Xaliq Bahadır. Tanıtım anıları

 

Çağında, gecəli-gündüzlü yaşam içində, anlamlı-anlamsız, gərəkli-gərəksiz qaç-qov axarında illərin necə keçib getdiyini bilmək olmur. Çağlar ötür, axar ağırlaşır, asta-asta sular axır, durulur. Sular durulduqca öncələr çox da önəmsəmədiklərini asta-asta axıb durulan sular sayağı asta-asta anır, andıqca önəmsəyir, önəmsədikcə öncələr üstündən eləcə ötüb keçdiklərinə qayıdır, qayıtdıqca hamısında olmasa da, bir çoxunda yeni-yeni yaşam yaşantıları, yeni-yeni yaşantı çalarları bulursan: retro filmə baxmağa bənzər görsənişlər…

*

Haralısan, haralı, durna?

Teleradio verilişləri komitəsində işlədiyim çağlar idi. (Yanılmıramsa, 1984-ün avqustu). Rayona gedəcəkdim. Tez çatmalı olduğumdan avtobusla deyil, taksiylə getməliydim. O çağlar “karvansara” deyilən yerdən bizim rayona taksilər gedirdi. (Onda Qubanov, indi Z.Əhmədbəyov küçəsinin Bakıxanov körpüsünə çatan yeri). Başqa günlərdə orda çoxlu taksi olurdu, o gün nəyə görəsə taksi yox idi. Dövlət taksilərinin dayanacaq yerindən az aralıda ağ bir “Jiquli” dayanmışdı. Maşının yanında duran hündürboy sarıyanız adam yaxınlaşıb hara getdiyimi soruşdu. Sonra da: “Mən də o yana gedirəm, – dedi, – gəlin gedək”.

Onunla getmək istəmədim. Atam: “Jiquli” sürücülərinin çoxu maşın sürməkdə naşı olur”, – deyə, minəsi olanda dövlət taksilərinə minməyimi tapşırmışdı. Çox gözlədim, taksi gəlmədi. O, yenidən yaxınlaşıb dedi: “Görünür, məni naşı bilib mənimlə getmək istəmirsiz, mən uzun illərin sürücüsüyəm”. Birgə yola düzəldik.

Hava istiydi, özü də çox isti. Hamı kimi o da qolsuz köynəkdə idi. Onun uzun qolları, iri əlləri vardı. Üzü parlaq misə bənzəyirdi. Baxdıqca mənə çox doğma görünürdü. Onu gözaltı süzə-süzə haralı olduğunu soruşdum. “Bakılıyam”, – dedi.

Bir az keçmiş bir də soruşdum: “Haralısız?” O, mənə baxıb gülümsündü: “Dedim axı, bakılıyam”. Mən də qarşılıqlı olaraq gülümsünərək dedim: “Bakılı deyilsiz, ona görə yenidən soruşdum”. Dönüb, çatılmış qaşlarla mənə baxaraq soruşdu: “Nə bilirsiz bakılı deyiləm?”- “Baxıram, – dedim, – bilirəm bakılı deyilsiz”.

O, bir ara susdu, sonra ağır-ağır dilləndi: “Lənkəranlıyam”.

“Jiquli” özünün bəlli motor səsiylə səslənir, biz isə susurduq. Biz danışanda maşının eşidilməz kimi olan səsi biz susanda güclənir, elə bil bizi danışdırmaq istəyirdi. Birdən ona sarı çönüb dedim: “Siz lənkəranlı deyilsiz, haralısız?” O, soruya soruyla qarşılıq verdi: “Sizcə, lənkəranlı da deyiləmsə, haralıyam?”. Kəsinliklə dedim: “Ərdəbillisiz!”

Diksinən kimi oldu, çaşqınlıqla maşının qazını aldı: bir yola, bir mənə baxa-baxa dururdu. Handan-hana dilləndi: “Siz bunu nədən bildiniz?” – “Nədən? – dedim, – görünüşünüzdən”.

İkimiz də susurduq. Onun üzü tutulmuşdu. Bir ara beləcə yol getdik, sonra o, asta-asta danışmağa başladı:
– Atam da, anam da ərdəbilliydi. Mən Lənkəranda doğulmuşam. Üç yaşımda atamı, altı yaşımda anamı itirmişəm. Məni nənəm saxlayıb. Sonra Bakıya köçmüşük, demək olar, Bakıda böyümüşəm. Əskərliyim Rusiyada – Voronej şəhərində keçib. Əskərlik dönəmində bir Rus qızıyla tanış oldum, sonra da orda qalıb onunla evləndim. Tək dayağım olan nənəm ölmüş, məni yetim qoymuşdu. Nənəmə çox öyrəşmişdim, onsuz mənə çətin olacaqdı.

Sözünə ara verdi, köks ötürüb, yenidən danışmağa başladı.

– Hə, onu deyirdim… – təkərlər dalbadal bir neçə dərin çuxura düşdüyündən maşın bizi atıb-tutdu, onun sözü ağzında qaldı. Çala-çuxurun azaldığı yerdə yenidən danışmağa başladı, – yollar yaman gündədi, belə də yol olar, özü də rayon yolu, kənd yolu da deyil. Bir də məni mat qoyan bilirsiz nədi? Televiziyada, radioda deyildiyinə görə, respublika bütün plan tapşırıqlarını, sosialist öhdəliklərini az qala beş yüz faiz artıqlamasıyla yerinə yetirir, ancaq mağazalarda ət, yağ yoxdur, yollar da belə darmadağın…

Yaxında düşəcəkdim, ona görə onun sözünü kəsib soruşdum:

– Bağışlayın, mən bir azdan düşəcəm, sonra nə oldu?

– Hə, onu deyirdim axı. İki qızım vardı, yaxşı da yaşayırdıq, ancaq yaş artdıqca Vətən üçün darıxmağa başladım. İstədim ailəliklə köçək gələk, gəlmədilər. Tək gəldim. Gəlmişəm, ancaq, necə deyim, iki can arasında qalmış kimiyəm: orda bura üçün darıxırdım, burda ora üçün, daha doğrusu, ailəm, başlıcası da qızlarım üçün darıxıram. Gözəl qızlarım, gözəl balalarım! Avara-sərgərdan qalmışam, bilmirəm başıma haranın daşını salım… – kövrəldi, azacıq susub yenidən dilləndi, – arada yadıma nənəmdən eşitdiyim söz düşür: cənnətdə bir daş var, götürən də, peşmandı, götürməyən də. Bax, mən o gündəyəm. Vurnuxa-vurnuxa qalmışam. Ha gəzib-dolaşıram, özümə yer tapa bilmirəm, qalmışam belə: Rusiyaya qayıtmaq istəmirəm, burda da dincliyim yoxdur. Ora-bura yol ölçməyim də qazanc üçün deyil, başımı qatmaq üçündür. İndi İmişliyə gedirəm, orda məni gözləyən var…

Onu gözləyənin kimliyini soruşmaq istəsəm də, nəsə istəyimdən daşındım, soruşmadım. Düşməyimə az qalırdı. Yolun 180-ci kilometrində mən düşdüm, o getdi.

Yurmala-yurdun ola

Azərbaycan radiosunda bir redaksiyada işləyirdik. O il, 1988-in iyulunda, Fimar xanımla məzuniyətimizi Yurmalada (Latviya) keçirməyi planlaşdırmışdıq. Bəlli olduğu kimi, planlaşdırma Sovet dövlət sistemi üçün xarakterik görsənişlərdən idi. Dövlətdə olanlardan yurddaşlara da pay düşür, yurddaşlar da hansısa planlaşdırmanı edə bilirdilər.

Biz də, dediyim kimi, o yay dincəlişi (məzuniyət) Latviyada keçirmək istəyirdik. Ayrı bir gəlir yerimiz yox idi, qazancımız bir aylıq, bir də qonorar idi. Sözsüz, onunla rayona da dincəlişə getmək olmazdı. Ancaq nə də olmasa Sovetin bir sosial güvənlik sistemi vardı. Dincəlişə çıxanlara Həmkarlar komitəsindən, Qarşılıqlı yardımdan (vzaimpomoş) yardım edilirdi. Onların hamısını alıb bir yerə yığmaqla istənilən jurnalist böyük Sovetlər birliyinin istənilən yerində gedib dincələ bilərdi. (Suverenliyimizdən iraq!)

Biz də alacağımız nə vardı hamısını alıb, iki yaşlı ekizlərimizi də götürüb Latviyaya yollandıq. Yurmala Latviyanın ayrıca kültür yerlərindən sayılırdı. Orada doqquz qatlı binaların birində kirayə ev tutmuşduq. Evin yiyəsi Nikolay Nikolayeviç hardasa başqa yerdə qalır, arada gəlib bizə baş çəkirdi.

Tezdəndən qəzetləri alıb oxumağa öyrəncəliydim. Latviyada qəzet sıraları çox uzun olurdu. Elə bil qadınlı-kişili hamının gündəlik başlıca işi qəzet almaq idi. Evin yaxınlığındakı qəzet köşkündə gündəlik sıraya duranlardan biri də mən idim. Elə birinci gün də mən orda çox pis utanası oldum. İstədiyim qəzetləri (rusca) alıb pulunu verdim. Satıcı xanım pulun qalığını – 1 qəpiyi götürməyib aralananda pulu götürməyimi istədi. Pulu götürməyib uzaqlaşmaq istəyəndə o, arxamca rus dilində qışqırdı: “kak vam ne stdno…”. Onun əl çəkmədiyini görüb qayıdıb utana-utana 1 qəpiyi götürdüm. Bəlkə də, ordakıların qınayıcı baxışları altında utandığımdan geri dönüb o 1 qəpiyi götürməzdim, ancaq sonrakı günləri də düşünüb geri döndüm.

Bir də qastronomda birinci yol elə oldu. Kassada işləyən qadın 1 qəpiyi qaytardı, götürmədim. Qadın məni yoldan qaytarıb dedi: “Qayıdın pulunuzu götürün, mən sizin üçün dilənçi deyiləm”. Alış-veriş yerlərində bir də o sayaq yanlışa yol vermədim. Müsəlman olaraq bizim yetişdiyimiz ortamla xristianların (orada latışların) yetişdiyi ortam arasında yerlə göy ayrılığını görmək olduqca şaşırdıcı idi. Biz bacı-qardaş olaraq ailədə doğru-düzgünlüyə öyrədilsək də, yalanın, oğurluğun, rüşvətin geniş yayıldığı bir respublika ortamında yaşamalı olmuşduq. Orda ucuz elektrik qatarlarıyla çox yerləri gəzdik. Ən balaca yaşayış yerlərindən böyüklərinədək hamısında ayrıca düzən, ayrıca düzgünlük, ayrıca gözəllik vardı. Çox yerlərdə olduq, orda bir dənə də asfaltı dağılmış yol, küçə görmədik. Bir çox illər sonra bəlli oldu: sən demə, ilbəil yol üçün Moskvadan Azərbaycana ayrılan pullar ilin sonunda Moskvaya yarınmaq üçün elə eləcə geri qaytarılırmış. Sonra da o pullar “yol infrastrukturunu yeniləmək üçün” Latviya kimi korrupsiyadan uzaq respublikalara verilirmiş…

Bir gün Nikolay Nikolayeviç ev telefonuna zəng vurub gəlmək istədiyini bildirdi. Gedib qastronomdan bir toyuq, bir araq aldım. Onu qonaq eləyib danışdırmaq istəyirdim. O, mənə rus olduğunu demişdi, ancaq mən onu rusa deyil, başqasına oxşadırdım. Keçmişdə dənizçi olduğunu, uzun illər Baltik dənizində üzdüyünü, bizim olduğumuz evi də dənizçi kimi aldığını deyirdi. Mən də bir çağlar (universitetdən öncə) dənizçi olmuşdum, o üzdən onunla tez anlaşmışdıq. Məndən hansı dənizlərdə üzdüyümü soruşarkən bildirdiyimə qarşılıq olaraq, Xəzər dənizinin adını eşitdiyini, özünü görmədiyini demişdi.

Bir az yeyib-içəndən sonra ondan kök kimliyini soruşdum. Bəlkə də, içkinin etkisindən öyüngən bir görsənişlə: “Mən Rusam, Rus!” – dedi. Mən də özünə arxayın görsənişlə: “Siz Rus deyilsiz”, – dedim. Aramıza öcəşmə düşdü. İkimiz də dediyimizdə dururduq.

Universitetdə bizə keçilən Türkologiyadan Türk dilində (Türk dilində, birilərinin dediyi kimi, “Türk dillərində” deyil, coğrafiyasından asılı olaraq biçim baxımından dəyişməsinə baxmayaraq, dilimiz quruluş, xarakter baxımından birdir) sayların köklü dəyişikliyə uğramadığımı bildiyimdən ona dedim: “Gəlin belə eləyək: mən Türkcə onadək sayacam, mənim dediyimi siz də deyin, baxaq”. “Baxaq”, – dedi. Başladıq. “Bir”-“Bırr”, “İki”- “Ekki”, “Üç”-“Uç, “Dörd”-“Dürt”, “Beş”-“Bes”, “Altı”-“Attı”, “Yeddi”-“Yeti”, “Səkkiz”-Sekkiz”, “Doqquz”- “Tokuz”, “On”- “Un”.

Sayları bitirəndən sonra ona dedim: “Siz Türksünüz (onun volqaboyu Türklərindən olduğunu düşünürdüm). O, mənim ona “Türk” deməyimi gülüşlə qarşıladı:

– Ha-ha-ha… Mən Türk? Nə Türk? Mən Rusam.
Ondan soruşdum:
-Güzgüyə baxırsız?
Gülə-gülə:
– Baxıram, – dedi, – yüz ildi güzgüyə baxıram.
– Yüz ildi güzgüyə baxırsız, ancaq yüz ildi özünüzü görmürsüz, görmədiyiniz üçün də tanımırsız. Məncə, siz volqaboyu Türklərindənsiz.

O, gülməyinə ara verib, düşüncəyə daldı. Başını iki əli arasına alıb, düşünürdü. Bir az keçmiş asta-asta danışmağa başladı:
– Mən uşaq olanda nənəm bizim Latviyaya Çeboksarıdan gəldiyimizi deyərdi. Nənəmdən eşitdiyimə görə, biz Çuvaşıq. Çuvaşlar Türkdür?
– Hə, – dedim,- Çuvaşlar 16-cı yüzildə xristianlığa girmiş Türklərdir.

Bundan sonra o, nə deyəcəyini bilmirmiş kimi əlindəki çəngəli oynada-oynada, götürüb qoya-qoya mızıldanırdı:
– Hə, belə, hə, belə… Hə, belə bir tarix, belə bir unudulmuş keçmiş…

Yeri gəlmişkən, Atillanın ölümündən (453-cü il) sonra imperiyası dağıldı. Oğlu İrnək böyük çoxluğu özünə bağlı “On Oğur” (On Oğuz) boyundan olan Türkləri Qara dəniz qıyılarına gətirdi. Onlar buralardakı başqa Türklərlə qaynayıb qarışdılar. Qarışmadan ortaya çıxan topluluq özünə “Bulqar” adını verdi. “Bulqar” türkcə “bulqamaq-qarışmaq” sözündəndir. Bu boy birliklərinin yaratdığı yeni imperiya Bulqar dövləti adlandı. Dövlət Çingiz xan imperiyasının basqısı altında dağıldıqdan sonra bulqarların böyük bir bölüyü gedib indiki Bolqarıstanı yaratdı. Başqa bir bölüyü-Suvar boy birliyi Volqa boyuna gedərək indiki Çuvaşıstanı yaratdı. Onlardan bir azı Azərbaycana gələrək indiki Biləsuvar-Cəlilabad bölgəsinə yerləşdilər. Suvarların Quzey Qafqazdakı başkəndinin adı Biləsuvar idi. Başkənd Çingiz xan ordusunun basqını sonucunda dağıdıldığından onun adını yeni yerləşdikləri yerə verdilər. Biləsuvardakı Bolqarçay adı isə Bulqar dövlətindən gəlmə addır. Görünür, o hidronimi bölgəyə suvarlarla birgə gələn bulqa0rlar gətiriblər. Hansı “akdemiksə” Sovetdən sonrakı “milliləşmə” dönəmində Bolqar’ı dəyişib “Balharı” eləyib. Bilərəkdən-bilməyərəkdən tarixi belə unutdurur, belə it-bat eləyirlər!..

(ardı var).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv