Milli Dəyərlərimiz – Varlığımızın Özülüdür

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.

Hər kəs bilməlidir ki, Milli dəyərlərimiz yurdçuluğumuzun dövlətçiliyimizin özülündə dayanır. Özülə toxunmaq isə xəyanət hesab olunmalı və ifşa edilməlidir. Hər bir vicdanlı yurddaşımızı belə məsələlər rahatsız etməli və öz yörəsində belə davranışlara  Vətənsizləşdirən, dəyərsizləşdirən davranışlara qarşı kəskin etirazını bildirməlidir.
Bütün bunları nəzərə alaraq biz də ayrı-ayrı yurdsevər aydınlarımızla bu məsələ yörəsində fikir bölüşümünə gəlmişik. İndi onların qoyulan məsələlərə fikirlərini, etirazlarını, düşüncələrini bölüşəcəyik. Bu çağa qədər TAQ-a qatılan ayrı-ayrı aydınlarımızla milli dəyərlərimizin qorunması və inkişafı yönündə fikir bölüşümlərini davamlı olaraq təqdim etmişik. Bundan başqa örnək olaraq Soylu Atalının və Xaliq Bahadırın mətbuat yazılarını da izləmişik.
Son vaxtlar dəyərlərimizin qorunması yönündə yazılarına görə Xaliq bəyə qarşı gözdənsalma xarakterli yazıların şahidi oluruq. Odur ki, elə ilk sualı da Xaliq bəydən soruşmaq istəyirik. (Onu da qeyd edək ki, milli dəyərlərin qorunması mövzusunda olan suallar demək olar ki, eyni xarakterdədir).
Xaliq bəy, dəyərlərimizə qarşı edilən hücumların, sərgilənən niyyətlərin nədənini necə qiymətləndirirsiniz?

20141103_161418

Xaliq Bahadır: Mən qabaqlar buna başqa cür baxırdım. Düşünürdüm ki, hər bir adam öz düşüncəsiylə çıxış edər, öz baxımından çıxış edər tariximizlə, milli dəyərlərimizlə bağlı. Ancaq son çağlar ortaya başqa görsənişlər çıxır. Tutaq ki, Finlandiyada yaşayan Gəncalp adında birisi sistemli olaraq bizim tariximizi ələşdirməyə girişib. Bu adamın tariximizdə gördüyü ancaq qaralama işlərdir. Yalnız neqativləri görür, yalnız qaralamaqla məşğuldur. Sonra, baxırıq, Türkiyədə bir sıra kitablar çıxır. Azərbaycanın özündə bir sıra yazılar çıxır. Son çağlar bir sıra partiya liderləri də bu işə qoşulublar. Elə bil ki, bütöv bir kompaniya başlayıb Azərbaycan tarixinə qarşı. Azərbaycanın tarixi şəxsiyyətlərini aşağılamaq yönündə bir kompaniya gedir. Ona görə mən düşünmürəm ki,  bu elə-belə bir işdir. Görünür bunların arxasında duran adamlar var, institutlar da ola bilər, ayrı-ayrı qüvvələr də.
Mən qabaqca qıraqdan bir-iki söz demək istəyirəm. Deyək ki, Gəncalp deyə biriylə bağlı. O, bir ara Güney Azərbaycandan gəldi, Quzey Azərbaycanda yaşadı, sonra getdi Avropaya, indi Finlandiyada yaşayır. Hüseyn Türkelli Güney Azərbaycandan gəldi, bir ara burda yaşadı, indi Kanadada yaşayır. Bu adamların missiyası nə olmalıdır?! Düşünürəm ki, bu adamlar Güney Azərbaycanda İran-molla rejimini də görüblər, burdakı rejimi də görüblər. Burdan çıxıb gediblər Avropaya. Yəni Avropada öyrəndiklərindən, görüb-götürdüklərindən də bəhrələnərək, bizdən də qabağa gedib yüz yerə bölünmüş ölkəmizi, millətimizi birləşdirmək yönündə çıxışlar etməlidirlər. O birləşdirmə də yalnız bu günün üərində ola bilməz, yəni çağdaş görsənişlərlə ola bilməz. Tarixlə olmalıdır. Atatürk deyirdi: “Keçmişinə yiyələnməyən xalqın gələcəyi olmaz”. Bu çox böyük bir gerçəklikdir. Biz gələcəyə keçmişimizin üzərində gedə bilərik. Təbii ki, tariximizin keçmişində neqativlər də olub. Söhbət neqativlərdən getmir, pozitivlərdən gedir. Tariximizdə çoxlu pozitivlər var. O pozitivlər bizim milli dəyərlərimizdir. O milli dəyərlərimizə biz hər yerdə arxa durmalıyıq. Onları qabartmalıyıq. O milli dəyərlərimizlə bir yerdə gələcəyə getməliyik.
Bunlar neyləyirlər? Bu adamlar gedib Avropada otururlar, Azərbaycana qarşı işləyirlər. Azərbaycanın keçmişini qaralamaqla gələcəyinə qarşı işləyirlər. Onlar Azərbaycanı birləş­dirməyi düşünmürlər, onlar milləti birlərşdirməyi düşünmürlər. Açıq-aydın onlar parçalanma siyasəti aparırlar. Tutaq ki, Maniçehr Cavanşir (Gəncalp), bu adam az qala Xətaişünasa, Şah İsmayılşünasa çevrilib. İndiyədək dedikləri bir yana, bu günlərdə yeni bir çıxış elədi. Deyir Şah İsmayıl bir dənə də şeir yazmayıb. Bu bilirsiniz nədir? – Bütün parametrlər üzrə Şah İsmayılı vurub tarixdən çıxartmaq istəyi. İndiyəcən Şah İsmayılın siyasətindən, dövlət işlərindən yazırdı. İndi keçib şairliyinə. Deyir o, bir dənə də şeir yazmayıb. Guya Azərbaycanda, Türkiyədə Xətai imzalı, Xətai təxəllüslü on şair olub. Onlar yazıblar. Sonda çıxıblar Şah İsmayılın adına…
Bu adam o qədər ağlını itirib ki, düşünmür, heç olmasa bir az adamları inandırmaq üçün, deyə Şah İsmayıl sarayına on nəfər yığmışdı. Onlara çoxlu pul verirdi, şeir yazdırırdı.
Şah İsmayılın yaradıcılığında onun ideyaları var, yaxşıdı, pisdi, bu başqa şeydi. O, ədəbiyyat tənqidçilərinin işidir. Bir şeyi demək istəyirəm. Şah İsmayılda belə bir beyt var. Onun bütün bioqrafiyası, mən deyərdim o beytdədir, onun ideologiyası. Deyir:

Şirvan Xəlayidir Təbrizə daşınsa,
Mülki-Əcəm sorar ki, qiyamət haçan qopar”.

Yəni Azərbaycan Təbriz yörəsində birləşsə, Təbrizlə birləşsə, Təbirzi özünə başkənd eləsə, bütövləşsə, dünya Azərbaycandan qorxacaq. Bu, Şah İsmayılın ideologiyası idi. Bu cür Azərbaycanı birləşdirir. İndi bu Gəncalp çalışır, Şah İsmayılın bədii yaradıcılığına da girişməklə onu gözdən salsın. Bu cür proses gedir. Biz bu cür antiazərbaycan, antimilli proseslərə qarşı çıxmağa borcluyuq.

Yasin Türksoy: Xaliq bəy, qəribə bir təzad yaranır. Nəsiminin yaxşı biliciləri Avropadadır. Şəms Təbrizinin, Ruminin də yaxşı biliciləri ABŞ-dadır…

Xaliq Bahadır: Elə mən də onu demək istədim. Avropada yaşayan, Amerikada yaşayan soydaşlarımızın bizdən qat-qat artıq imkanları var. Arxivlərdə otursunlar, işləsinlər. Amerikada, Avropada indiyənəcən çoxlu institutlar işləyib, bu gün də işləyir. Nizamiylə bağlı, Şah İsmayılla, hamısıyla bağlı. Orda öyrənməlidirlər. O arxivdə işləməlidirlər. Ancaq bunlar neyləyirlər? H.Türkelli o yandan durub yazır: “Mirzə Fətəli Axundov türklərə qarşı olub. Fars olub”. Bütünlüklə yalandır.

Yasin Türksoy: Özümüzünkülərin özümüzə qarşı işləməyində məqsəd nədir?

Xaliq Bahadır: Bilirsiz, indi məndə, ya da sizdə konkret fakt yoxdur. Biz ancaq öz analizlərimizlə bu yerə gəlmişik. Bunları öyrədənlər var. Bunları yönəldənlər var. Mən bir fakt deyim. Rusiyanın ədəbiyyatına baxın. Rusiyanın ədəbiyyatında çoxlu türklər var. Ümumiyyətlə, rusların mədəniyyətində çoxsaylı türklər olub. Basqakovun yazdığına görə Uşakov,  dünyanın ən böyük donanma başçılarındanıydı, türkdür. İngiltərədə Nevson var idi. Dünyada bunlar ikisiydi. Uşakov Nevsondan da qat-qat güclü idi. Türklər ona Uşak Paşa deyirdilər. Yəni bilirdilər ki, türkdür. Berdyayev rusların ən qabaqcıl, ən böyük filosoflarından biri kimi tanınır. Türkdür. Yəni bunların sayı o qədər çoxdur. Ruslar onlara türk demir, rus deyir. Nəyə görə? Rus mədəniyyətindən cücərib. Rus torpağı, rus mədəniyyəti, rus atmosferi. Eləcə də deyək, Mirzə Fətəli haqqında bu adam hardansa yalandan bir şey tapıb çıxardıb, ya bunun qulağına pıçıldayıblar. Hələ mənimlə də polemikaya girib deyir Xaliq Bahadır bir şey bilmir, bu işə girişir. Yəni mən bilmirəm, ya başqaları bilmir. Deyirlər Şah İsmayıl türk olmayıb. Koroğluya da Sərdar Cəlaloğlu deyir türk olmayıb. Özü də siz savadsızlığa, səviyyəsizliyə baxın. Deyir Koroğlu türkmən-monqol qarışığı olub, bizə dəxli olmayıb. Başa düşmürəm, mən götürüb yazdım, güzgüdə özünə bax, özün də türkmənsən. Türkmən kimdir? Biz elə özümüz türkmən deyilik?! Bu biliksizlikdir, ya nədir, istənilən adam üçün o biabırçı bir şeydir. Ancaq bütövlükdə, bu adamları yönləndirən var. Bu artıq sitemli xarkter alıb. Yəni bizim tariximizə, bizim dəyərlərimizə hücum, onları gözdənsalma indi açıq-aydın, sistemli xarakter alıb. Tutaq ki, biz göz yumaq, lap Şah İsmayıla deyirlər şiə-filan. Yaxşı, ona görə silsinlər tarixdən. Axı bununla qurtarmırlar. Sonra keçirlər Nəsimiyə, sonra keçirlər Babəkə. Sonra keçirlər Koroğluya. Onda bizə nə qalır, onda biz gələcəyə nəylə gedirik?! Özümsüzləşirik biz. Millət olaraq özümüzü itiririk. Bu da bilirsiz nədir? Bu Azərbaycanın, çoxları deyir neftiylə, qazıyla bağlıdır. Mən belə düşünmürəm. Bu, Azərbaycanın geopolitik durumuyla bağlıdır. Bu, Azərbaycanın coğrafiyasıyla bağlıdır. Min il qabaq Pompey bura elə-belə gəlməmişdi. Onda nə neft vardı, nə qaz. Azərbaycanı ələ keçirməyə gəlmişdi. Yəni Azərbaycan dünyanın ortasında olduqca gözəl bir ölkədir. Bu ölkənin baş qaldırmağına yol vermək olmaz. Bu ölkənin özünün milli-mənəvi dəyərlərinə yiyələnməyinə yol vermək olmaz. Bax, bunun üstündə gedir çarpışma. Hələlik demək olar biryönlü gedir, düşmənlərimiz aparır o çarpışmanı. Biz bir dövlət olaraq, millət olaraq susqun durumdayıq.

Yasin Türksoy: Elə Hitler dönəmində Qafqaza göndərilən məxfi missiyada, komissiyada burdakı dastanlarımızı, ədəbiyyatdakı obrazları araşdıraraq bu dövləti işğal eləmək üçün məhz neftdən, atomdan istifadə eləmək yox, elə onun tarixi şəxsiyyətlərini vurmağı, dəyərlərimizi işğal eləməyi qəsd edirdilər. Bunu niyyətlərində gizlədə bilmirlər. Xaliq bəy bir ifadə işlətdi, rusların tarixində olan, ədəbiyyatında olan türk şəxsləri rus deyə təqdim edirlər. Bunlarda ideoloji xətt var. Bizim də əsas axsamağımızın səbəbi ideoloji xəttimizin olmamasıdır. İdeoloji demişkən, bu barədə Soylu bəyin fikrini öyrənək.
Soylu bəy, demokratiya adlanan ideologiyaya görə toxunulmaz şəxsiyyət, toxunulmaz dəyər yoxdur. İnsanlar da üzünü bu ideologoiyaya tutduğundan, tərsinə baxış sərgiləyirlər. Bəlkə haqq edirlər? Belə olmalıdırmı?

Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Bizim, uzun müddətdir, zaman-zaman bir araya gələrək çaba göstərməyimiz əslində elə milli dəyərlərimizi qorumaq və insanlarımızın ağlında milli dəyərlərimizin yerini bəlli eləməkdən ibarət olub. Xalq nəyin üzərində inkişaf tapır, nəyin üzərində dirçəlir?! Xalq keçmişində yaratdığı dəyərlərin əsasında, yəni onu özül olaraq götürərək öz mənəvi imkanlarını aşkarlayır, bəşəri imkanlarını aşkarlayır, xalq olaraq öz kimliyini, simasını qoruyub saxlayır. Bu baxımdan, əlbəttə, bu gün bu toxunduğumuz məsələlər olduqca aktualdır.
Bizə görə aktualdır. Başqalarına görə bəlkə heç aktual deyil. Niyə başqalarına görə aktual deyil? Və niyə bizə görə aktualdır? Bilirsiz, milli dəyər dediyimiz nəsnələr tarixin bütün dönəmlərində qorunmalıdır, hansısa ideologiyadan asılı olmayaraq, zamandan asılı olmayaraq. Çünki xalq zaman və quruluş üzərində oturuşmur, xalq həmin dəyərlər üzərində oturuşur. Yazılarımda vaxtaşırı mən bunu vurğu eləmişəm.
Demokratiyayla bağlı bəzən mən kəskin mövqelər sərgiləmişəm. Demokratiyanın “insan haqları və söz azadlığı” adlanan iki anlayışı nəinki bizi, dünyanı valeh eləyib. Halbuki, bu anlayışlar heç öz anlamını, məzmununu heç yerdə tapmır. Demokratiyanı yaşadan, arxasında duran əslində Batı ölkələridir. Batı ölkələri öz sınırı içində müəyyən mənada  demokratiyanın anlayışlarını işlədir, ifadə eləyirlər. Ancaq onu qırağa çıxaranda elə bil ki, tamam başqa bir anlayışa çevirirlər. Tamam başqa məzmun daşıyır. Bu da nəylə bağlıdır? Məsələn, gəlin götürək konkret olaraq Azərbaycanımızı. Azərbaycanda hesab eləyirəm ki, məhz demokratiya deyilən ideologiya heç vaxt özünü doğrultmayacaq. Yenə deyirəm, əslində heç dünyada doğrultmayıb. Gəlin tarixə bu yöndən diqqət edək. Demokratiya yaranıbdır Avropa erasından öncə Afinada. Guya xalqın hakimiyyəti anlamı daşıyır. Xalqın hakimiyyəti deyə bir şey yoxdur axı. Xalq heç vaxt hakimiyyətdə olmayıbdır. Xalqın içindən çıxan ayrı-ayrı qüvvələr hakimiyyətdə olub, guya xalqın səsini təmsil eləyib, ancaq xalqın hakimiiyəti heç vaxt mövcud olmayıb. Əslində mən hesab eləyirəm, türkün özünün içindən gələn, öz mahiyyətindən gələn bir xətt olmaldıır – İnsanilik, Millətçilik, Bəşərilik. Mən qəti əminəm ki, demokratiya insanilik, millətçilik, bəşərilik deyə bir məzmunu içinə almır, almayıbdır da, tarixin heç bir dönəmində. Quldarlıq demokratiyası olub, kapitalizm demokratiyası olub və burada quldarların haqqı-hüququ olub. Qulların heç səsvermə hüququ olmayıb, nəinki bərabərsəviyyəli yaşama hüququ. Eləcə də təhkimçilərin heç bir vaxt hüququ, haqqı olmayıb. Bu günün özündə ayrı-ayrı görsənişlər var. Amma bütövlükdə götürəndə ədalət, bərabərlik yoxdur. Mən demirəm, hər kəs özünü, demokratiyanın dediyindən üstün olan insan haqları, söz azadlığı səviyyəsində sərbəst ifadə eləməlidir, hiss eləməlidir. Bu mümkün də deyil. Çünki hər bir insanın özünün yetdiyi bir səviyyə var. Ondan o yana o nəyəsə qail deyil. Amma ümumi bir xətt olmalıdır. Bu xəttin qırağında, ortasında, gözəl mühitlər ola bilər. O mühitlərin içində çatışmazlıqlar da ola bilər, bu ayrı. Bütövlükdə gözəl ictimai ahəng yaranmalıdır. Demokratiya həmin xətti yaratmır. Yarada bilmir. Bu cəhətdən də bizim insanlarımız ağına-bozuna baxmadan, mənim də söz demək haqqım var deyə elə hər şeyə barmaq uzadır. Sənin, məşğul olmadığın, öyrənmədiyin, bilmədiyin nəsnə haqqında danışmağa haqqın yoxdur. Söz azadlığı o demək deyil ki, kim gəldi durub çığırsın, bağırsın. Söz azadlığı odur ki, sözü o kəs deməlidir ki, o adam SÖZÜ tanıyan olsun. Sözü tanımayan adamın haqqı yoxdur söz desin. Bax, bu məsələ həllini tapmayıb, tapmır, tapmayacaq!
İndi qayıdıram dəyərlərimizlə bağlı məsələyə. Bilirsiz, əslində ölçü deyilən bir şey var. Mən də öz tariximizə, bir az belə deyim ki, yeri gəlib tənqidi yöndən yanaşmışam. Daha doğrusu, bizə dəyər kimi təqdim olunan bir çox şeylərə tənqidi yöndən yanaşmışam. Mən millətimin dəyərini, içini, astarını, öyrənəndən sonra sevgimə dayanıb o addımı atıram. Məsələn, mən Səməd Vurğunla bağlı söz yazmışam, onun haqqında acıyla danışmışam. Səməd Vurğun bizim hədər getmiş istedadımızdır. Səməd Vurğunun poeziyasının ana xətti yadlığa qulluq eləyib, türklüyə qulluq eləməyib. Çoxları deyir ki, dövr onu tələb eləyirdi, quruluş onu tələb eləyirdi. Mən razılaşmıram. Bu gün də deyə bilərlər, dövr onu tələb edir ki, Sərdar Cəlaloğlu bizim dəyərlərimizə söysün. Dövr onu tələb eləyir, çünki indi belədir. Aləm belə formalaşıb.
Dövr məsələsi deyil. Millətin dəyəri dövrə, zamana pərçimlənmir və şəxsiyyət də dövrün, zamanın köləsinə çevrilib öz dəyərinə arxa çevirə bilməz. Onun buna haqqı yoxdur…

 Xaliq Bahadır: Bağışlayın, Soylu bəy, burda bir şey var. Bizim hər birimiz tarixə tənqidi yanaşa bilərik. Tarix faktlarına. Söhbət aşağılamaqdan gedir. Sərdar Cəlaloğlu Səməd Vurğundan danışır. Deyir o dılğırdır. Biz millətimizə nə aşılayırıq bununla? Mən özüm tənqidçi adamam. Mən tənqidə qarşı deyiləm. Bəs yaxşı onda biz düşünək xalqımıza nə aşılayırıq? Mən buna dılğır deyim, sən  ona. Onda axırı nə olacaq bunun?

Soylu Atalı: Baxın, tənqid məsələsi elə-belə münasibət deyil. Gərək dəyərlərə müraciət eləməyə, onun yaxşısını, pisini ayırd eləməyə haqq edəsən. Gərək sən o qədər milli dəyərlərlə, hisslərlə, sevgilərlə dolasan ki, sən o dəyərlərin nəyi yanlışdı, nəyi xeyirdi biləsən, onu xalqına anlada biləsən. Söhbət bundan gedir. Bu cür adamlar oturublar başqalarının qulluğunda və bizim dəyərlərə münasibət sərgiləyirlər. Bir az qüsuru olan hansısa bir şəxsə münasibət sərgiləməklə böyük dəyərə də barmaq uzadır. Heç əslində onu da düz-əməlli bilmir. Söhbət ondan gedir ki, haqq edirsənmi sən onu araşdırasan. Ömür boyu onun-bunun mənafeyinə qulluq elə və özün də dur xalqın dəyərlərini aşağıla. Yurd dışında yaşayan soydaşlarımız, Yasin, sən soruşursan, yurd dışında yaşayan soydaşlarımız niyə belə edirlər. Hesab elə ki, onlar, çoxluq etibarilə, yurdu da itirir, milli kimliyini də. Mən dönə-dönə vurğu eləmişəm, diaspora deyilən bir şeyə inanmıram. Diasporanın millət üçün atacağı addıma inanmıram. Diaspora güclü dövlətlər üçündür. Aranı qatıb-qarışdırsınlar. Diaspora güclü dövlətlərin əlindədir. Bizim diaspora deyilən qüvvəmiz, filanımız millət üçün heç nə eləyə bilmir. Heç bir vaxt millətin dərdini, gedib millətdən min kilometrlərlə o tərəfdə yaşayıb, həll eləmək mümkün deyil. O cür adamlar, ora gedəndən sonra, çoxu özü üçün yaşayır. Özü üçün fəhləlik eləyir, öz həyatını qurur. Bir də var gedən adam müəyyən fikir sərgiləyir. Müəyyən fikir sərgiləyənin, mən sizi qəti əmin edirəm, 99 %-i başqalarının buyruğunda olur.  O başqalar ki, sənin yurdunla bağlı, millətinlə bağlı plan və proqram həyata keçirir. O gəlib burada sənin yanında açıq şəkildə casusluq eləyə bilmir, səninkinin əliylə eləyir. Onlar nə vaxtsa göndəriləcək bura. Göndərilir də. Tarix də buna şahiddir dönə-dönə.
Bir də var, içimizdə yaşayanların başqalarının buyruğunda hərəkət eləməsi. Cəlaloğlu tipli adamlar da təmsil olunduğu partiya ilə siyasi meydanda, mühitdə, siyasi rəqibləriylə döyüşə bilmir, özünü ifadə edə bilmir. Başlayır dəyərə müdaxilə eləməyə. Belə hallar da var. Başlayır dəyərləri sarsıtmağa. O, gizli olaraq öz acığını millətin üstünə tökür: “Bu milləti mən çağırdım gəlmədi, məni dəstəkləmədi. Filankəs oturdu kresloda, mən oturmadım”. “Bu xalq belə gəlib, belə də gedəcək”. Elə düşünürlər. Elə təlqin eləyirlər. Dünən sənin xalqın deyək ki, basqı altında öz kimliyini, sifətini itirib. Dünən itirib, bu gün də basqı altındadır. Sən o basqıya dirəniş göstərmək yerinə, bu basqıya sinə gərmək yerinə, xalqının basqı altında əzilməsini görüb onu söyürsən, aşağılayırsan. Bəs onda sən kimsən? Sən kimsən, əgər bu xalqın ləyaqətini düşünmək yerinə, bu xalqın ağrısının, acısının altına çiyin vermək yerinə durub onu söyürsənsə?!
Ona görə deyirəm dəyəri söyən adamın millətə dəxli yoxdur. O elə millətin düşmənidir.

Yasin Türksoy: Soylu bəy, demokratiya dəyərlinin də, dəyərsizin də haqqını bir tutursa, bəs demokratiya şirinliyi niyə insanları belə məst eləyib? Nədir bunun səbəbi?

 Xaliq Bahadır: Üzr istəyirəm, demokratiyayla bağlı mən bölüşmürəm Soylu bəyin düşüncələrini.

 Soylu Atalı: Bilirəm bölüşmürsünüz.

Yasin, mən sənə bir şeyi vurğu eləyim. Demokratiya ömrü boyu dövlət ideologiyası olub. İctimai həyatın nizamı üçün düşünülmüş ideologiya deyil. Həmişə dövlət ideologiyası olub. Dövlətin başına gələn insanlar var. Kimlərdir bunlar? – Şirə soranlar. Özünü düşünənlər. Xalqa vəd verib, onun bağazından kəsərək varidatı öz kisələrinə yığanlar. Demokratiya onlara mənəviyyat öyrətmir. Nə vaxt demokratiya öz qarşısında mənim dediyim insanilik, millətçilik, bəşərilik xəttini məqsəd qoyub? Heç vaxt qoymayıb, qoymayacaq da. Sonra, insanilik məsələsi, türkün humanizminin əsasında durur. Bunun da yeriməsi üçün nə lazımdır? Kamil mənəviyyat, kamil düşüncə, kamil münasibət. Demokratiyada kamil münasibət yoxdur. Demokratiyada ümumi, kütləvilik münasibətidir, sürü psixologiyasıdır. Mən deyirəm, orda ölçü yoxdur. Bax, o ölçünü bir adam tapıb mənə göstərsin ki, bu ölçü imkan verir, küçədə sərxoşluq edənlə ziyalının haqqı eyniləşdirilməsin. O ölçünü mənə göstərin. Bir insan kimi mövcud olmaq, qidalanmaq haqqı ayrı, ancaq quruculuq, dəyəri yaratmaq, qorumaq, milli yön yaratmaq çoxluğun həşiri ilə yarana bilməz. Əksinə, çoxluğun həşirini yaradırlar ki, dəyər işləməsin və sürünü asanlıqla idarə edib varlansınlar.
Küçə adamı ziyalını adam yerinə qoymur. Bu, demokratiyanın yaratdığı kütləvilik psixolo­giyasından irəli gəlir. Elə dəyərlərə qarşı hədyan münasibət də həmin məntiqdən irəli gəlir. Demokratiyada məsuliyyət ləğv olunur. Mən bunu demək istəyirəm. Yoxsa demokratiya yaxşı şeymiş, mən də o yaxşı şeyə qarşı çıxıram, bunu düşünmək olmaz axı.
Humanizm ayrı şeydir. Bu ayrı bir mövzudur. Gərək olsa, bununla bağlı polemika təşkil eləmək olar…

Xaliq Bahadır: Ərəb tarixçiləri yazır: Babək ərəblərin altı ordusunu darmadağın elədi. 150-300 min arası. Sərdar Cəlaloğlu deyir: “Babək qəhrəman olmayıb. Onu qəhrəman saymaq düzgün deyil. Onu tarixdən silmək gərəkdir. O Bəzz qalasında otururb ömrü boyu. Bircə gün qaladan çıxıb, onda da məğlub olub”. Bu nə deməkdir? Get araşdır, ərəb dilini öyrən, ərəb arxivlərini araşdır. Mənim qabağıma fakt qoy, mən də inanım sənə. Ancaq oturmusan qərargahda, isti yerdə, götürüb nə gəldi yazırsan.

20141103_155631

Murad bəy: Erməni bir yerə daş basdırır. İki ildən sonra onu qazıb çıxarır. Deyir bunun iki min il yaşı var. Sərdar Cəlaloğlu isə bizim  min illik dəyərlərimizin üstündən xətt çəkir.

Xaliq Bahadır: Babəkin bütün ailəsini qırdılar. Mən Babəki oxuyanda öz ailəmi düşünürəm. Öz oğlumu, qızımı düşünürəm. Hamımız düşünməliyik. O, Azərbaycan uğrunda qurban verdi. Ərəb tarixçiləri isə yazır ki: “O şərəfsiz, namussuz bir adam idi. Yeyib-dağıdan idi, əyyaş idi”. Deyir, Babək Mötəsimə yalvardı. Mötəsim onu bağışlamadı. Bu harda var? Bunu yalnız farsdan sonra ərəblər Babəkə qarşı böhtan atıb, ideoloji bir xətt kimi yürüdürdülər. Çarpışma apardılar Azərbaycanı bütünlüklə yenmək üçün, farslar apardılar. Bu gün də gedir çarpışma. Biz o ideologiyanın altında basılırıq. Biz ordan qalxmaq yerinə, millətimizi ordan qaldırmaq yerinə özümüz Babəki söyməyə başlayırıq. Onunla hara gedib çıxacağıq?!

Yasin Türksoy: Abil Ulusoydan soruşaq. Abil bəy, milli dəyərlərimizi qorumağın bəlli bir ölçüsü varmı? Yoxsa tərsinə baxışlar haqq edirlər, belə olmalıdır?

20141103_161334 

Abil Ulusoy: Mənə elə gəlir ki, dəyər hər bir xalqın, getdiyi yolda, milli mənliyini müəyyən edən bir vasitədir. Dəyərsiz yaşamaq əslində qeyri-mümkündür. Dəyərin milliliyinə bu günkü kürəsəlləşən dünyada münasibət təbii ki, bizim istədiyimiz səviyyədə deyil. Nəyə görə? Bu gün dünyada özlərinin iradələrini ortaya qoyan, iki yüzə yaxın dövlət təsdiqini tapa bilib. Həmin dövlətlərin imkanları var, başqalarına nisbətən yaratdıqları nə varsa, bəşəri səviyyədə qoruyub saxlaya bilsin. Kürəsəlləşən dünyanın bugünkü siyasi aparıcıları, “aktyorları” təbii ki, bunu istəmir. Dünyanın əsas siyasi gücü sayılan Amerikanın timsalında daha çox bölmək, daha çox parçalamaq, tarixin keçmişlə əlaqələrini tamamilə kəsmək xarakteri daşıyır əməllər. Əslində dəyərlərə qarşı köklü şəkildə hücum kürəsəlləşmənin məhsuludur. Kürəsəlləşdirən güclər dəyər qəbul eləmir. İstəmirlər milli dəyər ortaya qoyasan. Bu, kürəsəlləşmənin yayılmasına, oturuşma­sına zidd olan hadisədir. Azərbaycanın dəyərlərinə hücumlara gəldikdə isə, tərs yazıları mən də oxudum. Azərbaycanda olan azsaylı, kiçik bir siyasi qurumun başçısı – Cəlaloğlunun səslən­dirdiyi fikirləri, yəni Azərbaycanın köklü dəyərlərinə qarşı əsassız ittihamlarını, sözün açığı, mən siyasi sifariş kimi görürəm. Nəyə görə? İki amil xüsusən mənim nəzərimdə qaldı. Birinci, “Koroğlunun Azərbaycan dövlətçiliyinə qarşı apardığı mübarizə”. İkinci məqam, yazıda erməni-rus düşmənçiliyindən söhbət gedirdi. Azərbaycan xalqının erməni-rus adlı düşməni varıymış. Ancaq fars haqqında orda bir kəlmə də deyilmirdi. İranın öz milli təhlükəsizlik maraqlarını Azərbaycanın quzeyində həll eləməsi taktikası var. Burda da ayrı-ayrı insanlar seçilirlər, onlara sifariş verirlər. Artıq bu məqaləni oxuyanlar belə başa düşürlər ki, Azərbaycan Demokratik Partiyası öz liderinin timsalında ermənini və rusu düşmən hesab eləyir Azərbaycan xalqı üçün, ancaq farsın qəsbkarlığının adını çəkmir. Bilərəkdənmi, bilməyərəkdənmi? Məncə bilərəkdən Cəlaloğlu bu fikri səsləndirmir. Burda artıq farsın Azərbaycan xalqına elədiklərindən bir növ qıraqda qalırlar… Azərbaycanın dəyərlərinin qorunmasından söhbət eləyirik. Məsəlçün, Babəkə qarşı olunan hücumlar, bayaq Xaliq bəy dedi. Babəki də Azərbaycanlı saymırlar, ancaq çox maraqlıdır ki, dünyada Babəkə bizim qədər yiyəlik eləmək istəyən ikinci bir millət yoxdur. Hər il bu və ya başqa şəkildə Bəzz Qalasına yürüş edirlər. Cəlaloğlu məqalədə qeyd eləyib ki, Babək qəhrəman deyil, qəhrəman Bəzz qalası idi. Koroğlu qəhrəman deyildi, Çənlibel qəhrəman idi. Bəzz qalasına yürüş edənlər azadlıq istəyən soydaşlarımızdır. Bu gün əzilən, tapdalanan İran adlı bir imperiyanın istibadına uğrayan soydaşlarımız əsarət altından çıxmağa çalışan azadlıqsevər bir toplum var – Babəkə üzünü tutub.

Soylu Atalı: Bəli, “Bəzz Qalasının qəhrəmanlığı” ora gedənlər üçün nə deməkdir görəsən?!
Bir-iki kəlmə əlavə eləmək istəyirəm. Sərdar bəy yazır ki, o, Babək yox, Babokdur. Bilirsinizmi, bu sözü, ifadəni işlədən adam ən azından özüylə üz-üzə oturub özünə suallar verməlidir. Yoxsa birdən-birə ağla gələn gümanı sərgiləmək olmaz axı. Tutaq ki, Babək deyil, o, Babokdur. Tarixin hansı dönəmində görmüsən ki, hansısa bir Babok başqa bir xalqın azadlığı uğrunda əsrin dörddə biri qədər mübarizə aparsın? Belə bir şey olmayıb. Bəs onun marağı nədir burda mübarizə aparsın? Sonra, yenə Babəkin özüylə bağlı, bunu oturub fikirləşmək gərək idi. Babəkdən gələn bir ruh var. Bu ruh Zərdüştdən gəlir. Bu ruh Dədə Qorquddan gəlir. Füzulidən gəlir, Nəsimidən gəlir Azərbaycan üçün. Ən azı bu ruhu müqayisə eləmək lazım idi. Bir adam bir əsər yazır. Bu yazını kimsə oğurlayır. Bu, gec-tez üzə çıxardılacaq. Nəyin əsasında? Dəsti-xətt məsələsi var, üslub məsələsi var. Babəkin dəsti-xəttinə, harayına, çağırışına diqqət elə, gör hardan gəlir? Gör nəyə bağlanır? Faktdan başqa məntiq də var axı. Hadisənin daxili inkişaf qanunauyğunluğu var axı…

Xaliq Bahadır: Soylu bəy, Abil bəy söhbəti çox yaxşı yerə gətirdi. Mən elə bildim siz onu vurğulayacaqsınız. Neçə ildir islam rejimi kimi güclü bir rejim Bəzz qalasına yürüşün qarşısını ala bilmir. Nələr tökürlər ora, ala bilmir. Bu yandan Sərdar çıxır Babəki heç nə eləyir. Deməli, İran-fars rejimi Babəkin ruhunu yenə bilmir. Bu adam, gözlənilməz bir yerdən, Quzey Azərbaycandan çıxır. Əslində Güney Azərbaycan bəlkə də bütün gözünü, diqqətini bura yönəldir. Yürüş çağlarında ki, görsünlər burdan hansı xoş söz eşidəcəklər Babəklə bağlı. Burdan da belə bir söz çıxır: Babək heç Azərbaycanın olmayıb. Çox yaxşı gətirdiniz o söhbəti. Söhbət ondan gedir. Buyurun.

Abil Ulusoy: Babəklə bağlı mən bir şeyi də demək istəyirdim. Soylu bəyin dediyinə bir şeyi də əlavə eləyim. Bəli, Azərbaycan dəyərlərinin bir-biriylə bağlılığı vardı – Zərdüştdən gələn. Babək öz fəlsəfəsini elə-belə yaratmamışdı. Hardan öyrənmişdi? Bunu ərəbdən öyrənməmişdi, Çindən də öyrənməmişdi. Azərbaycanın özündən, öz içərisindən gələn, Azərbaycanın ruhundan gələn dəyərlərimizin tarixi arasıkəsilməzliyi var. Bir sapa düzülə-düzülə gəliblər. Bir-birindən öyrənə-öyrənə gəliblər, Asif Ataya qədər. Asif Ata o dəyərlərin üzərində Ocaq sistemini yaratdı.

 Xaliq Bahadır: Abil bəy, orda ərəblər kimi, farslar kimi, burda Sərdar Cəlaloğlu Babəkin ideologiyasına qarşı çıxır. Xürrəmidinliyə qarşı çıxır. Deyir bu, Azərbaycana yad bir ideologiya idi. Mən sizə dedim, yazının üstündə yenidən işləyirəm. Yenidən düşünmüşəm, araşdırma aparmışam. Bilirsiz aparıb hara çıxarmışam, Xürrəmilik hara dayandı?! Xürrəmilik Tanrıçılığa dayanır. O ideologiyanın içində elə şeylər var. Siz Zərdüştü dediniz. Mən onu salmışam. Zərdüştlük, Tanrıçılıq, Xürrəmidinlik. Kim istəyir, lap getsin Sərdar da baxsın, araşdırsın, görsün nə boyda ideologiya var. Onun içində Tanrıçılıqdan olanlar, sözsüz bütünlüklə yox. Ancaq bir xətt olaraq Zərdüştlükdən də keçir, Xürrəmidinlikdən də keçir.
Babəki pozğun adam kimi qələmə verirlər. Pozğun adam 22 il vuruşa bilməzdi. Ondan başqa, o ideologiyaya söykənən adam pozğun ola bilməzdi. Min illərin ideologiyasıdır. Hürufilik nəydi? Hürufiliyin də içində o idi. Baxın, onu başqa bir yerdə yazmışam, Hürufiliyin özündə böyük Tanrıçılıq var. Türk tanrıçılığı var. Demək istədiyim odur ki, bu bağı qırmağa çalışsalar da, alınmayıb.

 Abil Ulusoy: Deməli, Babəklə bağlı  bir şeyi də demək istəyirəm. Azərbaycanın Güneyində bir nəfər Azərbaycanlı türkün anım mərasimində bir şeirdən beyt xatırımda qalıb:

Babamız Babəkə kafər dedilər,
Biz də olduq kafər balası”.

Orda, Azərbaycanın Güneyində babamız Babəkə kafər demirlər, bu günün özündə. Fars rejiminin özü deyib. Xalqa dedirdə bilmədi. Ayrı-ayrı insanlara Babəkə kafir dedizdirir ki, biz də kafərin nəvə-nəticəsi kimi “kafər balası” olaq.
Azərbaycan dəyərlərinin bəşəri mahiyyəti var, bəşəri gərəkliliyi var. Sadəcə olaraq içimizdə olan yaxşı bir şeyi gərəyincə təqdim eləyə bilmədiyimizə görə, bəşər də gərəkliliyini hiss eləmir. Bu günün özündə də baxırsan ki, bəşərin insani çağırışa ehtiyacı var. Hürufiliyin ana xətti insana səcdə idi. Hansı ki, bu gün insana insan kimi baxılmır. Heç insan adam da sayılmır. Məxluq da deyil. İnsana heyvani münasibət var. İnsan üzərində zorakılıqlarla bağlı statistikaya baxırsan, dəhşətə gəlirsən.
Görün Hürufiliyin fəlsəfəsini yaşadan Nəsimi nə deyirdi:

“Hər kim etməsə insana səcdə,
ol vücudda şeytan gələr, şeytan gedər”.

Koroğlu haqda nəyə görə bir qədər az danışmaq istəyirəm? Mən bayaqkı söhbətdə dedim: Azərbaycanda bir var zirvə dəyərlər, bir də var dəyərlərə doğma olan hadisələr. Koroğlu böyük dəyərlərimizə doğma olan hadisədir. Ölkə daxilində hansısa bir zülmə, hakimiyyətə qarşı müba­rizə yaxşı şeydir. Həm insani baxımdan, həm millətin təmizlənməsi, arınması baxımından yaxşı­dır. Ancaq Böyük Dəyərlər Azərbaycan xalqının tarixində müstəsna rol oynayıblar, bu gün də oyna­yır­lar, sabah da oynayacaqlar.
Soylu bəy, 22 il böyük bir xilafətə qarşı vuruşanlar Babəkdən başqa da olublar, xilafətin ən güclü vaxtıydı. Nə oldu bunların heç biri tarixə düşmədilər, bunlar da həmin xilafətə qarşı vuruşdular. Elə Babəkin də böyüklüyü bu idi.
Sonda nə demək istəyirəm? Azərbaycan dövləti Azərbaycan dəyərlərinə yiyəlik eləməlidir. Bu özünü nə formada göstərməlidir? Qorunmasına kömək eləməlidir. Mətbuatda, televiziyada Azərbaycan dəyərləri təbliğ olunmalı, ayrıca dərslikdə “Azərbaycam dəyərləri” adı altında tədris olunmalıdır, özü də izahlı şəkildə.
Mən həmişə bir şeyi arzulayıram. Azərbaycanın konstitusiyası dünyada olan konstitusiyalardan götürülüb. İnqibator cücələri kimi hamısı bir-birinə oxşayır. Biz konstitusiyanın özündə həmin dəyərləri bu və ya başqa şəkildə təsbit edə bilərik. Onda daha uğurlu olacaq.
Ayrı-ayrı yerli hücumlara gəldikdə isə, mən yenə də sonda deyirəm ki, bu, ya gündəmdə qalmaq istəyidir, ya da qıraqdan verilən siyasi sifarişi yerinə yetirməkdir.

Yasin Türksoy: Abil bəyin fikirlərində yaxşı ifadə vardı ki, milli dəyərlər dərsliyə salınmalıdır.  Bir də vurğuladı, zirvə dəyərlər və ona yaxın. Elə bu yöndə növbəti sualı İlqar bəydən soruşaq. İlqar bəy, milli dəyərlərin ideala uyğun, yaxud ideala az uyğun olduğunu kimlər və necə müəyyən etməlidir?

20141103_170050

İlqar Türkoğlu: Dəyərlər anlayışı bir az mürəkkəb anlayışdır. Biz dəyərlərə qiymət verərkən çox vaxt subyektiv fikir deyə bilərik. Ümumiyyətlə, müxtəlif dəyərlər var ki, onları çeşidləmək olar. Deyək ki, var elmi dəyərlər, hər şey elmin əsasında, zehni əsasda izah olunur və dəyərə çevrilir. Sonra mənəvi, əxlaqi dəyərlərimiz var ki, bu gün daha çox o mövzuda danışdıq. Üçüncü dəyər o dəyərlərdir ki, o dəyərlər hüquqi, dövləti məna daşıyır.
Bu gün dəyərlərimizə bu cür sayğısızlıq görəndə hamımızın qəlbini ağrıdır. Təəssüf ki, zaman-zaman elə şeylər olub ki, elmi dəyərlər adı altında bizə sırıyıblar. Məsələn, sosializmin nəzəri prinsipi olan marksizmi. Yəni görürsən tarixin müxtəlif dönəmlərində müxtəlif ideologiyalarına elm adı qoyublar, onu dəyərlərə çevirmək istəyiblər. Bir müddət ötəndən sonra bəlli olub ki, bu prinsiplərdə nə elmilik var, nə dəyərlik. Yanlış üzərində qurulan məsələlər də tarixin arxivinə çevrilib.
Mənimçün çox paradoksal bir haldır ki, yanlış üzərində 1400 ildir qurulan islam cəhaləti, müxtə­lif zamanlarda ona qarşı təpkilər olsa da, bunu beyinlərdən silmək,  bundan qurtarmaq mümkün olmayıb. Biz müxtəlif vaxtlarda, milli düşüncə mərkəzlərində oluruq. Müəyyən insanlarla görüşlərimiz olur. Dinlə bağlı, dövlətçiliklə bağlı. Əslinə baxanda dəyərlərdən söhbət gedir. Həmişə özümüzünkünü vurub, dəyər adına başqalarını – Yunan mədəniyyətini, Çin mədəniy­yətini, Misir mədəniyyətini örnək kimi, uzun illər, bizə sırıyıblar. Türkün tarixini də ömrü boyu müxtəlif etnoqrafçılar, araşdırmaçılar yazıblar. Bu bir faktdır. Heç bir türk türk tarixini yazmayıb. Danimarka alimi, Polşa alimi… bu yaxınlarda bir italyan alimi öz araşdırmalarında etruslar haqqında bir yazı yazmışdı: “Biz tarixin ən dərinliklərinə vardıq. Nə qədər türkün izini itirmək istəsək də, baxıb gördük ki, etruslar da şumer türkləriylə bağlı insanlardır”. Demək olar ki, bizim köklərimiz də gedib şumerlərə bağlanır. Yəni zaman-zaman görürsən ki, o antik yunan abidələri kimi təqdim olunan türk abidələrini dağıdıblar, özününküləşdiriblər. Yəni türkün adında heç nə olmasın deyə hər cür oyundan çıxıblar.
Tanrıçılıqla da bağlı bir məqama toxunmaq istəyirəm. Ümumiyyətlə, bütün dinlərin özəyində Tanrıçılıq dinindən gələn məqamlar var. Hətta o dinlərin hamısının türkün Orxon-Yenisey əlifbasında yazılmış çap örnəyi var. Daha doğrusu runik əlifbasında. Bütün dinlərin hamısı runik əlifbasında yazılıblar. 9-cu yüzdə xristinlar öz dini ibadətlərini türkcə eləyiblər. Çünki bütün dini kitabların hamısı türkcə olmuşdur. Hətta 18-ci yüzilə qədər provaslavlar dini ibadətlərini türkcə eləyiblər. Çünki o kitabların hamısı türkcə yazılmışdır.
Qum şəhərində, İranda Quranın iki nüsxəsi saxlanılır. Buxarada bir nüsxə, bir nüsxə də Vatikanda saxlanılır. Quranın ən əski örnəklərindəndir. Sual oluna bilər. Bu örnəklərlə, “Quran”ın ilk nüsxələriylə niyə bir ərəbşünas, bir farsşünas gedib məşğul olmur, onu tədqiq eləmirlər? Çünki o kitabların hər biri türkün runik əlifbasıyla yazılıb, türkcə yazılıb. Çoxları iddia eləyir ki, Quran ərəbcə yazılıb. Az-çox tarixdən anlayışı olanlar bilir ki, X əsrə qədər mükəmməl ərəb dili olmayıb. X əsrdən sonra formalaşmağa başladı. Necə VII yüzildə “Quran” ərəbcə yazıla bilərdi? Sadəcə olaraq türk həmişə yaradıb, bəşəriyyətə bəxş eləyib, insanlığa qulluq eləyib. Ancaq türk heç vaxt deməyib ki, bu mənimdir. Həmişə bəşəriyyətə bəxş edib. Türkün suçu odur ki, özünün maddi-mənəvi irsinə heç vaxt sahib durmayıb.
Bu gün də türkə qarşı, Avropada, Amerikada düşmən mövqe sərgiləyirlər. Dindən istifadə eləyirlər. Atatürk də deyib ki, bir milləti sarsitmaq üçün onun başını dinlə qat, millət özü məhv olub gedəcək. Yaxud da o dindən istifadə eləyən bir hakimiyyət, yəni əxlaqsız siyasət, 12 ildir Avropanın, Amerikanın planına qulluq edib türkçülüyü ayaqlar altına atan Ərdoğan ərəb qardaşlarım, erməni qardaşlarım, fars qardaşlarım, kürd qardaşlarım deyir. Mən Türkiyə Milli Düşüncə Mərkəzində bir görüşdə iştirak elədim. Orada 1915-ci il “erməni soyqırımı” ilə bağlı dinləmələr vardı. Bütün tarixçi araşdırmaçıların əksəriyyəti ermənilərin Vanda, Qarsda türklərə qarşı necə soyqırım elədiklərini tarixi faktlarla göstərirdilər. Sonda mən sual verdim ki, 1915-ci ildə Vanda, Qarsda, Ərzurumda ruslarla, ermənilərlə bərabər, onlardan daha qəddarcasına Molla Mustafa Bərzani ruslardan aldığı texnikayla türkə zərbələr vururdu. Ermənilərin yol göstərəni idi. Onun əməlinin davamı kimi bu gün Türkiyəni daha çox təhdid edən PKK sorunu var. Kürd sorunu var. Heç onun adını dilə gətirmirsiniz. Zalda çoxları əl çaldılar.
Milli Düşüncə Mərkəzi dövlət təşkilatıdır. Dövlət nəzarətində olan bir təşkilatdır. Sonda bir sual da verdim ki, türkçülüyü ayaqlar altına atan bir insan, Ərdoğan sabah türk dövlətini ayaqlar altına ata bilməzmi?
Türkiyə bu gün dağılmaq, bölünmək qarşısındadır, durumundadır. Bu gün bütün dünya irqçiliklə, millətçiliklə məşğuldur. Biz də güya türkçülüklə məşğuluq. Biz türkçülüklə məşğul olmuruq. Əksinə, sıralarımızdan ayrı-ayrı adamlar türkün dəyərlərinə qarşı hücumlarla məşğuldurlar…

 Soylu Atalı: Bu gün başlıca bizi qayğılandıran məsələ, istər Avropa ölkələrində, istərsə də Azərbaycanın özündə olan ayrı-ayrı fərdlərin dəyərlərimizə nəinki sayğısısz yanaşması, onları inkar etməsi və xalqın gözündən salmağa cəhd etməsi məsələsidir. Bu baxımdan, konkret olaraq adı çəkilən dəyərlərə qısaca milli yöndən məna vermək istəyirəm. Yazılarımın birində vurğu eləmişəm. Mən Dədə Qorqudla Koroğlunu bir-birinə bağlamışam məzmunca, mənaca. Diqqət eləyin, tarix baxımından bunların arasında çox böyük bir məsafə var. Dədə Qorqudu1300 il bundan öncəki tarixə bağlayırlar. Mən onu doğru saymıram. Dədə Qorqudda olan boyların hamısı sübut edir ki, bu hadisə Avropa erasından öncəyə gedib çıxır. Bəzi qaynaqlarda hətta 3000 il tarixi var Dədə Qorqudun. Dədə Qorqud Midiya dövlətindən öncə olub. Dədə Qorqudda yalnız “Dəli Domrul” boyu  islam erasının içində olub. O üslub görünür. Ona qədər olan boyların heç birinin islamla, ərəblə bağlılığı qətiyyən yoxdur. Bu, onun tarixi qədimliyini  nişanlayır. Bu məsələnin bir tərəfi. İkinci, mən dedim ki, Dədə Qorqudla Koroğlunu bir-birinə bağladım. Koroğlu isə sizə bəllidir ki, 16-17-ci yüzilə aid edilir. Görün aralarında nə qədər böyük məsafə var. Ancaq bunları bir-birinə bağlayan xətt var. “Dədə Qorqud”da ağsaqqal var idi. Ağsaqqal sözü hər şey idi. Böyük bir toplumun yönəldicisi ağsaqqallıq idi. Fikir verin, qaydaya, insan böyüklüyü, insan dühasının böyüklüyü özü anayasadır. Orda igidlər var idi, döyüşürdülər. Nizam var idi, sistem var idi, ağsaqqal igidə yol göstərirdi, öyüd verirdi və s. Gəlirik Koroğluya. Görün türkün öz ağlında, düşüncəsində və sevgisində arzuladığı hansı cəmiyyətdir? O hansı bir toplumu arzulayır, hansı həyat sistemini istəyir? Onu öz düşüncəsində gətirib Koroğluda yekunlaşdırır. Koroğluda qılınc var, özü döyüşür. Bununla belə Dədə Qorqud timsallıdır. Baxmayaraq ki, Dədə Qorqudun əlində qılınc yox idi, amma Koroğlu özü ağsaqqal idi, böyük bir elatı idarə eləyirdi. “Yeddi min yeddi yüz yetmiş yeddi dəli” söhbəti, təsadüfi söhbət deyil. Bu bir toplumdur, bu bir xalqdır və burada namərd yoxdur. Haram yoxdur, eybəcər yoxdur, murdarlıq yoxdur. Hamı halaldır, mərddir, igiddir, döyüşkəndir, hamı bir-birinin əlindən tutandır. Görün nə qədər böyük sistemdir bu. Görün bu sistem hansı xalqın baxışlarında var. Bizim babalarımız eybəcərliyin üzərində heç vaxt həyatına çalar verməyib. Mən öz kəndimin adıyla bağlı bir vurğu eləmişdim. Mənim kəndimin adı Kəpənəkçidir. Deyirlər ki, Kəpənəkçidə xəpənək xəstəliyini müalicə eləyənlər varmış. Aşağı ellərdən gələnlərdən soruşanda ki, hara gedirsən, deyirmiş xəpənəkçilərin yanına. Guya “x” səsi “k” səsinə keçir və Kəpənəkçi adı yaranır. Mən ona etiraz elədim. Bizim kəndin təxminən 350-400 il tarixi var… Söz yox, türk atla dost olub. Amma qətiyyətlə mən əminəm ki, türk xalqı öz adını, öz kimliyini at xəstəliyinə bağlı olaraq toponimləşdirə bilməz. Mümkün deyil. Araşdırdım ki, Kəpənək sözü Yepançı anlamı daşıyır və Dədə Qorquddan gəlir. Bu mövzunu uzatmaq istəmirəm. Dediyim odur ki, xalq nə qədər ayrı-ayrı dövrlərdə basqılar altında cılızlaşdırılsa da, onun şüuru müəyyən mənada məhv edilsə də, babalarımız mərd olub, ləyaqətli babalarımız olub. Məzlumlaşdırılan, xalqını satan da olub, biz bunları heç vaxt istisna eləmirik. Biz xalqı xalq eləməyə çalışan, onun ləyaqətini daşıyan babalarımıza istinad edirik. Biz Babəki örnək götürürük. Nəsimini, Dədə Qorqudu örnək götürürük. Sən bunları örnək götürəndə dərk edəcəksən ki, kimsən. Çünki sənin mayan odur. Sən onun üzərində gəlib bu günə çıxmısan. Bu baxımdan Dədə Qorqud və Koroğlu arasındakı məsafədə bütün dəyərlərimizə yaxşı baxaq. Məsələn, Zərdüşt işıqçılıq ideyasıdır. Dədə Qorqud özü işıqçılıq idi. Azərbaycan sözünü də ordan götürüblər. Odlar yurdu, odqoruyan. Hamısı işıqçılıq mahiyyətini ifadə eləyir. Dədə Qorqud ağsaqqallıqdır. Ağsaqqallıq işıq deməkdir. Zərdüştdə Hürmüzdlə Əhrimənin döyüşündə atəş deyil, işıq vardı. Zərdüştdə Od atəş deyil, işıqçılıqdır. Xürrəmidinlikdə fərəhçilik məsələsi var: “İnsan Fərəhlə döyüşməlidir, Fərəhlə yaşamalıdır, Fərəhlə ölməlidir”. Babəkin ideyasıdır bu. Baxın, bundan böyük ideya yoxdur. Fərəhçilik işıqçılıqdır. Ondan sonra gəlir Fizuli. Fizulinin eşqi. Fizulini Fizuli eləyən onun fəlsəfi əsərləri deyildi. Füzuli başlayanda fəlsəfi əsərlərlə başlamışdı. Amma Fizuli o əsərlərdə özünü ifadə eləyə bilmədi. Gördü ki, kölgədən çıxa bilmir. Ondan sonra başladı qəzəllərə və qəzəllərdə Allahın yanına qalxdı, göylərə ucaldı. Fizuli o idi. “Leyli və Məcnun” adlanan ərəb dastanı çox sönük və bəsitdir. Leyli-Məcnunu siz Fizulinin qəzəlində tanıyırsız. O Fizuli ki, Leyli-Məcnuna bütünlüklə türk xarakterini, özünün kimliyini, işığını qoyubdur. “O eşqi din səviyyəsinə qaldırdı”. Asif Ata təsadüfi demirdi ki, Fizuli eşqdən din yaratdı. Baxın, Fizuli o Fizuliydi. Onun eşq yolu İşıqçılıqdır.
Ənəlhəqq ideyasını bağlayırlar Mənsur Həllacın adına. Mənsur Həllac böyük şəxsiyyətdir, mənim ona böyük sayğım var. Amma Mənsur Həllac X yüzildə deyib Ənəlhəqq ideyasını. Mənsur Həllacdan öncə Babək deyib Ənəlhəqq ideyasını. Deyirdi mən içimdə Şirvin gəzdirirəm, ona görə yenilmirəm. Şirvin qüdrət allahının adıdır. Elə həmin ideyadır. Allah mənəm, içimdədir. O Ənəlhəqq ki, onu Babəkdən sonra dedi Mənsur Həllac. Hürufilər sonra daha irəli getdi, həm fəlsəfi mənada, həm də hərəkata çevirdilər o ideyanı.

Xaliq Bahadır: Deməli, Sərdar Cəlaloğlu deyir ermənilərdə Koroğlu dastanı olub, Azərbay­canda olmayıb. Siz yəqin onu deməyi unutdunuz. Erməninin heç nəyi yoxdursa, hər şeyi bizdən oğurlayıbsa, necə erməni Koroğlu dastanını yarada bilərdi, biz yox?!
Koroğlu dastanı bizimdir. Orda türkün sosial ədalət prinsipi qoyulub. O dastanın  başlıca canı, başlıca ideyası odur. O dövlətçiliyiə qarşı çıxmaq Sərdarın uydurmasıdır.

Soylu Atalı: Mən onu elə vurğu elədim ki, əslində o cəmiyyətdə hamı əlbir, hamı bərabər idi. Dövlət məsələsinə gəlincə, əgər biz qəbul eləsək ki, Koroğlunun azğınlarla, sultanlarla, pozğunlarla döyüşü, deyildiyi kimi, güya dövlətçiıliyə qarşı çıxmaqdır, onda bu gün də biz indiki hakimiyyətə heç səsimizi çıxartmayaq. Bu da bir dövlətçilik sayılmalıdır onda… Elə deyil. Ən azı hakimiyyət uğrunda mübarizə aparan bir adam, düşünməlidir ki, hakimiyyət uğrunda mübarizə nədir, dövlətçiliyə qarşı mübarizə nədir. Onda sənin özün, partiyan dövlətçiliyə qarşı mübarizə aparırsan. Partiyanı niyə yaratmısan? Yəni bu məsələnin özü məntiqi olaraq bu insanlara deyilməlidir. Sənin partiyan niyə var? Deyirsən ki, bu hakimiyyət düzgün idarə eləmir. Xalqı əzir. Sözdə deyirsən, əməldə deyirsən, necə deyirsən özün bilərsən. Amma deyirsən. Onda niyə deyirsən?
İndi İlqar bəyin sözünə qüvvət bir-iki cümlə deyim. Əslində mən belə başa düşdüm ki, İlqar bəyin söhbəti ora gəlib çıxır, əgər millət yaratdığı dəyərə sahib çıxarsa, o özü ən böyük ölçü olar. Mən belə başa düşdüm. Elədirmi?

İlqar Türkoğlu: Təbii ki. Bu gün də dəyərlərimiz onunla ölçülür ki, zamanında müxtəlif dəyərlər yalan hesab olunsa da, o öz bəşəri anlamını itirmir. Çünki o insanlığa söykənir və yekunda da biz ona gəlirik ki, hər şeyin sonunda bəşəri prinsiplər, insani prinsiplər, insanlaşmaq, insanlaşdırmaq prinsipləri dayanır. Bütün türkçülüyün qayəsi də, mayası da, mahiyyəti də bundan ibarətdir. Türkçülüyn elə mahiyyəti budur: İnsani dəyərlər. Qalır onu qorumaq.

 Yasin Türksoy: Milli dəyələrin qorunması mövzusunda fikirlərimiz bitir. Xatırlatmaq üçün deyim, Abil Ulusoy, Xaliq Bahadır, Soylu Atalı, İlqar Türkoğlu bizimlə fikirlərini bölüşdü. Tədbirimizə qatılan Murad bəyə də təşəkkür edirik, düşünürük ki, növbəti görüşlərdə birbaşa mövzulara qatılacaq.
İzləyicilərimizdən xahişimiz odur ki, fikirlərini bizimlə bölüşsünlər. TAQ-ın saytında bağlantı ünvanlarımız var. Sag olun!

                                                                                             (arxiv)

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv