaşları aparmışdı! Dönə-dönə yaralanmış, dönə-dönə ölümdən qurtulmuşdu!

Bu yerdə bir fakta toxunmadan keçmək çətindir. Abbas Mirzənin ordusunda başqaları da döyüşürdü: ingilis, fransız, italiyalı. Bunlar başlıca olaraq ordu uzmanları idi. Bir də vardı gürcülər, polyaklar, tatarlar, ruslar. Sonuncular başlılca olaraq tutsaq götürülmüşlər idilər. Onlar könüllü olaraq alay yaradıb Abbas Mirzənin komandanlığı altında vuruşurdular. Gürcülər rus ağalığı ilə barışmadıqlarına görə Azərbaycan ordusuna qatılmışdılar. Bizim üçün indi də ilginc olanı, ayrıca önəm daşıyanı nədir? Demək olar, bu adamların hamısı sonadək Abbas Mirzəyə bağlı qalmış, ən ağır durumda, ən çətin çağlarda belə sonadək ondan ayrılmamışdılar. Abbas Mirzəyədək şah ordusunda düşmən başını kəsib ordu komandanına, şaha aparmaq gələnəyi vardı. Abbas Mirzə bu vəhşi gələnəyə biryolluq son qoymuşdu. Abbas Mirzənin belə bir göstərişi də vardı: ələ keçirilən düşmən çərikləri incidilməməli, onlarla qaba davranışa yol verilməməlidir! Görünür, Abbas Mirzənin yüksək kişilik-insanlıq duyğularına, davranışlarına görə onu tanıyanlar bir daha ondan ayrılmaq istəmir, sonadək ona bağlı qalırdılar. Bu yöndə çoxlu sayda örnək göstərmək olar, ancaq burada ikisini göstərməklə yetinirik: gürcü knyazı, Baqrationlar soyundan olan Laçın xan (Aleksandr Mirzə), ingilis albay Kristi. Laçın xan iki oğlu ilə birgə sonadək Abbas Mirzənin ən yaxın döyüş yoldaşlarından olmuş, hər iki oğlunu döyüşdə itirmişdi.

İki ingilis – albay Kristi ilə albay Lins – hərəsi bir alayın başında dururdu. Kristinin sonuncu döyüşü Aslandüzdə oldu. Rus generalı Kutlerovski gecə gizlicə Arazı keçib, gözlənilmədən basqın etməklə Abbas Mirzə ordusunu ağır itkiyə uğratmışdı. Bu savaşa yazıları ilə tanıqlıq edənlərdən biri Abbas Mirzənin həkimi ingilis doktor Kariməkdir. Başqa birisi, – Abbas Mirzə ordusunda atlı alayın komandanı olmuş albay Qaspar Druvil, – memuarlarında bu savaşla bağlı belə bilgi verir: “Kristi ruslara top atəşi ilə qarşılıq verirdi. Kristi arxasından ağır yaralandı. Çərikləri onu bir ağaca söykəyib yarasını bağladılar. Qısa sürədən sonra rus qoşunları hər yanı çevrələmişdilər. Kazaklar Kristini tutsaq aldılar. Ancaq Azərbaycan ordusunda vuruşan ingilis olduğunu biləndə onu güllə ilə dəlik-deşik etdilər. Rus ordusundan qaçmış, çoxu polyak, gürcü olan alay şavaşı sonadək sürdürdü. Onların çoxu öldü, ancaq kimsə ruslara yenilmədi, boyun əymədi. Barış bağlaşmasından sonra da onlardan sağ qalanlar Abbas Mirzənin qulluğunda oldular”.

Aslandüz savaşı Gülüstan barış bağlaşması qabağı Abbas Mirzənin ruslarla sonuncu ən böyük, ən qanlı savaşlarındandır. Bütün qabaqkı savaşlar kimi bu savaşda da hər iki üzdən minlərlə ölən, yaralanan oldu. Gözlənilmədən yaxalandığından Azərbaycan ordusu bu savaşda daha böyük itkiyə uğradı.

Demək olar, Qafqazda yaşayan bütün budunlar ruslarla savaşda Abbas Mirzəyə az-çox yardım edirkən ermənilər hər addımda onu ruslara satır, əlləru yetən hər yerdə Azərbaycan ordusuna qurğu qurur, uğursuzluğa uğratmağa çalışırdılar. Bunlar tarixin hər qatında satqınlıq-dönüklüklə dolu tipik erməni görsənişləri idi. Jauberin yazdığına görə, Təbrizdə Abbas Mirzənin Nəzərəli bəy adında çox sevimli dostu varmış. Nəzərəli bəy içkili ikən bir erməni qızını zorladığı üçün Abbas Mirzə onun öldürülməyinə göstəriş vermişdi. Ermənilər Abbas Mirzənin mənlik-namus borcundan hər yerdə özlərinin tipik xarakter görsənişlərinə uyğun olaraq çıxırdılar: satqınlıq-dönüklüklə.

Dinsiz-imansız, kafir, işğalçı… Abbas Mirzə!

Azərbaycan Sovet Ensiklopediyasında Abbas Mirzə ilə bağlı oxuyuruq: “Abbas Mirzə (28.8.1789 – 25.10.1833) dəfələrlə Zaqafqaziyaya hücum etmiş, azərbaycanlıları, erməniləri, gürcüləri və b. xalqları talamış, onlara zülm etmişdir” (IV c. S. 282). Bunlar Abbas Mirzənin bioqrafiyasında olmayan, onun xarakteri, dünyagörüşü ilə azacıq da olsa uyuşmayan yalanlardır. Biz burada tarixin necə bir ideoloji yaraq olması görsənişi ilə qarşılaşırıq. Azərbaycan budununun böyük, yenilməz oğlu buduna öz bioqrafiyasına, dünyagörüşünə, xarakterinə uyğun olaraq, çağının ən qabaqcıl, demokratik düşüncəli adamlarından biri kimi deyil, yolkəsən, saldırqan, işğalçı olaraq tanıdılır. Avropada Abbas Mirzə ilə bağlı çoxlu sayda (20-dən çox) kitab çıxıb. O kitabları yazanlar Abbas Mirzəni yaxından tanıyan diplomatlar, avropalı ordu uzmanlarıdır. Onlar Abbas Mirzəni bütünlüklə başqa cür, çağının qabaqcıl dünyagörüşlü, qanunçu ordu-dövlət adamı olaraq sayğıyla tanıdırlar. Onlar Abbas Mirzəni Qacarlar dövlətində rüşvətdən bütünlüklə uzaq tək adam olaraq xarakterizə edirlər.

ASE-də “Zaqafqaziya” anlayışının nəyi bildirdiyi belə göstərilir: “Zaqafqaziya iqtisadi rayonuna daxil olan Gürcüstan SSR, Azərbaycan SSR, Ermənistan SSR ərazilərinin çox hissəsi Zaqafqaziyadadır” (ASE, Bakı, IV c.s.282). Buradan göründüyünə görə, Zaqafqaziya üç respublikanın oluşduğu bir bütündür: Gürcüstan, Azərbaycan, Ermənistan. Çox gözəl. Ancaq Abbas Mirzənin savaş apardığı dönəmdə nə “Zaqafqaziya” anlayışı vardı, nə də “Ermənistan”. Hər iki anlayışı ruslar Qafqaza sonralar gətirdilər. “Zaqafqaziyanın” rus dilindən bizim dilə çevirməsi Qafqazardı, Qafqaz arxası deməkdir. Bu, Qafqazla bağlı rusların gördüklərinə, bildiklərinə uyğun yaratdıqları anlayş idi. Bu anlayışın arxasında tarix gerçəyinə uyğun olaraq iki ölkə – Azərbaycanla Gürcüstan dayanırdı. Azərbaycan da, Gürcüstan da Qacarlar imperatorluğunu oluşduran iki başlıca Qafqaz ölkəsi idi. Burada göstərilən üçüncü ölkə – “Ermənistan” rus qondarmasıydı, özü də çox-çox sonranın qondarması. Ruslar qabaqca Gürcüstanı, bunun ardınca Azərbaycanı, daha doğrusu, Quzey Azərbaycanı ələ keçirmiş, sonra da Azərbaycanı Türkiyə ilə İrandan biryolluq ayırmaq üçün Türkiyədən, İrandan erməniləri köçürüb, Batı Azərbaycanda – İrəvan yörəsində, Qarabağda yerləşdirməklə addım-addım “Böyük Ermənistan” yaratmağa uğraşmışdılar. Çar Rusiyasının başladığı bu İŞĞALÇILIQ sürəcini Sovet dövləti 1920-ci ildə legitimləşdirdi, sonra da azərbaycanlıların terror-qırğın yoluyla, dönəm-dönəm doğma torpaqlarından qovulması nədəni ilə “Ermənistan” monoetnik ölkəyə çevrildi.

Abbas Mirzəyə gəlincə, Dərbənddən başlamış Həmədanadək bütün Azərbaycanı sonsuz sevgi ilə sevən, bunu illərlə sözdə deyil, işdə göstərən bəlli bir kimsəni öz torpqalarını “işğal” etməkdə suçlamaq budunu aldatmağa tuşlanmış İblis siyasətlərindəndir. Abbas Mirzənin “xalqı talaması”, “xalqa zülm etməsi” Azərbaycan tarixində rus-düşmən ləkəsidir. Abbas Mirzə bütün Azərbaycanın şenliyini istəyir, bütün Azərbaycanın şenliyi üçün çalışırdı. Buna görə o, əli yetən, gücü çatan hər yerdə yeni tikililər tikdirir, yollar çəkdirir, körpülər saldırırdı. Ən başlıcası, ən önəmlisi, o, budunun dirçəlməsi, budunun dikəlib qalxınması üçün əlindən gələni edirdi. Bütün bunlara görə Təbriz az bir sürədə Qacarlar dövlətinin başkəndi yerinə gəlmişdi. Abbas Mirzə dönəmində yalnız tacırlər, eləcə alver adamları deyil, avropalı diplomatlar da Təbrizi Tehrandan üstün tuturdular.

Abbas Mirzə budunla bağlı onadək olmayanları oldurmuş, edilməyənləri etmişdi. O, bütün ölkəni gəzərək budunla görüşlər keçirir, budunun sorunlarını öyrənir, sonra da yubanmadan sorunları çözməyə çalışırdı. Abbas Mirzə budunun şahlıq-ağalıq adamlarına yanaşma-yaxınlaşmasını yasaqlayan əskilərdən qalma yasaqı belə aradan qaldırmışdı. Bütün bu yeniliklər – budunla yaxınlaşmalar, budunu ayaqlandırmalar, budunun gözünü açma görsənişləri – bir yandan ağalıq adamlarını, o biri yandan din xadimlərini Abbas Mirzənin qatı, barışmaz düşmənlərinə çevirirdi. Bütün başqa görsənişlər bir yana, tək elə budunun gözünün açılması görsənişinə görə onlar Abbas Mirzəni Azərbaycandan ilim-ilim itirmək üçün cürbəcür fitnə-fəsadlar törətməklə, fətvalar verməklə gecə-gündüz çalışmalarda bulunurdular. Abbas Mirzə düşmənlərinin bütöv sıralaması belə idi: din xadimləri, ağalıq adamları, Rusiya dövləti, ermənilər. Ermənilər özlərinə Rusiya kimi güclü bir arxa tapdıqlarından, üstəlik, Rusiyanın onlara bir sıra boyunolmalarından yana Abbas Mirzəyə düşmən gözüylə baxırdılar.

Rusiyanın düşmənçiliyi başadüşülən idi: Rusiya Abbas Mirzə kimi güclü, barışmaz düşməndən qurtulmaqla Quzey Azərbaycanda biryolluq bərkinmək istəyirdi. Yalnız xəzinəsini qorumağı düşünən Fətəli şah özü də rusların Araz çayınadək olan Azərbaycan torpaqlarını əllərində saxlamaqla, göstərdikləri barış çabalarına ürəyində çoxdan qol qoymuşdu. Qalırdı Abbas Mirzəni yola gətirmək. Bu arada ser Qor Ozli başçılığında gəlmiş ingilis elçiliyi də Rusiya ilə Qacarlar dövləti arasında savaşı durduracaq barış planı gətirmişdi. Fətəli şahla çoxdan anlaşmış ingilis elçiliyi Abbas Mirzə ilə də anlaşmağa çalışırdı. İngilislərin bu barış çalışmalarının iki nədəni vardı. Birinci, İngiltərə Rusiya ilə yaxınlaşaraq onun yardımıyla özünün başlıca düşmənindən – Napoleon Fransasından biryolluq qurtulmağa çalışırdı. İkinci, İngiltərə Qacarlar dövlətinin durumunu gərəyincə öyrənmişdi: Qacarlar güclü Rusiya dövləti, güclü Rusiya ordusu qarşısında çox duruş gətirə bilməyib bütünlüklə yeniləcəkdi. Bu isə İngiltərənin başqa bir düşməninin – Rusiyanın Hindistanadək böyük bir bölgəyə yiyələnməsinə gətirib çıxaracaqdı. Belə bir gözləntinin gerçəkliyə çevrilməsi İngiltərənin dünyanı uduzması demək olardı. İngiltərə bu sayaq uğursuzluğu özünə yaraşdıracaq durumda deyildi.

Abbas Mirzə bir yandan Rusiyanın, o biri yandan öz ölkəsinin gücünü çox götür-qoydan sonra könülsüz olaraq, barış bağlaşmasına qol qoydu. Qarabağın Gülüstan köyündə bağlanan bu bağlaşmaya görə Qacarlar dövləti Arazın quzeyindəki torpaqlardan əl çəkir, Gürcüstanla Dağıstan, eləcə də Gəncə, Qarabağ, Dərbənd, Şəki, Şirvan, Quba, Talış, Bakı xanlıqları Rusiya ağalığına keçirdi.

Ölə-ölə gedilən yol

Abbas Mirzə ölə-ölə, canı çıxa-çıxa Təbrizdən Qarabağa, Gülüstan köyünə “Gülüstan bağlaşmasına” qol qoymağa gedirdi. Üzülə-üzülə, ağrıya-ağrıya gedirdi. Illərlə uğrunda gecə-gündüz bilmədən çalışan, gecəsini gündüzünə qataraq əlləşib-vuruşan, bütövlüyü yolunda at çapan, qılınc çalan Abbas Mirzə indi… Azərbaycanın ayrılmasına, parçalanmasına qol qoymağa gedirdi. Elə gedirdi, elə bil özünün, varlığının, canının ayrılmağına, parçalanmağına qol qoymağa gedirdi. Elə bil uşaqlıq çağlarından çox sevdiyi Araz çayı Azərbaycanı deyil, onun özünü ikiyə böləcəkdi!..

Uğursuzluqdan qayıdış

Gülüstan bağlaşmasına qol qoyub Təbrizə qayıdırdı. Olan olmuşdu. Olacaq beləymiş. Olub keçənlə üzülüşüb gələcəyi düşünür, gələcəyə baxırdı. Elə buna görə də gedən başın üzüntüsündən, ağrı-acısından qurtulmuş kimiydi. Gələcəklə, itirilən torpaqları qaytarmaqla bağlı planlar qurur, uğursuzluqdan çıxış yollarını arayırdı. Planları qısaca olaraq belə idi: Təbrizə çatıb köklü reformalara başlamaq. Ruslarla çoxsaylı savaşlar ona çox nəsnələr öyrətmişdi. Dönə-dönə qarşılıqlı analiz süzgəcindən keçirməklə rus ordusunun üstünlüklərini, Azərbaycan ordusunun əskiklərini baş-başa gətirir, yan-yana qoyur, sonra da özü üçün sonuclar çıxarırdı. Rus komandanları ilə görüşlər də ona çox nəsnələr öyrətmişdi. Bu görüşlərdən o, rusların intellektual üstünlüklərini də yetərincə görüb dəyərləndirə bilmişdi.

İntellektual gəlişmə, taktiki, strateji yetənəklər baxımından düşmənə çatmaq, düşmənlə ayaqlaşmaq üçün ölkədə kompleks reformalar aparılmasının qaçılmazlığı düşüncəsinə gəlib çıxmışdı. O indiyədək daha çox orduda reformalar aparılması işinə önəm vermiş, çağ yetərsizliyindən başladığı işləri başa çatdıra bilməmişdi. Ruslarla çoxsaylı savaşlar, qarşılaşmalar sonucunda o, belə bir formula gəlib çıxmışdı: güclü budun – güclü dövlət – güclü ordu. Yalnız bundan, bu formulu gerçəkləşdirəndən sonra ruslarla yenidən savaşa başlamaq, itirilən torpaqları geri qaytarmaq, bütün bunların sonucunda Böyük, Bütöv Azərbaycan yaratmaq olardı! Abbas Mirzə Təbrizə belə planla, belə inamla qayıdırdı. Buna görə, uğursuzluq kompleksindən uzaqlaşıb yüngülləşmişdi.

Yeni , daha dərin başlanğıc

Təbrizə qayıdan kimi Azərbaycan elbayı, eləcə də ordu komandanı olaraq, yetkiləri yörəsində yubanmadan işə girişdi, düşündüklərini gerçəkləşdirməyə başladı. Varis statusunda şah oğlu idi. Di gəl, düşündüyü, gerçəkləşdirməyə çalışdığı reformalar, bu reformalarla bağlı ortaya çıxan sorunlar daha böyük yetki istəyirdi – şahlıq yetkisi. Reformaları gerçəkləşdirmə sürəci boyu onun üzləşdiyi sorunların kökündə başlıca olaraq şahlıq yetkisinin olmaması faktı dururdu. Oldu – olmadı, o, işə, demək olar, təkbaşına, bütün varlığı ilə girişmişdi.

Budunla bağlı o, iki başlıca faktora ayrıca önəm verirdi: budunun fiziki, mənəvi sağlamlığı. Bundan ötrü Avropadan həkimlər gətirir, o biri yandan Azərbaycan gənclərini Avropaya oxumağa göndərirdi. İlk kəz olaraq, Təbrizdə o çağlar ölkədə geniş yayılmış suçiçəyi sayrusundan (sayru – xəstəlik) sağaltma üçün özək yaratmışdı. İlk kəz olaraq, Azərbaycanda kitab yayın özəyi (çap evi) yaratmışdı. Onun ən önəmli işlərindən biri də Azərbaycanın hər yerində poçt hörgüsü (şəbəkə) qurması idi. Özü də o çağın yetənəklərinə uyğun, indiki dillə desək, bütün infrastrukturu ilə.

Abbas Mirzə budunun qalxınması üçün çox çalışır, bu yöndə əlindən gələni, bacardığını edirdi. Bu baxımdan o, ölkənin hər yerində yeni-yeni iş yerləri açmağa çalışırdı. İş yerlərinin açılışına da özü gedirdi. Belə iş yerlərindən biri Xoyda açılmışdı. Bunu mini fabrik adlandırmaq olardı. Avropadan 20 adamın işini görən yun maşını gətirilmişdi. Abbas Mirzə Avropanın texniki yetənəklərini ölkəyə daşımaqla, budunu bilikləndirməklə, qalxındırmaqla Azərbaycanı hər baxımdan qabaqcıl dünyaya qovuşdurmağa çalışırdı. Abbas Mirzə ortaya oxumuş, bilikli, hər cür xurafatdan, fanatizmdən, hər hansı gerilikdən uzaq bir budun çıxarmaq istəyində idi. Özünün başçılığı ilə ölkədə baş verən yeniləşmə sürəcinə baxaraq o, çevrəsindəkilərə sevinclə deyirdi: Azərbaycan tezliklə çox güclü ölkəyə çevriləcək. Başqalarından umacağımız olmayacaq, indi biz hər şeyi başqalarından almalı oluruq, bu işlər başa çatandan sonra qonşu ölkələr bizə üz tutacaq, bizim alıcılarımız olacaqlar.

Ölkədə reformalar irəlilədikcə Azərbaycanın başkəndi olaraq Təbriz də çiçəklənir, yüksəlirdi. Təbrizdə ayrıca quruculuq, yenidənqurma işlərinə baş vuran Abbas Mirzə şahlığa yiyələnəndən sonra Təbrizi bütün Qacarlar dövlətinin başkəndi etmək istəyində idi. Bu onun uzaq, hələlik özündən asılı olmayan planları sırasındaydı. Özündən asılı olanları durmadan yerinə yetirərək o, Azərbaycanı, Azərbaycan ordusunu tezliklə gücləndirməklə itirilən torpaqları geri qaytarmağa çalışırdı.

Tez-tez ölkəni gəzib budunla görüşlər keçirməyi bir yana, həftədə bir kəz ayrıca budunu dinləmə günü olurdu. İstər ölkəni gəzəndə, istərsə də budunu dinləmə günündə ona sovqat-pay gətirilməsini yasaqlamışdı. Bircə arı baldan başqa. Bu da balı çox sevdiyindən deyildi; uşaqlıqdan canında gəzdirdiyi sayru üzündəndi. Gələ-gələ budunla onun arasında böyük bağlılıq yaranmışdı. Onun buduna, budunun ona sevgisi sonsuz idi. Getdikcə genişlənən, uğur qazanan reformalar, sözü gedən sevgi, sayğı görsənişləri Abbas Mirzə düşmənlərini quduzlaşdırıb özündən çıxarırdı. Reformist işlərində ona yardımçı olan çox az, bir neçə xan vardı. Qalan bütün xanlar – ağalıq adamları, din xadimləri onu düşmən gözündə görür, nə yolla olur olsun onu şahın gözündən salmağa, Azərbaycandan uzaqlaşdırmağa çalışırdılar. Din xadimləri Avropadan gətirdiyi hər cür yeniliyi, budun üçün olduqca yararlı toxuculuq maşınını belə, “şeytan işi” adlandıraraq Abbas Mirzə ilə bağlı yersiz fətvalar verir, bütün ölkə boyu onu gözdən salmağa yönəlmiş çalışmalarda bulunurdular.

Reformalar, yeniliklər genişlənib dərinləşdikcə Abbas Mirzənin Tehranda da barışmaz düşmənləri yaranmağa başlayırdı. Yenə də oxşar görsəniş idi: ağalıq adamları, din xadimləri, vəzirlər, şahın gerilikçi çevrəsi. Abbas Mirzənin Tehrandakı düşmənləri özlərinin intriqalarına şahın çoxsaylı arvadlarını da qatmışdılar. Öyrədilmiş bu qadınlar şaha Abbas Mirzənin hamıya, başlıcası da onların uşaqlarına qorxu yaratdığını aşılayırdılar. Abbas Mirzəni qoruyub saxlayan şahın ona böyük sevgisi idi. Şah onu, özünün bu çalışqan, ağıllı oğlunu bütün oğlanlarından çox istəyirdi. Arada belə də olmuşdu: Abbas Mirzə düşmənlərinin qızışdırıb acıqlandırdığı şah Azərbaycana, Abbas Mirzənin üzərinə qoşun çəkmiş, Tehranda baş verənlərdən soraqlı olan Abbas Mirzə diz çöküb atasının atının ayaq izlərini öpməklə qadadan qurtulmuşdu. Atasının atının ayaq izlərini öpüb ayağa qalxan oğul acıqlı ata ilə üz-üzə gəlirkən oğlunun gözlərindəki uşaq duruluğunu görən şah ata dumduru arılıq-gözəllik qarşısında özünü saxlaya bilməmiş, oğlunu qucaqlayıb bağrına basmışdı. Sıcaq görüşlərin birində oğlundan nə istədiyini, könlündən nə keçdiyini soruşan Fətəli şaha Abbas Mirzə: “Ata, məni Azərbaycandan ayırma!”, – demişdi. Şah ata söz vermişdi: “Səni Azərbaycandan ayırmaram”. Abbas Mirzənin istəyi boşuna deyildi: düşmənlərin bacarsalar, onu Nadir şahın oğlunun gününə salmağa, bacarmasalar, Azərbaycandan uzaqlaşdırmağa çalışdıqlarını bilirdi. Nadir yenilikçi, reformist şah idi. Abbas Mirzənin düşmənləri kimi düşmənlər Nadir şahı başdan çıxarıb oğlunun gözlərini çıxartdırmış, sonra da özünü öldürtmüşdülər. Abbas Mirzə bütün bunları bilir, ancaq özünü bilməmiş kimi göstərərək şahlığa keçəcəyi günü gözləyirdi…

Dışdan yaranan çətinliklər

Azərbaycan ordusunun yenidən qurulmasında ingilis, fransız ordu uzmanları olduqca önəmli rol oynamışdılar. İşğalçı Rusiya qarşısında onlar Abbas Mirzənin böyük güvəncinə çevrilmişdilər. Sözsüz, Azərbaycan ordusunu modernləşdirmək işində Abbas Mirzə yenə də başlıca olaraq ingilis, fransız bağlaşmalarına, bu bağlaşmalardan gələn yardım araçlarına arxalanırdı. Yeni planlara görə ölkəni yeniləşdirib gücləndirmək işində o özü başlıca rol oynayacaqdısa, ordunu yeniləşdirib gücləndirmək işində ingilislər, fransızlar önəmli rol oynayacaqdılar. Belə gözlənir, belə olacaqdı. Belə olanda onun təkbaşına boynuna götürdüyü Bütöv, Böyük Azərbaycan yükü bir az azalacaqdı. Ancaq… belə olmadı.

1815-ci ildə Napoleonun yenilməsi Fransanın dünya politika arenasından çəkilməsi ilə sonuclandı. Beləliklə, ortada iki başlıca oyunçu qaldı: İngiltərə, Rusiya. Sonuncular Napoleon Fransasını birləşmiş güclərlə yıxmışdılar. Bundan sonra Fransa regiondan çəkilmişdi. Bundan sonra İngiltərə də, Qacarlar dövlətindən soyumağa başlamışdı. İngiltərənin Hindistanı itirmək qorxusu hələlik aradan qalxmışdı. İngiltərə indi Hindistana yaxın ölkələri-bölgələri ələ keçirməklə Hindistanda biryolluq bərkinməyə çalışırdı. Buna görə İngiltərə özünün aktiv siyasi-dipolatik çalışmalarını Qacarlar dövlətinin batısından doğusuna keçirirdi. İngiltərənin burada amacı Qacarlar dövlətinin doğu bölgəsini – Xorasanı ələ keçirməklə Hindistana gedən yola yiyələnmək idi. Buna görə Qacarlar dövlətinin doğusu, eləcə də Türküstan bu yerlərin dilini, davranış düzgüsünü yetərincə mənimsəmiş ingilis kəşfiyyatçı mollaları, dərvişləri ilə dolmuşdu. Abbas Mirzə bütün bunları sonralar, Xorasanda olanda biləcək, Azərbaycandakı İngiltərə-Abbas Mirzə dostluğu Xorasanda İngiltərə-Abbas Mirzə düşmənçiliyinə çevriləcəkdi. İngiltərə dış işlər baxanı Lord Palmerstonun “İngiltərənin dəyişməz dostları yoxdur, dəyişməz istəkləri var” deyimi Xorasanda, Abbas Mirzənin gözü qarşısında gerçəkləşəcəkdi…

Bu yerdə ayrıca vurğulanası bir nəsnə var: Abbas Mirzə ingilislərlə, fransızlarla (başlıca olaraq fransızlarla) görüşlər, qonuşmalar sürəcində bir sıra başqa bilgilərlə yanaşı, bir də milli dövlətlə, milli dövlətçiliklə bağlı bilgilərə yiyələnmişdi. Bu bilgilər ona yeni, ölkə üçün olduqca önəmli özəlliklər – üstünlüklər qazandırmışdı.

Rusiya Arazın güneyindəki torpaqlara soxulmasın deyə, İngiltərə hələlik Abbas Mirzə ilə dostluğu qabaqkı kimi olmasa da, qoruyub saxlamağa çalışırdı. Rusiya isə Fransanın bütünlüklə sıradan çıxması faktından, eləcə də İngiltərənin bölgədə passivləşməsindən yararlanaraq Qacarlar dövlətini bütünlüklə ələ keçirməklə, I Pyotrun istəklərinə uyğun olaraq, Hindistana gedən yolunu açmağa çalışırdı. Bu yöndə Rusiya planı imperator I Aleksandrın qarşısında idi. Qafqazın ağası general A.P.Yermolovun da Qacarlar dövlətini yenməklə bağlı ayrıca planları vardı. Elə çar Aleksandrın özünü də Qacarlar dövləti ilə savaşa tələsdirən başlıca adam Yermolov idi. Abbas Mirzənin ölkədə, ayrıca olaraq orduda, apardığı reformaları yaxından izləyən Yermolov Rusiyanın yararı üçün bu reformaları durdurmaq gərəyini yetərincə anlayır, uyğun çalışmalarda bulunurdu.

General Yermolovun imperator Aleksandra raportundan:”Padşahın ikinci oğlu Abbas Mirzə İngiltərənin yardımı ilə uğurlu reformalar gerçəkləşdirməkdədir. Yüksək orqanizasionlu birliklər oluşdurmuşdur. Topxanası əskiksizdir, böyük bir tezliklə gəlişməkdədir. Təbrizdə bir dəmirəritmə özəyi yaratmışdır. Ayrıca bir yaraq ürətim özəyi də yaratmışdır. Azərbaycanın qaynaqlarını işlətməyə hazır duruma gətirmişdir. Abbas Mirzə atasının xəsisliyi üzündən maddi basqı altındadır. Ancaq özü saya yaşam yolu tutduğundan özəl gəlirlərinin çoxunu orduya, başqa sosial gərəklərə yönəltməkdədir”. Yermolov Abbas Mirzə reformalarının hara apardığını da göstərir: “Reformalar sürməkdədir. Belə getsə, yaxın gələcəkdə Qacarlar dövləti Avropa ordusu kimi bir ordu oluşduracaq”.

Yermolov Abbas Mirzə reformalarını durdurmaq yönündə qızğın çalışmalara baş vurmuşdu. Bundan ötrü o, ölkə içindəki Abbas Mirzə düşmənlərindən – Abbas Mirzənin ona düşmən qardaşı, dar düşüncəli Məhəmmədəli Mirzədən, gerilikçi ağalıq adamlarından, din xadimlərindən yararlanmaqdan yana iş aparırdı. Yermolovun başlıca istəyi Məhəmmədəli Mirzəni, din xadimlərini, yeniliyə düşmən ağalıq adamlarını bir araya gətirməklə Abbas Mirzənin şahlığa gedən yolunu bağlamaq idi. Böyük xəzinə üzərində oturmuş şah qocalmışdı. Yermolov Abbas Mirzənin şahlıqla birlikdə böyük bir xəzinəyə yiyələnməklə Rusiyaya qorxu yaradacağını düşünürdü. Bütün bunlarla bağlı o, belə bir plan qurmuşdu: Rusiyanın Gürcüstanda olan birlikləri İrəvanı ələ keçirəcəkdi. Abbas Mirzə ordusunu İrəvan üzərinə yeritməli olacaqdı. Bundan yararlanan Yermolov onun başkəndə yolunu kəsəcək, Məhəmmədəli Mirzənin şahlığa gedən yolunu din xadimlərinin, başqa Abbas Mirzə düşmənlərinin yardımı ilə açacaqdı. Bununla da Yermolov (Rusiya!) Abbas Mirzə sorunundan biryolluq qurtulacaqdı. Tələsmək, reformaların başa çatmasına yol verməmək, Abbas Mirzənin üstün gücə çevrilməsinin qarşısını almaq gərəkirdi. Yermolov bir yandan özü tələsir, o biri yandan imperator Aleksandrı tələsdirirdi…

Anlamazlıqdan yaranan qardaş qırğını

Abbas Mirzə çoxdan Osmanlı ilə Qacarlar dövləti arasında gerçəkdən qardaşcasına ilişkilər qurmağa çalışırdı. Onun bu çoxillik istəyinin qarşısında iki əngəl dururdu: bu yandan şiə fanatiklərinin – din xadimlərinin sünni, o yandan sünni fanatiklərinin – din-dövlət adamlarının şiə düşmənçiliyi. Abbas Mirzənin qardaşlıq çalışmaları gərəkən sonuca varmır, bunun tərsinə olaraq Osmanlı ilə Qacarlar dövləti arasında qaçılmaz savaş yetişirdi. Bir yandan Osmanlının Azərbaycana yaxın bölgələrində yerləşmiş kürdlər ardı-arası kəsilməyən çapqınçı basqınları ilə savaşa nədən olurdularsa, o biri yandan Rusiya saman altdan su yeritməklə Osmanlı-Qacarlar savaşına nədən olurdu. Azərbaycana yaxın bölgələrdəki bir sıra anlamaz paşalar da Qacarlar dövlətinin Rusiya ilə savaş sonrası gücsüz düşməsindən yararlanmağa, Azərbaycan torpaqlarından nə bacarsalar ələ keçirməyə çalışırdılar.

Abbas Mirzə ortadakı sorunları diplomatik yollarla çözməyə çox çalışsa da, alınmadı. Kürdlərin Azərbaycan torpaqlarına ardı-arası kəsilməyən soyğunçu basqınlarına göz yuman Osmanlı açıq-aydın savaş istəyirdi. Savaşa birinci Abbas Mirzənin ona düşmən qardaşı, Kirmanşah elbəyi Məhəmmədəli Mirzə qatıldı. Özü döyüşkən bir adam olan Məhəmmədəli Mirzə o çağlar Osmanlı dövlətinə qatılmış Bağdadadək gedib çıxmaqla savaşı uddu. Məhəmmədəli Mirzə bu uğurlu savaşdan qayıdandan az sonra ürək tutmasından öldü.

Bir sünni fanatiki olaraq tanınan Ərzurum elbayı Məhəmməd paşa Səlmas yörələrindəki Azərbaycan torpaqlarını Osmanlıya qatmaq istəyirdi. Abbas Mirzə Məhəmməd paşanı yola gətirməyə çox çalışsa da, alınmadı. Bu üzdən 1821-ci ildə savaş qaçılmaz oldu. Məhəmməd paşanın Azərbaycan üzərinə yürüşə yükləndiyini bilincə, Abbas Mirzə savaşın Azərbaycanda getməməsi üçün qabaqlama yürüşünə çıxdı. Osmanlı tezliklə Səlmas yörəsindən uzaqlaşdırıldı, üstəlik, Van tutuldu, Şah İsmayıl dönəmindən Osmanlının ələ keçirdiyi Çaldıran geri alındı. Görünür, bu da tarixin bir ironiyasıdır: iki qardaş arasında savaş sürəcində, 1514-cü ildə, Çaldıranda Osmanlı ordusu Azərbaycan ordusunu yenmişdi, 1821-ci ildə Azərbaycan ordusu Çaldıranda Osmanlı ordusunu yendi. Birinci Çaldıran savaşında Osmanlı Azərbaycandan çoxlu tutsaq götürmüşdü, İkinci Çaldıran savaşında Azərbaycan Osmanlıdan çoxlu tutsaq götürdü. Bu arada şiə din xadimlərinin fətvaları ortaya çıxdı. Bu, müsəlmanlar arasında savaş olmaması yönündə verilən fətva idi. Abbas Mirzə barış fətvasına boyun qoyaraq, Osmanlıdan götürdüyü bütün tutsaqları qarşılıq istəmədən geri qaytardı.

Məhəmməd paşa Abbas Mirzənin barış davranışını öz bildiyi kimi dəyərləndirdi. Çox keçmədən Məhəmməd paşanın Ərzurumda böyük bir güc topladığı, 50 minlik qoşunla Azərbaycan üzərinə yürüşə ykləndiyi bəlli oldu. Abbas Mirzə Təbrizdən, başqa yerlərdən yardıma gələn qoşunları gözləmədən Xoydakı 10 minlik qoşunla Ərzuruma doğru yürüdü. Qoşun dayanmaq bilmədən, var gücü ilə gedirdi. Bu, Abbas Mirzənin fransız ordu uzmanlarından öyrəndiyi yürüş-savaş taktikası idi. Abbas Mirzə yenə də savaşı savaş qaynağında – Osmanlı torpağında sürdürmək istəyirdi. Ərzurum yaxınlığında, Çobanoğlu adlanan yerdə Osmanlı qoşunu ilə Azərbaycan qoşunu üz-üzə gəldi. Qanlı bir savaş oldu. Abbas Mirzənin məktublarında göstərildiyinə görə, bir Azərbaycan çəriyinin ən azı üç Osmanlı çəriyi ilə savaşdığı bu savaş Azərbaycanın üstünlüyü ilə sonuclandı. Osmanlı barış istəyində bulundu. Osmanlının önərdiyi (önərmə – təklif) barış planında ilkin olaraq Abbas Mirzənin Osmanlı torpaqlarından çıxması istənirdi. Rusların Azərbaycan üzərinə gözlənilən yürüşü nədənilə Abbas Mirzə tutduğu torpaqlardan çıxası oldı. 1823-cü ildə Osmanlı ilə Qacarlar dövləti arasında Ərzurum barış andlaşması bağlandı. Bu andlaşma ilə hər iki dövlət bir-birinin sınırlarını tanıdı.

(ardı var)      

 

Both comments and pings are currently closed.

Comments are closed.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv