Asif Ata. Özünə sığmayan dünya

Günəş səmaya sığmır. Dilək ürəyə sığmır. Dəniz məcraya sığmır. Ruh bədənə sığmır. Səs sinəyə sığmır. Fikir sözə sığmır. İnsan ölümə sığmır. Ömür taleyə sığmır. Səda sükuta sığmır. Gecə zülmətə sığmır. İnsan özünə sığmır. Bəbək gözünə sığmır. Çiçək çöllərə sığmır. Meyvə budağa sığmır. Ayaq yollara sığmır. Qartal dağlara sığmır. Heyrət tərifə sığmır. Qüdrət tarixə sığmır. Pələng meşəyə sığmır. Zəka ağıla sığmır. İgid qorxuya sığmır. Müdrik dövrana sığmır.
Körpə bələyə sığmır. Aşiq bəlaya sığmır. Qəzəb acığa sığmır. Dalğa dənizə sığmır. Çalğı pərdəyə sığmır. Atəş daxilə sığmır. Kəlmə dodağa sığmır. Maral oylağa sığmır. Vüqar dağlara sığmır. Sellər çaylara sığmır. Əllər əllərə sığmır. İsmət qiymətə sığmır.
Göz yaşı gözdə qalmır. Hərarət gözdə qalmır. Həqiqət sözdə qalmır. İldırım göydə qalmır. Toxum torpaqda qalmır. Xəyal gerçəkdə qalmır. Amal diləkdə qalmır. İgid ölümə sığmır. Dözüm zülmə sığmır. Hiddət qüssəyə sığmır. Mütləq idraka sığmır. Niyyət illərə sığmır. Məna zahirə sığmır. Ümid zillətə sığmır. Dünya dünyaya sığmır. Səhər gecəyə sığmır. Zəfər döyüşə sığmır. Müjdə fərəhə sığmır. Ülvilik zora sığmır. Əməl həvəsə sığmır. İşıq kölgəyə sığmır. Amal ömürə sığmır. Atlı meydana sığmır. Şəfqət əlaca sığmır. Şəfəq sulara sığmır. Sevgi yalana sığmır. Ağac xəzana sığmır.
Təmənnaya sığmayan yaxşılıq. Şöhrətə sığmayan zəhmət. Zəmanəyə sığmayan ləyaqət. Ehtiyaca sığmayan qəhrəmanlıq. Həyata sığmayan mənəviyyat! Ölçüyə sığmayan kamillik! Yerlərdən göylərə boylanan çinarlar! Bugündən sabaha boylanan könüllər! Nisbidən Mütləqə boylanan xalislər!
Zamandan qabağa boylanan zəkilər! Qədimdən bugünə boylanan ilkinlər! Hərfə sığmayan məzmun. Ünsiyyətə sığmayan doğmalıq. Kitablara sığmayan müqəddəslik! Sifətə sığmayan mənəvi nur! Bəzəyə sığmayan gözəllik! Naxışa sığmayan təravət! İnkara sığmayan imtina! Özünə sığmayan özüylədöyüş! Mühitə sığmayan ləyaqət! Ucalıq həvəsi! Hüdudsuzluq həvəsi. Dalğalarla döyüşmək həvəsi.
Azsan, Dünya! Natamsan, Dünya! Ancaq həm də özündən kənara çıxansan, özündən gözəl olansan, özündən yüksəyə qalxansan, Dünya! Buna görə də sevimlisən, Dünya! Özünə sığmadığın üçün, özünlə razılaşmadığın üçün sənə inanıram, Dünya! Özünü özündən aliyə aparan dünya! Özüylə barışmayan Dünya!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv