Asif Ata. İnsan Ləyaqəti

İdeala heyrət. Gözəlliyə heyrət. Mütləqlə vəhdət.
Zamana sığmamaq. Mühitə sığmamaq.
Yalansızlıq. Ehkamsızlıq. Xülyasızlıq. Cəhalətsizlik. Cinayət­­­sizlik.
Tək yanmaqdan çəkinməmək.
Yırtıcılıq üzərində qələbə. Xudpəsəndlik üzərində qələbə. Qorxaqlıq üzərində qələbə. Hərcayilik üzərində qələbə. Məkr, fitnə üzərində qələbə. Ətalət üzərində qələbə.
Həqiqət eşqi. İdrak eşqi. Xeyir eşqi. Təbiət eşqi.
Vətənsevərlik. Bəşərsevərlik.
Ruhun dünyaya qovuşması. Ürəyin ürəyə qovuşması.
Düşüncə ləyaqəti. Duyğu ləyaqəti. Sifət ləyaqəti. Baxış ləyaqəti. Ruhun Mütləq heyrəti. Mənəviyyatın müqəddəslik heyrəti. Hissiyyatın məhəbbət heyrəti.
Dözüm əzəməti. Əbədi yolçuluq əzəməti. Nifrət əzəməti. İzzət əzəməti. Vüqarlı səadət. Zülmə hiddət.
İnamsızlar arasında inamlı qalmaq! Vicdansızlar arasında vicdanlı qalmaq! Sönüklər arasında sönməmək!
Atalıq yükü. Analıq yükü. Övladlıq yükü! Peyğəmbərlik yükü. Dahilik yükü. Qəhrəmanlıq yükü. Aşiqlik yükü! Qadınlıq imtahanı! Kişilik imtahanı!
Sərvət yükündən imtina! Şöhrət yükündən imtina! İşrət yükündən imtina! Qafil dərsindən imtina! Cəllad zəhmindən imtina!
Zindanlara salınmaq ləyaqəti! Saysız öldürülmək ləyaqəti! Vaxtsız məzara qoyulmaq ləyaqəti! Saflıq ləyaqəti! Barışmaz­lıq ləyaqəti! Riyasızlıq ləyaqəti! Alabaşı hürdürmək ləyaqəti! Naşını güldürmək ləyaqəti! Susanı dindirmək ləyaqəti! Vəcd ləyaqəti! Heyrət ləyaqəti! Yuxudan ayılmaq ləyaqəti! Divanə sayılmaq ləyaqəti! Şimşək kimi şığımaq ləyaqəti! İldırım kimi çaxmaq ləyaqəti! Vaxtında dünyaya gəlmək ləyaqəti! Vaxtında ölmək ləyaqəti! Əzabı sevmək ləyaqəti. Heçliyi görmək ləya­qəti. Beyinin fikir ləyaqəti. Ürəyin duyğu ləyaqəti.
Günəş şəfqəti. Od hərarəti. Həmdəmlik ləyaqəti. Həmdərd­lik ləyaqəti. Yenidən doğulmaq ləyaqəti. İşgəncə oduna qalanmaq ləyaqəti. Özünü dərindən anlamaq ləyaqəti. Bəşərin dərdinə ağlamaq ləyaqəti. İnkar yağışında çimmək. Avam qarğışında çimmək.
Müqəddəs sərsəmlik. Cəfakeş sabitliyi. Nəcabət sabitliyi. Məhəbbət sabitliyi.
Ümid sədası. İlqar sədası.
Qadının ismət ləyaqəti. Kişinin qeyrət ləyaqəti. Daxili vəh­dət ləyaqəti. Hicranın fəryad ləyaqəti. Vüsalın sevinc ləyaqəti.  Qədimlik ləyaqəti. Doğmalıq ləyaqəti. Etiqad ləyaqəti. Təhlükə ləyaqəti. Körpənin ilkin ləyaqəti. Cavanın şux ləyaqəti. Qoca­nın müdrik ləyaqəti.
Gözəl niyyətdə çirkin vasitədən imtina. Aldatmaq fəhmin­dən imtina.
Müqəddəsliyə tapınma ləyaqəti. Xalq ləyaqəti. Ənənə ləya­qəti. Özündənkeçmək və sevinmək. Şaqqalanmaq, parçalan­maq, paralanmaq və sevinmək.
Mütləq qarşısında sarsılmaq! Ruhanilik qarşısında sarsıl­maq. Ata qarşısında sarsılmaq!
Peyğəmbərin Ali Kəlam etirafı! İnamlının Ruhani heyrət etirafı!
Həsrət ləyaqəti. İntizar ləyaqəti.
Əsgərin döyüş imtahanı. Qadınlığın Ana imtahanı. Kişiliyin Ata imtahanı. Aşiqin Məcnunluq zirvəsi. İdrakın İnam zirvəsi. Ünsiyyətin dostluq zirvəsi.Təbəssümün şəfqəti. Ata zəhmi. Ana mehri.
Əqidə bəxtiyarlığı. Düşüncə bəxtiyarlığı.
Ölülər içində diri qalmaq. Sünilər içində əsil qalmaq. Əyrilər içində doğru qalmaq.
Dövrə bənzəməmək ləyaqəti. Ləyaqti qorumaq ləyaqəti. Gözlərin səmavi xisləti. Sözlərin ruhani xisləti. Üzün nurani xisləti.
Ləyaqətlidir İnsan. Həm də qəbahətlidir. Mütləqə yaxındır, həm də Mütləqdən uzaqdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv