Xaliq Bahadır. Əliyevlərin “müstəqil” Azərbaycan dövləti

Kəlbəcər başda olmaqla 7 rayonun verilməsi, aradakı 4 ilin qiyamı ilə H.Əliyev Azərbaycanı yenidən Rusiyaya bağladı. Bundan sonra Azərbaycanın bağımsızlığı (“müstəqilliyi”) formal xarakter daşıdı. Oğul Əliyevin dönəmində bu formallığın özü də fiksiyaya çevrildi.
Bu yöndə çoxlu fakt göstərmək olar, ancaq bir neçəsini göstərmək də yetərlidir. Rusiyanın KQB yetkililərindən biri bir çox illər qabaq demişdi: “Əliyevlər dönəmi boyunca hər seçki qabağı Ramiz Mehdiyevin çağırışı ilə Dağıstanda gəlib kiçik qoşun kontingenti dayanır – xalq ayağa qalxarsa, ölkə sınırlarını aşıb xalqı qırmaq üçün”. 2005-ci ildə “Müstəqil” Azərbaycanın iki nazirini – Əli İnsanovla Fərhad Əliyevi Rusiyanın KQB generalları Lebedevlə Ruşayla tutub qandallamışdı. Bu, bağımsız (“müstəqil”) dövlət tarixində görünməmiş faktlardandır. Görünür, 2003-cü ilin 15-16 oktyabrında olduğu kimi, onda da çağırışla ölkəyə Rusiyanın “kiçik qoşun kontingenti” yeridilibmiş – bir çağlar Əfqanıstana yeridildiyi kimi!
2013-cü il seçkisi qabağı İ.Əliyevin indiki köməkçisi Əli Həsənov demişdi: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Görünür, bu sözləri ona hər seçki öncəsi Dağıstana “kiçik qoşun kontingenti” çağıran R.Mehdiyev dedirtmişdi. Elə o il dünyanın bağımsız dövlətlərinin tarixində görünməmiş bir olay baş verdi: Rusiyanın işğalçı prezidenti Putin armada ilə (armada!) gəlib Bakı buxtasında lövbər saldı. Onda onun gətirdiyi armadaya nələr yükləndisə İ.Əliyev çox asanlıqla üçüncü yol prezident “seçildi”.
Son olay. Rusiyanın professional diplomatlarından sayılan, Rusiya XİN başçısı, erməni kökənli S. Lavrov Lider TV-nin Moskva əməkdaşı Anar Həsənovun sorusuna qarşılıq olaraq dövlət suverenliyimizin üzərindən qara bir cız çəkməklə bildirir: “Qarabağ Azərbaycanın iç işi deyil”. Bu fakt normal dövlətdə böyük diplomatik qalmaqal yaradardı. Bizdə nə baş verir? Prezident susur, XİN başçısı E.Məmmədyarov yaltaqcasına reaksiyada bulunur: “Ötən il aprelin 5-də Moskvada Ermənistanla Azərbaycan arasında atəşkəs əldə olunması üçün Rusiyanın səylərini yüksək qiymətləndiririk”. Belə bir diplomatik demarş! Bir yandan Qafqazın “ən güclü ordusunu yaratdıqlarından” dəm vururlar, o biri yandan bu sayaq alçaldıcı çıxışlarda bulunurlar. Belə çıxır: Moskva “atəşkəs” yaratmaqla bizi erməni qırğınından qurtarıb.
Rusiya XİN-in sözçüsü Zaxarova Lavrovun bəlli çıxışı ilə bağlı demişdi: “Lavrov nə gərəksə onu deyib”. Sosial şəbəkəni bürüyən bir-birindən kəskin reaksiyalar Rusiya hökumətinə istər-istəməz soyuq duş etkisi göstərdi. Ortaya belə bir yalan çıxarıldı: “Jurnalistin sorusu qabaqcadan planlaşdırılmadığından Lavrov elə cavab verib”. Bütünlüklə yalandır – həyasızcasına yalan – aqressor yalanı! Bir daha vurğulamaq gərəkir: Lavrov Rusiyanın professional diplomatlarındandır, uzun illərdir Rusiya XİN-in başında durur, Qarabağ sorunu ilə bağlı çoxsaylı danışıqlarda olub, nə dediyini gözəl bilir. Biz erməni Lavrovun Qarabağ sorunu ilə bağlı neytrallıqdan uzaq olduğunu, ola biləcəyini illərlə dönə-dönə yazmışıq. Demək, bir daha biz deyən oldu…
İndi nə baş verir? “Azərbaycanın Rusiyadakı səfiri”, gerçəkdə Moskvanın adamı, Polad adlı birisinin “təqdimatı” ilə azərbaycanlı jurnalist işdən qovulur. “Təqdimatı” Polad yazsa da, bu, yüzə yüz özünü “müstəqil Azərbaycan dövlətinin prezidenti” adlandıran İ.Əliyevin göstərişidir.
İ.Əliyev tez-tez deyir: “Azərbaycan müstəqil dövlətdir, biz müstəqil siyasət yürüdürük, bizim daxili işlərimizə heç kim qarışa bilməz”. Bu “müstəqillik” özünü bir daha jurnalistin işdən qovulması ilə Azərbaycanın aşağılanması, ayağa salınması faktında göstərdi.
Bunlar üçün Azərbaycan adına bir ideal yoxdur: nəyin bahasına olur-olsun, nə qurbanlar verilir-verilsin, yalnız bir istək var – hakimiyəti qoruyub saxlamaq istəyi!

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv