İsa Mehdioğlu. QURANDAKI ZÜLQƏRNEYN TÜRKÜN OĞUZ  XANIDIR!  

Dəyərli oxucular, tarixin qarlı-boranlı səhnəsində Azərbaycan türkləri bir çox haqsızlıqlarla üzləşmişlər. Onlardan biri də dilmizə qarşı edilən haqsızlıqlardır. Yeni yaradılmış gənc Azərbaycan Xalq Cümhuriyyətinə 1920-ci ildə Rus imperiyasının basqısından (işğalından) sonra, Azərbaycan Cümhuriyyəti Rus imperiyasının birləşiminə (tərkibinə) qatıldı. Qafqaz türklərilə, Anadolu türklərinin birliyini pozmaq, gələcəkdə ayrı millət etmək  istəyi ilə 1923-cü ildə  Lenin Qafqaz türklərinin dillərində dəyşiriklərin aparılması haqqında göstəriş vermişdir. Azərbaycan türklərinin dilində geniş işlənən azərbaycan sözləri, ərəb-fars sözlərilə dəyşdirildi. Sonralar bu siyasəti Stalin yaşatdı. Dilçilərimiz dilimizi ərəb, fars sözlərilə elə doldurdular ki, tamam yeni azərbaycan dili yarandı. Beləliklə də, ədəbiyyata gələn ərəb-fars (xüsusilə fars) sözləri danışıq dilimizdə olan doğma sözlərimizi dilmizdən çıxardaraq yavaş-yavaş el danışığmızdan da çıxardıb unutdurdu. Yerinə ərəb-fars sözləri işləndi. Bu gələnək bu gün də sürdürülür. Bu gerçəkdir, həmin oyunun canlı tanıkıyam (şahidiyəm).
İndi yeri gəldikcə mən də ərəb-fars sözlərinin yerinə unudulmaqda olan azərbaycan türkcəsini yazmışam. Unudulmuş sözləri anlamayan üçün gəlmə sözləri ayracda (mötərizədə) vermişəm. Azərbaycan dili çox varlı dildir. Gəlmə sözlərin hamısının qarşılığı var. Onlara xor baxmayın, yeri gəldikcə işlədin. Özünüzə qayıtmağa çalışın. Yadların ətəyindən tutmağı unudun.

    ******************

1992-ci ildə Fars tarixcisi S. Bəlağinin “Quran qissələri” əsərini oxudum. Əsəri oxuyanda uşaqlığımda babamdan eşitdiyim Oğuz dastanı yadıma düşdü. Cünkü Bəlaği dastanda olan olayları olduğu kimi əsərində bir daha yeniləyərək (təkrarlayaraq), Qurandakı Zülqərneynin Fars şahı Kureş olduğunu deyir. Qurandakı ayələri Küreşin yürüşlərilə ilişgiləndirir. İranda tapılan yiyəsi bilinməyən buynuzlu heykəli Kureşin adına yazır. Kureşin Zülqərneyn olmasını elə ustalıqla verir ki, inanmamaq olmur.
Uşaqlığımda eşitdiyim Oğuz dastanı bütün səhnələri ilə gözüm önündə canlandı. Dastanda deyilən, Oğuz xan gedən ölkələrdə bu gün fars dilli xalqın yox, türk dilli xalqın olmasını, Oğuzun getdiyi yerlərə türk adlarının verilməsini gözüm önünə gətirəndə, Kureşin Zülqərneyn olmasına məndə kuşqu (şübhə) yarandı. Özüm-özümə Qurandakı Zülqərneyn Kureş yox,  Oğuz xaqandır dedim.  Həmin ili 1992-ci ildə “Hürriyyət” qəzetinə “Qurandakı Zülqərneyn kimdir” başlığı altında məqalədə Oğuz xan dastanının Borçalı çeşitinin qısa özütünü (xülasəsini) verdim və tarixçi alimlərdən də bu dastanı araşdırmalarını Zülqərneynin Oğuz xan olmasını üzə çıxartmalarını dilədim.
1994-cü ildə F.Rəşidəddinin “Oğuznamə”sini oxudum. Burada da Oğuz dastanında olan olayların hamısının olduğunu gördüm. Ancaq burada olaylar eşitdiyimin tərsinə verilmişdir. Dastandakı ardıcıllıq pozulmuşdu. Borçalı çeşitində  Oğuz xan batıdan doğuya gedir, yollarda çoxlu yabancı (vəhşi) sözbilməzlərə söz, geyim və uyğarlıq (mədəniyyət) öyrədir. Heç bir dövlətə rast gəlmədən davasız, qırğınsız Çinədək (qədər) yol gedir. Sonra güneyə yürüş edir. Qoca vaxtı qaranlıq dünyaya gedir. Qayıdanda  yolda ölür deyilir. Oğuznamədə isə Oğuz doğudan batıya yürüş edir. Heç bir yerdə yabançılara rast gəlmir. Yüksək uyğarlı (mədəniyyətli)  dövlətlərlə vuruşur. Gənc yaşlarında qaranlıq dünyaya gedir. Min il yaşayır. Oğuznaməni oxuduqdan sonra eşitdiyim  Oğuz dastanına bir az kuşqu (şübhə) ilə baxmağa başladım.
2013-cü ildə  Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutunun  çap etdiyi “Dini və tarixi Mənbələrdə Zülqərneynin şəxsiyyəti” adlı dissertasiyasının  Avtoreferatını oxudum və özümü çaşırdım.  Yazar  Quran ayələrini incələmədən Zülqərneyni göy planetində axtarır.
Son zamanlar Türkiyə yazarlarının əsərlərində, İnternet və televiziya kanallarında Zülqərneyndən çox danışılır. Onlar da Azərbaycan alimləri kimi, Zülqərneyni göy planetinin varlığı hesab edirlər. Türkiyəli Mehmed Ali Bulud, Oğlan Aydoğlu, İsgəndər Tülə və bir çox başqaları  Zülqərneynin göy planetinin adamı olduğunu deyirlər . Göy planetində  Zülqərneynin hökmüran olduğunu, ordusunun olduğunu, qövmlər ilə görüşdüyünü, göydə Yəcuc, Məcucilərin qabaqlarına qaz buludlarından sədd çəkdiyini danışırlar. Zülqərneynin həm keçmişin, həm də gələcəyin göy adamı olduğunu, sədd dağılıb Yəcuc-Məcuc gələndə onun da gələsi olduğunu deyirlər.  Ərəblər də “Zülqərneynin qədimlərdə Yəmən ölkəsinin padişahı oluduğunu” deyirlər.
Heç kim Oğuz dastanından danışmır. Bu günədək heç bir folklorçu və tarixçi yada salıb,Oğuz xan xalq dastanının Quranda Zülqərneyn haqqında olan ayələrin eyni məzmununda səsləndiyini demir. Zülqərneynlə bağlı Quranda göstərilən olaylar ən azı 4-5 min ildir ki, olduğu kimi türk xalqının dastanında,  yaddaşında yaşamaqdadır. Ən azı 7-8 yüz ildir ki, “Oğuznamə”lərdə yazılı halda dillərdə dastandır. Ancaq bu olayları incələyib bilim yolu ilə Zülqərneynin Oğuz olduğunu üzə çıxardan, ona yiyə çıxan oğul tapılmır. Quranı araşdıran elm adamları da ya Makedoniyalı İsgəndərin yaxasından tuturlar. Ya da, Zülqərneyni başqa planet adamı hesab edərək üstündən xətt çəkirlər. Bu özgəlilik məni Zülqərneynin kimliyi ilə yaxından ilgilənməyimi (maraqlanmağımı) daha da artırdı. Elə bu ilginin (maraqın) sonluğu olaraq, ikinci kərə  bu məqaləni yazmalı oldum.  Əyər bilim adamlarımız bu dastanı araşdırıb, türk xalqının, xüsusilə Azərbaycan türklərinin tarixlərinin üstünə  yığılmış tozu təmizləsələr, bir çox minilliklərin gizli sirri üzə çıxar.

Oğuz xan dastanının qısa kapsamı (məzmunu).

 “Hun xaqanı Qara xanın bir oğlu olur. Uşaq bir gündə bir aylıq boy atır. Qırx günündə yemək yeyir, içmək içir. Bir yaşında böyüklər kimi söhbət edir. Üç yaşında mənə at verin minim deyir. Qolu bükülməz bir iyid olur. Böyüyür ov ovlayır, kuş kuşlayır, Aslanı, Pələngi yenir. Adını Oğuz qoyurlar. Qara xanı qocalıq yaxalayır. Xanları toplayıb qurultay çağırır. Oğlunun yetginliyinin xaqanlığa layiq olması haqqında xanlardan soruşur. Xanların hamısı çox  layiqli iyiddir deyirlər. Qara xan xaqanlıq tacını oğlunun başına qoyub xaqanlığı ona verir. O gündən Oğuz xan xaqanlığı yönətməyə başlayır.  Bir gün Oğuz xan hunları ilə ova çıxır. Ovda yağış yağır, şimşək çaxır, yerə ildrım düşür. Oğuz ildırım düşən yerə baxanda orada bir qızın oturduğunu görür. Hunlarına mənim ovumu Tanrı göndərdi deyib, qızı evə gətirir, adını Ülkər qoyur. Onunla evlənir. Oğuz xan yenə bir gün ova çıxır. Ov zamanı gözəl, könül oxşayan  bir yerə gəlir. Yer Xaqanın xoşuna gəlir. Hunları ilə gənəşiklik edir. Burada bir şəhər salmağı qərarlaşdırdı və Şəhərin tikilməsinə başladılar. Tezliklə gözəl bir şəhər tikdilər. Buranı özünə başkənd edib, adını da Həmədan qoyur. Bir qədər dincəldikdən sonra, Hunlardan ordu toplayıb günbatana yürüş edir. Qarşısına çıxan xalqlarla dil tapıb qırğınsız özünə tabe edir. Onlar xaqana xərac vermək üçün anlaşma bağlayırlar. Axırda günəşin ağ parıltılı dənizdə batdığını görən Xaqan dənizin adını Ağ dəniz, yanındakı dağa da Ağ dağ qoyur. Burada dünyanın qurtardığını deyir. Burdakı xalqla düşmənçilik yaratmadan dost kimi geri vətəninə qayıdır. Bir müddət Həmədanda dincəldikdən sonra üzünü gün doğana tutur. Dünyanın axırınadək getməyi qərarlaşdırır. Bir müddət yol getdikdən sonra qalın ormanlıqlarda dilbilməz çöllü adamlara rast gəlir. Bunların üz-gözlərinə baxıb, mənim xalqıma oxşayırlar deyir. Adlarını Türkmən qoyur. Onların yanlarında hunlarından xeyli adam qoyub onlara paltar geyindirməyi, dil öyrətməyi tapşırır. Bir ay yol getdikdən sonra yenə, yabançı qanmaz çöl adamlarına rast gəlir. Onları bir araya toplamağa göstəriş verir. Çöllülərə paltar geyindirmək və  dil öyrətmək üçün ordusundan bir takım Hun ayırır. Özü isə yolçuluğunu (səfərini) sürdürür (davam edir). Bir sürə (mənzil) getdikdən sonra, yenə də qarşılarına yabançı, çılpaq, dilbilməz, dağ mağaralarında yaşayan xalqa rast gəlir. Bunların qadınlarını çox, kişilərini az görən Xaqan onlara Qırxqızlar adaını verir. Kişilərin az olmalarının kizini (sirrini) soruşur. Kişilər “yarımız qalıb yurdumuzu yağılardan qoruyuruq, yarımız yem üçün ova gedirik” deyirlər. Qırxqızlara da geyinmək, danışmaq öyrətmək üçün Hunlardan alplar ayırıb, yenə yoluna üz tutur.
Yolda gözəl çəmənli-çiçəkli, sərin bulaqlı, bol ovlaqlı bir dağa rast gəlir. Burada alplar çoxlu ov ovlayırlar. Ordu dincəlir. Günəşin enib dağda batdığını görən xaqan Tanrının bu dağa enib yatdığını düşünür. Dağın adını Tanrı dağı qoyur. Dağın çəmənliyində dincəlib yorğunluğunu aldıqdan sonra yenə yol getməyə başladyır. Burada at minən yay-oxu ilə silahlanmış, az sözlü qoçaq və bacarıqlı iyid ovçulara rast gəlir. Oğuz xan onlarla dostlaşır. Oğuz xan bu yabançılara yaxşılıq edir, onlara yay, ox bağışlayır, nişançılıq sirlərini öyrətmək üçün yanlarında Hunlar qoyub yola düşür. Yaxşılıqları görən yabançılar, Oğuz xana qarşılarında Çin ölkəsinin olduğunu və onun güclü ordusunun olduğunu deyib, onlara qarışmaqlarını istəyirlər. Xaqan onlara razılıq vermir. Xaqan onlara “Uyğur” (Uyğur ulu türk dilində bizə qoşulanlar deməkdir) adını verir. Onların da gəlişmələri (əhliləşmələri) üçün Hunlarından alplar ayırır.
Çin sınırına çatanda nizami ordulu  Çin  xaqanlığının olduğunu görür. Çin Xaqanı Oğuz Xanı sarayına qonaq aparır.  Qonşu xaqanlar kimi dost olurlar. Çin xaqanı  dostluq nişanəsi olaraq, ona qızıl yəhərli at bağışlayır. O da cavab olaraq bir göz qamaşdıran ləl bağışlayır. Xaqanlar gəzməyə çıxırlar. Oğuz xan günün qızmarında kölgəsinin olmadığını görəndə ilgiclənir (maraqlanır) kölgələrinin necə olduğunu soruşur. Çin xaqanı bizim yalnız səhər və axşam kölgəmiz olur deyir. Bu necə olur deyəndə səbəbini aydınlaşdıra bilmir. Bu anda Lələ söhbətə qarışır. “Biz dünyanın ortasında olduğumuz üçün, durduğumuz yerdə günəş düz başımız üstündə durur. Onun üçün də kölgəmiz olmur” deyir.
Onlar dənizə gəzməyə çıxırlar. Oğuz Xan günəşin göy rəngli dənizdən çıxdığını görüb, ona Göy dəniz adını verir və burada dünyanın qurtardığını deyir, Çin  xanı ilə dostluq öhdəçiliyi bağlayır. Aralarında sınırlarını bölüşdürürlər. Xaqan geri hunlarının yanına gəlir. Bir sürə burada qalır. Uyğurlar üçün bir başkənt tikdirir. Uyğurlara başçılıq etmək üçün hunlarından alplar ayırıb orada qoyur. (O dönəmlərdə ordu illərlə yol gedib gəldikləri üçün onlar yolçuluğa evli (ailəli) çıxarmışlar. Ona görə də burada evli hunlar qalıb çoxalıb Hun xalqını yaradırlar). Başkəntin  adını Hunqar qoydu. Xaqan bir sürə dincəlib, geriyə öz yurduna yola düşür. Qayıdan dönəmdə yarıdan yuxarı başı qarlı bir dağın güllü, cicəkli ətəyində dincəlir. Dağ xoşuna gəlir. Dağın təpəsinə alplar  göndərmək istəyir. Ancaq Lələ razılaşmır. Qışda bu dağa çıxmaq qorxuludur. Yalnız 6 aydan sonra dağın təpəsinə çıxmaq olar deyir. Oğuz xaqan dağın adını Altay qoyur.
Gedəndə yollarda qoyduğu yabançıların (vəhşilərin) artıq gəlişdiklərini (əhliləşdiklərini) görüb, bunlar üçün də yeni bir başkənt tikdirir. Adını Sumerkənt (Səmərqənd) qoyur. Sonra da ölkəsinə – Həmədana gəlir. Gəlişi şərəfinə böyük qonaqlıq verir. Bütün qonşu xaqanları, xanları qonaq çağırır. Dünyanın hər iki ucunadək getdiyini bildirir. Özünü dünyanin iki ucunun xaqanı elan edir. Başına iki  buynuzlu tac qoyur. O gündən də bütün qonşu ölkələr ona Zülqərneyn (iki qərinəli), özünün xalqı ona Zülqədər (iki buynuzlu) xaqan deyirlər.
Zülqədər bir az dincəlir və üzünü günəş ortamına tutub yol gedir. O qədər gedir ki, axırda qarşısına ucu-bucağı görünməyən dəniz çıxır. Qızarmış günəşin dənizdə batdığını görən Zülqədər burada dünyanın qurtardığını deyir və dənizin adını “Qırmızı dəniz” qoyur.
Zülqədər  xan xaqanlığını daha da genişləndirir, böyüdür, xalqı bolluq, varlıq (rifah) içərisində yaşadır. Son halda qocaldığını görüb, ölkəsində olan göybilimçiləri (münəccimləri) çağırır. Göybilimçilərə ölməzlik üçün bir qurtuluş yolu tapmalarını əmr edir. Göybilimçilər bildirirlər ki, dirilik suyu qaranlıq dünyadadır. Onun yolunu heç kim bilmir. Xan bilgin Lələsini çağırır. Dirilik suyunu tapmaq üçün Lələsindən gənəşik alır. Lələ ölümsüzlüyün qarşısının alınmasının olumsuzluğunu deyir. Xan razılaşmır. Getməyi qərara alır. Lələ yolda çətinliklərin olacağını xana bildirsə də o, öz fikirindən dönməyərək suyu axtarmağı qərara alır. Bu kərə xaqan ailəsini götürmür. Ülkərbəyim Tanrıya yalvarır ki, onu yenidən ulduza çevirsin, göydən xaqanı izləsin. Tanrı onun səsini eşidir. Onu qırx qarabaşları ilə birlikdə ulduza çevirir. Ülkərbəyim Ülkər ulduzu olub, göydən xaqanın yolunu izləyir.  Xaqan qaranlıq dünyaya getdiyi yolda bir yanar dənizə rast gəlir. Xan dənizin suyunun od tutub yandığını görür. Adını “Odlu dəniz” qoyur. Odlu dənizin yanında göylərədək ucalan başı qarlı-buzlu dağa rast gəlir. Dağın adına Qaf dağı deyir. Zülqədər Qaf dağının  ətəyində dincələn dönəmdə sevimli atı dağa qaçır. Alplar axtarır, tapa bilmirlər. Atı qarlı dağda yaşayan yerli adamlar tutub xaqana verirlər və deyirlər ki, bizm dağda yaşayan Pəri qızlarının qoruyucusu Toğrul quşu adlı qanatlı adam var. Bu xeyirxah quş Qaf dağının Albuz təpəsində (indiki Elbruc zirvəsində – İ.M.) oturur. Dağı və onun Pəri qızlarını qoruyur. Onun ilətgənliyi (bələdçiliyi) ilə atınızı tapdıq deyirlər. Xan Toğrul quşuna dünyanın ən parlaq ləlini bağışlayır. İndi dünya nə ki var, Toğrul quşu da nə ki var, Oğuz xanın daşının parlaqlığı Qaf dağını gecə və gündüz işıqlı saxlayır. Xan qarlı dağda yaşayan bu adamların adını “Qarluq” (qarda yaşayanlar) qoyur. Onlara uyğarlıq (mədəniyyət) öyrətmək üçün alplar qoyub yolunu davam edir.  Qarşılarına böyük, enli bir çay çıxır. Çaydan keçə bilməklərini sınamaq üçün, çaya üç dənə atlı alp salır. Çayın ortasında alpların itdiklərini görür. Çayın adını İtil qoyur.  Çayı keçmək üçün başqa yol axtarır. Bu anda yerli yabançı adamlar bunlara köməyə  gəlirlər. Onlar çayı keçməyin yolunu öyrədirlər. Onlara kömək edib, ormanın ağaclarından doğrayıb sal düzəldirlər. Salların köməyi ilə İtil cayını keçirlər. Bu yerli xalqın adına Kıpcak (ulu türkcə kupçak sözü, uyan, kömək edən anlamını verir) deyir və onlara dil öyrədib gəlişdirmək (əhliləşdirmək) üçün yanlarında Hunlarından alplar qoyur və qaranlıq dünyaya yola düşür.
Qaranlıq dünyanın yolu ilə gedəndə qarşılarına bir dağ çıxır. Heç cür bu dağı keçə bilmirlər. Axırda Xaqan Lələdən soruşur “Lələ, bu nə gizdir (sirdir) atları tər basdı, taqətdən düşdülər, bir addım belə gedə bilmirlər, bu gizə (sirrə) bir çarə tap” deyir. Lələ barmağını alnına qoyub bir qədər fikirləşdikdən sonra, qılncını çıxardıb yanındakı qayaya yapışdırır. Qılınc qayadan asılı qalır. Qılıncı qayada asılı görən Oğuz xan, “Lələ, bu sirri bizə anlat” deyir. Lələ “bu dağ dəmiri tutan dağdır. Bu dağ haqqında dədələrimdən eşitmişdim, indi özüm tanıqı (şahidi) oldum. Atların nallarını sökün gedək, qayıdıb buradan keçəndən sonra yenə də nallarsınız” deyir. Atların nallarını söküb, rahat yol getdilər. Qaranlıqda alpların azmamaları üçün Lələ yeni doğmuş bir atın balasını burada kəsin, qayıdan başı həmin atı önə salın öndərlik eləsin. Sizi gətirib ölən balasının üstünə çıxardacaqdır deyir. Elə də qaranlıq dünyanın başlanğıcında anasının gözü önündə yeni doğmuş bir daylaq kəsib yola düşürlər. Axırda qarşılarına çoxlu isti bulaqları olan bir yer çıxır. Lələ dirilik suyunun burada olduğunu deyir. Zülqədər bulağı tapmaq üçün əlindəki ölmüş balıqla dirilik suyunu axtarır. Ama tapa bilmir. Ordu sərkərdəsi  Xızırın yox olduğunu  eşidir. Onu görən alplar sərkərdənin qolları qanad olub göyə uçduğunu deyirlər. Xan  sərkərdənin haradan göyə qalxdığı yeri göstərmələrini deyir. Alplar xanı həmin yerə aparırlar.  Xan orada suyu qurumuş bir bulaq yerinin olguğunu görür. Xan başa düşür kü, dirilik suyu ona yox, Xızırın düşərpayı (qisməti) olmuşdur. Üzüntü keçirərək (peşimançılıqla) geri qayıdır. Xızır da o, gündən türklərin ölməz, həmişəyaşar bilqamısı olur. Dastanda xan hər şeyin, dağın, ağacın, suyun, quşun dilini bilən bir xan kimi verilir. Yol boyu qurtla, quşla, ağacla söhbət edir.
Qayıdanda xan Qaf dağından keçməli olur. Dağı keçmək üçün yol axtarırlar, axırda bir dar dərəli yal tapırlar. Yaldan aşıb, dağı keçirlər. Onlara az dil bilən xalq rast gəlir. Böyük ordulu Zülqədəri görən xalq, ona  deyir ki, quzeydə, (şimalda) yaşayan Anqut- Manqut (hər şeyi yeyən) adlı xalq onlara yağı kəsilibdir. Vaxtaşırı keçib mallarını, varlarını talayıb aparırlar. Zülqədər  ordusuna bu iki dağ arasına divar çəkməyi əmr edir.  Ordu dəmir-Mis qarışıqlı torpaqla iki dağın arasını doldurur. Buradakı xalqa 700 öküz kəsdirir. Dərisindən 700 körük hazırladır. 700 yerdən od vurub 7 gün körükləyirlər, torpaqdakı dəmir mis əriyib, hər iki dağ arasındakı keçidi bağlayır. Dərəni keçilməz bir yal edir. Adını Daryal qoyur. Xan səddi tamamlayıb yolunu getməyə başlayır. Qarşısına bir dəniz çıxır, uzaqdan baxanda dəniz qapqara görünür, yaxına gəldikdə dənizin dibindəki daşlarda görünür. adını Qara dəniz qoyur.
Bir dağın ətəyində qoşun əylənib dincəlir. Buradakı  xalq  Xaqana bildirirlər ki, “burada iki qoşa dağ var, (Bəzi rəvayətdə iki qoşa ağac var) hər xas (çərşənbə) günü onlar bir-biri ilə danışırlar. Ama onların söhbətlərini biz qanmırıq” deyirlər. Zülqədər xan dağların (ağacların) söhbətini dinləmək üçün, xas günü iki dağın arasında çadırını qurdurub onların söhbətlərinə qulaq asır. Gecənin bir sürəsində dağlar (ağaclar) dilə gəlib danışırlar. Biri o birinə deyir ki, “gözün aydın olsun, Zülqədər xan bizə qonaq gəlibdir”. O biri də cavab verib deyir ki, “qonağımız dünyaya  mənimdi deyir, yenə gözü doymur. Ama xəbəri yoxdur ki, onun özü bu dünyanın yemidir. Gələn xas günü dünyanın özü onu udacaq və həmişəlik gözünü doyduracaqdır”. Bu söhbəti eşidən xan, tez xas çadırına qayıdır. Ordu başçılarını (sərkərdələrini)  yığıb onlara yollarını dəvam  etməyi əmr edir. Yolda Zülqədər xəstələnir. Ölüm ayağında ordu sərkərdələrini çağırıb onlara tutsu (vəsiyyət) edir. “ Xas günü mən öləcəm. Ama ölkəmin yolu hələ çox uzaqdı. Mən öləndə sağ əlimi tabutdan eşikdə (kənarda) saxlayın. Harada əlimi çəksəm orada  basdırın” deyir. Xan ölür, tutsuya görə sağ əlini tabutdan eşikdə aparırlar. Bir dağın yanından keçəndə qoyun otaran  çoban soruşur, “bu ölünün  suçu nədir ki, əlini eşikdə aparırsınız deyir. “Bu bizim xanımızdır. Öləndə özü belə  tutsulamışdır” deyirlər. Bilici çoban, iki başlı söhbəti anlayır. Yerdən bir ovuc torpaq götürüb, xanın ovucuna tökür. Həmin anda xan əlini çəkir. Ordu başçıları belə qərara gəlirlər ki, xanı həmin dağın təpəsinə (zirvəsinə) basdırsınlar. Çobandan dağın adını soruşurlar. Çoban “Yeldağıdır” deyir. Zülqədəri çıxardıb Yeldağının təpəsinə basdırırlar. Zülqədər Yeldağının başında sonsuzluğa (əbədiliyə) qovuşur. Ülkərbəyim də 40 qarabaşı ilə birlikdə göydə parlaq ulduz halında qarabaşları da yanında həmişəlik Ülkər ulduzu olub, sonsuzluğa qovuşur. Dastan bununla tamamlandı, bitdi. Ama Zülqərneynin axtarışı bitmədi. O, bu gün də  axtarılır.
Həmin Yeldağı, Borçalının Bolnisi şəhəri ilə Kəpənəkçi kəndi arasında öz yüksək qüruru ilə durur. Borçalı xalqının kutsal dağıdır. Yan-yörəsində yaşayan türklər və qreklər dağa tapanaklarını bu gün də yaşadırlar. Oğuzun-Zülqədərin kutsal gömütünün üstündə  gürcülər 2010-cu ildə görkəmli bir kilsə tikdilər. Dağa, gömütə hər şeyə yiyələndilər.
Çox yazıqlar olsun ki, sözdə özünü böyük xalq sayan türk xalqı və Azərbaycanın hər yerində kök salan Zülqədərilər Zülqədərin (Oğuzun) gömütünə yiyə dura bilmədilər. Torpaqları kimi dəyərli adamlarını da itirə-itirə gedirlər. Onu da deyim ki, mənim uşaqlığımda “Zülqədərin buynuzu var, buynuzu”  adında bir uşaq şeir kitabı var idi. Dastan uşaq dilində qısa halda yazılmışdı.
İndi ilk öncə onu işıqlandırmağa çalışaq ki, dastanda adı çəkilən Zülqədərlə, Qurandakı Zülqərneynin aralarında hər-hansı bir oxşarlıq, uyğunluq varmı? Bu qaranlığı aydınlaşdırmaq üçün dastanda səslənən olaylarla, Quran ayələrini gözdən keçirək. Onu qeyd edim ki, dastanda Zülqədər həm xaqan, həm də peyğəmbər kimi verilir. Quranda da eyni durum öz kəsinliyini (təstiqini) tapır.
Quranın 18-ci surəsinin 83-cü ayəsində deyilir: “Səndən Zülqərneyn barəsində soruşurlar. De onun barəsində sizə hekayət söyləyəcəyəm.” Ayənin yazılışından aydın olur ki, Kimlərsə peyğəmbərdən Zülqərneyn haqqında soruşubdur. Peyğəmbər ə.s.da Zülqərneyn deyə cavab veribdir. Çünkü Zülqədərlə, Zülqərneyn arasında çox yaxın oxşarlıq var. Zülqədər iki qədərli anlamını, Zülqərneyn isə iki qərinəli (taleyli) anlamını verir. Demək Zülqədəri Zülqərneyn deyə adlandırmaq  elə də böyük suç deyildir. Hər iki adın bir adama ilgi ola bilməsi inandırıcıdır. Eyni zamanda ayədə rəvayət, nağıl yox  “hekayət söyləyəcəyəm” deyilir. Rəvayət, əfsanə, mif, nağıl həmişə hər hansı bir xırda doğrunun yan-yörəsinə düzülən yalanların qarışması ilə yaranır. Bəzən də ağlın, təfəkkürün verimi kimi də yardılır.  Bunlardan ayrımlı (fərqli) olaraq, hekayə həmişə doğruluqla, bağlı olan olaylardan danışır. Demək peyğəmbər ə.s. Zülqərneyni rəvayət  kimi yox, doğruluq olayı kimi bilir və onun hekayəsini danışır.
Ayəni açıqlayan hədisçilər deyirlər: ”Yahudilər soruşdular ki, Talmutda adı bir dəfə çəkilən  buynuzlu peyğəmbər kimdir.” Peyğəmbər ə.s. buynuzlu peyğəmbərin adını, davranışlarını və getdiyi yolları ayələrdə çox aydın və dürüst göstəir. Oğuz dastanında deyilənlərlə Quran ayəsində deyilən tam üst-üstə düşür.
Belə ki, Quranın 86-cı ayəsində deyilir: “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda qara palçıqlı bir çeşmədə batan gördü. O çeşmənin yanında bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzab da verə bilərsən, onlarla yaxşı rəftar da edə bilərsən!” Ayənin deyilişindən aydın olur ki, Zülqərneyn günbatana yola çıxıbdır. Eyni zamanda bu ayədə Tanrının gənəşikliyi onun peyğəmbərliyini kəsinləyir (təstiqləyir).
Dastanda da Oğuz xan ilk yolçuluğunu günbatana edir. Gün batan yerdə ordusu dövləti olan bir xalqa rast gəlir. Quranda deyilən kimi Zülqədər bunlara “əzab da verə bilərdi”. Ama əzabsız, davasız-qırğınsız andlaşma bağlayıb qayıdır. Bax bu durum Quranda olduğu kimi verilibdir. Oğuz xanın ilk yolçuluğu Quran ayəsinə uyğun gəlir. Yalnız dastanda günəş ağ dənizdə batır deyilir. Ama Quranda günəş qara palçıqlı bir çeşmədə batır deyilir. Burada bir balaca kuşqu yeri var. Dastanda Oğuz xaqan günəşin dənizdə batdığını görür. Dünyanın axırı olduğunu zənn edib qayıdır. Çeşmənin olması dünyanın sonu demək deyil. Eyni zamanda çeşmə yaxın mənzildə görünər, gün batan uzaqlığında olan mənzildə çeşmə görünməz. Quranda yanlışlıq ola bilməz. Demək  yanlışlıq  təfsirçilərdə, ya da tərcümədədir.
18\89 ayədə deyilir: “Sonra o başqa bir yola tərəf üz tutub getdi”.Yəni gündoğana getdi. 18\90-da: “Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona qarşı heç bir sipər yaratmamışdıq”. Bu ayə Oğuz xanın Çin patişahı ilə görüşünə uyğun gəlir. Dastanda deyilən kimi qızmar günəş onların başları üzərində olduğu üçün sipərləri olmur.
18/93-ci ayədə deyilir: “Nəhayət iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfa gördü”. Tayfa dedikdə, söz yox ki, adamlar anılır. Adam da göydə yox, yerdə yaranan varlıqdır. Eyni zamanda peyğəmbər ə.s.ın “az qala söz anlamayan bir tayfa gördü” deməsi, onu göstərir ki, peyğəmbər danışdığı olay, ondan çox-çox qədimliyin, hələ adamların söz anlamadıqları bir dönəmdə onlara peyğəmbərlik edən bir kimsədən danışır. Bu fikir olduğu kimi dastanda bir neçə kərə səslənir. Oğuz xan doğuya gedəndə bir çox sözbilməzlərlə rastlaşır. Qaranlıq dünyaya gedəndə Zülqədər xan Qaf dağında bir çox sözbilməzlərlə rastlaşır və s. Göründüyü kimi Quran ayəsilə dastan olayları eyni səslənir.
18\94-cü ayə: “Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc, Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onların arasında bir səd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?” 18\95. “O dedi: Rəbbimizin mənə verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin. Mən də sizinlə onlar arasında möhkəm bir səd düzəldim!”
Onu deyim ki, Yəcuc və Məcuc ərəbləşdirilmiş sözdür. Dastanda bu xalq Anqut-Manqut adlanır. (Anqut-Manqut sözü Borçalı atalar sözündə hər şeyi yeyən kimi işlənir) Söhbət quzov Qafqazda yaşayan hər hansı bir yabanı xalqdan gedir. Quzov Qafqazda Yəcuc, Məcuc adlı xalq yoxdur. Yəqin ona görə də alimlərmiz onları göy ulduzlarının adamları hesab edirlər. Sonunda Zülqərneynin “Rəbbimizin mənə verdiyi daha yaxşıdır deməsi onun tək tanrılı olduğunu göstərir. Divarı (Səddi) də xalqla birlikdə tikir.
18\96-da deyilir: ”Mənə dəmir parçaları gətirin!” (onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: (körükləri) üfürün!”- dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: mənə ərimiş mis gətirin, onun üstünə töküm!” dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu. Və beləliklə möhkəm bir səd əmələ gəldi)”. Qurandakı bu ayə, dastanda belə verilir. “İki dağın arasına çoxlu dəmir-mis qarışıqlı torpaq doldurdular. Yeddi yüz öküz dərisindən, yeddi yüz körük hazırladılar dağa od vürub körüklədilər. Körük gecə-gündüz yeddi gün alov üfürdü. Dəmir, mis əridi, iki dağın arasını tutdu”. Göründüyü kimi Quranın ayəsi ilə dastanda daryal (Bu gün Daryalın adı Devdorakidir) dərəsi divarının bağlanması haqqında deyilənlər necə də bir-birinə uyğun gəlir. Hər ikisində olan fikir tamam eynidir, üstəlik heç bir açıqlama, incələmə yeri qalmırr.
Həmin surənin 98-ci ayəsində deyilir: “Bu Tanrının mənə olan mərhəmətidir. Tanrının verdiyi vədə başa çatdıqda onu dağıdacaqdır”. Həmin eyni cümlə olduğu kimi dastanda da var. Doğrudan da, dastanda və Quranda deyilən vədə gəldi bizim dönəmimizdə başa çatdı. O səddi sovet höküməti dağıtdı. Dastanda adı çəkilən həmin Daryal (Devdoraki) dərəsindən sovet hökuməti hərbi Gürcüstan yolunu saldı. Yeraltı tunel vasitəsilə Gürcüstanla Rusiya birləşdi. Demək Quranda deyilən Yəcuc-Məcuc Rusiya xalqı imiş. Çünkü Səddi Ruslar dağıtdılar.  Dastanda olan bütün olaylar Quranda öz doğruluğunu tapır. Demək Qurandakı Zülqərneyn dastandakı Zülqədərdir. Yəni Oğuz xandır. Ama nədənsə 1992-ci ildən bəri ildə bir neçə kərə mətbuatda gedən yazılara baxmayaraq, bizim tarixçilər elmi surətdə Zülqərneynə yiyələnmirlər. Dindarlarımız da Tanrıçılığı bu günədək özündə yaşadan, türk xalqının peyğəmbərinə yiyələnmək istəmirlər. Ən ilgincli hal budur ki, 1400 ildir həm dastanda, həm Quranda eyni olayları oxuyan Türk aydınları Zülqərneyni göy planetinə göndərirlər.
Bertels yazır: “Nizami əsərlərini yazarkən, Midya və Atropatenalıların əsgi əsatirlərinin keyfiyyətlərindən istifadə etmişdir. “ (Y.E.Bertels” Nizami” M. 1956. S.157). Eləcə də Nizami Gəncəvi Oğuz dastanını bütünlükdə “İsgəndərnaməsində” vermişdir. Ancaq baş qəhramanın adını Oğuz yox, Zülqədər yox, İsgəndər qoymuşdur. O, əsərində  Makedoniyalı  Aleksandrı tamamilə  türkləşdirmişdir. Ayrı cür də bacarmazdı. Çünkü əsəri üçün qırmızı xət kimi götürdüyü dastan türkündür.
Bəlkə oxucu məni qınaya ki, Nizami kimi böyük duhanı suçlayıram. Onu bildirim ki, böyük adamın yanlışlığı da böyük olur. Bəzən o qədər böyük olur ki, əbədi görünür. Nizaminin də yanlışlığı beləsidir. Xalqın dastanı olan ulu türk qəhramanı Oğuzun-Zülqədərin (Zülqərneynin) adını dəyişib İsgəndər qoyması, N.Gəncəvinin bağışlanmaz suçudur.  O əbədi yaşar olan Oğuzu-Zülqədəri (Zülqərneyni) yox, yalançı, saxta İsgəndəri Şərq ədəbiyatında əbədi ölməz qəhraman elədi. Farsların və Hindlilərin  qədim ədəbiyyatlarının qaynaqlarında amansız, qaniçən, yaramaz fateh və mənliksiz adam kimi tanınan İsgəndəri, Nizami birdən-birə dünyaya peyğəmbər kimi tanıtdı. Nizami ölümsüz, həmişəyaşar əsəri ilə, 5-6 min il öncə imperiya yaratmış, ilk dövlət quran ədalətli və ağıllı xaqan, türklərin ikinci peyğəmbəri olan Oğuz xan obrazını ölməz poeması ilə Makedoniyalı İsgəndərə geyindirərək onu peyğəmbər elədi.

Nizami:

“Döyərəm qapını peyğəmbərliyə,
Tanrı da bəyənmiş peyğəmbər” – deyə deyir.

Əlbəttə, bu yanlışlıq tək Nizamidən yox, ondan öncə olan bilginlərdən, Firdovsidən, İbn Sinadan və başqalarından da gəlir. Onlar heç bir incələmə, araşdırma aparmadan Qurandakı Zülqərneyn, Bütpərəst, Mənəviyatsız İsgəndərdir deyə bütün İslam dünyasını inandırdılar. Bununla da Zülqərneynin-Oğuzun adı peyğəmbərlər sırasından çıxarıldı. Şərqin qələm adamları, dastanda eşitdiklərinin hamısını, Oğuzun bütün sifətlərini İsgəndərə verdilər.
Nizaminin əsərində İsgəndər (Aleksandr) heç olmadığı Günbatana və Qaranlıq dünyaya gedir. Yanar dənizdən, Qaf dağından keçir. Qaf dağında keçilməz sədd hördürür. Bunların hamısı Oğuz-Zülqədər dastanından götürülmüş olaylardır. Nizami bunları İsgəndərin adına yazmaqla Türkün tarixi qəhrəmanı olan Oğuzu türk xalqına unutdurdu. Elə o baxımdan da bu günün özündə  də Oğuz-Zülqərneyn yiyəsizdir.
Tarixçi-filoloq Dəniz Karakurt yazır ki, “türklərin qədim rəvayətlərinə görə dünyanın bir ucunda Ağ dəniz, bir ucunda göy dəniz, ortasında da odlu-atəş dəniz vardır”. (Dəniz Karakurt “Türk söyləncə sözlüyü” s. 98 vikiped) Dəniz Karakurtun  yada saldığı kimi saldırı (rəvayət) yox, türklərin qədim “Oğuz-Zülqədər” dastanında adları çəkilir. Dastanın Borçalı çeşidində həmin dənizlərin adlarını Oğuz xanın qoyduğu deyilir. Ağ dəniz – Türkiyə sınırında, Yanar dəniz (Odlu dəniz) – Xəzər dənizi Azərbaycan sınırında. Qara dəniz Gürcüstan sınırında, Göy dəniz Çin dənizi. Qırmızı dəniz fars körfəzidir, Qaf dağı – Qafqazdır, Tanrı dağı və Altay dağı Orta Asiyadadır. Dastanda adı çəkilən xalqlar bu gün də yaşayırlar və hamısı da türkcə danışırlar. Belə bir canlı olayların tanıkını necə göy planetlərində axtarmaq olar.
Mahmud Qaşqarlı və Mövlanə Rumi əsərlərində Oğuz dastanının hekayələrindən parçalar verirlər. Ama Oğuz adı ilə yox, olayları Zülqərneyn adı ilə verirlər. M.Qaşqarlı və M.Rumi Zülqərneynin Oğuz xan olduğunu bilirlərmiş. Ona görə də Oğuz olaylarını Zülqərneyn adı ilə vermişlər. Ama onların fikirlərini həyata keçirən olmayıbdır.
Məqaləni yazmaqda istəyim odur ki, istər din adamları, istər bilim adamları araşdırma aparıb Oğuzlarına (Zülqərneynə) bir peyğəmbər kimi yiyə çıxsınlar. Türkün də heç olmasa  Quranda peyğəmbəri olsun.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv