Türkçülük və Dinçilik

Bu gün Azərbaycanda, Türkiyədə, bütövlükdə Türk Dünyasında türkün yaxınlaşmasını əngəlləmək, türklüyü sıradan çıxarmaq üçün çeşidli oyunlar gedir. Bu gedişat bütün dövrlərdə Türkçülüyə qarşı düşünülmüş planların təzələnməsidir. Belə bir məsələyə qarşı öz düşüncələri ilə dirəniş göstərmək üçün milli mübarizənin təmsilçiləri Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, Abil Ulusoy, Üzeyir Əlizadə, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bu mövzunu müzakirə etmişlər. Həmin müzakirəni təqdim edirik.

Türkçülük və Dinçilik

Vüqar Bəyturan: Hörmətli dostlar, ilk növbədə hər birinizi salamlayıram. Bugünkü mövzumuz türk millətinin İslam dininə girov düşməsi ilə bağlıdır. İndiyə qədər də dinlə bağlı müzakirələr olub. Belə fikirlər mövcuddur ki, İslama qədərki türk millətçiliyinin tarixi zəif olub, güya bu din türkü daha da qüdrətləndirib, türk İslam dini vasitəsiylə başqa qitələrə nüfuz edə bilib. Amma bugünkü durumumuza baxanda görürük ki, türk milləti “İslam”ın girovuna çevrilib. Yəni Qərbə münasibətdə, xristian dininə münasibətdə, ayrı-ayrı beynəlxalq dinlərarası çəkişmələrdə türk hadisələrin episentrində qərar tutubdur və “İslam”ın başlıça müdafiəçisi kimi çıxış edir. Türk millətinə bu rol hansı perspektivlər vəd eləyir? Türk milləti nə qədər “İslam”ın girovluğunda qalmağa məcburdur?! Türk dövlətləri içərisində ən qüdrətlisi və böyüyü olan Türkiyə dövləti bu gün özünü Yaxın Şərqdə müsəlman toplumların başçısı, himayədarı kimi təqdim edir. Bununla da bəzi geridə qalmış, müasir sivilizasiyanı anlamayan əhali kütlələri də bununla qürur duyurlar ki, Türkiyə dövləti Osmanlı dövrünə qayıdır və bölgədə aparıcı mövqeyə malik olur. Amma bunun arxasında hansı niyyətlər dayanır, bu, sözün əsil mənasında müzakirə edilməli və düşünülməli məsələdir. Türk əslində “İslam”ın ağırlığı altında öz gələcək perspektivini zərbə altında qoyur. Biz hansı mövqedən çıxış etməliyik? Bugünkü müzakirənin də əsas məqsədi odur ki, türk “İslam”ı müdafiə edərək hansı müsbət dəyişikliklərə nail ola bilər? Yaxud türk “İslam”ı müdafiə etməsə dünyada hansı proseslər gedə bilər? Ümumiyyətlə, türkün İslamdan kənardakı inkişafı, türkün bu dindən imtina etməsi dünyada hansı geopolitik dəyişikliklərə səbəb ola bilər? Bütün bu proseslər ona görə müzakirə olunmalıdır ki, “İslam”ın bugünkü siyasi proseslərin içərisində, bugünkü iqtisadi proseslərin çərçivəsində, ideoloji müharibələrin çərçivəsində türkə hansı problemlər yaratdığını bu müzakirə vasitəsilə ortaya qoya bilək. Əgər türk millətinin İslamı müdafiə etməsində millətimizə xeyir ola biləcək bir şey varsa, o da deyilməlidir, hansı çətinliklər, hansı zərərlər, ziyanlar ortaya çıxarsa, o da müzakirə edilib ortaya qoyulmalıdır. Belə bir fikir də var ki, bəlkə türk İslamı qəbul edib müdafiəsində durmasaydı, indi dünyadakı proseslər tamamilə başqa istiqamətdə gedə bilərdi.

Tədbirdən görüntü

Tədbirdən görüntü

Abil Ulusoy: Bu mövzu aktuallığı baxımından ciddi düşüncələr tələb edir. Türkiyənin, bütövlükdə türk dünyasının gələcəyinə yönəlik bir mövzudur. Burada həm keçmişə baxmaq, həm bugünkü duruma, həm də gələcəyə və “nə etməli?” sualına cavab vermək gərəkir. Bu gün türkün “İslam”a bağlılığının səbəbi nədir? Türk bu gün həmin bağlılığın əsasında yaşayır. Bəs türkün özünə yönəlik sevgisini, özünə bağlılığını yaratmağın yolu nədir? Bəri başdan onu deyim ki, Türk Türkiyə demək deyil. Bunu hamı bilməlidir. Siyasi, hərbi, iqtisadi gücün böyüklüyü millətə yiyəlik eləmək deyil hələ. Bu azdır. Siyasi cəhətdən də, hərbi cəhətdən də, iqtisadi cəhətdən də güclü olmaq olar. Amma mənsub olduğun millətin qövmlərindən birinin bütün türk toplumlarına başçılıq eləməsi üçün başqa cəhətlər lazımdır. Millətin qibləsinin harda olmağı əsas şərtdir. Türkiyə nəyə görə İslamı dəstəkləyir, nəyə görə Türkiyənin İslam “sevgisi” böyüyür? Bəli, Vüqar bəyin vurğuladığı kimi, çoxları düşünürlər ki, “İslam Osmanlı kimi möhtəşəm bir imperatorluğun yaranmağına səbəb oldu. İslamı əldə bayraq tutan Əmir Teymur fateh kimi bütün dünyada məşhurlaşdı. İslamı əldə bayraq tutan Şah İsmayıl bir fateh kimi, dövlət qurucusu kimi məşhurlaşdı”. Fatehlik Türkün genində var idi. Fəth eləmək və dövlət qurmaq. Türk İslamdan qabaq da dövlətlər qurmuşdu. Türk İslam dövründə də dövlətlər qurdu və İslam olmasa da həmin dövlətləri quracaqdır. Türkün daxildən gələn azadlıqsevərliyi var. Türk bəndə ola bilmir. Ancaq Türk ağa da ola bilmir. İslam Türkiyəyə, türk dünyasına azadlıq istəyinin üstündən xətt çəkən bir durum gətirdi. Qul gətirdi, bəndə gətirdi, bir gözəgörünməzə müti olmaq halı gətirdi. Bugünkü Türkiyə bu əhvalı daha da qabardır. Ancaq həm də deyir ki, “ərəblərə sonuna qədər güvənmək olmaz. Bir millət olaraq, ərəblər bizə çox ziyan vurdular, yenə də vura bilərlər”. Sual oluna bilər, bəs, onda nə istəyirlər? Məncə, Türkiyə bir dövlət kimi qurulandan, Osmanlı bir imperiya kimi yaranandan bəri mənəviyyat sahəsində elə bir ciddi yaradıcılıqla məşğul ola bilmədi. Dəyər yaradan türk dünyasının bir bölgəsi olmadı. Yaranmışların icraçısına çevrildi. Türkiyəni Azərbaycanla müqayisə eləsək, görərik ki, Azərbaycan türkü bəşər tarixində peyğəmbər verdi, müxtəlif təriqətlər oldu, – sufilərlə bağlı, hürufilərə bağlı. Azərbaycanda yaranan bu dəyərlər Türkiyəyə, Şərqə, dünyaya yayılmağa başladı.
Türkiyədə dəyər boşluğu çox oldu. Özününkü olmadı və gətirilənlərin icraçısına çevrildi. O başqa məsələ ki, Azərbaycan da yaratdıqlarına sahib durmadı. Türkiyə həmişə məcbur olubdur ki, yadın yaratdığını yaşatsın. Və onun hesabına da, siyasi dillə desək, gəzişmələr, manipulyasiyalar etməyə başladı. Təbii ki, coğrafi cəhətdən Türkiyəyə qonşu olan ərəb dövlətləri var, sayları 21, 350 mln-a yaxın da əhalisi var. Təbii zənginlikləri var. Türkiyəni maraqlandıran bunlardır. Eyni zamanda Türkiyənin bir nostaljisi, geriyə bağlı bir həsrəti var. Osmanlıdan qalma Xəlifəlik, hətta bəziləri xilafətin baş kəndi kimi görmək istəyirlər Türkiyəni. Hakimiyyətdə olan qüvvələrin özləri də bu gün İslamdan ona görə ikiəlli yapışıblar. Bu məsələdə Ədalət və Tərəqqi Partiyasını, həm də Cümhuriyyət Xalq Partiyasını başa düşmək olar. Amma Millətçi Hərəkat Partiyasının mövqeyini başa düşmək olmur ki, yadçılığı millətçilik səviyyəsinə qaldırmaq və onun təbliğçisinə çevrilmək nə deməkdir?!

Vüqar Beyturan, Üzeyir Əlizadə

Vüqar Beyturan, Üzeyir Əlizadə

Üzeyir Əlizadə: Çox sanballı, çox aktual bir mövzunun müzakirəsinə dəvət etdiyiniz üçün təşəkkürümü bildirirəm. İstərdim ki, Azərbaycanın həqiqi ziyalıları bu mövzuda fikirlərini bildirsinlər, istər media vasitəsiylə, istər müzakirələr təşkil eləməklə. İlk növbədə İslam-türk mövzusunun siyasi yönündən daha çox mənəvi yönünə toxunmaq istəyirəm. Birinci başlayaq dinlərin rolu məsələsindən. Çox ətraflı danışmayacam. Ümumi götürsək, dinlərin məqsədləri kamil insan yetişdirmək olub. Ancaq hamımız bilirik ki, neçə əsrlərdir dinlər kamil insan yetişdirə bilmədilər. Çox qısa zaman ərzində ötəri təsirə malik oldular. Bəşəriyyət bütövlükdə dindən gözlədiklərini ala bilmədi. Ona görə də din məsələsi bəşəriyyət üçün qapanmış hesab olunmalıdır. Din insani tələblərə cavab verə bilmir. İnsan təfəkkürünə cavab verə bilmir. Babalarımız daim fəth etdikləri ərazilərə İslamın qara bayraqlarının altında getmişlər. Oraya Türk ideyalarını daşımayıblar. Türk fatehləri fəth elədikləri yerlərdə heç bir xalqın mənəviyyatına, adət-ənənəsinə toxunmayıb. Ancaq İslam dəyərlərini isə daşıyıb. Türk dəyərlərini daşımaq gərək idi. Dünyaya Türk mənəviyyatı gərəkdir. Əslində türkün dünya fəlsəfəsində söz demək üçün kifayət qədər imkanları var. İslam buna imkan vermir. Baxın, cəmiyyətimizdə hər hansı yaxşı bir davranış görəndə onu İslamın ayağına yazırıq, pis şey görəndə onu milli xüsusiyyətlərimizə aid edirik. Xalqımızın özünə münasibətində bir xaos var. Ümumiyyətlə, biz ayıra bilmirik yaşatdıqlarımızın hansı İslamındır, hansı milli dəyərlərimizdir. Milli dəyərlərimizi biz tanımalıyıq və inkişaf etdirməliyik. Yoxsa Vətənimiz daim bu yadlıqların ayaqları altında inildəyəcək. Vətənimizi xilas eləmək üçün yadlıqlardan arınmalıyıq. Əcayib durumda yaşayırıq. Bu əcayibliyin bir cəhəti də odur ki, ölkəmizdə Çadra məsələsiylə bağlı imzatoplama kampaniyaları keçirilir. Belə bir məqamda biz millətin yanında olmalıyıq. 20 ildir dövlət qurmuşuq. Bu dövlətin milli yönünə hərə bir ideyayla təzyiq göstərmək istəyir. Mən burdan üzümü tuturam bütün ziyalılara, xalqa. İmza toplamaq lazımdırsa, gedin toplayın – “Çadrasız Azərbaycan”. Yoxsa durub siyasi oyunların oyuncağına çevrilmək nə üçündür?! Bu dövlət də mənimdir, millət də mənimdir, vətən də mənimdir. Ona görə mən bu məsələlərdə çox həssas olmağı, ölçülü-biçili hərəkət eləməyi umuram və bu məsələdə konkret ziyalılarımızdan söz deməyi gözləyirəm.

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bizim söz demək, toplumla belə bir mövzuda ünsiyyət qurmaq istəyimiz əslində milli-insani narahatlıqlarımzdan irəli gəlir. Əlbəttə, bu gün nəyinsə qəfildən dəyişilməsini gözləmirik. Eyni halda insanların nəyinsə müzakirəsi ətrafında qarşıdurmaya getməsini də istəmirik. Hesab eləyirik ki, istənilən bir məsələ düşüncə ilə həllini tapmalıdır. Və istənilən bir məsələdə prinsipial mövqelər formalaşmalıdır. Millətə bağlı, vətənə bağlı məsələlərdə nəyin doğru, nəyin yanlış olduğu ağıllarda ciddi oturmalıdır. Əks təqdirdə, biz nəinki nələrinsə sadəcə təsdiqcisinə, yaxud inkarçısına çevrilərik, dediyim kimi, xalqın düşünərləri olaraq, ciddi qarşıdurmalara gəlib çıxa bilərik. Bizim bu gün ortaya gətirdiyimiz mövzu, konkret olaraq İslam dini ilə bağlıdır. Ola bilər ki, mövzunu bütün dinlər haqqında da qoymaq olar. Amma bu gün bizim ölkəmizin, millətimizin başqa dinlərlə birbaşa bağlılığı olmadığı üçün konkret olaraq elə İslam dininin üzərində düşüncələrimizi bölüşürük. Vüqar bəy dedi ki, dinin xeyri varsa, onu da dilə gətirək, zərəri varsa, zərərini də deyək. Ümumiyyətlə, dinin insana gətirdiyi hal var, insan vasitəsiylə xalqa verdiyi hal var, yəni, xalqlaşma məsələsi var. Biz hesab eləyirik ki, din ideologiya olmaqdan qurtara bilmədi. Bütün dövrlərdə din ideologiya oldu. Əgər götürsək ki, din bir inam hadisəsidir, ruhaniyyat məsələsidir, onda bir çox məsələ bəri başdan aydınlaşır. Ruhaniyyat ideologiya ola bilməz. Ruhaniyyat əsasında ideologiya ola bilər. İdeologiya siyasi nizamdır, siyasi idarəçiliyin nizamıdır. Əlbəttə, İdeya o qədər mükəmməl, doğru ola bilər ki, onun əsasında xalq öz ideologiyasını formalaşdıra bilər və dövlət həmin ideologiyayla daxili və xarici münasibətlərini nizamlayar. Ancaq İslamın yarandığı dövrdən üzü bu yana bütün mərhələlərə nəzər salsaq, görərik ki, o həmişə özü ideologiya olub. Ona görə də çox zərər verdi. O zərərlərdən birinin adını çəkmək istəyirəm bu gün. Bu vaxta qədər üç ideologiya bəşəriyyətin milli yönünü ləğv eləməyə girişib. Bunlardan biri İslamdır, biri Kommunizmdir, üçüncüsü də Kürəsəlləşmədir, Qlobalizm. Hər üçündə milli yön itir. Hər üçündə millət anlayışı öz əhəmiyyətini itirir. Kim nə deyir desin, necə deyir desin, bu fakt göz qabağındadır. İslamın müdafiəçiləri çox sürəkli vurğulayırlar ki, guya İslamda millət məsələsi öz əhəmiyyətini qoruyub saxlayıb. Eləcə də, Vətən məsələsi. Biz deyirik saxlamayıb. Biz izah veririk, izah da istəyirik. Ümmətçilik antimillətçilikdir. Mücərrəd hamı – Allahın bəndəsi, sürüsü. Hamı Allaha xasdır, Allahınkıdır. Yəni sahiblik mənasında, yiyəlik mənasında Allahınkıdır. Və burada həmin o ümmətçilik meydana çıxır. “İslam ümmətindənəm” deyir. Sən “türk millətindənəm” demirsən axı, əməli olaraq, yaşam nizamında. Və çox təəssüf ki, həmin ümmətçilik Osmanlıda qabarıq şəkildə zərərlərini ortaya qoydu. Bilirsiniz ki, möhtəşəm Osmanlı imperiyasında 7 əsrə yaxın Türk milləti görünməyib. Türk milləti nə diliylə görünüb, nə mədəniyyətiylə görünüb, nə də ictimai həyata, dünya düzəninə təsiriylə. İslam meydanda olub, – özü, xilafətçiliyin dünya düzəninə təsiriylə. Fikir verin, Atatürk gəldi, Türkiyə yaratdı. Türkiyəni yaratmaqla Türkü ortalığa çıxartdı. Mövzunu geniş şərh etməyə ehtiyac yoxdur. İkinci, Kommunizm ideyası. Kommunizm də başqa bir səpkidə ümmətçilikdir. Kommunizm – vahid xalq, vahid bəşər ideyasıdır ki, bu ideyaya görə bütün millətlər ləğv olunacaq. Guya millət kapitalizmin məhsuludur. Ona görə gec-tez kapitalizmlə birgə millətlər ləğv olunacaq və vahid millət, vahid bəşər yaranacaq. Bu, həmin odur ha, ümmətçilik. Tamamilə eynidir, heç bir fərqi yoxdur, sadəcə, siyasi anlamda işlənib, guya ümmətçilik də ruhani anlamda işlənib. Stalinin kommunizm ideologiyasından irəli gələn istəkləri də bilirsiniz ki, Türk adının ləğviylə sonuclandı. Böyük Türküstanı parçaladı, birinə özbək, birinə qazax, birinə qırğız, birinə türkmən deməklə vahid türk adını, vahid türk gücünü, türk birliyini tamamilə parça-parça elədi. Bu səbəbdəndir ki, uzun müddətdir, biz ayağa qalxa və türk olaraq bir araya gələ bilmirik. Bu gün Kürəsəlləşmə yenə də “vahid bəşər” yalanıdır. Dünyəvi demokratiya. Gözə görünməyən biçimdə ümmətçilikdə ərəblərin hegemonluğu var idi, kommunizm ideologiyası adı altında rusun hegemonluğu vardı, burda isə ingilisin hegemonluğu var. Aldada-aldada içimizə gəlir, biz bunun fərqinə varmırıq. Ən ibtidai məsələlərə belə müraciət eləsək, biz bunu çılpaqlığı ilə görə bilərik. Məsələn, ingilis şirkətləri mənim yurdumda deyir ki, dilimi bilməsən, mənim mədəniyyətimlə davranmasan, yaşamasan səni işə götürməyəcəm. Hələ dil məsələsini xüsusilə qabarıq şəkildə qoyur. Dilini bilməsən, ümumiyyətlə, yaxına qoymur. Ancaq dövlət dilimiz türk dilidir (İqtidarımız onun adına Azərbaycan dili desə də). Təsəvvür edin, öz ölkəndə bir tikə çörəyi başqa dilin, başqa mədəniyyətin daşıyıcısına çevrilməklə qazanırsan və sənin çörək verdiyin övladın bəlli deyil hansı tərbiyəni götürəcək, hansı mədəniyyətin daşıyıcısına çevriləcək? Bu ölkənin yiyəsi kim olacaq, hansı ruhda yaşayacaq?!
Tarix üzərində bir müşahidəmi sizinlə bölüşmək istəyirəm: Stalinin Türküstanı dağıtması, konkret Azərbaycanda H. Əliyevin türk adını ləğv eləməsi və mücərrəd azərbaycançılıq ideyasını ortaya atması. Burada bir haşiyə çıxmaq istəyirəm. Azərbaycançılıq Asif Atanın vurğuladığı xüsusi bir hadisədir, dəyərdir. “Azərbaycanımız – Azərbaycanlığımız” deyir. Lakin O, Azərbaycançılığı Azərbaycanın ruhani mahiyyəti kimi götürür. Bu dəyər Zərdüştdən başlayır saza qədər. 7 dəyər sayır Asif Ata. Deyir bu, Azərbaycançılıqdır və bizim ruhani mahiyyətimizin ifadəsidir. Lakin bizim etnos kimliyimizi ifadə eləyən, etnos vahidliyimizi müəyyən eləyən türkçülükdür. Azərbaycanın iqtidarı Azərbaycançılığı məhz onun ruhani mahiyyəti anlamında qəbul etməyib, coğrafi anlamda, yer, məkan anlamında qəbul eləyib. Hər kəs azərbaycanlıdır, – türk də, ləzgi də, rus da… Mücərrəd hamılaşmadır yenə də. Sovet ideolojisinin ortaya gətirdiyi, irəli sürdüyü vahid bəşər yalanından bəhrələnərək, hamı “azərbaycanlıdır” devizi ortaya atılıb. Əslində Azərbaycan yoxdur deməkdir bu. Biz nə istəyirik? Biz istəyirik Azərbaycançılıq-Türkçülük birliyi yaransın. Yəni bizim ruhani mahiyyətimizlə etnos kimliyimiz vəhdətdə qəbul olunsun və vəhdətdə dərk olunsun. Bu, məsələnin bir tərəfi. Yəni Stalinin türklüyü ləğv eləməsi, yalançı Azərbaycançılıq oyunu. Üçüncü məsələ, Ərdoğanın bu gün canfəşanlıqla İslamı qabartması, ortaya gətirməsi. Ərdoğan məsələsiylə bağlı narahatlığımı da xüsusi dilə gətirmək istəyirəm. Bəlkə mən səhv eləyirəm. Hər halda, mənim müşahidələrim mənə deyir, – necə ki, Osmanlıda türk yox idi, necə ki, orada türkün adı, mədəniyyəti, dili mövcud deyildi və əslində türkün ortadan qaldırılması var idi, bu gün də İslamın ortaya gətirilməsi ilə yenə türkün ortadan qaldırılması prosesi gedir. Yenə də o məqsəd güdülür ha. Birdən-birə ki, Sovetlərdə aşkarlıq, demokratiya oyunları başladı, – dünyada gedən proseslər, 90-cı illərdən üzü bu yana, yeni-yeni dalağalar başladı. Bu dalğalarda başqa marağı olan qüvvələr istəməsələr də, türkün yaxınlaşması zərurəti ortaya çıxdı. Yəni bu proseslər türkü özünə baxmağa zorlayır. Türk bir-birinə yaxın gəlməlidir, yaxınlaşmalıdır. Qaçılmazdır bu. Ayrı-ayrı türk dövlətləri var, bunların mütləq birliyi yaranmalıdır nə vaxtsa. Yəni belə bir prosesin qarşısının alınmasına çalışılır. Mənə elə gəlir ki, əks proses daxildən başlayıb. Hər halda dediyim sözün məsuliyyətini çox gözəl dərk eləyirəm. İnsanlarımız məni düz başa düşsünlər. Türk millətindən olmayan Ərdoğanın belə bir prosesə girməsi sanki düşünülmüş görünür mənə. Türk adının, türk kimliyinin tamamilə ortadan qaldırılmasına doğru addımlar atılır. Elə bil qlobal olaraq türkün kimliyinin qarşısı kəsilir müxtəlif səbəblərdən. Azərbaycanda Azərbaycançılıq yalanıyla, Türkiyədə indiki Atatürkçülük prinsiplərinin çökdürülməsi və mücərrəd İslam dirçəlişinin ortaya gətirilməsi oyunu ilə. Eyni zamanda Mərkəzi Asiyada gedən proseslər. Bu gün burda xüsusi vurğulamırıq. Ancaq orda da gedir bu proseslər. Mən düşünürəm ki, bunları nəzərə alaraq, oturub fikirləşmək lazımdır. İndi kimsə durub deyə bilər ki, bunun İslama nə dəxli? Kimsə belə eləyir, kimsə elə eləyir, hərə bir şey eləyir, bunun İslama nə dəxli var?! Biz deyirik dəxli var! İslam vəhhabiliyi ilə, şiəliyi, nurçuluğu, sünnülüyü ilə içimizdədir. İranın şiəlik xətii ilə Yurdumuza təsiri hər kəsə bəllidir. Ayrıca bu qolların biri ilə mübarizə aparmaq da olmur. Şiəliyə qarşı addım atarsan, Vəhhabilik qazanar, Vəhhabiliyə qarşı addım atarsan, nurçuluq qazanar və s. Bu səbəbdən də “ilanın ağına, qarasına” deməyi bacarmaq lazımdır, məncə, onun vaxtıdır. Hətta Güney Azərbaycanla bağlı Asif Ata deyir, “İranla mübarizə İslamla mübarizə səviyyəsinə qalxmalıdır”. Əgər İranla mübarizə İslamla mübarizə səviyyəsinə qalxmayacaqsa, Güney Azərbaycanın müstəqilliyi, özgürlüyü baş tutan deyil…

Böyüyən problem və ictimai rəy

Tədbirdən görüntü

Tədbirdən görüntü

Vüqar Bəyturan: Soylu bəy çox düzgün qeyd elədi. 35 milyonluq Azərbaycan türkünün sayca ondan az olan fars-molla rejimi tərəfindən istismar olunmasının belə asanlıqla baş verməsinə səbəb də elə ordakı xalqımızın İslama girov düşməsidir. 35 milyon orda İslama inanmasaydı, yəni müsəlman olmasaydı, o fars kütləsi necə onları istismar edə bilərdi, necə onları imperiyanın daxilində saxlaya bilərdi? Bu mümkün olmazdı.
Bir məsələni də mən qeyd etmək istəyərdim ki, bu söhbətdə Türkiyənin də adı çəkilsin, Azərbaycanın da reallıqları ortaya qoyulsun. Azərbaycan “İslam Əməkdaşlıq Konfransı”nın üzvüdür və İslam dövlətlərindən biri hesab olunur. Amma bugünkü İslam dövlətlərinin bir-ikisini çıxmaq şərtilə hansı biri Azərbaycanın haqq səsinin müdafiə olunmasında, Qarabağ probleminin həllində öz yardımını təklif eləyib? Əksinə, İran (hansı ki, özünü İslam dövləti elan edib) Azərbaycanın düşməni olan erməniyə yardımçı olub. Erməni terrorunu maliyyələşdirən dövlətlərin əksəriyyəti ərəb dövlətləridir. Yəni göründüyü kimi, heç də İslam dövlətləri və eləcə də İslamın mahiyyəti türkə doğma deyil. Əksinə, İslam həmişə türkə qarşı olan, türkün milli kimliyini öz ağırlığında sıradan çıxardan bir sistemdir.
Son vaxtlar belə bir fikir gəzir ki, Türkiyə AKP-si İslamı istismar edir. Əslində onlar milli kimliyə dayanmayan siyasətlərini gizlətmək üçün İslami birlik nağılını, rəvayətini ölkə ictimaiyyətinə təqdim edirlər. Onun yanına Osmanlı xilafətçiliyini də əlavə edirlər ki, xalqda keçmişə qarşı bir nostalji yaransın. Böyüklük iddiası çiçəklənsin ki, biz böyük bir arealda imperiya olmuşuq, o keçmişə, o səltənətə qayıdacağıq. Bununla da xalqın gözü yumulsun. Və türkdən qeyri-milli dayaqlara, ideologiyaya dayanan bir toplum düzəltsinlər. Azdan-çoxdan Türkiyə cəmiyyətində millilik var. Bu, Atatürkdən qalmadı. Sonradan Nihal Atsızın ideoloji rəhbərliyi altında milli xətt daha da inkişaf edib. Onu da sıradan çıxarmaq üçün bu siyasət həyata keçirilir. Dörd ideoloji xətt var. Bunun biri dini əsaslar üzərində qurulur. Məsələn, xristian demokratiyası, İslam demokratiyası və s. Digəri solçu ideologiyadır. Bu da hazırda özünü daha çox sosial demokrat xətti kimi göstərir. Üçüncü Qloballaşma, üzdə bərabərlik, azadlıq, qardaşlıq tezislərini ortaya atan liberal yöndür. Dördüncü də millətçilikdir. Təəssüflər olsun ki, bu üç ideologiyanın üçü də tarix boyu bizə qarşı olubdur. Türk millətçiliyi də bunlara qarşı olmaq əvəzinə İslamın təsirinə düşüb. Əslində Türk Millətçiliyi sözünü ortaya qoymalı və deməlidir ki, mən ayrı bir xəttəm. Milli, ruhani əsası olan ideoloji xəttəm. Hesab edirəm ki, həm Azərbaycan, həm Türkiyə cəmiyyətində olan milli düşüncəli, milli təfəkkürlü təşkilatlar, insanlar özlərində güc tapıb həqiqəti deməyi bacarmalıdırlar. Yəni bu İslamı biz öyə-öyə, tərifləyə-tərifləyə, evimizin yüksək mərtəbəsində oturda-oturda elə bilirik ki, özümüzünküləşdirə biləcəyik, milli dəyərə çevirə biləcəyik. Min ildir sübut olunur ki, İslamı milliləşdirmək mümkün deyil. Atatürk Türkiyəsində hətta azanlar da türkcə olub, Allah sözünü Tanrı sözüylə əvəz ediblər. İndi də Ərdoğan çıxışlarında həmin dövrü xatırlayır və lənətləyir ki, Allah sözünü Tanrı sözüylə əvəz etmək kafirlik imiş. Cəhdlər olubdur ki, Türk İslam dinini milliləşdirsin. Bu, alınmayıb, alınmayacaq da. Bu baxımdan türk öz dünyagörüşünü, ruhani fikrini, düşüncəsini ortaya qoymalıdır. Mən elə hesab edirəm ki, məhz bu cür türk milləti vahid ideologiya ətrafında birləşə bilər və dünyaya öz mövqeyini təqdim edə bilər. Əks təqdirdə biz bu seldə əriyəcəyik və özümüzdən kənarlaşma prosesini həyata keçirəcəyik. Özümüzə dönmək üçün şansımız var. Mən hesab ediərm ki, belə diskussiyaların çox böyük dəyəri, xeyri var cəmiyyətə. Bu, açıq çıxışlardır. Onu da açıq demək lazımdır ki, bu günə qədər bu tipli toplantılar, diskussiylar olmayıb. Hər bir toplantı müəyyən yarlık, çərçivə, etiket ətrafında olub ki, “bunu demək olar, bunu demək olmaz. Bu xeyirlidir, bu ziyanlıdır. İctimai rəy var, biz ictimai rəyə qarşı çıxa bilmərik”. Nəyə görə ictimai rəyə qarşı çıxa bilməyək?. İctimai rəyə qarşı çıxmamağı əsas götürsəydik, inkişaf eləməzdik. Bütlərə hamı pərəstiş edərdi, dinlər də yaranmazdı. Kimlərsə irəli çıxıb ictimai rəyi dağıtmalıdır, – məntiqlə, əqidə ilə, ideya ilə, ruhaniyyatla. Hesab edirik ki, bu söhbətdə, bu görüşdə deyilən sözlər hamısı əhəmiyyətlidir və tarix üçün çox dəyərlidir.

Abil Ulusoy: Mən ictimai rəy məsələsinə toxunmaq istəyirəm. Əslində bizim də məqsədimiz ictimai rəyi yönləndirməkdir. İctimai rəyin, yəni cəmiyyətin nə dediyi bəllidir. Necə dediyi də bəllidir. Biz artıq gedilənlərə bir “dur” demək istəyirik. Bu millətin bugünkü yaşam tərzi artıq göstərir ki, dur demək lazımdır. Məncə Azərbaycanda və bütövlükdə Türk Dünyasında İslama qarşı olan mübarizə çox zəif aparılır və bunun da müəyyən əsasları, kökləri var. Əvvəla, çox az sayda yazılar dərc olunur, onların hər biri müxtəlif məhdud çərçivədə yönləndirilir və əsas köklü məsələlərə də toxunulmur. Türkün İslama qədərki yaşam tərzi geniş şəkildə təbliğ olunmur. İslamın türklərə gəlişi – həm Türkiyəyə, həm Azərbaycana, Mərkəzi Asiya türk dövlətlərinə, izah olunmur. Necə gəldi, özüylə nələr gətirdi, hansı ağrılar gətirdi, hansı ədalətsizliklər oldu?! İslamın bugünə qədər Türk Dünyasında təsiri axıra qədər açılmalıdır. Çoxsaylı yazılarla – bunların sayı nə qədər çox olsa, o qədər yaxşıdır. İctimaiyyət bu məsələni dəfələrlə eşitməlidir. Ayrı-ayrı insanlar onların beynində oturuşdurmalıdır ki, bu yad baxışlar mənə necə oldu ki, gəldi. Necə oldu ki, mənim yurdumda bugünə qədər yaşayır?!

Üzeyir bəy: Qeyri-kamil ideyalar türk mənəviyyatında at oynadır. Əslində ərəb imperiyası çoxdan öz dövrünü başa vurubdur. Ancaq bugün biz yenə ərəb əsarətindəyik. Dili ilə, dini ilə, məscidi ilə varlığımızı əsarətdə saxlayır. Türkün yaşadığı bütün torpaqlar, məmləkətlər mənim üçün əzizdir, öz yurdum qədər. Müsəlman olmayan, İslamı qəbul etməyən türk mənim üçün müsəlman olan qeyri-millətdən daha doğmadır, əzizdir. Bu, milli kimlikdir. İslam dini əsrlər boyu bizim milli kimliyimizi yeyib. Hara əl atmışıq, özümüzü kölgədə görmüşük. İslam adına çıxıblar yüksək milli dəyərlərimizi. Bəs bizim özümüzünkü hanı? Bu sualı özümüzə verməmişik. Dünyada elə bir xalq olmaz ki, bizim qədər dəyər yaratmış olsun. Mən inanıram ki, bizim fəlsəfəmiz dünya fəlsəfəsinin örnəyi ola bilər. Biz buna yiyə durmalıyıq.
Cənubi Azərbaycan İslama daha həssas bir türk bölgəsidir. Siyasi proseslər imkan vermir ki, səslərini çıxarıb, bu məsələyə münasibət bildirsinlər. Milli mübarizədə Milli dəyərlərə söykənməyən ideyalar qəbul edilməzdir. Millət kimi formalaşmağımıza ziyan verən ünsürlərdən təmizlənmək haqqında düşünməyin vaxtıdır. Uyğurustandan tutmuş Anadoluya qədər bütün Türk Dünyasında İslam, yaxud başqa yad dəyərlər, qeyri-kamil ideyalar qırağa qoyulmalıdır. Bu ünsürlər bizim millətimizin içində olduqca bizim milli birliyimiz yaranmayacaq. Biz özümüzü tanımayacağıq heç zaman. Bayaq mən o məsələlərə toxundum. Burada tək çadra məsələsi deyil. Ərəb dili bizim yas dilimiz olub. Ölü yerlərimizdə ancaq ərəbcə oxuyurlar, heç nə də anlamırıq, başa düşmürük. Axı nə vaxta qədər ruhani işğal altında yaşayacağıq?!

Soylu Atalı: Biz topluma təqdim olunan fikirlərə, düşüncələrə özümüz üçün həmişə aydınlıq gətirmişik. İndi müəyyən mənada ictimaiyyət üçün də aydınlıq gətirməyə çalışırıq. Aydınlıq gətirmək istədiyimiz məqamlardan biri də xristian-İslam qarşıdurması məsələsidir. Gəlin, bu məsələni biz doğrudan da ciddiyə alaq ki, İslam-xristian qarşıdurması sadəcə olaraq yox yerdən ortaya atılmış bir fikirdir. Yoxdur İslam-xristian qarşıdurması. Gəlin baxaq görək Qərb dünyası hansı bir xalqa, müsəlmanlığı qəbul eləmiş topluma xristianlığı yeridir? Mən görmürəm, zorla dəridən-qabıqdan çıxsın ki, sən xristianlığı qəbul elə. Görmürəm onlar xüsusi bəyan eləyə ki, filan müsəlman xristianlığı qəbul elədi. Tək-tək eləyənlər var, amma heç kim bunu xüsusi təbliğ eləmir. Amma hansısa bir Qərbli deyir mən müsəlmanlığı qəbul eləyirəm, onu bizimkilər bayrağa çevirirlər, aləmlə bir eləyirlər. Bax, əgər bu cür bəsit məsələləri əsas götürüb deyirlərsə ki, İslam – xristian qarşıdurması var, doğrudan da bu bütövlükdə bəşəriyyət üçün ayıbdır. Xristian təsiri yoxdur, xristianlıq Qərbin dünya düzəninə təsir edəcəyi ideoloji deyil. Bəllidir ki, Qərb dünyaya “demokratiya”sı ilə təsir göstərir. Onun ideolojisinin adı demokratiyadır, xristianlıq deyil. Bunların da Qərbin demokratiyasına qarşı dirəniş göstərməyə hansısa bir demokratiya ştrixi yoxdur, İslamı qabağa verirlər. Guya xristianlıq üstümüzə gəlir, biz də İslamla dirəniş göstəririk, ona görə İslamdan beşəlli yapışmaq lazımdır. Yoxsa xristianlar bizi xristianlaşdırar, bizi yeyər. Belə bir düşüncə, mühit formalaşdırırlar. Bir daha vurğulayıram ki, İslam dini dünya düzəninə təsir edəcək bir ideoloji deyil. Bunun qarşısında sadəcə olaraq pərdə var, gizlənmə var. Dünyanın heç bir müsəlman dövlətində müsəlmanlıq, ümumən, din dövlətin həlledici çəkiyə malik olan ideolojisi deyil. İran və Pakistan kimi özlərini dini dövlət sayanlara baxın, görün, onların idarəetməsində üsul-idarə nədir?! Baxmayaraq ki, İranda şəriət qanunları işləyir, amma onlar dünyayla münasibəti o şəriət qanunlarıyla qurmurlar. Müqavilələri onunla bağlamırlar axı, əməkdaşlığı onunla qurmurlar axı. Ölkənin içində şəriət qanunları müəyyən qorxu yaratmaq üçündür. Bəllidir ki, ölkənin əsas çəkiyə malik olan etnos tərkibi Azərbaycan türkləridir. Şəriət qanunları onları buxovda saxlamaq üçündür. Bir də üzdə belə görünür ki, şəriət qanunlarıyla guya bunlar Qərbin, Avropa dövlətlərinin təsirinə düşmürlər. Əslində hakimiyyətdə olanlar öz içlərində özlərini qorumaq üçün bundan istifadə eləyirlər. İranda da parlament üsul-idarəsi var, prezidentlik üsul-idarəsi var, Pakistanda da. Dinlə bağlı bizə deyilən fikirlərin heç biri özünü doğrultmur. Heç birinin əsası yoxdur. İslam-xristian qarşıdurması yoxdur.
İndi gəlib çıxırıq “türk İslamdan imtina eləyə bilər, ya bilməz” məsələsinə. Eləsə nə olar, eləməsə nə olar? Əgər İslam lap arxaik bir şey olaraq türkün özünün dəyəri olsaydı, ondan (qarşılığı olmadan) imtina eləmək, doğrudan da böyük bir ictimai-siyasi anarxiyaya səbəb ola bilər. Əgər doğrudan da öz kimliyini müəyyən eləyən bir baxışdan imtina eləyərsə, əlbəttə. Bu, çox böyük bir problemdir. Necə ki, türk bizə bəlli olan baxışlarından zaman-zaman imtina elədi, – Tanrıçılıq, Zərdüştçülük, Hürufilik kimi dəyərlərindən. Biz onun acı nəticələrini bu gün yaşayırıq. Bu gün bizə ancaq türk sözü, türk adı qalıb. Yəni türk özünün heç bir dəyəriylə yaşamır. Yalnız onun quruca adı ətrafında çabalar göstərilir. Bax, türkçülüklə məşğul olan insanlara bunu demək lazımdır ki, bax, gör, türkçülüklə məşğul olmaq sənin üçün nə deməkdir?! Nəyi ortaya qoyursan, nəyi yaradırsan? Türkçülük sadəcə bir sözdən, addan ibarət deyil axı. Bizə görə Türkçülük dünyabaxış məsələsidir. Yəni Türkü qoruyan, var edən, yaşadan, ayaqda saxlayan nədirsə, o, dünyabaxış hadisəsidir. Burada vurğulamaq istəyirəm ki, İslamın dəyər adına ortaya qoyduğu ideyaların heç biri türk xislətinə bağlı deyil. Burada türkün xarakterini axtararsan, tapmazsan. Əksinə, türkü öz xarakterindən, xislətindən geri çağırmağın səsini eşidərsən. Asif Ata deyir “türk birsifətlidir, türk döyüşkəndir, türk ölümdən qorxmur, ölümlə öcəşəndir – öldürməyi sevməsə də, humanist olduğu üçün”. Bizim həyatımızda Qədimliyimizdən qaynaqlanan dastanlarımız var, Dədə Qorqudluğumuz var, Koroğluluğumuz var, gerçək hadisəmiz – Babəkimiz var, döyüşkənlik, yenilməzlik halı, Azadlığı hər şeydən yüksəkdə tutmaq istəyi və s. Dinin itaətçiliyi, bəndəçiliyi ən azından saydığımız bu keyfiyyətlərin üstündən xətt çəkir. Bu keyfiyyətlərin də üstündən xətt çəkəndə nə olur? Türk gedir arxivə. Türk öz kimliyiylə deyil, öz mahiyyətiylə deyil, öz quruca adıyla meydana çıxır. Bu cür yalın, yanlış “türk” adını da qoruya bilmirsən. Adama deyərlər bu türk sözünü niyə gözə soxursunuz? Gərək bu sözün altında dəyər olsun, təsir olsun, güc olsun, ifadə olsun, kimlik olsun. Bax, buna görə də, biz təbii olaraq, Asif Atanın Mütləqə İnam ideyasına gəlib çıxırıq. Türkün Tanrıçılığı, Xürrəmidinliyi, Hürufiliyi, Zərdüştçülüyü, bu boyda möhtəşəm dəyərləri Asif Atanın Dünyabaxışında öz əksini tapır, məğziylə, məzmunuyla onun mayasına qarışır. Yeni bir hadisə ortaya çıxır. Yəni türkü ifadə eləyən, türkü təsdiq eləyən, xilas eləyən, qoruyan Dəyər sistemi ortaya çıxır. Ona görə də biz deyirik ki, türk İslamdan əl çəksə, gərək Mütləqə İnamı qəbul etsin. Toplum İnamdan kənarda yaşaya biməz. Ona “Mütləqə İnam”ı vermək lazımdır. Türk ya bundan yapışacaq və ayaqda duracaq, ya da indiyə qədər yapışdığında yıxılacaq. Yeni nəfəs lazımdır, yeni Hal lazımdır, yeni Güc lazımdır, yeni Qüdrət lazımdır.

Münasibət hərəkətə keçməlidir

Vüqar Bəyturan: “Nə etməli?” sualına cavab verməyə çalışaq. O suala mövzuya uyğun olaraq cavab verək. Soylu bəy ümumi mənada qeyd elədi. Elə etməliyik ki, diskomfort aradan qalxsın. Diskomfort ondan ibarətdir ki, türk milləti zorən İslamı müdafiə eləyir. Elə ziyalılarımız var, onlar başa düşürlər ki, bu din bizim deyil, bu din ziyanlıdır, yaxşı olardı ki, öz dinimiz olsun. Amma bu saat Qərbin yaratdığı, təşviq elədiyi, təbliğ elədiyi siyasət güya İslam-xristian qarşıdurması yaradır və bunun qarşılığında dini təəssübkeşlik yaranır. Deyirlər biz İslamı müdafiə etməliyik, Xristianlığı müdafiə edəsi deyilik ki. Hətta fikirləri bizimlə üst-üstə düşənlər də bu cür məcburən İslamın müdafiəçisinə çevrilirlər. Problem bundadır. Bugünkü mövzumuzun da qayəsi belədir ki, nəyə görə bu belədir və necə etməliyik ki, bu belə olmasın. Məsələnin mahiyyəti aydınlaşsın. İlk növbədə dünyada müəyyən sistemlər və mərkəzlər var ki, mübarizənin dini müstəvidə olduğunu təbliğ edirlər. Amma bu belə deyil. Dünyada mübarizə milli mübarizədir, dövlətlərin bir-birinə qarşı olan mübarizəsidir. Bir vaxtlar bunu sinfi mübarizə kimi təqdim ediblər. İndi də qloballaşma istəyində olanların və qloballaşmaya qarşı olanların mübarizəsi kimi sunulur. Əslində isə milli mübarizə gedir. Burada yalandan İslam-xristian mübarziəsi fonu yaradıblar. Əslində xristian üçün İslam artıq çözülmüş bir dindir. Misal üçün, deyirəm, vəhhabilik vasitəsiylə Qərb dünyası İslamı çözüb, Nurçuluq vasitəsiylə Qərb dünyası İslamı çözüb. Bu gün İslamın içərisində ən güclü ideoloji cərəyanların hamısı Qərbin əlindədir. İslam özündə deyil ki, xristianlıqla mübarizə aparsın. Əslində bu gün İslamın bayraqdarı olan AKP və Ərdoğan Qərbin əlindədir. Əslində bu gün vəhhabizmin mərkəzi olan Səudiyyə Ərəbistanı Qərbin əlindədir. İran özünü idarə eləmək iqtidarında deyil. Yəni istər-istəməz belə görünür ki, İslam yalandan yaradılmış bir hədəfdir ki, Qərb əslində bununla ictimai rəyi, dünyadakı prosesləri dərk istiqamətini aldatmaq cəhdi göstərir.
Türk milləti zaman-zaman müxtəlif terrorlara məruz qalıb. Qırmızı terrora məruz qalıb bilirsiniz ki, kommunist terroruna, yaşıl terrora məruz qalıb, indi də qalmaqdadır, mənən və ruhən. Terrora məruzqalma prosesi davam edir, yəni İslam terroruna. İndi də Qərbdən gəlir qloballaşma terroru. Türk kimliyinə malik olan insanlar da fikirləşirlər ki, biz bunlardan qorunmaq üçün İslamdan yapışaq, İslamla bəlkə özümüzü qoruya bildik. Ona görə də mən tamamilə razıyam ki, öz milli dəyərimizi cəmiyyətə təqdim etməliyik. Bizim hədəfimiz odur ki, bütün türk arealı üzrə bu millətin öz İnancı olsun və o, öz İnancıyla inkişaf eləsin. Biz istəmirik ki, ölülərimizlə ərəbcə danışaq. Biz istəmirik ki, dini kitablarımız, risalələrimiz farsca olsun. Biz istəmirik ki, yad millətlərdən gələn dəyərlərlə yaşayaq. Öz dəyərlərimizə sahib çıxmaq istəyirik. Bu, doğuşdan yaranan bir istəkdir, arzudur. Bunu heç kim bizə qadağan eləyə bilməz. Bu baxımdan hesab edirəm ki, Türk İslam tərəfkeşliyini, təəssübkeşliyini kənara qoyub öz dəyərlərindən yapışmalıdır. Bilirsiniz ki, bu yaxınlarda bir neçə terror hadisəsi olubdur. Zədələnənlər də, xəsarət alanlar da, dünyasını dəyişənlər də türk milləti olub, yəni nə ərəb olub, nə o birisi olub. Bu hədəflərə düşməyək deyə, bu ziyanları görməyək deyə İslamın bayrağını əlimizdən yerə qoymalıyıq, öz bayrağımızı qaldırmalıyıq. Söhbət ondan gedir. Burda həm ruhaniyyatın təmsilçisi var, həm belə deyək ki, yaxın tariximizə dayanan mübarizələrin təmsilçiləri var, həm siyasi cərəyanın nümayəndəsi var. Yəni bu mövzunun da ağırlığı bundan ibarət idi ki, biz burda milli düşüncəli, eyni fikirdə, eyni düşüncədə, eyni ruhda olan insanlar ortaya bir fikri qoyuruq ki, öz ruhaniyyatımızı cəmiyyətə və dünyaya təqdim etməliyik və deməliyik ki, özümüz kimi olmaq və yaşamaq istəyirik. Heç bir din təmsilçisi, heç bir siyasi cərəyan təmsilçisi bizə qadağan eləyə bilməz ki, bu cür yaşamayın. Bu gün bizim kimi düşünənlər hələ azlıq təşkil edir. Vaxt gələcək bütün millətin ziyalı insanları, həqiqətən də problemi düşünmək və ondan çıxış yolu tapmaq istəyən insanlar bizim nəticəmizə gələcək və öz milli dəyərlərimizə sahib çıxmağa üstünlük verəcəklər.

Abil Ulusoy: Nə qədər ki dünya Şərq-Qərb bölgüsündən ibarətdir, xristian-islam qarşıdurması oyunu olacaqdır. Bunlar Qərb mətbəxində hazırlanır. Bilirsiniz ki, zaman-zaman Qərb öz mətbəxində gələcək onillərə hesablanan proqramlar hazırlayır, – mədəniyyətlərin eyniliyiylə bağlı, dinlərarası dialoqla bağlı. Müəyyən bir müddətdən sonra bütün detallarına qədər hazırlanmış bu proqramlar onlar üçün maraqlı olan dövlətlərə də yeridilməyə başlanılır. Çox həvəslə də qəbul olunur. Çünki Şərq yaradıcılıqdan qalıbdır. Şərq heç nə yaratmır. Yəni yaradan tərəf, şərtləri diktə eləyən tərəf Qərbdir. Ona görə də bizimkilər Qərb mətbəxində hazırlananları müzakirə eləməli olurlar. Soylu bəy vurğuladı, İranda şəriət qanunları olsa da, parlamenti olan, prezidenti olan dünyəvi dövlətdir. İranda şəriət qanunları daxilə yönəlik qanunlardır və çox düzgün vurğulandı ki, həmin şəriət qanunları daxildə Azərbaycan türkünün müstəqillik, azadlıq arzularının boğulması üçün bu gün də saxlanılır. Nə qədər ki, Azərbaycan türkü öz haqqını əldə eləməyibdir, İranda şəriət qanunları fəaliyyət göstərəcəkdir. İranın Anayasası da özü üçün güclü dövləti qorumağa xidmət eləyir. Daxildən dövlət güclü şəkildə qorunur. İran bu gün idarəçilik baxımından ikili xislətə malikdir: –Daxilə yönəlik şəriət qanunları, dünyaya yönəlik dünyəvi qanunlar. Dünya deyə bilməz ki, sən ancaq şəriət qanunları ilə idarə olunursan. Bəli, o fikirlə razıyam ki, İslam Qərbin idarəçiliyindədir. İdarə olunan bir İslam var. Məncə, çıxış yolu dəyərə qarşı dəyərdir. Çünki dəyərə qarşı heç nə qoymadan demək ki, mən səninlə mübarizə aparıram, bu mübarizə heç bir uğur əldə eləməyəcəkdir. Çünki ərəbin yaratdığı İslam adlı bir dəyər var. Bu dəyəri biz yurdumuzda görmək istəmirik. Zərərli cəhətlərini göstəririk, türkə onun gətirdiyi bəlaları da göstəririk. Ancaq bunları saymaqla, sadalamaqla bitmək, dayanmaq sadəcə qeybətçilik olacaqdır. Çünki heç nə qoymursan əvəzində. Bunun üçün çalışmaq lazımdır. Burda hakimiyyətdən umulan yeganə bir şey nədir? əgər “dostum deyilsənsə, düşmənim də olma” prinsipiylə hərəkət eləmək. Azərbaycanda yadlığa qarşı olan dəyərlərin yaşamasına mane olmamaq. Hakimiyyətdən yeganə umacaq bu olacaqdır. Həmin dəyərlər əsasında millətçiliyin inkişafına mane olmamaq. Azərbaycanın anayasasında milli kimlik mütləq öz təsdiqini tapmalıdır. Azərbaycanda insanlar bilməlidirlər ki, onlar türkdürlər. Dil millətin varlığının əsas təcəssümüdür. Azərbaycanın anayasasında türkün dili təsbit olunmalıdır. Azərbaycanın türklə bağlı atributları öz əksini tapmalıdır. Asif Atanın türkçülüyə baxışı var, – millətçiliyimizə, milli kimliyimizə. Sonra Milli İnam yaradıb. Milli idrak deyir, Milli iradə deyir. Bunun əsasında bir ideoloji olmalıdır. Yəni inamın, idrakın, mənəviyyatın, iradənin birliyinə əsaslanan Türkçülük Azərbaycanda insanlar tərəfindən, toplum tərəfindən qəbul olunmalıdır. Gərək biləsən ki, elə-belə Türkçülük çağırışı olmur. Cəmiyyət bilməlidir ki, iki yol var: biri İslamı yaşatmaq yolu. Bu, səhv yoldur. O biri isə öz dəyərlərimizə sahib olmaq və onu yaşatmaq yolu. Doğru yol budur. Bunun üçün də Azərbaycanda millətçilik indikindən qat-qat yüksək səviyyədə olmalıdır. Azərbaycan insanı bilməlidir ki, millətçiliyimiz bizim həm azadlığımızdır, millətçiliyimiz bizim həm bütövlüyümüzdür, həm böyüklüyümüzdür.

Üzeyir Əlizadə: Bayaq Soylu bəy çox gözəl söz dedi, – İslamda türk xisləti yoxdur. İslamçıların özləri deyirlər ki, o dövrdə vəhşi ərəblər, tayfalar üçün Quran yazılmışdır. Ancaq o dövrlərdə türkün Dədə Qorqudu olub, Türkün mədəniyyəti olub. Ancaq axıra qədər öz dəyərləri ilə yaşayan dövlətçiliyimizin olmaması bizi neçə əsr geri qoyub. Ona görə də istənilən dövlətlər, istənilən xalqlar bizə öz ideyasını çox asan şəkildə yeridibdir. Çox asan şəkildə veribdir. Müəyyən dövrlərdə dövlətçiliyimiz olsa da, həmin dövrlərdə milli birlik, milli təfəkkür olmayıb, milli beyinlər olmayıb işləsin. Ki, o dövlətçiliyimiz özümüzə xidmət eləsin, ərəbə, farsa yox. Bu yöndən mən belə başa düşürəm ki, dövlətimiz, dövlətçiliyimiz qorunmalıdır, öz dəyərlərimizə söykənməklə. Təhsil müəssisələrimizdə ilahiyyət tədrisləri dayandırlımalıdır. Milli-mənəvi proqram həyata keçirilməlidir və s. İslam artıq türklər üçün istismar müddətini başa vurub.
Soylu Atalı: Beləliklə, biz bu söhbətimizin sonluğuna gəlib çıxdıq. Söhbətimizi toplumun diqqətinə təqdim edirik. İstənilən normal qüvvəylə polemikaya, disskusiyaya hazırıq. Bu elə mövzudur ki, bir söhbətdə tam açmaq mümkün deyil. Qoy insanlar düşünsünlər, mövqelərini desinlər. Sağlam münasibətlər olsa, sağlam tənqid olsa, biz də sözümüzü deyəcəyik, artıq-əskik danışanlara isə cavab verməyəcəyik. Bizim buna həvəsimiz və vaxtımız yoxdur. Azərbaycanın qurulması üçün, insanlığın qurulması üçün ortaya gətirmişik bu mövzunu. Azərbaycanda digər işlərin həyata keçməsi üşün, hərəkətə keçməsi üçün gündəliyə gətirmişik. Mən öz sözümü Atanın adıyla bitirirəm:

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!

Vüqar Bəyturan: Çox sağ olun, təşəkkürümüzü bildiririk.

28 Qürub Ayı, 33-il.Atakənd.
(avqust, 2011. Bakı).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv