Asif Ata. İnsan Şəri

Riyalı məhəbbət! Boyalı məhəbbət! Qondarma əzəmət! Uydurma səadət!
Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İlkinlik libasında çirkinlik! Doğruluq libasında əyrilik! Nicat libasında əsarət! Ədalət libasında məşəqqət! Cəfakeşlik libasın­da müstəbidlik! Cəngavərlik libasında cahangirlik! Xalqsevər­lik libasında zorsevərlik!
Quyu qazmaq məharəti! Yazı pozmaq məharəti! Fitnəkar əməli! Zülmkar əməli!
Zahirin batinə yadlığı! Sözlərin niyyətə yadlığı!
Yanılma uçurumu! Aldanma uçurumu! Mərhəmət biçimində əsarət. Doğmalıq biçimində düşmənlik. Analıq biçimində yamanlıq. Atalıq biçimində zalımlıq.
Balanı anadan ayırmaq. Üzü həyadan ayırmaq. Bəşəri Müt­ləq­dən ayırmaq. İnsanı vətəndən ayırmaq. Duyğunu əxlaqdan ayırmaq.
Ucanı alçaltmaq. Böyüyü kiçiltmək. Həqiqətə yağılıq. Qüdsiy­yətə yağılıq. Doğrunun əyriyə uyması. Batinin zahirə uyması.
Köləlik dəhşəti. Yalançı dirilik dəhşəti.
Mənəvi işgəncə! Cismani işgəncə! Qorxudan işgəncə! Sarsıdan işgəncə! Keçici işgəncə! Əbədi işgəncə!
Ülviyyətə istehza! Zəkaya istehza! Mənəviyyata istehza! İnama istehza!
Duyğunu aldatmaq. Arzunu aldatmaq.
Zülmdən sevinmək! Ölümdən sevinmək!
Nəfs hökmü. Haram hökmü. Murdar həvəs hökmü.
Həsəd yanğısı. Hiddət yanğısı. Fitnə yanğısı. Fəsad yanğısı.
Sürüləşmə rəzaləti. Kölələşmə rəzaləti.
Gözəlliyin çirkinliyə xidməti! Ucalığın alçaqlığa xidməti!
Kölgənin canlını əvəz etməsi! Bəsitin alini əvəz etməsi! Naqisin xalisi əvəz etməsi! Zailin qabili əvəz etməsi!
Zəhərli qədəhlər. Zəhərli fərəhlər. Zəhərli ümidlər. Zəhərli ürəklər.
Xəyanət çirkabı. Süni həqiqət çirkabı.
Məcnunun odlara yanması. Nadanın aşiqi danması. Fərhadın ölümü. Xosrovun sevinci.
Rəqabət çirkabı. Xəbisin yamanlıq arzusu. Qatilin amansız­lıq arzusu. Fəndgirin amansızlıq arzusu.
Şeytan toxumu səpmək. Böhtan toxumu səpmək. Nifaq to­xu­mu səpmək. Nifrət toxumu səpmək. Zülmət toxumu səpmək.
Eybəcər olub gözəl görünmək! Qəddar olub məsum görünmək! Qara olub ağ görünmək! Ölü olub sağ görünmək!
Rütbəyə sığınmaq. Dəbdəbəyə sığınmaq. Ağılı söndürmək. Gözü kor etmək. Qulağı kar etmək. Dodaqları kilidləmək. Dilləri kəsmək.
Ölü cəsədlər yığımı. Keçilməz sədlər yığımı. Kəsilmiş başlar yığımı. Tökülmüş qanlar yığımı. Uçurulmuş xanimanlar yığımı. Satılmış dostlar yığımı. Pozulmuş əhdlər yığımı. Atılmış balalar yığımı. Müsibətli bəlalar yığımı.
Qatil atalar. Qatil analar. Aldanmış kişilər. Aldanmış qadınlar. Dağılmış ailələr. Şəhvətə bulaşmış sevgilər. Xəyanətə bulaşmış sədaqət. Yalana bulaşmış səmimiyyət. Şübhəyə bulaşmış inamlar. Günaha bulaşmış günahsızlar. Yolsuz yolçular. Fərəhsiz gülüşlər. Süni baxışlar. Məkrli alqışlar.
Şərin böyükdür, İnsan!
Taleyinə yükdür, İnsan!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv