Xaliq Bahadır. Türklük ayrıca sivilizasiyadır

Bir “professor” belə uydurma tezislə çıxış eləyib: “Türk millət deyil, ümmətdir”. Avropadan yayınlanan bir televizya bu uydurmanı əlüstü tirajlayıb. Burası olduqca ilginc görsənişdir: Azərbaycan kimi müsəlman ölkələrindəki hüquqsuzluğa, dərəbəyliyə, mənliyin alçaldılmasına dözməyərək ölkədən gedənlər var-dövləti aşıb-daşan ərəb ölkələrinə deyil, Avropaya, Amerikaya, başqa sözlə, sevmədikləri, bəyənmədikləri xristian ölkələrinə üz tuturlar. Sonra da bir çoxları orada ərəblik-müsəlmanlıq yolçuluğu yapır, ərəblik-müsəlmanlıq ideologiyasının qızğın carçıları rolunda çıxış edirlər.

Yeri gəlmişkən, Qazaxıstandan olan blogerin sosial şəbəkədə yayılmış çıxışına görə, bir sıra ərəb dövlətləri müsəlmanlıq propaqandası üçün açunun dörd bir yanında jurnalistlərə, blogerlərə çoxlu pul verirlər. Ola bilər, sözümüz yoxdur, pulları çoxdur, verirlər: neft-qaz milyardları bir yana, təkcə Kəbədə həcc ziyarətindən ildə 20 milyard dollardan artıq pul yığılır. Kəbənin yiyəsi öz çağında demişdi: “Elm öyrənmək cənab Allahın yanında namazdan, orucdan, həccdən, cihaddan üstündür”. Siz bunu indiyədək Azərbaycandan tutmuş ta Ərəbistana gedib çıxanacan bir din böyüyünün dilindən eşitdinizmi? Eşitməzsiz, eşidə bilməzsiz-bilim (elm) gözü açır, düşüncəni dirildir, o üzdən bilimə çağıran belə örnəklərin 1400 ildən anarı tutulması gərəkli bilinir. Başqa sözlə, bilim qorxulu düşmən, cəhalət əlverişli arxadaş sayılır. “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”, deyən Atatürkü bir çox din böyüklərinin düşmən gözündə görməyi buna görədir.

Qayıdaq bu yazının yazılmasına nədən olan tezisə: “Türk millət deyil, ümmətdir”. Bir daha bildirmək gərəkir: bu, azacıq da bilimsəl olmayan, gerçəklikdən bütünlüklə uzaq uydurmadır. Kimin etməsindən asılı olmayaraq belə uydurmanın Avropadan yayınlanması Türklüyün nə olduğunu bilənlərdə kəskin qıcıq doğurmaya bilməz.

Türklük nədir? Türklük yalnız ayrıca, bütöv, bitkin, yetkin budun-ulus-millət deyil, ayrıca sosial genotipi olan topluluq-irq, ayrıca sosial stereotip kimi çıxış edən, kökü tarixin ən dərin qatlarına gedib çıxan dəyişməz, özümlü sivilizasiyadır. Bu yerdə 7-ci yüzilin bütün yer üzündə tayı olmayan yaşam-yaradıcılıq örnəyi “Dədəm Qorqudun Bitiyi”ni anmaya bilmərik. Məhəmməd peyğəmbər ərəbləri cahiliyədən çıxarmağa gələn çağlarda Türklərdə “Dədəm Qorqud” bitiyində gördüyümüz çağına görə çox yüksək, bir daha vurğulamaq gərəkir, yer üzündə tayı olmayan kültür, eləcə də yönətim (idarəetmə) örnəyi vardı. Nə yazıqlar, acımasız, qanlı ərəb saldırıları o kültürü də, o yönətim sistemini də gələ-gələ yox etdi. Böyük qanlı qırğınlar yoluyla Türk düşüncə yöntəmi (sistemi) genəlliklə dəyişdirildi.

Eposda biz dövlətin başında duran xanlar xanı Bayandır xanı çox az görürük. Daha çoz görünən kim olur? Qazan xan. Çağımızın Avropa yönətim qurallarından çıxış etsək, Bayandır xanı Prezident, Qazan xanı Baş baxan olaraq görə bilərik. Bu, indinin demokratik ağalılq-hakimiyət düzəninə bənzər düzən deməkdir. Oxşar quruluşu biz Göytürklərdə, eləcə də, Xəzər xaqanlığı başda olmaqla başqa Türk dövlətlərində də görürük.
921-922-ci illərdə Qıpçaq ölkəsini (indiki Rusiya) gəzmiş ərəb tarixçisi İbn Fədlan yazırdı: “Xəzərlərin xaqan titulu daşıyan hökmdarına gəldikdə isə, inanın, o yalnız hər dörd ayda bir yol adamların gözünə görünür…Ona “ulu xaqan” deyirlər, onun müavinini “xaqan bəy” adlandırırlar. Bu sonuncu orduya…başçılıq edir, dövlət işlərinin başında durur, o işləri yerinə yetirir. Xalqın qarşısına çıxır, yürüşlər keçirir, yaxın ölkələrin hökmdarları da ona boyun əyirlər” (Kniqa Axmad İbn Fadlana o eqo puteşestvii na Volqu v 921-922 qq. Xarkov, 1956. S.146). Bir daha vurğulamaq gərəkir: İbn Fədlanın Xəzər dövlətində gördüyü quruluşun bənzəri bütün Türklərdə vardı. Avropalılar indi onlarda geniş yayılmış dövlət yönətim kültürünü, başqa sözlə, dövlət quruluşunu Türklərdən götürdülər.

“Dədəm Qorqud”da biz çağına görə yalnız yetkin-bitkin dövlət quruluşu deyil, eləcə də ata-ana, qadın-kişi, böyük-kiçik hüquqlarının qorunduğu, yüksək tutulduğu yetkin-bitkin bir toplum görürük. Quranda “ər arvadını döyə bilər”, “kişi dörd arvad ala bilər” buyruqları, eləcə də Əhzab sürəsində göstərildiyi kimi, yaxın qohumlarla evlənmək “halal” sayılırkən Türklərdə, Törəyə-Türk kültürünə uiyğun olaraq, bunlar hamısı yasaq idi. Türklərdə qadın evin, ər elin (dövlətin) yiyəsi sayılırdı. Ancaq gərəkirkən onda da, bunda da bir-birinə yardımçı olur, bir-birinə arxa dururdular: ortada hüquq bərabərliyi ilə birgə sorum (məsuliyət) bərabərliyi də vardı.

Ərəblərdə bu gün də qız-qadının pula satıldığı, öz istəyindən asılı olmadan ərə verildiyi bəllidir. Türklərdə islamadək qız-qadının pula satılması, güclə ərə verilməsi kimi gələnək-görənək olmayıb. Türkün Törəsində deyilir: “Qızına elçi gələn xaqan olsa belə, özü istəməsə verə bilməzsən”. Bunu biz 7-ci yüzilin Türk gələnək-görənəklərinin güzgüsü olan “Dədəm Qorqud” bitiyində də görürük. Türk kültürü, Türk Törəsi gələnək-görənəkləri ilə taysız idi, bir çox baxımlardan bu gün də taysızdır. Nobel ödüllü Əziz Səncər deyir: “Türk ulusunun ən böyük yanlışı ərəb kültürünü din saymasıdır”.

“Dədə Qorqud”da gördüyümüz kimi, özlərini onun bir parçası sandıqlarından Tanrıçı Türklərdə doğaya sevgi sonsuz idi. Görünür, o üzdən doğanın doğallığını qorumağı yaşam borcu bilər, doğanın düzənini pozmaqdan çəkinər, suyu kirlətməyi suç sayardılar. Türklərdə indi də günə-işığa-oda and içmək, yuxusunu suya danışmaq Tanrıçılıqdan qalma gələnək-görənəklərdəndir. Qısaca desək, Göy Tanrı inancına bağlı Türklər üçün doğa qutsal idi. Türkün böyüklüyü, üstünlüyü, ucalığı, yenilməzliyi o qutsallıqdan qaynaqlanırdı, o qutsallığa bağlıydı. Göydə Göyün göylüyünə, Yerdə yerin yaşıllığına vurulan, o göylüklə o yaşıllıq arasında özgürlüyünü sağlayan, yaşadan, özgürcə yaşayan Türk gəlimli-gedimli açunun taysız arı-duru gələni-gedəniydi!

Türklük ayrıca sivilizasiyadır. Bu sivilizasiyanı yox etmək üçün bir sıra imperialist güclər yüz illərdir hızlı çalışmalarda bulunurlar. Türklüyün Kiçik Asiyadakı varlığına son qoymaq üçün U.Çörçil komandanlığında Avropa orduları Türkiyə üzərinə yürüşə qalxdılar. Çağ düzgün seçilmişdi: Türk dövləti olaraq qurulmuş Osmanlı xristianlarla çoxillik evlənmələr sonucunda devşirmə dövlətinə dönüşmüşdü. Sultan Səlimin xəlifəliyi Qahirədən İstanbula daşıması (1517) sonucunda isə Osmanlı ərəbləşərək çöküş durumuna gəlmişdi. Ərəb kültürü din bürüncəyi altında Türklüyü özlüyündən döndərməklə yenilgən duruma gətirmişdi. Avropalı strateqlər bunu gözəl bilirdilər. Hökumət satılmış, ermənilər başda olmaqla, hökumətdə geniş yer tutan yunanlar, yəhudilər, ərəblər, bir sıra başqa başqaları yetə-yet dönüklük yolu tutmuşdular. Plana görə, Türkiyə azı 5-6 yerə bölünməli “Ermənistan”, “Kürdüstan” başda olmaqla bir sıra balaca, Batıya əlverişli bufer dövlətlər yaradılmalı idi. Ölkəni dərin depressiya, güvənsizlik bürümüşdü. Bu arada ortaya bir Türk çıxdı- təkbaşına bütün Avropaya, bütün açuna meydan oxuyan bir Türk!

Çin komutanı Ho-Kun Pinq haçaqsa demişdi: “Tək bir adam bir orduya meydan oxuyursa, bilin: o, Türkdür”. I Açun savaşı dönəmində bir orduya deyil, ordulara meydan oxuyan Türk Atatürk idi! Mahatma Qandi demişdi: “Atatürk ingilisləri yenənədək elə bilirdim ingilislər yer üzünün allahıdır”. İndi bizdə də, Türkiyənin özündə də Atatürkü “ingilis casusu” adlandıranlar var. Onlar başlıca olaraq dinə bağlı kimsələrdir.

Türkiyə ilə savaşda yenilən Çörçil yazacaqdı: “Türkləri savaşaraq, əskərlə, yaraqla yüklənərək yenə bilməzsiz. Türklərin din adamlarını ələ keçirib, onlardan yararlanın. Din adamları özləri dövləti yıxacaqlar”. ABD prezidenti R.Nikson, B.Klinton da sonralar oxşar çıxışda bulunacaqdılar. Türklüyü yaraqsız yenməyin yolu tapılmışdı: dini təriqətləri ilə birgə geniş yaymaq, dövlətə, dövlət yönətiminə daşımaq.

Başqa təriqətlər bir yana, Azərbaycanda bu gün vəhabilik geniş yayılmaqdadır. Onun nədənini İngiltərənin keçmiş baş baxanı, indi Böyük Orta Doğu Projesinin Ərdoğanla birgə eş başqanı olan Toni Bleyer belə açıqlayır: “Son 20 ildə Böyük Britaniya Orta Doğuda kəskin sorunlarla üzləşib. Bu üzdən də biz VƏHABİLİYİ daha çox yaymaq qərarına gəlmişik”.

(ardı var).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv