Xaliq Bahadır. Çox oxuyanla, oxumayan…

Təhsil sistemini dağıtmaqla, qanunsuzluğu qanuna çevirməklə rejim ölkəni nadanlığa bürüyür. Böyük çoxluq kitab oxumur. Böyük çoxluğun kitab oxumaması ölkədə böyük anlamazlar-qanmazlar ordusu yaradır: bu, olduqca qorxulu görsənişdir.
Kitab oxumaq baxımından müxalifət də düşkün durumdadır. Ölkənin sağlam gələcəyi baxımından bu da olduqca qorxulu görsənişdir. Bu üzdən belə yazmaq gərəkir: Tanr; bizi kitab oxumayan türkdən qorusun!


Biriləri yazdıqlarımızla bağlı nadancasına yanaşma sərgiləyirlər. Belələrini silmək gərəkir, ancaq bununla iş bitmir – adını Feysbuk səhifəndən silsən də, özü toplumda, hansısa partiyada qalır…
Hakimiyətlə bağlı gerçəkləri yazırsan, qorxmayan çoxları “layk” eləyir, hansısa satılmış müxalifət lideri, adı müxalifətə, özü rejimə bağlı hansısa qəzet redaktoru ilə bağlı gerçəkləri yazırsan… nadan-qanmazların təpkilərilə üzləşirsən! Gerçəkləri-doğruları görməmək, görmək istəməmək nadanlıq-qanmazlıqları ilə belələri, toplumun, ölkənin gəlişməsini-irəliləməsini əngəlləmək baxımından hər hansı dış düşməndən, lap elə erməninin özündən qat-qat qorxuludur.
Kitab oxmamaqla gerçəkliyi qavrama bacarığına yiyələnə bilməyən nadan-qanmazlar özlərinin gerçəkləri görməz olan gerilikçi düşüncələri – nadanlıqları, qanmazlıqları ilə istər – istəməz gerilikçi rejim qulluqçularına çevrilirlər. Onlar olmasa rejim qısırlaşıb ölər. Ancaq nadan-qanmazların durmadan artıb çoxalması, çevrələrinin axınla genişlənməsi rejimin qısırlığını aradan qaldıran başlıca faktorlardan biri olur. Sən belələrinə satılmış desən, onlar səni qanmazcasına: “hamıya böhtan atan”, “hamını şərləyən”, “hamını satqın, satılmış adlandıran” deyə söyüb-yamanlayacaqlar. Onların bir çoxu and-aman eləyib satılmadığını da deyə bilər, ancaq deyilən yalan, ortadakı yalançılıq olacaq.
Rejimə satılmaq yalnız rejimdən nəsə almaq deyil; özlərinin sosial-siyasi durumlarına görə çoxlarının rejimdən satılıb nəsə almaq olanaqları yoxdur. Kimsə ideyaca satılmaqdan uzaqdırsa, satılmır, daha doğrusu, birbaşa satılmır. Kimsə özünün sosial-siyasi durumu baxımından birbaşa satıla bilmir. Ancaq hər iki variantda dolayısıyla satılma olur.
Satılmış partiya liderinin illərlə ortaya çıxan satılma faktlarını görmək istəməmək, bu yöndə doğruları yazanların yazılarını, süngüylə qarşılama, onlara yağıcasına yanaşma görsənişləri də satılma faktlarıdır – dolayısıyla satılma!
Dönə-dönə vurğulamaq gərəkir: dolayısı ilə satılma görsənişlərini daha çox nadanlıq-anlamazlıq-qanmazlıq faktorları doğurur. Özünün baxıb görməklə gerçəkləri anlaması-qanması bir yana, adam gerçəkləri görüb-anlayanların, anlayıb-görənlərin yazdıqlarını görüb-anlaya, anlayıb-görə bilmir: bu üzdən də istər-istəməz satqına, satılmışa çevrilir.
Min illərin sınağından çıxma bir deyim var: çox oxuyan çox bilər. Çox oxuyan qaçılmaz olaraq analitik düşüncə bacarığı əldə edir. Çox oxuyan! Bir, iki, üç diplomunun olması ilə öyünən, diplomu, diplomlarıyla gözə girən, gözə girməyə çalışan, çalışanlar yox! Birincilərin yolu başqa, ikincilərin yolu başqadır. Düzdür, çox oxuyanların da satılanları olur, ancaq bu, daha çox genlə bağlı görsəniş olaraq ortaya çıxır. Burada gen faktoru ideya-düşüncə faktoruna üstün gəlir…
Analizlərdən göründüyü kimi, satılmaq iki tür olur: bilərəkdən, bilməyərəkdən. Bilərəkdən olan birbaşa xarakterli, bilməyərəkdən olan dolayı xarakterlidir. Birbaşalığından, dolayılığından asılı olmayaraq sonuc birdir. Adamın təkliyində suç biradamlıq olursa, partiyada, partiya içində bu, istər-istəməz kollektiv xarakter daşımağa başlayır. Daha doğrusu, ortaya kollektiv sorumluluq çıxır: birinin bilməzlik suçuna başqaları da ortaq olur. Nə etməli? Hamılıqla biliklənməli, hamılıqla biliklərə yiyələnməli!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv