Xaliq Bahadır. 31 yanvar – Özgürlük, Demokratiya günü

Hər gün Məhəmməd Əmin! Hər yer Məhəmməd Əmin!-
yanvarın başlanğıcından belə bir kampaniya başladım. Hər gün bu yöndə yazı yazdım. Daha çox, daha sanballı yazılar yaza bilərdim – göz sorunu olmasaydı.
Nə yazıqlar, o balaca yazılar da yetərincə qarşılıq görmədi – onları oxuyub bəyənənlərin sayı 60-ı aşmadı. Bu isə mənim suçum deyil, uzun illərdən bəri yalan yerə “yolumuz Rəsulzadə yoludur” deyə-deyə ÖZGÜDÜKÇÜ-PRAQMATİK (başqa tür desək, alverçi) siyasətlərlə Böyük Xalq Hərəkatını – çoxsaylı müxalifəti gətirib yoxluğa çıxarmış bəlli “müxalifət liderlərinin” suçudur. Bugünkü Azərbaycan müxalifəti idealsız-ideologiyasız “liderlərin” görklü yaradıcılıq örnəyidir – onlar alverçi xarakterləri, düşkün dünyagörüşləri ilə nə edə bilərdilərsə, Xalq Hərəkatını – müxalifəti hara gətirib çıxara bilərdilərsə, ora da gətiriblər…
İndi ortada Rəsulzadə ideologiyasına sarılmış gerçək bir müxalifət yoxdur. Bu faktınsa kökü ortada gerçəkdən Rəsulzadə ideologiyasına bağlı liderin – gerçək liderin! – yoxluğu faktıdır!
Bilirəm, çoxları burada yazılanları süngüylə qarşılayacaq. Çoxsaylı faktlar göstərməklə mən bu yöndə çox böyük yazı yaza bilərəm. Ancaq… gərəkmir: balaca, böyük, onsuz da düzgün anlaşılmayacaq – hakimiyətdə olduğu kimi, müxalifətdə də bütpərəstlikdir. Hər ikisi də ideologiyasızlıqdan qaynaqlanır. Yazdıqlarımın, yazacaqlarımın düzgün anlaşılması üçün müxalifət çoxluğunun Məhəmməd Əmini dərindən oxuyub öyrənməsi gərəkir. Müxalifətin çox azı da Məhəmməd Əmini yetərincə tanımır – yetərincə oxuyub öyrənmədiyi üçün. Bu da yenə daha çox uzun illərdən bəri “müxalifət lideri” statusu daşıyanların suçudur: onların “Rəsulzadə yolçuluğu” yalançı xarakter daşıdığından Məhəmməd Əmin Bəyi nə özləri yetərincə öyrənib mənimsəyiblər, nə də başqalarına öyrədib mənimsədiblər.
Ulu Öndərimiz, Ulusal Liderimiz “Milli birlik” kitabında yazır: “Demokratizmin də, parlamentarizmin də başlıca fəlsəfəsi özgürlükdür”. Belə bir uca fəlsəfəyə yiyələnməklə Məhəmməd Əmin Bəy yalnız Doğu dünyasında deyil, bütün dünyada çağını qabağlayan Demokratiya, Demokratik Respublika qurmuşdu. Partiyalarında demokratizmi, parlamentarizmi boğan indiki “müxalifət liderləri” gerçəkdən Rəsulzada yolçusu olmadıqlarını işdə özünü göstərən konkret siyasi davranışları ilə sərgiləməkdədirlər – partiyalarına, partiyaiçi davranışlarına bax, dəyər ver! Hakimiyəti korrupsiyada suçlayan birilərinin özlərinin hansı bulaşıqlara batdıqlarını bilənlər bilir. Belələri Demokratizmə, Parlamentarizmə bağlı ola bilməzlər…
Azərbaycan Demokratik Respublikası Parlamentinin polyak üyələrindən olan S.A.Vonsoviçə görə, “Azərbaycan Respublikası, demək olar, hər hansı quruculuğun olmadığı durumda Azərbaycan xalqının milli düşüncəsi ilə yaradılmışdı”. O düşüncənin başında böyüklər böyüyü Böyük Məhəmməd Əmin dururdu – özgüdükçülükdən bütünlüklə uzaq, bütün varlığı ilə Ulusa, Ulusalçılığa, Demokratiya ideallarına bağlı Məhəmməd Əmin Bəy! Bu gün Onun günüdür…

P.S.Məhəmməd Əmin Bəy Çağdaş, Demokratik Azərbaycan dövlətinin qurucusudur. Ancaq dövlət yad əllərə keçdiyindən dövlətimizin qurucusuna dövlət düzəyində düşmənçilik sərgilənməkdədir. İndiki rejimin başlanğıcından Məhəmməd Əmin Bəyin adı “yad element” kateqoriyasına keçirilib. Bu üzdən televiziyalar 31 yanvarda belə Ulu Öndərimizi unutdurmağa yönəlik yol tuturlar – yolsuzluq yolu! Rejim Məhəmməd Əmindən yarasa işıqdan qorxan kimi qorxur!!
Satılmış sayt başçılarından biri 31 yanvarda ortaya Atatürkün Məhəmməd Əminə düşmənçiliyi ilə bağlı uydurmalar çıxarır. Bu sayaq sayıqlama-uydurmalara  faktlarla dönə-dönə qarşılılq versək də, yararı yoxdur: özlərini bazara çıxaranlar iki böyük Türk liderini “vuruşdurmaqla” qazanc (pul-para) əldə etməyə çalışırlar. Onlar hansı rejimə qulluq etdiklərini, o rejimin onlardan nə istədiyini gözəl bilirlər…

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv