Asif Ata. İnsan Qəbahəti

Mütləqdən ayrılmaq. Müqəddəslikdən ayrılmaq. Həqiqətdən ayrılmaq. Ədalətdən ayrılmaq. İlkinlikdən ayrılmaq. Ruhani­likdən ayrılmaq. Heyrətdən ayrılmaq. Həsrətdən ayrılmaq. Cürətdən ayrılmaq. Tarixdən ayrılmaq. Qəhrəmanlıqdan ayrıl­maq. Fədakarlıqdan ayrılmaq. Aşiqlikdən ayrılmaq. Dahilikdən ayrılmaq. Ülvi yollardan ayrılmaq. Vüsaldan ayrılmaq.
Mühitə pərçimlənmək. Maddidə mənəvini itirmək. Alçalt­maq, alçalmaq. Titrətmək, titrəmək.
Hörmətin yaltaqlıq uçurumu. Qeyrətin yaltaqlıq uçurumu. Sözün yalan uçurumu. Üzün riya uçurumu. Ağılın xülya uçuru­mu. Hissin həqarət uçurumu.
Parçalamaq ehtirası. Bəd niyyət ehtirası. Hakimiyyət ehti­rası. Cinayət ehtirası.
Murdarlığa həvəs. Mənəvi idbarlığa həvəs. Azğınlıq ehtirası.
Özgə kədərindən sevinmək. Özgə sevincindən kədərlənmək.
Tapdamaq dəbdəbəsi. Tapdanmaq naləsi. Əsir etmək arzusu. Köləlik aqibəti. Gücə əyilmək həqarəti.
Sözün məddahlıq fəlakəti. Arzunun bədxahlıq fəlakəti. Ləyaqətin işrətə təslim olması. İradənin zillətə təslim olması. Qəddarlığın mərhəməti öldürməsi. Çirkinliyin məlahəti öldürməsi.
Dəyişkən etiqad. Dəyişkən sevgi. Dəyişkən dostluq. Ani sevinc. Ani cəfa. Ani heyrət.
Ürəklərdə ilan ağusu. Xəyalda qatil bıçağı. Ağızda canavar dişi. Təbəssümdə nifrət. Mərhəmlikdə yadlıq. Ünsiyyətdə yağılıq.
Çirkli suyun təmiz suyu bulandırması! Bəd duyğunun saf duyğunu bulandırması!
Daxildə gizlənmiş həsəd! Daxildə gizlənmiş hiylə! Daxildə gizlənmiş əyyaşlıq! Daxildə gizlənmiş cəlladlıq! Daxildə gizlənmiş müstəbidlik!
Bəd əməl sevinci! Bəd xəbərlər sevinci! Yanlış yollar sevinci! Bəsit hisslər sevinci!
Şəhvətdə heyvanı üstələmək! Yırtıcılıqda heyvanı üstələmək! Azğınlıqda heyvanı üstələmək!
Qan tökmək məharəti. Tora salmaq məharəti. Aldatma, ağlatma məharəti. Oynama, oynatma məharəti. Təqlid etmə, təlqin etmə məharəti. Bataqlığa salma məharəti. Yolundan azmaq, azdırmaq məharəti. Sürüyə çevirmə, çevrilmə məharəti.
Ruhsuzlaşma cəhaləti. Maddiləşmə cəhaləti. Dilsizləşmə cəhaləti.
Lal ürəklər. Qanlı gözlər. Rəngli üzlər.
Eyş-işrət yuxusu! Var-dövlət yuxusu! Naz-nemət yuxusu! Cənnnət yuxusu! Tərif yuxusu! Təltif yuxusu. Nəfs yuxusu! Keçici həvəs yuxusu!
Həsəd əzabı! Mənsəb əzabı!
Hakim biçimində rəqqas! Müdrik biçimində cahil! Nəvaziş biçimində qəddarlıq! Zəriflik biçimində qəddarlıq!
Dost biçimində düşmən! Vəcd biçimində inkar. Səcdə biçimində nifrət.
Şərin törətdiyi xeyir. Yalanın törətdiyi doğru. Fəlakətin törətdiyi möhtəşəmlik. Günahın törətdiyi nailiyyət.
Qorxu səfaləti. Nəşəsevərlik əsarəti. Maddi nemət səadəti. Süni hörmət səadəti. Ruhi karlıq səadəti. Qarnın toxluq səadəti.
Köləliyə alışanlar. Rəzalətlə barışanlar.
Alətə çevrilmək adəti. Yalanda yaşamaq adəti.
Alabaşnəzərlik. Qarabaşnəzərlik. Təşəxxüs paylamaq! Ədalı banlamaq! Əzəmət cildində görünmək. Məhəbbət cildində görünmək. Ehtizaz cildində görünmək.
Cırtdanın fil kini. Cılızın div kini.
Satılmış aqibət. Satılmış gözəllik. Satılmış idrak. Satılmış ilham.
Daxili zülmət. Daxili cinayət. Haram cəzbi. Yalan cəzbi. Çirkab cəzbi. Günah cəzbi.
Fatehlik cəhaləti. Ağalıq cəhaləti. Nökər sədaqəti.
Alini tonqallarda yandırmaq. Ülvini dabanından soymaq. Aşiqi dəli saymaq.
Özünə çatmamaq. Özünü tanımamaq.
Zəkanın – işgəncələr kəşfi. Təxəyyülün – mənəvi eybəcər­lik­lər kəşfi. Əyyaşın – rəzil nəşələr kəşfi!
Ev yıxmaq həvəsi. Köləyə çevirmək, kölələşmək həvəsi. Xoş avaza uymaq həvəsi! Daxildəki düşmənə tabe olmaq həvəsi! Yaşamadan ölmək həvəsi!
Həm qəbahətə, həm də ləyaqətə qadirsən, İnsan! Həm ali, həm də adisən, İnsan!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv