İsa Mehdioğlu. Unudulan Borçalı

Rusvayçı (bədnam) ermənilərin utanmazlıqlarından irahlanan (ruhlanan) gürcülər, Kamsaxurdiyanın başçılığı ilə 1989-90-cı illərdə “Gürcüstan gürcülər üçündür” şuarı altında Türk (Azərbaycanlı) kəndlərinə dövlət düzeyində (səviyyəsində) gürcülərin basqınları oldu. Hətta xeyli adamlarımızı da öldürdülər. Gürcü millətçiləri bizə A.E.A-sının ensiklopediyasından çıxardılan yazını göstərərək, “Budur siz XVII yüzildə kütləvi surətdə bizim torpağa gəlibsiniz. Nə ki, yaşadınız bəsdir. İndi öz yurdunuza qayıdın” deyirdilər. 1992-ci ildə həmin vərəqdən götürüb A.M.E.A.-nın Tarix İnstututuna gəldim. İnstitutun direktoruna olayları danışdım. Ensiklopediyanı gətirdik. Doğrudan da Borçalı başlığı altında yazılmışdı “Borçalıya 16-17-ci yüzildə kütləvi surətdə Azərbaycanlılar köçürülmüşlər”. Gördük Gürcülər düz deyirlərmş. Borçalı türklərinin belinə daşı qoyan elə bizim tarixçi Akademiklərimiz olmuşlar. Mən öz hırçınlığımı (narazılığımı) bildirdim. Direktor dedi ki, gürcülərlə danışarıq, yazışarıq, bəlkə XII yüzil elətdirdik. Mən yenə razılaşmadım. Biz eradan öncədən o yurdların yerli xalqıyıq. Borçalıda yaşayan türklər (Azərbaycanlılar) adından Tarix institutuna yazılı halda gənəşiklik elədim ki, Borçalının hər yeri bizim dədələrmizin qədim anıtları (abidələri), gömütləri (qəbirləri) ilə doludur. Siz gürcülərlə birlikdə arxeoloji ekspedisiya yaradın. Bilim tutamaları (Elmi dəlillər) ilə bizim yerli, ya gəlmə olmağımızı onlara da, bizə də düzünü bildirin. O zaman biz də başımıza bir çarə taparıq dedim. Bu dönəmdə İnstitutun başqa bir bilim işcisi, “XII yüzildən öncə Borçalıda türklər olmayıblar, yaşamamışlar” dedi. “Sizin yerlərdəki anıtların türklərlə heç bir ilişgisi yoxdur” dedi. Bunların bu sözləri məni çox ağrıtdı və düşündüm ki, bunlar bu sözlərilə bizə, oralar sizin deyil, çıxın deyirlər siz də çıxın demək istəyirlər. Üzümü onlara tutub, “axı mən uşaqlığımda babalarımızın dediklərini eşitmişəm. Onlar deyirdilər ki, keçmişdə buralar ulu dədəmiz Oğuz Xanın (Zülqədərin) yurdu, torpağı olubdur. Elə onun vaxtından da biz burada yaşayırıq. O haqda bizim dastanımız da var. Oğuz xanın gömütnün (qəbrinin) də Borçalıda olduğunu deyirlər”. Eyni zamanda Bolnis qayonunda 4-cü yüzilə ilişgi edilən qədim türk dilində yazılmış sinə daşı aşkar edildiyinin, qədim kilsələrdəki xaçların oxalandığının, bükülü halda yatan gömüt skeletlərinin olduğunun, Qalları çarpazlı sinə daşlarının olduğunun canlı şahidiyəm. Tarixçi araşdırıcı Ağasıoğlu Pompeyin Borçalıda olduğunu, türklərlə görüşdüyünü deyir. Bizim varlığımızı kəsinləyən çoxlu tarixi qaynaqlar var. Hansı yolla olur olsun, səhvinizi düzəltməlisiniz. O xalqa gəlmə, qonaq deyilməməlidir dedim. Gördüm sözüm Akademiklərə lağlağı kimi gəldi. Üzülmüş halda çıxdım.
2013-cü ildə yeni Azərbaycan Milli Ensiklopediyasının çapdan çıxdığını eşitdim. Borçalı haqqında nə yazılması ilə maraqlandım. Oxumağıma peşiman oldum. Bopçalının tarixi haqqında heç nə yoxdur. Borçalının tarixi Nadir şahdan başlayır. Elə bil Nadir şaha qədər Borçalı olmayıbdır. Köhnədə etdikləri səhvə heç bir düzəliş verilməyibdir. Demək köhnə ensiklopediyada yazılanlar öz qüvvəsində qalır. Gürcü məktəblərində yenə də Azərbaycanlıların 17-ci yüzildə kütləvi surətdə Borçalıya köçürülmələri təbliğ ediləcəkdir. Yenə də Azərbaycanlılar gəlmə, qonaq hesab ediləcəklər.
Borçalıların yerli xalq olmalarını kəsinləyən bəzi bilgiləri yada salmaq istəyirəm. Gürcüstan respublikasının Borçalı bölgəsində 100-dən çox tarixi anıt (abidə) var. Azı 5 hektarlıq alanı (sahəni) tutan şəhər xarabalıqları var. Saysız-hesabsız qoç heykəlli gömüt (qəbir) daşlarını görmüşəm. Gürcü yazısı olmayan İki çeşitli yazı kitabələri var. Bu gün də Qaramanlı, Bolus, Kapanaklı, Sakındur (Sakadur) şəhərlərinin kalafalıqları, Oğuz gömütlükləri (qəbristanlıqları) hələ də adlarını qoruyub saxlayırlar. Bütün Borçalı torpağında olan toponimlərin hamısı qədim türk adlıdır. Bu qədər canlı şahidlərin olması bizim elm adamlarını heç cür maraqlandırmır.
Şumerşunas E.Əlibəyzadə yazır: “Akkatlarla müharibədə Şumerlərin məğlubiyyətindən sonra görünür Şumerlərin tarixi yeni səmtə yön almışdır. Onlar yenidən bir neçə min il sonra doğma “ulu baba” yurtlarına çəkilmiş, öz əcdadlarının (ata-babalarının – İ.M.) torpaqlarına qayıtmışlar (E. Əlizadə “Ulu dil, Şumerlər vikiped”). Əlibəyzadə Şumerlərin ulu yurtları kimi Qafqazı hesab edir. Bir yox, bir çox tarixçilər Şumerlərin məğlubiyyətdən sonra Arazı keçib Qarabağ və Borçalıda yurt saldıqlarını yazırlar.
Tarixçi F.Ağasıoğlunun “Qədim Türk eli” və T.Azərtürkün “Mixi yazılı azəri türk dilinin qrammatikası” kitablarını oxudum. Bu kitablar mənim Borçalı ilə marağımı daha da artırdı və mənə inam verdi ki, borçalılara 17-ci yüzildə köçürülmüşlər demələri bizim alimlərimizin uydurduqları cəfəngiyyatdır deyim. Ağasıoğlu yazır: Qədim Saka türkləri e.ö. 8-ci minilliklərdə Araz çayı ətrafından qalxıb, Qafqazdan keçməklə Azov dənizi ətrafında yurd salmışlar. Azov ətrafında çoxalandan sonra da, geri köhnə yurtlarına qayıtmışlar. F.Ağasıoğlunun cızdığı gediş-gəliş yol xəritəsinə görə, türklərin Araz çayı üzərindən Qarabağ, Borçalı, Qara dəniz ətrafı yollarla eradan 8 min il öncələrdə Azov dənizinin kənarlarına get-gəl eləmələri, Borçalı türklərinin hansı dönəmlərdən Borçalıda yaşamaqlarından xəbər verir.
T.Azərtürk də, Sümerlərin türk olduqlarını, Önasya-qafqaz türkləri Sümerlərin qalıqları olduğunu yazır. Azərtürk kitabında 400-ə qədər Sümer sözlərini göstərir. O sözləri özəlliklə (diqqətlə) oxuyanda gördüm ki, sözlərin 80%-i bu gün Borçalının Kəpənəkçi kəndində işlək haldadır. Qədim Sümerlərin dillərinin kəpənəkçidə belə geniş yayılaraq, bu günə qədər gəlməsi, məndə inam yaratdı ki, Araz-Azov arasında gediş-gəliş yolu olan Borçalıda qalan Sakalar, kapanaklar ən azı 6-7 min ildir ki, Borçalı xalqının ulu dədələridir deyim. Çox yazıqlar olsun ki, bizim bilim adamları, dillərdə olan bu qədər yaxınlığı görmürlər. Hər halda Sakaların Azov ətrafına – Krıma gediş-gəliş yollarının üstündə olan Borçalılarla, xüsusilə Kəpənəkçilərlə, Sümerlər-Sakalar-kapanaklar arasında keçmiş dönəmlərdə (zamanlarda) hər hansı bir yaxınlığın olması danılmazdır.
Alimlərimizin bu yaxınlığı, uyğarlığı yoxlamalarına ehtiyac var. Ancaq nə Türkiyə, nə Azərbaycan alimləri bu 100 illiyin dönəmində bir kərə də olsun Borçalı türklərinin yazğıları (taleləri) haqqında maraqlanmamışlar. Bu yiyəsizlik bu gün də yaşamadadır. Hələ tarixdə bir kərə də olsun, Gürcüstan-Azərbaycan-Türkiyə arxeoloqlarının birliyində arxeoloji ekspedisiya yaradılmamışdır, Borçalı xalqının doğru, düzgün dəyəri verilməmişdir. Türk kökənli aydınlarımız unutmasınlar ki, Borçalıya ögey baxmaq gələcəkdə Borçalının yoxluğu deməkdir. Borçalını itirməklə türk dünyasının ən gözəl bucağını itirirlər.
Borçalılar adından tarixçi və arxeoloq-kəşfiyyatçı alimlərmizdən xahiş edirəm ki, gürcülərlə birlikdə Borçalıda arxeoloji kəşfiyyat işləri aparsınlar. Ensiklopediyada yazdıqları bağışlanmaz yanlışlıqlarını düzəltsinlər. Borçalıların gəlmə-qonaq adlarını üstlərindən götürsünlər. Onların yerli xalq olduqlarını gürcü tarixinə yazdırsınlar. Akademiyanın tarixçi və arxeoloq alimlərindən xahiş edirəm ki, biganəliyi atıb, özlərində güc toplasınlar Gürcüstanın dərslik tarixini dəyişdirsinlər. Başa düşsünlər ki, bu yanlışlıq gələcəkdə borçalılar üçün faciə qaynağı ola bilər. Nə vaxtsa bir Kamsaxurdiya kimisi yenidən Gürcüstan dövlət başına gəlməməsini heç kim bilə bilməz.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv