Asif Ata. Novruzluğumuz

(Fəlsəfi-bədii məqam)

I

Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz.
Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz.
Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız.
Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız.
… Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!

II

Babəkliyimiz – Yenilməzliyimiz, əyilməzliyimiz; nəhəng yağıyla döyüşümüz, fərəhimiz, qəhrəmani müdikliyimiz, cəngavər idrakımız, İnamımız.
Dəhşəti sarsıtmağımız – Üz Ağlığımız.
Oda bənzərliyimiz – bənzərsizliyimiz.
Daxili Şirvinliyimiz – ilkinliyimiz.
… Ayrıldıq Babəkliyimizdən, özümlüyümüzdən – parçalandıq, paralandıq, rəiyyətləşdik, özgələşdik – Özümüzə qayıtmaq gərək!

III

Qorqudluğumuz – Od Ruhluğumuz, Ağsaqallığımız, Nəsilliyimiz, Dədəliyimiz.
Ulu Ada çatmağımız, hünər qaynağımız, özüllüyümüz, ulusluğumuz.
Qocalığımız – Ucalığımız.
… Ayrıldıq –Qorqudluğumuzdan: – Özümlüyümüzdən, Yetimləşdik, Özgələşdik – Özümüzə qayıtmaq gərək!

IV

Nəsimiliyimiz – Əzəli İlahiliyimiz, İnsaniliyimiz, İnsandan başqa Allah tanımamağımız – Göyləşən Yer, Ənəlhəq ləyaqəti, dönməzlik ənənəsi.
… Ayrıldıq Nəsimilikdən, İlahilikdən: – adiləşdik – Özümüzə qayıtmaq gərək!

V

Füzuliliyimiz – Aşiqliyimiz, Mütləq Gözəlliyimiz, Ülvi Fəryadımız, Qəm İşığı, Dərd Odu, Əbədi şamlığımız, müqəddəsləşən göz yaşımız.
…  Ayrıldıq Füzuliliyimizdən: yadlaşdıq – yağılaşdıq – Özümüzə qayıtmaq gərək!

VI

Muğamlığımız – Pillə-pillə artmağımız, kamilliyə qalxmağımız, harayımız, ehtizazımız, həsrətimiz, heyrətimiz, Mütləqə qovuşmağımız.
… Ayrıldıq muğamlıqdan – loğmanlıqdan – hərcayiləşdik, özgələşdik – Özümüzə qayıtmaq gərək!

VII

Sazlığımız – Qüvvətlə Zərifliyin birliyi, Qılınc şaqqıltısı və ləlimək; həm Cəngavərlik, həm Sevgi; həm Dəyanət, həm Riqqət.
… Ayrıldıq Sazlığımızdan, nasazıq əslində – özümüzə qayıtmalıyıq – təzədən köklənməliyik…

VIII

Novruzumuzdan Zərdüşt İşığı götürün, Dədə Qorqud Ağsaqqallığı götürün, Babək Hünəri götürün, Nəsimi Vüqarı götürün, Füzuli Heyrəti götürün, Muğam Hikməti götürün, Saz Mətanəti götürün!
Novruzumuzdan Novruzluq götürün!

12 mart 1990-cı il. Bakı.

(Günəş ayı, 11-il).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv