Xaliq Bahadır. İçində olduğumuz dünya savaşı

Rusiya prezidenti Putin haçaqsa demişdi: “Müsəlman dövlətlərinin başında duranların hamısı əlaltı adamlardır”. Bunu biz bugünlər bütün çılpaqlığı ilə görürük. Baxın, İraqda, Suriyada illərdir qırğın gedir, bütün müsəlman dövlət başçıları susur. Niyə susurlar? Əlaltı olduqlarına görə! Onlar allahını, peyğımbərini, imamını, bir sözlə, dinini-imanını, eləcə də xalqını satmaqla hakimiyətə gələnlər, sata-sata hakimiyətdə qalanlardır. Onların dinə bağlılıq göstərmələri yalnız xalqı aldadıb dinə yönəltməklə hakimiyətdə daha çox qalmaq üçündür. Din isə bütün dünyada Şər rejimlərinin, despotik dövlət başçılarının qulluqçusu rolunda çıxış edir: yaranışından indiyədək!
Suriyada, İraqda açıq soyqırım gedir – başlıca olaraq Türk soyqırımı!  Bu soyqırım indi başlamayıb, 1967-ci ildən, İsrailin Türk yurdu, axar-baxarlı Colan təpələrini qanlı  qırğın yoluyla tutmasından başlayıb (ikinci dönəm, birinci 20-ci yüzilin indiki  çağlarında olmuşdu). O qırğının uzantısı indi gəlib Türkiyə, Azərbaycan (Güney Azərbaycan) sınırlarına çatıb. Qırılanlar bizim doğma qardaşlarımız – Türkmənlərdir! BMT adında əlaltı, oyuncaq qurum İsrailin Colan təpələrini qaytarması üçün indiyədək az qala min dənə qərar çıxarıb. İsrail isə işin içini bildiyindən, o qərarlara tüpürüb geniş tikinti işləri aparmarla Colan təpələrini çoxdan özününkü ləşdirib.
Aralıq dənizi boyunca Türkləri qıra-qıra gəlib Türkiyə, Azərbaycan sınırlarına çıxıblar. Kimlər? Demokratiya adı altında gizlənməklə özlərinin imperialist planlarını gerçəkləşdirən bir sıra bəlli dövlətlər. Onların istəyi nədir? Bayır-Bucaq (Suriya), Mosul, Kərkük (İraq) Türkmənlərini qırıb-çatmaqla oralarda Kürdüstan dövləti yaratmaq! Bu eləcə Kürdlərə dövlət yaratmaq istəyi deyil, imperializmin indiyədək dönə-dönə böyük uğurla sınaqdan çıxardığı “parçala, ağalıq et” yaradıcılığıdır.
Birinci Dünya Savaşı dönəmində İngiltərənin dış işlər baxanı Kerzonun planına (tarixdə “Kerzon planı”) uyğun olaraq Azərbaycan coğrafiyasında qanlı qırğın yoluyla “Ermənistan” yaradıldı. Bu yandan Rusiya, o yandan ABŞ Kerzon planına yardımçı olmaqla erməniləri təpədən dırnağadək yaraqlandırıb-donatıb Türkləri qırmağa yönəltdilər. Kerzon planı belə idi: “Azərbaycanla Türkiyə arasında zolaq yaratmaq (iki qardaşı bir-birindən ayrı salmaq üçün!) boşaldılmış zolağa xristian erməniləri yerləşdirmək”. ABŞ prezidenti Vudro Vilson Kerzondan da qabağa gedərək, Azərbaycan Türklərinin yaşadığı Qars bölgəsi başda olmaqla  Türkiyənin böyük bir parçasını ermənilərə bağışlayırdı. Yalnız Mustafa Kamal Paşanın ortaya çıxması üzündən Türkiyə ilə bağlı anqlosaks planları pozulmuş oldu. Onlar yalnız Azərbaycan coğrafiyasında ermənilərə dövlət yarada bildilər. “Ermənistan” dövlətini onlar Türk dünyasını, başlıcası da Türkiyə ilə Azərbaycanı yüz illər boyunca basqı altında tutmaq üçün yaratdılar.
Sonra onlar Ərəbləri yüzillər boyunca basqı altında tutmaq üçün İsraili yaratdılar (1949). İndi onlar bir gülləyə iki dovşan vurmaq üçün Ərəb coğrafiyası ilə Türk coğrafiyası arasında qanlı qırğın yoluyla – yenə də başlıca olaraq Türk soyqırımı törətməklə – Kürdüstan dövləti yaradırlar.
Çoxdan ələ alınmış, ələ alınmaqla hakimiyət başına gətirilmiş Türk – Ərəb dövlət başçıları gözlərinin qarşısında baş verən çoxillik qanlı qırğınları susqunluqla izləyib dururlar. Hələ onlardan imperializmin planlarına əlaltılıq edənlər də var! Bu gün ortada olan qondarma “müsəlman birliyi”, ölümcül Türk – Ərəb gerçəyi budur!!!

II

Ermənilərin Qarabağ olaylarını başlamasından indiyədək dönə-dönə Qarabağda olmuş baronessa Keralayn Koks bu günlərdə yenə də Qarabağa gəlmişdi. Erməni döyüşçülər qarşısında çıxış edən Koks dedi: “Siz burada xristianlıq uğrunda savaş aparırsız”. O başdan-bu başa çox iyrənc, antuhumanist yol tutmuş olsa da, sözünü belə açıq dediyinə görə biz Koksa ürəkdən “sağ ol” deməliyik. Koks bizdə çoxlarının indiyədək anlamadığı bir gerçəyin üstünü acdı: Qarabağ uğrunda savaş yalnız ermənilərin apardığı savaş deyil, bu, bir də xristianlığın apardığı savaşdır. Koks özü isə o savaşın birbaşa Azərbaycana yönləndirilən missionerlərindəndir. Koks illərdən bəri Qarabağa elə-belə, boş əllə gəlib-getmir: gətirdiyi “xristian ermənilərə” yardımlar, apardığı yenə “xristian ermənilərə” yardım istəkləri olur. Koks illərdir Qarabağın işğalının dönməz xarakter alması üçün əlindən gələni edir, çoxillik Əliyevlər hakimiyəti isə buna yalnız göz yummaqla qarşılıq verir. Nə üçün? İstəklər üst-üstə düşdüyü üçün!
Keralayın Koks kimdir? Lordlar Palatası, eləcə də xristian qurumlarından birinin  üyəsi, Qarabağa ilkin gəlişlərində parlamentdə spiker. Göründüyü kimi, Koks İngiltərədə sıradan birisi deyi, Britaniya-xristian imperializminin qulluqçularındandır. Bu gün Xəzər dənizindən Daşkəsənin, Gədəbəyin qızıl-gümüş yataqlarınadək Əliyevlərin əlilə Azərbaycanın doğal resurslarına yiyələnən Britaniya imperializminin aktiv qulluqçusu!
Çox-çox yüzillərdən bəri Azərbaycanı ələ keçirməyə çalışan İngiltərə imperializmi bu işin ilkin dönəmi, başlanğıcı olaraq Azərbaycan coğrafiyasında qanlı qırğın yolu ilə “Ermənistan” dövləti yaratdı. Bu plan iki yolla gerçəkləşdirildi: bir yandan Azərbaycan Demokratik Respublikası hökumətini diplomatik yollarla sıxışdırmaqla; başqa bir yandan erməniləri təpədən dırnağadək yaraqlandırıb-donatıb qanlı qırğınlar törətməklə. Kerzon necə planlaşdırmışdı: Türkiyə ilə Azərbaycan arasında zolaq yaratmaq, o zolağa xristian erməniləri yerləşdirmək”. Deyilən zolağı yaratdılar, ABŞ-adək ermənilərə pul yardımı etməklə dünyanın hər yerindən ermənilərin “Ermənistan”a köçünü yaratdılar. O çağlar Naxçıvanı da tutub “Ermənistana” qatmaq istəyirdilər. Ancaq Türkiyədən gələn ordu yardımı Naxçıvanın “Ermənistana” qatılması planının qarşısını aldı. İngilis komandanlığı onda dolayı yola əl atdı: İngiltərə agenti Andronikin quldur dəstələri Azərbaycan Türklərini qırıb-çatmaqla Araz çayınadək boşaldılmış zolaq-koridor yaradaraq  Naxçıvanı Azərbaycandan ayırdı. İndi Azərbaycanı parçalamaqla Laçın koridoru yaradıldığı kimi, onda da Azərbaycanı parçalamaqla Mehru koridoru yaradılmışdı – “sonrasına baxarıq” planları ilə…
Qarabağda, Qafqazda, bölgəmizdə, ermənilər beləcə, Koksun dililə desək, “xristianlıq uğrunda savaş aparırlar”. Bu savaş sürəci boyunca bölgədə xristian ermənilərin ən yaxın, effektli yardımçısı islam-fars İranı olub, olmaqdadır!
ABŞ-la İngiltərə başda olmaqla xristian dünyası ermənilərin istər “Ermənistan”da, istərsə də erməni işğalı altında olan Qarabağda dönməz üstünlüyünü yaratmaq üçün onlara ardıcıl yardımlarda bulunur. Aqressor aqressiyaya uğrayandan üstün tutulur. Aqressoru barmaqla göstərmək prinsipindən biryolluq üz döndərilir. Azərbaycan “yazıq erməniləri blokadada saxlayan dövlət olaraq” çoxillik sanksiyalarla basqı altında tutulur. Yalnız ermənilərə yardım yoluyla deyil, Azərbaycanda antidemokratik rejim qurmaqla, bu rejimə illərlə arxa durmaqla da ermənilərin Qarabağda bərkinməsinə qarantiya yaradılır.
“Ermənistan”ın İraqir.am saytının bügünlərdə yaydığı bilgiyə görə, “Ay Delta” erməni qurumu  yenə də (“yenə də”!) ABŞ-dan pul istəyi ilə çıxış edib. ABŞ-da “Ay Data” qurumunun qanunvericilik işləri üzrə başqanı Raffi Qaraqaşyan ABŞ Konqresindən, Senatdan 2017-ci ildə “Ermənistana”, Qarabağa yardım edilməsini istəyib. Konqresdən, Senatdan istəklər belə düzənlənib: 1) Qarabağa pul yardımının artırılması, o sıradan, Xankəndində “Baronessa Keralayın Koks” adına Reablitasiya Mərkəzinə yardım edilməsi; 2) Azərbaycanın cəbhə xəttində ağır yaraqlı texnikasını, snayperlərini geri çəkməyənədək, eləcə də savaşı başlatmaqla bağlı “Ermənistanı” qorxutması sürənədək Bakıya yardım edilməsin; 3) Suriya qaçqınlarına yardım etmək üçün “Ermənistana” 10 milyon ABŞ dolları yardım ayrılsın”.
Buradan göründüyü kimi, ABŞ-ın dövlət gücündən (eləcə də Rusiyanın, İranın) yararlanmaqla ermənilər Qarabaqda bərkindikcə bərkinir. 20-ci yüzilin başlanğıc çağlarında (“Ermənistan” yeni yaradılırkən) xristian dövlətlərinin yardımıyla “Ermənistana” erməni köçü yaradıldığı kimi, indi oxşar yardımlarla Qarabağa erməni köçü yaradılır. “Dağlıq Qarabağ konfliktinin dinc danışıqlar yolu ilə çözümü” adı altında illərlə sürdürülən yalançı danışıqlar da ardıcıl köç salmalarla ermənilərin Qarabağda biryolluq bitib-bərkinməsi üçündür! İndiki status-kvonun saxlanması bəlli imperialist dövlətlərə də, bu dövlətlərin Azərbaycanda birgə qurub birgə arxa durduqları Əliyevlər rejiminə də əlverişlidir.
ABŞ-ın Aərbaycandakı baş diplomatı Robert Sekuta çıxışlarının birində ölkəsinin azərbaycanlılara kömək üçün indiyədək 1, 5 milyard dollardan çox pul ayırdığını bildiririb”. Sekuta bu köməyin nədən ötrü olduğunu da açıqlayıb: “ABŞ 1992-ci ildən güclü, sabit, çiçəklənən, demokratik Azərbaycan qurulmasında kömək etmək, Dağlıq Qarabağ konfliktindən itkiyə uğrayanların gərəklərini qarşılamaq üçün projelər gerçəkləşdirir”. ABŞ diplomatının burada dedikləri Əliyevlərin çoxillik yalanlarından seçilməyən yalanlardır. Hanı ABŞ-ın köməyi ilə qurulan o “güclü, sabit, çiçəklənən, demokratik Azərbaycan”? ABŞ Azərbaycanda İŞĞALÇI Əliyevlər rejimini quran, illərlə ona arxa duran başlıca dövlətlərdən biridir. Bu gün Azərbaycanda nələr baş verdiyini ABŞ hökuməti gözəl bilir: bizim ölkəmiz bu gün radikal dinçi qrupların geniş oylağına çevrilib. Bu işdə başlıca rol oynayan dövlətlərin birincisi ABŞ özüdür. ABŞ Azərbaycanda illərlə demokratiyaya deyil, Əliyevçi diktaturaya arxa durdu, yardımçı oldu. Əliyevçi diktatura isə sonadək demokratiya ilə çarpışma apardı, ölkədə demokratiya sıxışdırılıb gerilədikcə onun yerini Səudiyə Ərəbistanından, İrandan yönləndirilən dinçi radikalizm tutdu. Çox ola bilsin, bu, ABŞ-a yalnız Azərbaycanla bağlı geopolitik planlarını gerçəkləşdirmək üçün deyil, eləcə də Böyük Yaxın Doğu projesini daha geniş planda gerçəkləşdirmək üçün gərəkdir. İmperialist xarakter daşıyan geopolitik planların, bölgəsəl projelərin asanlıqla gerçəkləşdirilməsi üçün super dövlətə özünə yararlı, antixalq xarakterli əlaltı rejimlər gərəkir.
150 milyardlıq neft pullarının mənimsənib yoxa çıxarıldığı, təhsil, sağlamlıq sistemlərinin dağıdıldığı, korrupsiyanın DÖVLƏT SİYASƏTİNƏ dönüşdürüldüyü Azərbaycan bu gün bir çox baxımlardan Afrikanın ən geridə qalmış ölkələrilə bir sırada dururkən ABŞ-ın Bakıdakı baş diplomatı bu faktları bilə-bilə bizə “güclü, çiçəklənən Azərbaycan” yalanları sırıyır. Barışmaz dinçi radikalizmin (Səudiyə, İran yanlıları) bir belə geniş yayıldığı, bir qrup oğrunun dövlət hakimiyətini ələ keçirməklə milyonçuya, milyarderə çevrildiyi, xalqın böyük çoxluğunun yoxsulluq içində yaşadığı ölkədə ABŞ diplomatı bizə “sabit Azərbaycan” yalanları sırıyır. Ölkədə ABŞ-ın köməyi ilə bir ailənin diktaturası qurulurkən ABŞ diplomatı bizə “demokratik Azərbaycan” yalanı sırıyır.
Sekuta ABŞ-ın Azərbaycana ayırdığı yardımların hansı projelər üzrə gerçəkləşdirildiyini də göstərir. Sən demə, ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı ilə Birləşmiş Ştatlar Bərdədə üç su projesi gerçəkləşdirir. Sekutanın dediyinə görə, bu projelər gerçəkləşəndən sonra Bərdədə “670 ailənin – 3300-dən çox qaçqın-köçkünün su sorunu aradan qalxacaq”. Bu yanda Əliyevçi rejimlə ortaqlı Azərbaycanın doğal resurslarını sümürüb aparırlar, o biri yanda qurduqları, illərlə arxa durduqları antixalq rejiminin yerinə xalqın su sorununu çözürlər. Ən başlıcası, bu yanda Azərbaycandakı qaçqın-köçkünlərin su sorununu çözürkən, o yanda o qaçqın-köçkünlüyə nədən olan erməni aqressorlarına ABŞ-NATO qoşunları təlim keçir, onlara daha effektli savaşmaq-döyüşmək bacarığı aşılayır. Bununla yanaşı, Sekuta deyir: “Bu projelər (su projeləri. – X.B.) qaçqın-köçkünlərin şəraitini yaxşılaşdırmaq istəyimizi göstərir”. Göründüyü kimi, qaçqın-köçkünlüyü doğuran nədənləri aradan qaldırmağa çalışmaq yerinə, gəldikləri yerlərdə qalıb bərkinmələri üçün onların “şəraitləri” yaxşılaşdırılır. Sekuta sonra bildirir: “Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupu çevrəsində Dağlıq Qarabağ konfliktinin barış yolu ilə çözülməsi üçün çalışmalarını sürdürür”. Bu sayaq siyasətlərə bizdə “dovşana qaç, tazıya tut” siyasəti deyilir. Burası ayrıca vurğulanmalıdır: ermənilərin Qarabağda; doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların Bərdədən Bakıyadək olan yerlərdə; Əliyevlərin hakimiyətdə qalıb bərkinmələri (ABŞ-a gərək olanadək) ABŞ hökumətinin strateji planları içindədir.
Sekuta Əliyevçi rejim başçılarının yalanlarından seçilməyən yalanlarını sonadək sürdürməklə, qaçqın-köçkünlər üçün gerçəkləşdirdikləri su projelərini Birləşmiş Ştatlar hökuməti ilə Azərbaycan hökumətinin “birgə uğurunun parlaq görsənişi” adlandırır, bunu “azərbaycanlılar uğurlu, güclü, gəlişən ölkə qurarkən amerikalıların azərbaycanlıların yanında olmaq, onlara kömək etmək istəyinin görsənişi” olaraq dəyərləndirir.  Ölkəsi param-parça edilən, milyardları əlindən alınan, yoxsulluğa-yolsuzluğa uğradılan Azərbaycan xalqı beləcə ələ salınır – dilənçi payı verilməklə, o dilənçi payına diplomatik dillə bəzək-düzək vurmaqla! Ata Buşun ABŞ imperializminə belə bir yolgöstərənliyi vardı: “İşğal edilən xalq işğala uğradığını sezməməlidir”.
İllərin birində İ.Əliyev içində ABŞ-ın AMOKO kompaniyasının da olduğu BP-nin Azərbaycandan 10 milyard dollarlıq neft oğurladığını öyrənmişdi. “Legitimləşdirib” sümürdükləri azmış kimi onlar oğurluq da edirmişlər. Onda İ.Əliyevin BP prezidenti ilə görüşü çox gərgin keçmiş, o görüşdən sonra BP-nin sponsorluğu ilə çıxan ünlü bir jurnalda  Azərbaycana böyük axınla gələn neft pullarının (Neft fondundakı milyardlarla birgə) mənimsənib-dağıdılmasının üstünü açan yazı getmişdi. Bu yazıdan sonra 10 milyard dollarlıq oğurluq 50\50-yə bölgüsü ilə ort-basdır edilmişdi. Ortada belə, bundan qat-qat artıq oğurluq-soyğunçuluq-sümürgəçilik faktları var ikən Sekuta ölkəsinin Azərbaycandan qazandıqlarının yanında qəpik-quruş yerində olan yardımlarını göylərə qaldırıb gözümüzə soxur. Özü də o yardımların çoxunu arxasında durduqları rejimin (rejim quldurlarının) mənimsədiyini gözəl bilir!
Bu gün İraqda, Suriyada, bütövlükdə Yaxın, Orta Doğuda aldadıcı, fırıldaqçı, dolandırıcı savaş gedir: bölgəni yüzillər boyunca yenməyə yönəlik bir savaş! Burada uzun illərdən bəri qırılanların müsəlmanlar, başlıcası da Türklər olduğu bəllidir. İllərdən bəri belə olsa da, Türk sözü dilə gətirilmir: burada müsəlman ərəblərlə xristian imperializmin istəkləri üst-üstə düşür –  Türklər qırılır! Getdikcə qızışan savaş getdikcə genişlənən savaş meydanı deməkdir. Getdikcə genişlənən savaş meydanı getdikcə bütün çevrə coğrafiyasını qapsamaqda, bu coğrafiyada yaşayanları ulusal (milli) kimliyinə baxmadandoğal olaraq içinə almaqdadır.
Yaxın, Orta Doğuda getdikcə genişlənən, getdikcə daha qanlı xarakter alan savaş bu il katoliklərlə pravoslavların min ildən bəri baş tutmayan görüşünə gətirib çıxardı. Vatikanla “üçüncü Roma” – Moskva, Papa Fransisklə Patriarx Kiril “neytral zonada” – Kubada qapalı görüş keçirdi. Minilliyin görüşünün keçirilməyinə nədən Yaxın, Orta Doğuda “xristianların soyqırımı” imiş! Məncə, bu görüşə Türklük-müsəlmanlıq üzərinə  yeni Xaçlı yürüşünün xeyir-duası olaraq baxılmalıdır! Belə olmasaydı, xristian din başçıları keçirdikləri o qapalı görüşdən sonrakı açıqlamalarında Yaxın, Orta Doğuda “xristianların soyqırıma uğradılmalarından” deyil, bütövlükdə İNSANLIĞIN soyqırıma uğradılmasından danışardılar. Danışmadılar – bu isə dinin bütünlüklə siyasətə bulaşması, siyasətlə çulğaşması faktıdır!

Son olaraq

Birinci dünya savaşı Batının (xistianlığın) Türk-müsəlman coğrafiyasında xristian erməni dövləti yaratması ilə sonuclandı. İkinci dünya savaşı Ərəb coğrafiyasında İsrail dövləti yaradılması ilə sonuclandı. İndiki, üçüncü dönəmdə, Türk-Ərəb coğrafiyasında Kürdüstan dövləti yaradılması faktı ilə üz-üzəyik…

25-26 oktyabr 2016

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv