Xaliq Bahadır. Sərdar Cəlaloğlunun bilmədikləri – İsavat yalanı

İsavatçılar Feysbuk səhifəmə S.Cəlaloğlunun “YeM” qəzetində yayınlanmış çıxışını yerləşdiriblər. Özü də yekə şriftlərlə. Görünür, onlar yazını asanlıqla oxumağım, nələrisə gözdən qaçırmamağım üçün yekə şriftlərdən yararlanıblar. Olsun. Yazını oxudum, gözümdən qaçırdığım nəsə yoxdur. Yazının üzərində geniş dayanmaq olardı, ancaq indilikdə yazıdakı bir yalanın üzərində ayrıca dayanmaq istəyirəm. Bu da o yalanın (yalan bilginin) ayrıca toplumsal xarakter daşıması üzündəndir.
S.Cəlaloğlu 2003-cü il prezident seçkisindən danışır, AXCP-AMİP koalisiyasını İsa Qəmbərin prezidentliyə gedən yolunu kəsməkdə, İ.Qəmbərin prezident olmasına, hakimiyət dəyişikliyinə, müxalifətin hakimiyətə gəlməyinə yol verməməkdə suçlayır. Başlıcası da o, İ.Qəmbərin prezidentiliyinin baş tutmamasında  E.Məmmədovu suçlu sayır. O çağkı sürəcin içində olan kimsə kimi topluma gerçəyi çatdırmağı özümə borc bilirəm. Burasını bildirməyin də yeridir: o çağlar baş verənləri mən “Onlar bizi satdılar” adlı böyük bir yazıda bircə-bircə yazmışam, ancaq, bir sıra nədənlər üzündən o yazını indiyədək çap etdirməmişəm.
Bəri başdan bildirmək gərəkir: yol verdiyi bir sıra sapıntılardan sonra mənim E.Məmmədovla yolum biryolluq ayrılıb. Ancaq, yol ayrı, yoldan yazmaq ayrı. Yoldan yazan yalnız gerçəyi-düzünü yazmalıdır. Elə bu yazı da indi buna görə yazılır. İllərlə baş verənləri başqa bir yazıda (daha doğrusu, hələlik çap edilməyən kitabda) geniş yazdığımdan burada bir neçə gərəkən epizoda qısaca toxunub keçəcəm – gerçəyi aydınlatmaq üçün.

***

Birinci epizod. 1992-ci il. 1992-ci ildə, prezident seçkisi ilində, reytinq baxımından  Elçibəydən sonra ikinci yeri E.Məmmədov tuturdu. E.Məmmədovun prezident seçilmək üçün çox böyük şansı vardı. Bəlli olduğu kimi, Elçibəy çox düzgün olaraq prezident olmaq istəmirdi. Bu fakt isə istər-istəməz E.Məmmədovu ən şanslı prezident adayına çevirirdi. İ.Qəmbər bəlli dəstəsi ilə birgə nə yolla olur olsun E.Məmmədovun prezidentliyə yolunu bağlamağa çalışırdı. Onların planları baxımından bircə keçərli variant vardı: Elçibəydən yararlanmaq. Onlar bunu da etdilər: Elçibəyi dilə tutmaqla istəmədən prezidentliyə yönəltdilər. Elçibəy onda peyğəmbərlik etmiş, “bir il sonra məni yıxacaqsız” demişdi. Elə də oldu. Bir il keçməmiş Elçibəyi yıxıb yerinə keçmək planları işə salındı…
İkinci epizod. 1998-ci il. 1998-ci ildə, prezident seçkisi ilində, Ə. Elçibəylə E.Məmmədovun reytinqi, demək olar, bir idi. H.Əliyevin “hakimiyətə gəlsəm, pencəyimi çiynimə atıb gedib Xankəndində oturacam”, “xalqa xoşbəxtlik gətirəcəm”, ”qaçqınları bu il doğma yurd-yuvalarına qaytaracam”  kimi bir çox çıxışları yalana çıxdığından, onun reytinqi çox aşağı düşmüşdü. Onda müxalifət Elçibəy başçılığındamı, E.Məmmədov başçılığındamı birləşib seçkini asanlıqla uda bilərdi. Ancaq İ.Qəmbər dəstəsi (Pənah Hüseynov, Arif Hacıyev, Rauf Arifoğlu) müxalifətin birliyinin baş tutmaması üçün onda min bir oyundan çıxdı. Özünün dediyinə görə, H.Əliyevin aldatdığı Ə.Elçibəy yenidən prezidentliyə qayıtmağı çox istəyirdi. Qəzetlərdə yazılıb, qalır: onda Elçibəy İ.Qəmbər dəstəsinə yalvarışda bulunmuşdu: “Mənim yaşım keçib, qoyun indi mən prezident olum, sonra siz olarsız”. Onlar kəsinliklə Elçibəyin də, E.Məmmədovun da prezidentliyinə qarşı çıxmışdılar. (Bununla belə, onlar ikiüzlülüklə özlərini “elçibəyçi” adlandırır, “yolumuz Elçibəy yoludur” deyirlər). 1998-ci il seçkisi də elə getdi.
Burada indiyədək üstünü açmadığım çox ilginc bir fakt da var – prezident seçkisi qabağı Elçibəyin “YeM” qəzetində ardıcıllıqla gözdən salınması, o sürəkli kampaniyanın arxasında kimin durması faktı. Onu kitabda yazmışam.
Üçüncü epizod. 2003-cü il. Daha nə Elçibəy vardı, nə də H.Əliyev.  Meydanda qalmışdı iki barışmaz düşmən: E.Məmmədovla İ.Qəmbər. i.Qəmbər çoxu təkadamlıq olmaqla, özünün dediyi kimi, “30 partiyanın birliyini” yaratmışdı. AXCP ilə AMİP koalisiya yaratmışdı. E.Məmmədovun da, İ.Qəmbərin də prezident seçilmək şansı çox böyük idi. Daha çox da İ.Qəmbərin. Burada nə gərəkirdi: normal siyasi davranış. İ.Qəmbər də, yaxın çevrəsi də gələcək uğurlarına böyük arxayınçılıqla açıq-açığına kobud, ola bilsin, daha düzgünü yekəxana davranış yolunu seçmişdilər. İncə davranış gərəkən yerdə kobud-yekəxana davranış – bir addımlıqdakı uğuru uğursuzluğa dönüşdürəcək bir davranış! O yanlı-bu yanlı müxalifət başda olmaqla hamı bir addımlıqdakı uğura, dəyişiklik umuduna bürünmüşdü. Elə o çağlarda, yanılmıramsa, iyunun sonlarında, İ.Qəmbəri ABŞ-a çağırdılar. Bu çağırış adamların yaxın siyasi dəyişikliyə olan umudunu qat-qat artırdı. Hamı İ.Qəmbərin prezidentlik üçün ABŞ-a çağrıldığını düşünərək sevincə bürünürdü. Xalq İ.Qəmbərin tezliklə ABŞ-a gedib qayıdacağını gözləyirkən… İ.Qəmbər jurnalistlər qarşısına çıxıb yekə-yekə bildirdi: “Mənim iş qrafikim ABŞ hökumətinin iş qrafiki ilə üst-üstə düşmədiyindən Amerikaya gedə bilməyəcəm”. Belə yerdə yalnız bu sayaq düşünmək olardı: göstəriş hardan gəlmişdi?”
Çox keçmədən ABŞ Dövlət Departamentinin sözçüsü özünün (daha doğrusu, hökumətinin!) demarşını ortaya qoydu: “İsa Qəmbər indidən özünü prezident kürsüsündə görür”. Bu, uğurlu İsa Qəmbər başlanğıcının uğursuz sonu demək idi: yalnız ölkədəki “Bizim Azərbaycan” blokundan ayrı müxalifətçilərlə deyil, eləcə də ABŞ kimi super güclə yekəxana davranışın acınacaqlı sonluğu! Başqa bir yandan bu, Azərbaycanın uğurlu, demokratik gələcəyinə açılan qapıların İsa Qəmbərin əlilə bağlanıb qapadılması demək idi!!!
Ancaq, hələ bütün qapılar bağlanmamış, bütün yollar başa çıxılmamışdı – hələ nəsə, nələrsə etmək olardı. Biz – bir qrup yurdsevər – yaxındakı, az qala əl altındakı uğurun qaçırılmaması, əldən çıxmaması üçün hər yerə əl atır, çalışır, çalışırdıq… Oktyabrın 8-də, seçkiyə lap az qalmış, İ.Qəmbərlə E.Məmmədovu çətinliklə də olsa, bir araya gətirə bildik. Onlar birlik bağlaşması bağladılar. O anlarda bizim sevincimiz yerə-göyə sığmırdı: birlik yolundakı yorulmaz çalışmalarımız doğrulmuşdu! Di gəl, sevincimiz uzun sürməıdi. Sən saydığını say, gör İsa Qəmbər nə sayır. Gündüz Etibar Məmmədovla birlik bağlaşması bağlayan İsa Qəmbər gecə bu bağlaşmanı pozub, hansı yollasa okeanın o tayında olan Rəsul Quliyevlə bağlaşma bağlamışdı. 2000-ci ildə Əli Kərimli ilə bağladığı bağlaşmanı bir gün sonra pozub M. Mirəlioğlu ilə bağladığı kimi. Onda o, “siyasətdə mənəvi dəyərləri üstün tutduğunu” bildirməklə etdiyi dönüklüyün altından çıxmağa çalışmışdı. Uğuruna arxayın olduğundan yeni bağlaşma pozuculuğunda özünü “duruya” çıxarmağı gərəkli bilməmişdi.
Arxasında geniş güc dayanmadığı üçün İ.Qəmbər-R.Quliyev birliyinin gözlənilən dəyişikliyə gətirməyəcəyini düşünərək biz yeni varianta əl atmalı olduq: E.Məmmədovun adaylığını geri çəkməklə Koalisiya olaraq İ.Qəmbərə arxa durmaq variantı. İndi məni İ.Qəmbər düşməni adlandıranlar bilsinlər: bu variantı irəli sürən də, onun gerçəkləşməsi üçün sonadək dirəniş göstərən də mən olmuşam – mən Xaliq Bahadır! Bir gün sonra, oktyabrın 9-da, AXCP Ali Məclisi Rəyasət heyətinin yığıncağı, demək olar, tezdən başlayıb, gecədən keşmiş başa çatı. Bağlaşmanın pozulduğunu eşidən adamlar gecəylə ölkənin hər yerindən, ən ucqar rayonlardan belə, Bakıya axışıb gəlmişdilər. Onlar bizim nə yolla olur olsun E.Məmmədovla İ.Qəmbəri yenidən bir araya gətirməyimizi istəyirdilər.
Yığıncaqda hərə bir söz deyir, bir yol göstəriridi. Mən belə bir önəri ilə çıxış etdim: “Gəlin Koalisiya olaraq prezidentlik istəyindən geri çəkilib İ.Qəmbərə arxa duraq. Sonda İ.Qəmbər prezident, E.Məmmədov baş nazir olsun”. Ə.Kərimli başda olmaqla hamı ideyanı bəyəndi, ancaq, E.Məmmədovun buna getməyəcəyini dedilər. “Yenə danışaq”, dedik. Ə.Kərimli E.Məmmədovla telefon danışığına başladı. E.Məmmədov “yox” deyib dururdu. Onda mən yeni önəridə bulundum: “E.Məmmədovun gücü bizdədir, gəlin ona biz deyənə boyun qoymasa Koalisiyanı pozacağımızı deyək, onda o dediyimizə boyun qoyacaq. Belə də edildi: yenidən zəng, yenidən çətin, gərginlik dolu telefon  danışığı. E.Məmmədov yenə də “yox” deyirdi, ancaq, Rəyasət heyətinin Koalisiyanı pozmaq istəyi dilə gətiriləndən sonra… Uzun-uzadı aravermədən sonra E.Məmmədov: “Siz deyən olsun”, dedi.   Bundan sonra RH İ.Qəmbərə arxa durmaqla bağlı QƏRAR verdi. Sonra da Məşədi Vaqifin önərisinə uyğun olaraq bu qərarı RH-dən beş adamın İ.Qəmbərə çatdırması qərarı verildi. RH-dəki 25 adamdan kimsə qərarı İ.Qəmbərə çatdırmaq işini könüllü boynuna götürmək istəmirdi. Uzun çək-çevirdən sonra ortaya dörd adam çıxdı, sonda başlıca ideya-önəri yiyəsi olaraq məni də o elçiliyə qatdılar. Beləliklə, beş olduq: İbrahim Vəliyev, Həsən Kərimov, Nəriman Qasımoğlu, Bahəddin Həziyev, Xaliq Bahadır.
İ.Qəmbər bizi gerçək prezident davranışlarıyla qarşıladı. Yolda özümüzə ağsaqqal seçdiyimiz İ.Vəliyev gəlişimizin nədənini açıb deyincə İ.Qəmbərin qalxıb bizi bir-bir qucaqlayıb öpəcəyini düşünürdük, ancaq o, stalinsayağı soyuqqanlılıqla qəlyanını götürüb sökməyə başladı. Bayaqdan bizə “vaxtım azdı, sizinlə çox danışa bilməyəcəm” deyən adam yavaş-yavaş qəlyanını sökdü, sonra yavaş-yavaş yığdı, sonra qəlyanına tənbəki kisəsindən gözəl qoxulu tənbəki doldurdu, sonra onu ağır-ağır yandırdı, sonra da qəlyanına dərindən qullab vurub, handan hana dilləndi: “Sizə Milli Məclisi vermişəm, gedin oturun orda”. Beşimiz də balaca uşaqlar təki mat-mar bir birimizin üzünə baxdıq. Hamının üzündən bunu oxumaq olardı: “Bu nə deyir belə?”
İ.Vəliyev bir dediyini bir də dedi. İ.Qəmbər də öz dediyini dedi: “Gedin oturun parlamentdə”. Bir belə, beş belə, İ.Vəliyev bizim hamımızın yerinə partladı: “İsa bəy, bu nə danışıqdı, biz sizə o boyda partiyanın qərarını gətirmişik, siz bizi ələ salırsız”. İ.Qəmbər onda sözünü açıq dedi: “Mən Rəsul Quliyevlə danışmışam, mənim baş nazirim o olacaq”. Bizim hər birimiz kimi bərk sinirlənmiş İ.Vəliyev açıq görünən bir çətinliklə səsinə yumşaqlıq verməyə çalışaraq dedi: “İsa bəy, Rəsul Quliyev okeanın otayındadı, biz də burdayıq, Etibar bəy də, üstəlik, güc də bizdədir. Biz sizi dəstəkləyirik. Siz prezident olarsız, Etibar bəy baş nazir. Partiya olaraq biz heç nə istəmirik – Əli bəy də biz də – biz ancaq xalqımızın canının bu hakimiyətdən qurtarmağını istəyirik”. Uzun uzadı danışıqlardan sonra İ.Qəmbəri yola gətirə bildik. İndi onları ayrıan bir faktor qalırdı: Daxili işlər nazirliyi. “Prezident” də, “baş nazir” də DİN-in onda olmasını istəiyrdi. Onların hər ikisi birinin o birini tutduracağını düşünürdü. Demək, DİN kimdə olsaydı, o birini dama basdıracaqdı…
İ.Qəmbəri yarıyadək yola gətirəndən sonra E.Məmmədovu yola gətirməyə yollandıq. İ.Qəmbərlə aramızdakı uzlaşmaya görə, E.Məmmədovu yola gətirəndən sonra onunla yenidən görüşüb sonucu bildirməliydik. E.Məmmədovla görüşdük, uzun uzadı danışıqdan, yalvar-yaxardan sonra onu yola gətirə bildik. Sevincək çıxıb yenidən İ.Qəmbərlə görüşə yollandıq. İ.Qəmbər bizimlə görüşməkdən boyun qaçırdı…

 ***

S.Cəlaloğlu deyir, İ.Qəmbər prezident olacaqdı, hakimiyət dəyişəcəkdi, ancaq AXCP-AMİP Koalisiyası, ayrıca olaraq, E.Məmmədov buna yol vermədi. Yaxşı olardı S.Cəlaloğlu İ.Qəmbərin özündən soruşayd: o prezident olmaq istəyirdi, istəmirdi?!
15-16 oktyabr olayları başda olmaqla 2003-cü il prezident seçkisindən sonrakı ellik uğursuzluqlarımızın başlıca suçlusu İ.Qəmbər sayılmalıdır. 15-16 oktyabrda müxalifətçilərin, başlıcası da gənclərin qansızca döyülüb-alçaldılması, tutulub-incidilməsi faktlarına, eləcə də müxalifətin-xalqın-ölkənin sonrakı uğursuzluqlarına görə başlıca suçlu sayılacaq kimsə yenə İ.Qəmbərdir. Kimin başqa faktı varsa, buyurub ortaya qoya bilər. Ancaq, fakt olsun, yalan yox!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv