Asif Ata. İnsan Xeyiri

Mütləqi tanımaq! Ulunu tanımaq! Ruhlunu tanımaq!
Torpaqda doğmalıq kəşf etmək! Dağlarda ucalıq kəşf etmək! Ürəyi riqqətə gətirmək! Üzü şəfəqə bürümək!
Peyğəmbəranə söz müqəddəsliyi! Aşiqanə göz müqəd­dəs­liyi! Ata müqəddəsliyi! Ana müqəddəsliyi! And müqəddəsliyi! El müqəddəsliyi! Ev müqəddəsliyi! Vəcd müqəddəsliyi! Ehtizaz müqəddəsliyi! Dil müqəddəsliyi! Sirr müqəddəsliyi! Ülviyyət müqəddəsliyi! Mütləqlə görüş müqəddəsliyi! Özüylə­döyüş müqəddəsliyi! Mənəvi imtahan müqəddəsliyi! İmtina müqəddəsliyi! Günəş müqəddəsliyi! Atəş müqəddəsliyi!
Yıxılanı qaldırmaq. Ağlayanı güldürmək. Əlsizə əl olmaq. Dilsizə dil olmaq.
Əsillik toxumu səpmək! Doğruluq toxumu səpmək! Qeyrət toxumu səpmək! İsmət toxumu səpmək!
İnsandakı heyvanı öldürmək! Nadandakı iddianı öldürmək! Zəkadakı yanlışlığı öldürmək!
Həqiqət itən yerdə həqiqət bitirmək! Ədalət itən yerdə ədalət bitirmək! Cəsarət itən yerdə cəsarət bitirmək! Xəyanət bitən yerdə sədaqət yetirmək!
Dünyanı özünə qaytarmaq. İnsanı özünə qaytarmaq.
Ruhsuzlara ruh vermək. Cansızlara can vermək. Zəruri gəlim sevinci! Zəruri ölüm sevinci!
Qəhrəmanlıq zəruriliyi. Fədakarlıq zəruriliyi. Əzabkeşlik zəruriliyi. Cəfakeşlik zəruriliyi.
İnamsızlar arasında inam saxlamaq! Anlamazlar arasında anlamaq! Qorxaqlar arasında qorxmazlıq!
Qonaqlar arasında sahiblik!
Atəşin vəcd məqamı. Ülvi səcdə məqamı. Yenidən doğulma məqamı.
Gözlərin göy həsrəti. Əllərin ucalıq həsrəti. Yaxının uzaqlıq həsrəti.
Daşadönmüşləri insana çevirmək! Quşadönmüşləri insana çevirmək! Tozadönmüşləri insana çevirmək! Çirkabları insana çevirmək. Bataqlıqları insana çevirmək.
Təbiətdə gözəlliyin kəşfi. İnsanda ölməzliyin kəşfi. İnamda sonsuzluğun kəşfi. İnkarda yolsuzluğun kəşfi.
Həyatı iblisdən qorumaq. Xalisi xəbisdən qorumaq. Məsu­mu azğından qorumaq. Munisi pozğundan qorumaq. Çiçəyi çovğundan qorumaq. Doğrunu oğrudan qorumaq.
Səxavət sevinci. Əziyyət sevinci. Xilaskarlıq sevinci. Günahsızlıq sevinci.
Səsin ruhani mənası! Sözün ruhani mənası!
Xeyirin sonsuzdur, İnsan! Ruhun sönməzdir, İnsan!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv