Xaliq Bahadır. “Böyük qayıdış” – Cocuq Mərcanlı!

Mən də sizin kimi… AzTV-lərə baxmıram. Ancaq… hərdən baxıram – siyasi gərəkçə ilə. Bir neçə gündür informasiya-propaqanda proqramlarına göz atıram. Bütün informasiya-propaqanda (AzTV-lərdə 24 ildir gerçək informasiya proqramı yoxdur!) proqramlarında Cocuq (çocuq) Mərcanlı reytinq birincisidir. AzTV-lər prezident administrasiyasından gələn göstərişlə xalqa “Böyük qayıdış” nağılları danışmaqdadırlar.
1994-cü ildə qaytarılmış Cocuq Mərcanlıya 24 il sonra qayıdış qayıran hakimiyət “tezliklə bütün Qarabağa qayıdılacağı” ilə bağılı Göbbels propaqandası tirajlayır.


Bəs bu total “qayıdış” propaqandası nədən qaynaqlanır, bu hay-küyü, bu qızdırmalı propaqandanı doğuran nədir? Burası olduqca İLGİNC BİR SORU! Bu qızdırmalı propaqandanı Lider TV-nin Moskva əməkdaşı Anar Həsənov doğurdu. Daha doğrusu, Anarın Lavrov-Kələntəryandan aldığı cavab doğurdu: “Qarabağ Azərbaycanın iç işi deyil”. Bunu diplomatik ritorikadan çıxarıb bizim dilə çevirsək, belə oliur: Azərbaycan Qarabağdan gözünü çəkməlidir!
Lavrovun bu buyruğundan sonra Sosial şəbəkədə göy guruldadı, ildırım çaxdı, dünyalar titrədi, aləmlər mayallaq aşdı… Daha doğrusu, Əliyevlərin Qarabağı qaytarmaq adına sürdürdükləri çoxillik danışıqlar PAKETİ cırıq-cırıq oldu – Eldar Mahmudovun MTN, Əli Abbasovun Rabitə-yüksək texnologiyalar nazirliyində başa çıxan PAKETLƏR kimi!
Bir “uşağın” (burada jurnalist Anar Həsənovun) balacana bir sualına Rusiya XİN başçısı Vardapet Sergey Lavrovun balacana cavabı sürəkli YAP propaqandasına uyub fil qulağında yatan çoxları, mən deyərdim, milyonlar üçün soyuq duş etkisi doğurdu. Hamının gözü birdən açıldı. Hamı da gözünü açıb illərlə sürəkli propaqanda toz-dumanından görmədiyini,  görə bilmədiyini gördü: KRAL LÜTDÜR! Özü də necə? Lümlüt!
“Qarabağı qaytarmaq” adına 24 illik yalan, aldatma, başqatma siyasətləri birdən-birə çox ünlü bir gözəl (gözəlçə) kimi soyunub (soyundurulub) publika qarşısına çıxmışdı. Uzun illərin ünlüsü, eləcə də uzun illərin örtülü-bürüncəklisi olduğundan hamı ona baxır, hamı onu görür, hamı onu barmaqla göstərirdi (sosial çəbəkə faktoru)!
Çılpaqlığı ört-basdır etmək üçün tez-tələsik Anarı işdən qovdular.
Ancaq ortada o çılpaqlığın doğurduğu böyük bir başıpozuqluq, çaşbaşlıq vardı. Anarın Lavrovla bağlı işdən qovulması faktı ortada ikən Lider TV-nin lidercikləri onun “başqa bir nədənlə işdən qovulduğunu” bildirdi. Bunun yalan olduğu, Lider TV-nin əski yalan televiziyalarından olduğu bizə bəlli idi. Ancaq yenə bir doğrulama gərəkirdi.
Gözlənilən doğrulama əliyevçi rejimin əski yolçu-vurğunlarından olan birisindən – YAP-dövlət qəzetinin (“Azərbaycan”) başında duran Bəxtiyar Sadıqovdan gəldi: “Anar Həsənovun işdən qovulması başqa jurnalistlərə də dərs olacaq”. B.Sadıqov bu parlaq bildirişi ilə Anarla bağlı gerçəyi anlamayan Azərbaycan elliyi (publika) üçün Lavrovun oynadığı rolu oynadı: Lavrov necə bir gizlinin üstünü açmışdısa, B.Sadıqov da elə bir gizlinin üstünü açdı – bu, açıq sözə, doğru sözə, elliyə gərəkən sözə düşmən diktatura gizlinidir!
…Üstünü Lavrovun açdığı gizlin 24 illik rejim yalanlarını bəlirləmək baxımından qorxulu sonuclar doğura biləcəyindən ortaya Cocuq Mərcanlı başlanğıcı ilə “Böyük Qayıdış” yalanı çıxarıldı. Yalanla, ola bilsin, bir dənə uğurlu Cocuq Mərcanlı siyasəti düzsüb-qoşmaq olar – bəs sonrası? Televiziyaların gücünə yalan ayaq tutub yeriyər də. Ancaq, axı, gec-tez hər hansı yalana üstün gələn Sosial şəbəkə də var. Əski düşüncələrə bağlı siyasətlərlə İnternet dönəmi uyuşmazdır – bunu anlamaq gərəkdir!

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv