Yas Mərasimi – 28 Aprel (Asif Atanın çıxışı)

…Köhnə təqvimlə e.ə.VI əsrdə Azərbaycan xalqının müstəqil dövlət Ocağı söndü. 2400 il təxminən bundan əvvəl Qədim Midiya, Asiyada birinci dövlət sayılan, bəşərin ən qüdrətli dövlətlərindən biri, möhtəşəm adlanılan, özünəbənzər adlandırılan, yerə-göyə sığmayan qüdrətli Maq ölkəsi adlandırılan Midiya süquta uğradı. Astiaqın nökəri fars Kir Keyxosrov öz sabahına xəyanət elədi. Ona qarşı üsyan yaratdı və Midiya fars əyalətinə çevrildi. Midiya Cənu­bi Azərbaycan səviyyəsində qatıldı İrana, Əcəmi İraq səviyyə­sində qatıldı İrana. İran sözü fars sözündən artıq idi. “İran” sözü “Ari” sözü ilə bağlı idi və ən böyük ari Midiya idi. Midiyalılardan öyrənirdilər, Midiyalıların atlarından danışırdılar, Midiyalıların qılın­cından danışırdılar, ən qoçaq xalq sayılırdı Midiya. Midiya süquta uğradı, ondan bizim ocağımız keçdi, 2400 il bundan əvvəl.
Ondan sonra Midiyanın bir hissəsi olan Atropaten “üstünlüyü” əldə edildi. Daha doğrusu, təskinliyi əldə edildi. O təskinlik də uzun sürmədi. Atropat olsa-olsa nisbətən müstəqil olan İsgəndərin – qrek­lərin, Makedoniyalıların bir satrapı idi, varisi idi, indikilərdən yaxşıydı. Vəzirov deyildi, amma yenə də O deyildi. Yenə də Babək deyildi. Yenə də biz qoltuqdaydıq, qoltuq tariximiz başladı.
Ondan sonra Atabəylər dövləti yarandı. Atabəylər dövləti yalançı dövlət idi. Atabəylərin başının üstündə yenə İran dururdu. Atabəy Vəzirov deyildi, amma Atabəy Babək də  deyildi. Yenə qoltuq tariximiz davam edirdi. Bir az məğrur idik, bir az yalançı bayrağımız var idi. Bir az yalançı taxtımız-tacımız var idi. Hamısında zəlillik var idi. O Midiyanın məğrur sifətini qara buludlar əbədi almışdı.
Ondan sonra Şirvanşahlar dövləti yarandı. Ağıllı adamlar verdi. Pis adamlar verdi. Onların içərisində yaxşısı var idi, pisi var idi. Onların içində Vəzirovu yox idi. Mircəfəri yox idi. Nərimanov yox idi. Amma onların heç biri xalq üçün yaşaya bilmədilər, istəsələr belə. Onlar İrandan asılı oldular. Rimlərdən asılı oldular. Monqollar­dan asılı oldular. Kimdən asılı olmadı, kimin qoltuğunda qalmadı?!
Ondan sonra Uzun Həsən güc-bəla ilə bir Azərbaycana bənzər nəsə yaratmışdı, o da uzun sürmədi və Azərbaycanı tam əhatə eləmədi.
Ondan sonra Şah İsmayıl gücüylə, əliylə, ağlıyla, sufiliyiylə, (?) eyni zamanda səhvləriynən, Səlimlə döyüşüynən, güc-bəla ilə bir Azərbaycan yaratmaq istədi. İranı Azərbaycanlaşdırdı. Təbriz dilində danışırdı fars, Təbriz oldu İranın paytaxtı. Amma onun nəticəsi Şah Abbas bütün hamısını ləğv elədi. Şah Abbas ən böyük İran şahı sayılır, o, səfəvi idi. Şah İsmayılın nəvəsi idi. Nəvə-nəticə bir şeydir. Ondan sonra əlindən gələni edirdi ki, türkün izi-tozu qalmasın. Lakin ürəklərdə ümid var idi, yaşayırdı və o dəhşətli bir fəlakətlə qarşılaşdı. Azərbaycan iki hissəyə bölündü. Azərbaycan şaqqalandı – 1828-ci il, bunu da yadınızda saxlayın, bunu da bir yas, matəm günü elədik. Gülüs­tan sazişi yarandı eybəcərcəsinə, Türkmənçay fəlakəti yarandı, Azərbaycan şaqqalandı. Azərbaycanın taleyinin bir hissəsi çar Rusi­ya­sına verildi, o birisi bütün taleyi Şah İranına verildi. Nə yaxşı ki, xalq ölmədi, nə yaxşı bu qoltuqda yaşaya bildi. Nə yaxşı muğamı­mızı saxladıq, o böyük məsələdir. Xalq dahidir, o başqa məsələ, amma xalq elə dahidir ki, onun dahiliyində uşaq yerişi də var, onun dahiliyində iməkləmək də var, onun dahiliyində şikəstlik də var, onun dahiliyində səbr var, qul səbri var, təəssüf ki.
2400 il sən yaşayasan, özü də sənin dövlətin olmaya. Özü də heç olmasa dərddən ölməyəsən. Belə arsız olasan, belə böyüyü ola-ola. Və bircə dəfə 2400 ildən sonra, 1920-ci ildə Müsavat partiyası döyülən, söyülən, biabır olunan, əslində isə yeganə hərbi partiya – ay mülkədar belə getdi, Marksizm cəfəngiyyatından istifadə elədilər son­­ra­kılar. Onlar 1920-ci ildə çox çətin bir vəziyyətdə, ingilislərin topu­nun altında, birtəhər iməkləyə-iməkləyə, yaltaqlana-yaltaqlana, ümid eləməyə-eləməyə Milli Azərbaycan dövləti elan elədilər, açıq şəkildə bütün dünyaya bildirdilər və xalq sevindi. Qoltuq buzu əridi. Dəhşət idi, o günləri mən hiss edirəm o nə idi. Və bu zaman sənin kommunistlərin, sənin marksistlərin, leninçilərin, sənin beynəlmiləlçi heyvərələrin – onların içində anadangəlmə xalq ideyası olmur. “Bü­tün dünyanın proletarları birləşin!”, yəni “bütün xalqlar, biri-birinizi döyün” – bir şeydir və xalqı sevmə o deməkdir ki, “Bütün dünyanın proletarları birləşin!” – dahini sevmə, müsavatını sevmə, gör o kənd­çidirmi, yoxsa fəhlədirmi, yoxsa quldurdumu. Parçala camaatı, xalqı pillə-pillə. Və həmin o xəyanətkarlar Həştərxandan indi heykəlləri duran Nərimanovlar, ondan sonra başqaları, onun başçılığı altında olanlar – Musabəyovlar, Həmid Sultanovlar, ondan sonra o birisilər – heykəllilər, onlar xəyanət elədilər. Onlar xalqın arxasından zərbə vurdular, onlar yalandan xalqı aldatdılar. Milli birlik bayrağı altında gəldilər Həştərxandan.
XI Ordu Ələtdə dayandı, o ordu ki, ona heykəl qoyulub, o ordu ki, bütün onun mahiyyəti qandır, irindir, neçələrini öldürüb, neçələrini qırıb, biz ona gedib baş əyirik. Çünki başımız yoxdur, çünki başımız Vəzirovlardır. Mən Vəzirovu rəmzi mənada deyirəm, Vəzirovun Heydər Əliyevdən, Heydər Əliyevin Mircəfərdən, Mircəfərin İmam Mustafayevdən heç bir fərqi yoxdur. Eyni şeydir, indi bu olduğu üçün mən onun adını çəkirəm. Və ultimatum verdi Həmid Sultanov yüyürə-yüyürə, ordan Çingiz İldırım satdı donan­manı, qarşılaşdı parlamentlə. Parlamentin üstünə həyasızcasına, zora­kı­ca­sına, dəhşətli bir ordudan da artıq olan bir top qoydular və topun altında yazıq, bədbaxt, o qədər də talantı olmayan, lakin ürəyi xalq­nan yaşayan, elə bir böyük zəka adamı da olmayan, ancaq iradəlili­yində möhkəm olan, qəti vətənpərvər olan “Müsavat” partiyası süquta uğradı.
İkinci dəfə Astiaqın ikinci ölümü. Və 70 ildir biz gündə əksilirik, 70 ildə 70 dəfə əskilirik. Nə yaxşı varsa, hamısının arxasında impe­riya durur – boyunduruqdan çıxmaq olmaz. Bu marksizm qoymaz boyunduruqdan çıxasan, sosializm qoymaz boyunduruqdan çıxasan. Ona görə qal boyunduruqda. İndi bu saat nədir məqsəd?! – Boyun­duruqda qal, sənə nə istəyirsən verim. Boyunduruqda qal, televi­zi­yada Azərbaycan dili keçirin. Boyunduruqda qal, sənin üçün muğam konsertləri düzəldim. İndi başqa siyasətdir, amma məna yenə eynidir. Bir ölkə olmalıdır, bir dünya olmalıdır, bir xalq olmalıdır. Sən kimsən ki, sənin dünyada öz yerin olsun.
İndi məqsəd Ocağı yandırmaqdır. Ondan ötrü biz yaşayırıq, əlimizdən gələni eləyəcəyik və o gün gələcək biz ot kimi bitəcəyik, ot kimi bizi biçəcəklər, ot kimi təzədən bitəcəyik.
Sual olunur ki, Azərbaycan xalqı niyə bu günə düşdü? Bizim həm siyasi məğlubiyyətlərimiz olub çoxlu, həm də çoxlu ruhani məğlubiyyətlərimiz olub. Bu məğlubiyyətlərin hamısı son nəticədə qələbəylə qurtarmalıdır. Məğlubiyyətin çoxluğu qələbənin böyüklü­yünü yaratmalıdır. Biz o zaman məğlub olduq ki, ərəblər Babəkə qalib gələ bildilər. Zərdüşt işığı zahirən, xaricən söndü. Soruşa bilərsiz ki, Babək qalib gələ bilərdimi? Xəlifəliyi uçurmaq olardımı? Bunun adi cavabı yoxdur, bunun  mütləq cavabı var. Əslində imkan­sızlıq böyüklük imkanı yaradır xalq üçün. Bizə elə gəlir ki, Xəlifəliyi məhv eləmək olmazdı, Xəlifələr bütün dünyanı tutmuşdular, Hindistana qədər gəlmişdilər, Bağdaddan Hindistana qədər, iki dəfə Rim imperiyasından böyük bir ərazini zəbt eləmiş­dilər. Neyləyə biləcəkdi ona Babək? Əgər Babəkin arxasında dayan­saydı xalq, hamısı (…yox, eybi yoxdur, bu günləri oturmayacam, bu mənim söhbətdən çox fikirləşməmdir, siz də ki, yorulanda əyləşin, yaxşı eləyirsiniz qalxırsınız, Ata danışanda Evlad oturmaz. İntəhası, özüm deyəcəm nə vaxt oturmaq lazımdır. Oturası günümüz deyil bu gün bizim), əgər bütün xalq balaca Fidel Kastronun arxasında duran kimi, heç Babəkin dırnağı olmayan Fidel Kastronun siyasətdə udu­zan, lakin qəhrəmanlıqda udan – arxasında dursaydı, Xəlifəliyi məhv eləyə bilərdi Babək. Yüzcə nəfər Babək olsaydı… Fəlakət budur ki, atalar gəlir, evladlar gəlmir, balalar atalara oxşamır, budur bizim fəlakətimiz.
(Əyləşin, icazə verirəm, ona görə otura bilərsiniz).
Sonra Nəiminin İsa peyğəmbərdən heç bir əskikliyi yox idi. Nəimi on dəfə İsa Peyğəmbərdən böyük adam idi. Azərbaycana elə oğullar gəlir ki. Bəs Nəimi niyə İsa ola bilmədi? Xalqa görə. Bizim böyük, sevimli xalqımıza görə ki, ondan ötrü qətrə qanımızı da… Vaxt gələcək onu görəcəklər. Əgər İsa deyirdi ki, biri-birinizi sevin, “lyubite blijneqo”, o dövrdə o böyük söz idi. Qladiator dövründə, Rim imperatorlarının ləzzətlə qladiatorların bir-birini öldürməsinə ba­xan, əl çalan, ləzzət alan, mey kimi içən, fəryadı, naləni mey kimi içən Rim qəddarlığına qarşı böyük söz idi o “Bir-birinizi sevin” (lyubite blijneqo). Amma sənin Nəimin deyir “İnsan Allahdır!”, ondan yüz dəfə artıq deyildi. Burda deyildi, Bakıdaydı onun iqamət­gahı – Nəiminin və Şirvandaydı ayaq yeri Nəsiminin. Bəs niyə Nəimi qələbə çala bilmədi? Niyə biz indi onun qələbəsini çalma­lıyıq? Yenə həmin şey, getmədi camaat, tələbələri atalarına layiq ol­ma­dı. Nəimidən başqa bir oğul yetişmədi ki, apostollar kimi, Pyotr ki­mi, Pavel kimi, getsinlər özlərini itə yem eləsinlər, amma əl çək­mə­sinlər. Qaçdılar çoxu. Açıq söhbətdir, burda erməni yoxdur. Özü­müzün dərdimizi tam bilməliyik. Bura məbəddir, böyük məktəbdir. Bizim nə haqqımız var ki, qəzet səviyyəsində səbəb axtaraq.
Ondan sonra nə qədər komprodor ziyalısı yarandı. Sənin M.F.Axun­dovun çarın nökəri idi, sənin Qasım bəy Zakirin Qara­bağda üsyana qarşı – çar üsyanına qarşı vuruşmaqla fəxr edirdi. Şeir yazırdılar türk ordusunun əleyhinə heyvərələr, heykəllilər. Bayram eləyirdi ordenli Bakıxanovun, Mirzə Şəfi ilə bərabər Tiflisdə. Belə bir ziyalı yetişdi – M.F.Axundovdan Heydər Əliyevə qədər – palaz ol ru­sun qabağında, onda çıxış yolu tapacaqsan. Əl çək özündən, uşkola yax­şıdır, mədrəsə pisdir. Budur səbəb. Böyük oğullar yetirə bilir xalq, özü böyük ola bilmir. Nəyə aldanır, nəyə inanır?! Haya-küyə fəhlə sinfinin diktaturasına, fəhlə gəlib hakim olacaq, yüyür, öldür özününkünü.
Nəyə inandı, marksistlərə inananlarda ağıl olmaz, onda pişik ağlı var. Bununla bərabər xalq böyükdür, potensiya kimi böyükdür, açılmamış uşaqdır xalq. Uşaqdır xalq, biz səbrli olmalıyıq. Biz xalqı tənqid eləməməliyik, təhqir eləməməliyik, balalarımızdır o bizim. Üzümüzü cırmaqlayacaq da, mənə söyəcək də gəlib, uşaqdır, uşaq ata­sına sillə də vurur, mənə sillə də vuracaq bu xalq. Mənimkidir an­caq o, qoy vursun, xalqı idealizə eləməyək. Xalq nöqsanlıdır, amma bizim xalqdır, nöqsanlıdır. Mən qəti əminəm ki, Novruzəli Cəlil Məmmədquluzadədən ağıllı idi, qəti əminəm ki, Novruzəli Cəlildən ağıllı idi. Novruzəli elə bil hiss eləyirdi ki, nə deyən şeydir bu poçt qutusu, bizə nə gətirdilər, heç olmasa ağladı. Amma Cəlil elə bildi ki, avtomobilə minən kimi xoşbəxt olacaq, Sabir elə bildi ki, avtomobilə minən kimi xoşbəxt olacaq. Çox qəribə fəlakətdir, dünya tarixinə bərabər olan bir xalq o qədər balacadır ki, M.F.Axundova heykəl qoydurdular və üsyan eləmədi. Ona böyüklər, yalançı böyüklər – mənə inanın, Nizamidən, Füzulidən Ələkbər Sabirə qədər az-maz nə varsa, qalanları hamısı satqındır, hamısı. Öyrənmişəm mən bunları. Böyükdür fəlakətimiz, xalqın başını kəsmək ənənəsi, dəhşətli ənənə, Mircəfər Bağırov kimi qəddar yox idi nə rusda, nə ermənidə, nə gürcüdə, bu da bir baxtımız. Heç kəs belə sevinə-sevinə, belə ehtirasnan, belə dəhşətli bir eşqnən öz xalqının başını kəsmirdi Mircəfər kimi. Özü bir kabinetdə 200 adam öldürmüşdü. Sevinə-sevinə raport verirdilər, Azərbaycan gör neçəsini qırıbdır. Kimin əli gələrdi Hüseyn Cavidə? Yalnız Mircəfərin.
Və ondan sonra Azərbaycan özünün… Ümumiyyətlə, Türk Dünyasının da fəlakəti var. Üç fəlakəti var Türk Dünyasının. Birinci, Türk Dünyası Peyğəmbər yetirə bilmədi. O boyda xalq. Çünki peyğəmbər yetirmək əvəzinə Teymurləng yetirdi. Qılınc havasına oynadı, dünyaya sahib olmaq istədi. Dünyaya sahib olmaq olmaz. Xalqına Ata olmaq olar. Heç kəs xalqına Ata olmaq istəmədi, dünyaya sahib olmaq istədi. Teymurləng özünə də sahib olmadı. Teymurləng indiki özbəklərdir. Məhəmməddən də böyük oğul verərdi, vermədi və başladı ona-buna işləməyə. Bütün İran tarixi, bütün böyük şahlar hamısı türkdür. Qəznəvi Mahmud türkdür, özü də İranın pis vaxtında onu qaldırandır. Bizim camaat yalnız onu bilir ki, Mahmud Qəznəvi Firdovsiyə qızıl əvəzinə gümüş verib, biz yalnız bunu bilirik tarixdən. Mahmud Qəznəvi İranın gümüşünü qızıla çevirdi. İran əldən getmişdi. Ondan sonra şah Abbas bayaq dedim türkdür əməllisi, amma türkün ən qəddar düşməni, fars anasına çəkən. Ondan sonrakılar – Nadir şah Əfşar türkdür, türkün böyüyü­dür. Amma yenə də İran üçün vuruşdu. Hətta Ağaməhəmməd Şah Qacar belə. Bütün məmurlar hamısı türkdür, ərəblərin bütün o sərkərdələrinin çoxu türkdür, əsgərləri türkdür. Məhəmməd özü diliylə deyirdi ki, “Mən harda asi görürəm, ora türk balalarını gön­dərirəm”. Özünə gün ağlamadı. Atilla getdi Avropaya çıxdı, özünə gün ağlamadı və biri-birylə döyüşdü. Ona görə “28 aprel” günü yarandı. Biri-biriylə döyüşdü. Kim yıxdı Şah İsmayılı? – Türk Səlim. Kim yıxdı Bəyazidi, kor elədi? – Türk Teymurləng. Oğuzlar bir-birini qırdılar. İndi də elə bir ziyalı yarandı ki, M.F.Axundov onların ürəyində atadır. Dədəsini də satar balaca bir karyera üçün. Əqidəsiz, vətənsiz, komprodor ziyalısı. Bax, budur səbəblər, yadınızda saxla­yın və bunu xalqa demək lazımdır. Amma demək lazımdır mitinq səviyyəsində yox, bağıra-bağıra yox, qışqıra-qışqıra yox. Biz bu saat üsyana başlamırıq, ağlınız olsun. Bənzərsizdir bizim işimiz. Bizim işimiz mitinq deyil. Ağlınızı başınıza yığın. Gözünüzlə görməyin həyatı, içinizlə görün. Biz xalqı tədricən ələ almamış, xalqı başqa səviyyəyə qaldırmamış, biz ailələşməmiş, çoxalmamış üsyan eləmə­yə­cəyik. Hissinizi, ehtirasınızı cilovlaya bilmirsinizsə, Atanı aldat­mayın, onda sizdən Evlad çıxmaz. Özünüzü aldatmayın. Bizim işi­miz əvəzsiz, bizim işimiz müstəqil, əlçatmazdır. Şər bizi anlamır, anla­ma­yacaq. Biz elə bir şey yaratmalıyıq ki, o heç yerdə olmasın. Azərbaycan Ailələşəcək illərlə. Bizdən kənarda nə varsa, heç birini qəbul eləmirik, onların heç birində bizim səviyyə yoxdur. Olub elə səviyyələr, Azərbaycana xeyir verib. Alışmayın fişəngə, günəşi içinizdə gözləyin. Ağlınız olsun. Şərlə döyüşmək üçün dahilik lazımdır, o dahilik də bir gündə gəlmir. Səbrli olun, özünüzü itir­məyin, qəmlənin bugünkü kimi, amma ruhunuzu saxlayın günəş kimi, bir səmtdə. Düşmək olmaz, biz bu saat üsyan eləmirik. İstəyirsiniz ki, üsyan olsun, çoxalaq, hər yerdə Ailəmiz olsun, artaq, Ailə camaatla qaynayıb-qarışsın illərlə. Hər dəfə Ailələrin içindən bir nəfər camaatın içinə getsin, ağılnan, kamalnan başa salsın, tərbiyə eləsin, o günü yaxınlaşdırsın. O günün hələ saatını da bilmirik, o gün gələndə oturub aylarla beynimizi sıxacayıq, hay-küy olmayacaq, hay-həşir olmayacaq. Biz əsgərlərə müraciət eləyəcəyik ki, gör sən kimə silah atırsan, gör neyləyirsən?! Ruhu çevirəcəyik, ən azı Xomeynizmin o tərəfi olacaq bizdə. Təşkilat tərəfi. Bütün xalq ayağa qalxacaq, bir nəfər kimi. Onun üçün də hay-küy olmaz, hay-həşir olmaz, ağlınızı həmişə –  çiyninizin üstündəki beyini unutmayın. Şər elə onu istəyir ki, biz səhv edək. Qoy şər elə bilsin biz heç nə eləmirik, qoy bizdən qorxmasın, elə yaxşıdır. Qoy gözünü açsın görsün ki, dünya, Azərbaycanda bizim toxumumuz artıb, Azərbaycan başqalaşıb, heç nə eləyə bilməsin. Bax, bunu kim başa düşmür, onu da danışsın, bizim yolumuz əlçatmaz, bənzərsiz, müstəqil bir yoldur. Bu yolun mənası qısa şəkildə nədir? Artırıq, artdıqca da, fikrimizi deyirik, çünki toxum-toxum səpirik və xalqı hazırlayırıq, əməlli-başlı ağlını hazırlayırıq. O xalqı hazırlayırsınız, yəni evladlaşırsınız. Atanın yüz evladı olur. Ondan sonra o yüz özünün arxasınca ən azı 1000 adam gətirir, o da ondan, o da ondan. Qovuşuruq! Ata da ölmür hələ, ömrünü artırır, gündə bulvara çıxır ürəyi ağrımasın ki, özü görsün bunu, özü buna başçılıq eləsin. Olmaz – olmaz, sonralar olacaq. Ondan sonra da bizim Məkkəmiz yaranmalıdır, Məkkə yaranmasa, Azərbaycan azad ola bilməz. Azərbaycan azad olmasa, Məkkə – bunlar ikisi bir şeydir, Məkkəmizi yarada-yarada Azərbay­ca­nı­mızı azad eləyəcəyik. Azərbaycanımızı azad eləyə-eləyə Məkkə­mizi yaradacayıq, gecə-gündüz işləyəcəyik, – Ata kimi, Safruh kimi, o birilər kimi, Göylü kimi, Əsil kimi. Gecəmiz-gündüzümüz yoxdur və mütləq qələbə çalacağıq.
Ona görə də xarici gözlə baxmayın aləmə, daxili gözlə baxın, idrakın gözüylə baxın, axı sizin Atanız var. Onlar kordurlar, atasızdırlar. Ona görə haya-küyə gedirlər.
Bizim ətrafımızda təzə-təzə böyüklük var, təzə-təzə inkişaf var. Öz fikrimi onlar haqqında deyim. Söhbətin səviyyəsi aşağı ensə də. “Qayğı” adlanan oyun və onun məqsədi Sovet Azərbaycanını saxla­maq­dır, o şey ki, Sovet Azərbaycanını saxlayır, o şey şərdir, boyun­duruğu saxlamaq üçündür. Xalqla cəmiyyətin başçıları arasında doğmalıq yaradırlar süni. Sosializm qalırsa əyər, boyunduruqda mən qalıramsa, boynum sınsa ondan yaxşıdır. Ona görə “Qayğı” oyu­nun­da iştirak eləmirik, ifşa eləyirik imkan daxilində “Qayğı”nı. Bizdən kənarda “Vətən” yaradıblar, başında da Elçin durur. Həmin o Elçin ki, həmin o Elçin ki, onun elə bir (sizdən də üzr istəyirəm), elə bir deşik yoxdur ki, o, başını ora soxmasın. Özü, atası, ailəsi. İndi də yəqin ki, özünü öz div deşiyinə başını soxacaq, ayrı daha deşik qalmayıb. O adam “Vətən”ə rəhbərlik eləyir və onun da məqsədi odur ki, Vətən elə sovet vətəni olaraq qalsın. O şey ki, sovet vətəni olaraq qalırsa, qalmasa yaxşıdır, ölsə ondan yaxşıdır.
Mitinqlər, icazəli mitinqlər ondan ötəridir ki, camaat içindəkini ifa­də eləsin. Yaponiyada belə bir qayda var, zavodların əvvəlinə direk­torun balaca oyuncaq şəklini qoyurlar, kimin acığı tutur direk­tora, çıxanda döyür onu – oyuncağı döyür. Bax, həmin odur mitinq­lər mahiyyət etibarilə, yalandan guya ki, döyürsən, yalandan guya ki, boyunduruqdan çıxırsan. Əksinə boyunduruğun qalır, amma üstə milli istiqlaliyyət sözü yazılır. İndiki boyunduruqlar hamısı gözəl boyunduruqlardır. Muğam yazılır boyunduruğun üstə, təzə boyun­duruqlar düzəldiblər: “Xalq yaradıcılığı”, “Azərbaycan dilini öyrə­nirik”. Kimin üçündür bu, xalqı çox balaca uşaq hesab edirlər. Səhv edirlər, xalqı anlamırlar. Pribaltikanı bizə ideal seçirlər. Pribaltikada məsələ belədir: Pribaltika camaatı çoxdan ayrılmaq fikrindədir, orda xüsusi cavan adamlar var, tək-tək özlərindən keçənlər var orda, xüsusi meydan var orda, gəlib özlərini yandırırlar. Mənim Pribaltika camaatı ilə yaxşı əlaqəm vardı bir zaman. 82-ci ilə qədər onları mən yaxşı bilirəm, onları tanıyıram. İndi vəziyyətdən çıxmaq üçün bun­lara dil paylayırlar, onlar guya ki, ərköyüncəsinə oyun oynadılar. Sirk düzəldirlər, ərköyünlük edirlər onlar və hamısı siyasi oyundur, siyasətdən azca, bir siyasət kitabı oxuyan adam anlayır ki, bu oyundan başqa bir şey deyil. Bu, siyasətin sirkidir. Bir Amalımız var: Atalıq Amalı, Günəş bir olan kimi. İkinci günəşimiz yoxdur. Mitinq­lərdə də iştirak eləmirik. Çünki mitinqlərdə iştirak eləmək o demək­dir ki, sənin əlinə imkan vermək ki, Asif Atanın balaları – bütün günahı bizim üstümüzə yaxacaqdılar. Deyəcəkdilər ki, Asif eləyir bütün bunların hamısını. Qoymayacaqdılar belə görüşlərimiz olsun. Özünüz bilirsiniz ki, Ataya qarşı sui-qəsd həmişə var, həmişə də olacaq. O böyük səhv olardı. Ata onu qoymadı, hərçəndi siz qızış­dınız. Eybi yoxdur. Sizin qızışdığınıza da mən dözürəm. Atayamsa mən gərək dözəm, bir satqınlığınıza dözməyəcəm. Və biz öz vaxtımızı gözləməliyik, bu cür işləmək, guya heç nə eləmirik. Guya elə mərasimdir. Guya elə bu sözdür. Məgər bugünkü gün sözdür? – Yox, bugünkü gün döyüşdür, əməlli döyüşdür. Bir az ağılla. Elə bilməyin ki, mən sizin ağlınıza inanmasam, mən sizinlə deməzdim, amma hələ o səviyyədə deyil, qızışırsınız, kimdənsə öyrənirsiniz. Heç kəsdən ömrümdə öyrənməmişəm. Heç kəsdən. Bunu mən istəyirəm sizə deyəm və söhbətimin bu hissəsini də onunla qurtarmaq istəyirəm ki, biz bir şeyi sübut eləyəcəyik. Tanklar, samolyotlar, toplar, bütün silahlar hamısı bizim ruhani qüdrətimizin qarşısında əyiləcəklər. Bax, bunu bilmirəm, başa düşürsünüz, ya düşmürsünüz, mən deyirəm bunu, atmayacaqlar, bizə güllə atmayacaqlar. Atmaya­caqlar bizə güllə. Vaxtında.
Göz yaşı haqqında bir söz deyim ki, nahaq elə bilirlər ki, ağlamaq qüdrətsizlikdir. Bu da xarici gözün gördüyü səhv bir iddiadır. Həmişə Sabirə istinad edirlər ki, ağladıqca kişi biqeyrət olub, necə ki, ağladı İran (?) oldu. Bu hardasa düzdür, amma həmişə düz deyil. Ağlamaq hardasa ağlanmaqdır, işıqlanmaqdır, amma yaxşı göz yaşı. Füzuli başdan-ayağa göz yaşı idi, məyər o qeyrətsiz idimi? Qeyrətsiz olsaydı, heç göz yaşı tökməzdi. Ona görə sizin bugünkü kədəriniz işıqdır. Bunu da xurcununuza qoyun səfərə çıxanda. İndiki Ata söhbəti ülvi söhbət olacaq mahiyyət etibarilə, amma zahirən xarici cəhətdən ki, biz onu qəbul eləmirik, adi söhbət kimi görünəcək.
Birinci, əgər Azərbaycan, Mütləqə İnam dinimi deyək, inamımı deyək, qəbul eləməyəcəksə, onun müstəqilliyi də yoxdur. Yadınızda yaxşı saxlayın. Əgər bizim dinimiz (söz tapa bilmirik, təzə söz axta­rırıq) inam deyək də, inamımız qələbə çalmayacaqsa, əgər Azərbay­can Məkkələşməyəcəksə və Azərbaycan bu cür, necə var qalacaqsa, lakin müstəqilləşəcəksə, o yalançı müstəqillikdir. Ona görə də Mütləqə İnam mütləq qələbə çalmalıdır, onda biz deyə bilərik ki, Azərbaycan müstəqilləşdi. Bu fərqi bilin ha, əyər sabahlarım hər hansı bir sərkərdəsə lap yaxşı niyyətlə Azərbaycana sahib olacaqsa, biz onunla da döyüşəcəyik. Fərqi yaxşı bilin, xahiş eləyirəm, illüzi­yamız olmasın. Nə olur-olsun, öz mahnımızı çağıracayıq. Mahnı da, sözü də, səsi də Mütləqə İnam, nə yeri-göyü yaradan Allaha, nə başqa bütlərə, dünyanın mənasını özündə təcəssüm etdirən, Dünyanı özündən artıq sayan, özündəki Mütləqə, içimizdəki Mütləqə İnam əməlli-başlı məscidləşməyincə, Azərbaycan xalqının axırıncı kəndinə gedib çatmayınca, Azərbaycan müstəqil olmayacaq.
Ata kəlamı, Ata fikri budur. Ona görə də çox gözləməli olacayıq. Səbrimiz mütləq olmalıdır.
İkinci, əgər bütöv Azərbaycan xalqı Ataya Ata deməyəcəklərsə, əgər hamının ürəyində belə bir ideya yaranacaqsa, Atayla da müba­hisə eləmək olar, o da səhv eləyir. Bolşevikcəsinə, diskussiya eybə­cər­liyi Məbəddə – yenə müstəqilliyimiz olmayacaq. Ataya İnam mütləq olmalıdır. Atayla mübahisə eləmək əslində özündən tam ayrılmaqdır. Atanın nə haqqı var səhv eləsin, nə Atadır ki, o səhv eləyir. Ata Allah deməkdir, Ata səhv eləyərmi?! Səhv eləyirsə, Ata lazım deyil sizə. Atalıq ayrı şeydir. Atalıq rəhbərlik deyil, bu Leni­nizm deyil. Gündə bir-biriylə mübahisə, bütün Leninizm bir-birylə döyüşdür. Nə çıxdı o döyüşdən, kimə xeyir verdi?! Yalan sözdür mü­ba­hisədə gəlir həqiqət, yox, həqiqət Atadan gəlir, yaxşı yadınızda saxlayın.
Üçüncü, intizam. İntizam, biri var ki, zor intizamı, bolşevizm inti­zamı, partiya intizamı, o yalandır. Çünki yalana səcdə qılmazlar. Amma bizim intizam doğmalığımızın ikinci adıdır. Kim intizam­sızdırsa, o yaddır.
Özünə sən intizamlısan, sən şərə intizamlı deyilsən, sənin nə haq­qın var intizamsız olasan. Bizim intizam mütləqdir. Çətinliyimiz var, hələlik evimiz yoxdur deyə, Amalı yaxşı öyrənə bilmirsiniz, mənim öz ürəyim ağrıyır. Elə Atanın sözündən bilirsiniz, çoxunuz vaxtınız yoxdur, eviniz yoxdur ki, qardaşlar bir-biriylə görüşsün, Ata sizinlə, heç olmasa, ayda bir dəfə görüşsün. Çətinliyimiz var, amma bu intizamsızlıq üçün deyil, həmişə çətinliyimiz olacaq, elə intizam çətinliyi də olmalıdır.
Əgər intizam olmayacaqsa, Azərbaycan müstəqil olmayacaq. Bu fərqi yenə bilin. Əgər sizin ürəyinizdən belə bir fikir keçəcəksə ki, əşşi, filan qayğıda da yaxşı bir şey var da, əşi, bu Elçin də yaxşıdır da, əşşi, bu, mikroskopla baxanda kimdəsə, əşşi, Sabir Rüstəmxanlı da yaxşı görür də, əşşi, bu Bəxtiyar Vahabzadə də  – qoca vaxtı artıq murdar­lığından əl çəkib, çünki imkanı yoxdur murdarlıq eləməyə. Bu da yaxşıdır da. Olmaz belə şey! Ya hər şey, ya heç nə! Biz mikros­kopla axtarmamalıyıq yaxşı cəhəti, nə vətənpərvərsən ki, arvad­bazsan, nə haqqın var arvadbaz olasan ki, sən vətənpərvərsən. Sənin kimi murdar vətənə nə gətirə bilər, nə haqqın var sənin əzabdan başqa sevincə, əgər xalq adamısansa. Nə haqqın var sənin hər şeyə vaxtın çatır – həm ruha, həm bədənə. Yalandır, yoxdur heç biri. Bizdən kənarda heç nə yoxdur. İnanın ki, bu həqiqətdir. Heç nə yoxdur, hamısı özünü göstərir. Mitinq bağırtısında çox vaxt “mən varam”. Məsələn, Nüsrət Kəsəmənli kimi uzundraz heyvərənin orada olması yalnız özündən ötəri idi ki, mən varam. Nüsrət Kəsəmənlinin Azərbaycan xalqına heç dəxli yoxdur. Onun qəlbində, içində bədəndən başqa heç nə yoxdur. O bədənçidir, nə təhər ola bilər o bədənçi Azərbaycan xalqı üçün canından keçsin. Olmaz elə şey. Həm özümü sevirəm, həm xalqı sevirəm. Aldatmayaq bu xalqı. Sevirsən, əl çək özündən. Hərfi mənada olmasa da, ruhani mənada əl çək. Çox gözəl qəhrəman olub, həm dövlət buna mükafat verir, həm laureat alır, həm ensiklopediyada adı çəkilir, həm bunun şəklini vururlar, həm də bu xalqa – şər belə axmaqlaşıb ki, özünün düşməninə orden verir?! Camaatı səfeh yerinə qoyurlar. Olmaz iki tərəfli vuruşma. Bir-biriylə – düşmən bir olmalıdır.
Ona görə əgər camaat bizim dalımızca yox, Bəxtiyarların, o birilərin dalınca gedəcəksə, Azərbaycan batdı. İnanın ki, mən bunu özümüz üçün demirəm, inanın ki, mən bunu həqiqət üçün deyirəm. Ya biz, ya başqaları. İndi elə günə düşmüşük ki, barışma siyasəti gedir. Heç bir dəfə fikirləşmirsiniz ki, bu şərə nə düşüb ki, İngiltərəylə birləşir, buna nə düşüb ki, təmiz olub birdən-birə bəşəriyyətin dərdini çəkir, Avropayla birləşir. Oyundur hamısı. Bu istəyir ki, Avropa vasitəsiylə özünü çıxartsın vəziyyətdən. Bunların hamısı haqqında ruhani yazılar var idi. Onlar bu gün niyə yoxdur?
Ona görə də heç bir – o adamın ki, qəlbində o biri yerə meyl var, o ya özünü öldürsün, ya bizi tərk eləsin. Atada güzəşt yoxdur. Atada məhəbbət hədsizdir. Onu bilirsiz, gərək kor olasınız ki, bilməyəsiniz Ata sizi necə istəyir. Amma sevgidə güzəşt yoxdur, güzəşt sevgi olmayanda olur.
İndi son söz deyilir, Atayla siz vidalaşırsınız, qaydayla. Yasımız çev­ri­lir əmələ. Bəsdir daha, nə qədər biz yasımızı əmələ çevir­mə­yəcəyiksə, yas yaşayacaq.
Dünyanın yağışları, tufanları üstünə tökülsə də, Ocağımız sönməyəcək. Çünki o, ruhdan qalanıb. Yasınızın, göz yaşınızın işığı həmin o Ocaqdadır. Ocaqçıyıq, deməli, dünyanın bəlaları qurtaracaq. Səltənətləri məhv elədilər, məmləkətləri məhv elədilər, Midiyanı məhv elədilər, Zərdüştü taxtdan saldılar. Ocağımızı məhv eləyə bil­mə­yə­cəklər. Bunu mən sizə – əminəm, deyirəm, əgər bu olmasa, onda siz mənim goruma lənət oxuyun. Əgər bu həyata keçməsə, onda deyin ki, biz Atasız idik, yetim idik.
Sabahımız içimizdədir, daxilimizdədir. Sabahımıza yol gedirik. Nurlanırıq ki, nurlandıraq.
Bugünkü mərasimin son Ata sözü bundan ibarətdir.

Evladlar: Ocağımızın Odu sönməzdir!

28 Çiçək Ayı, 11-ci il.

(aprel, 1990)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv