Xaliq Bahadır. Tarixinə yiyə durmayan xalq – gələcəksiz xalq

Biz bu gün çox böyük doğal resurslarla yanaşı, dünyanın ən yoxsul, bu üzdən də ən düşkün xalqlarından biri yerindəyik. Bütün alanlar üzrə geriləmə, uzaqbaşı, dayanıqlı durğunluq içindəyik. Sözsüz, qnunauyğun görsənişdir: özü üçün ağalıq (hökumət) qurmayan xalq belə olur. İndiki çoxillik Əliyevlər ağalığı düşmən güclərin qurduğu, illərlə arxa durduğu ağalıqdır. Bu üzdən də biz öz dövlətimizdə özgə dövlətdə yaşayanlar kimiyik: bütün qanunları-qurallarıyla dövlət bizə – dövləti oluşdurma faktoruna qarşıdır. Bircə təhsil, sağlamlıq sistemlərinə baxmaq yetər: bu sistemlər siyasi sistemdən gələn qanunauyğunluqla antixalq xarakteri daşıyır. Biri xalqın yetişməsi-yetkinliyi üçün gərəklidir, o biri sağlamlığı üçün. Bizdə bunlarn hər ikisi indilikdə pozucu xarakterdədir. Bu isə bütövlükdə pozucu dövlət faktorudur. Başqa cür ola da bilməz: korrupsiya-yolsuzluq DÖVLƏT Siyasətinə dönüşdürülürsə, burada yalnız pozucu dövlət görsənişlərindən danışmaq olar.
Ölkəyə milyardlarla gələn böyük neft pullarından yararlanmaqla qabaqcıl təhsil, sağlamlıq sistemlərinə söykənən gəlişmiş sosial dövlət qurmaq olardı, ancaq bundan ötrü bizə ulusal-demokratik (milli-demokratik) hakimiyət qurmaq gərəkirdi. Yaxın-uzaq bəlli imperialist güclər elə bir dövlətin qurulmasına yol vermədilər. Elə olsaydı, doğal resurslarına, intellektual bazaya söykənməklə Azərbaycan yalnız Qafqazda deyil, bütün bölgədə üstün dövlətə çevrilə bilərdi. Olmadı – qoymadılar ola!
Yaxın-uzaq düşmən güclər bugünümüz kimi gələcəyimizi də əlimizdən almaq, bizi yüzillər boyunca əlaltı, yenilmiş ulusa çevirmək üçün çox böyük, planlı iş aparırlar: onlar bizə hər baxımdan diz çökdürmək üçün yalnız bugünümüzü, gələcəyimizi əlimizdən alma çalışmalarında bulunmur, keçmişimizi qaralamaqla da bizi öz içimizdəncə yenmə politikaları yürüdürlər. Özü də inandırıcı-keçərli olması üçün bu politikalar çox öz əlimizlə, daha doğrusu, bilgisizlikdənmi, satqınlıqdanmı “sapı özümüzdən olan baltalarla” gerçəkləşdirilir. Son illər Feysbuk bu “baltaların” meydan suladığı alana çevrilib. Kimlərsə elə bil hansısa tapşırıqla tariximizi qaralama missiyasına yükləniblər. Azərbaycan uğrunda 22 il ərəb salqırqanlarıyla ölüm-dirim savaşı aparmış Babəklə bağlı nələr deyilmir! Kimlərsə Babəkin Azərbaycan Türkü olmadığını, kimlərsə onun başqa bir yerdən gəlmə olduğunu,  kimlərsə Babəklə bağlı ən iyrənc uydurmalar əl atmaqdan belə çəkinmir. Görəsən, birilərinin yazdığı kimi, “yava” bir uruqdan çıxmış Babək hansı təpərlə, hansı urvatla başına minlərlə Azərbaycan oğlunu yığaraq 22 il ucu-bucağı görünməyən ərəb imperiyasına qarşı vuruşub?! Görəsən “başqa bir yerdən olan” Babəkin Azərbaycan uğrunda çoxillik ölüm-dirim savaşı aparması hansı istəklərdən qaynaqlanırmış?! Görəsən, Babəki bizdən qoparmaq istəyənlər özlərinə başqa bir ərdəmli tarix faktını hansı yolla düzəldəcəklər?! Babəkdən Səttarxanadək Azərbaycan tarixi böyük, ərdəmli oğullar tarixi deyilmi?! Burası ayrıca vurğulanmalıdır: Babəkdən qabaqlar da, Səttarxandan sonralar da Alplıq-Ərənlik baxımından Azərbaycan tarixində boşluq görməzsiz.
Rusiya imperiyasının dağılması ilə Azərbaycanda birdən-birə ortaya üç Demokratik Respublika çıxdı; bu fakt Azərbaycanın ayrıca intellektual-demokratizm görsənişlərindəndir. Bunlarsa boş yerdən baş verən görsənişlər deyildi; demokratik-humanist Türk xarakteri, o xarakterə bağlı Türk dünyagörüşü, bir də o xarakterin, o dünyagörüşün doğurduğu Dədəm Qorqud Açunu, Nizami Gəncəli, Nəimi, Nəsimi kimi ölməz düşüncə ərlərinin yolgöstərənliyi vardı ortada!

Şah İsmayıl faktoru
Son illər Şah İsmayılla bağlı daha çox yazılır, Şah İsmayıl daha çox qaralama obyektinə çevrilir. Şiəlik ideologiyası üzərində birləşmiş Azərbaycan dövləti yaratmış, ardıcıl-savaşlar-çarpışmalarla bu dövlətin sınırlarını 3,3 milyon kv.km-ə çatdırmış Şah İsmayıl daha daşıyıcısı olduğu ideologiya sarıdan qınağa tutulur. Mən nə şiəlik yandaşıyam, nə də sünnilik. Şah İsmayılı bu açıdan qınayıb-dışlamağı da yersiz-gərəksiz sayıram. Şiəlik ideologiyasını dövlət düzəyinə qaldırması yanlış olsa belə, 500 il öncəki politik-ideoloji konyunkturanın bugünün prizmasından bir belə dartışılmasını, bununla bağlı geniş polemika açılmasını mən yersiz-gərəksiz sayıram. Beş yüz il qabağın yanlışını söyməklə o yanlış düzələn deyil; biz onu tarixçilərə buraxıb bugünlə uğraşmalı, bugünün gərəklərinə sarılmalıyıq. Jurnalist jurnalistliyinin, deputat deputatlığının, hüquqçu hüquqçuluğunun ardınca getməli, hərə öz alanında günsəl sorunların çözümünə çalışmalıdır. Şah İsmayıl bütün gücünü, bacarığını qoymaqla öz çağının Azərbaycanını yaradıb, biz də öz çağımızın Azərbaycanını yaramağa çalışmalıyıq. Bizm yaratdığımız, necə, hansı ölçülərlə, hansı kontekstdə dəyərləndiriləcək – bilmirik. Yaxşı olar, biz özümüzdən sonra gələnlərə, bizdən sonra gələnlər də özlərindən sonra gələnlərə örnək olsunlar!

Şah İsmayılın “satqınlığı”
Gerçəkləri bilib-öyrənmədən Şah İsmayılı Avropaya “satılmaqla” Sultan Səlimə qarşı çıxmaqda suçlayanlar var. Ortada danılmaz bir fakt var: Avropa Şah İsmayıla deyil, Sultan Səlimə toplarla yardım etmişdi. Bu fakt güclü Şah İsmayıl ordusunun yenilməyində böyük rol oynamışdı. Soruşulur: Şah İsmayıl avropalılara satılmışdısa, nə üçün  avropalılar ona deyil, S.Səlimə yardım edirdilər? Ola bilsin, bunlardan da önəmlisi: ortada S.Səlimin Şah İsmayıla məktubları var: onu savaşa S.Səlim çəkir – atasını, qardaşını öldürməklə hakimiyətə yiyələnən, Yavuz adını (“yavuz” qaba deməkdir) qazanan S.Səlim!
Başqa bir yandan, bizim Ağqoyunlu imperatoru Uzun Həsənə yanaşmamız necə olmalıdr? Qaraqoyunlu imperatorluğunu yıxmaqla özünün Ağqoyunlu imperatorluğunu yaratmış Uzun Həsən indiki anlayışla desək, böyük geopolitik panlara baş vuraraq, dövlətinin sınırlarını Xəzərdən Qara dənizə, oradan da Qırmızı dənizədək genişləndirmək istəmişdi. Bu istəyə görə onu kimsə qınaya bilərmi? Yox – adam böyük, güclü dövlət qurmuş, üstəlik, o dövləti gərəyincə yönətmək üçün özünün Qanunnaməsini də yaratmışdı. Çağın qoşulları eləydi: imperator özünü daha güclü, daha üstün göstərmək üçün dövlətinin sınırlarını daha çox genişləndirmək istəyirdi.
Dövlətinin sınırlarını daha da genişləndirmək istəyən Uzun Həsənin (Şah İsmayılın ana babası) yolunu başqaları deyil, iki Türk dövləti kəsirdi: Osmanlı Türk dövləti ilə, Misir Türk dövləti. Uzun Həsən, uslu, uzaqgörən Uzun Həsən çox ola bilsin, özünü daha güclü sanırdı. Üstəlik, o, Osmanlı ilə Misir arasında soyuqluq olduğunu bilirdi. Bu üzdən də onları ayrı-ayrılıqda yenməklə istəyinə yetəcəyini düşünürdü. Uğurunu qarantiyalamaq üçün o, Venesiya (Avropa!)  ilə gizli danışıqlara girməklə onlardan yardım istəmişdi. Bir çağlar Babəkə söz verib sözünü tutmayan Avropa Uzun Həsənə də söz verib sözünü tutmamışdı. O biri yandan Osmanlı ilə Misir də ayrı-ayrılıqda Uzun Həsənə yeniləcəklərini görərək Uzun Həsənə qarşı birləşmiş, bu üzdən də Uzun Həsən uğurla başladığı savaşı uğursuzluqla başa vurmalı olmuşdu. İndi biz… bir çox oxşar faktları bilə-bilə uzun illərdən bəri Avropaya inanıb aldanırkən Uzun Həsəni necə qınaya bilərik?!
Şah İsmayıl böyük, güclü bir dövlət qurmuşdu. Azərbaycan-Anadolu Türkmən bəylərinin oluşdurduğu bu dövlətin dili Türk dili idi. Səfəvi Sarayı bütünlüklə, dilindən kültürünədək, Türk sarayı idi. S.Səlim yaradıcılıqda farsca, Şah İsmayıl türkcəyə üstünlük verirdi. Sazı Saraya gətirməklə Şah İsmayıl Türk Qutunu – Türk Ruhunu Saraya gətirmişdi. Bilim, incə yaradıcılıq adamlarını Saraya yığan Şah İsmayıl onlara ayrıca qayğı, sayğı göstərməkdən də qalmırdı. O, Sarayda böyük bir kitabxana da yaratmışdı. Şah İsmayıl dövləti hər baxımdan S.Səlim dövlətindən qat-qat artıq Türk dövləti idi. Bütün bunlara görə yaxın-uzaq Türk elləri Şah İsmayıl dövlətinə axışır, bu dövlətin qanadı altına sığınmağa çalışırdı. Bununla onlar yalnız güclü dövlətə sığınmış olmur, özləri də bu dövlətin gücünü artırmış olurdular. S.Səlim bunu görür, gərəyincə dəyərləndirirdi: Şah İsmayılın durmadan artan gücü onun azalan gücü demək idi. Bütün bunları Avropa da görür, özümlü dəyərləndirmələrində bulunurdu. Avropa bu iki güclü Türk dövlətinin hansınınsa gec-tez Avropaya yönələcəyini düşünürdü. Bu üzdən Avropa onları baş-başa gətirmək planlarına baş vurmuşdu…
Biz şiəliyinə, şiəlik daşıyıcısı olduğuna görə Şah İsmayıldan üz döndərə, bu üzdən onu ata bilmərik: Şah İsmayıl yalnız şiəlik deyiiı, bundan qat-qat böyük, üstün ideya – böyük, bütöv, güclü Azərbaycan ideyasının daşıyıcısı deməkdir. Şah İsmayılın yaratdığı dövlətin bayrağı altına dörd bir yandan gəlib Oğuz-Türk elləri, boyları, oymaqları başkənd Təbriz olmaqla çağına görə örnək bir dövlət oluşdurmuş-qurmuşdular. Ancaq bu dövlətin boş yerdən oluşduğunu-qurulduğunu düşünməməliyik: ortada Türk-Oğuz ötürücülük-varislik gələnəyinə bağlılıq vardı. Ağqoyunlu Oğuz-Türk dövləti parçalanıb dağılmaqda olan Qaraqoyunlu Oğuz-Türk dövləti üzərində qurulduğu kimi, Oğuz-Türk Səfəvilər dövləti də Oğuz-Türk Ağqoyunlular dövləti üzərində qurulmuşdu. Sonralar, Səfəvilər dövləti parçalanıb dağılmaya üz qoyurkən ortaya başında Nadirin durduğu yeni Oğuz-Türk dövləti – Əfşarlar çıxacaqdı. Əfşarlar dövləti parçalanıb dağılmaya üz qoyurkən onun yerini Ağa Məhəmməd Qacar başçılığında başqa bir Oğuz-Türk dövləti – Qacarlar tutacaqdı. Bu özümlü Türk gəlişmə-dəyişmə sürəcini İranı ələ keçirmək, ağalığı altına almaq planları ilə 1925-ci ildə İranda Türk ağalığını yıxıb yerində fars ağalığı qurmaqla, ingilislər pozacaqdı. Siyasi-ideoloji quruluş dəyişikliyinə baxmayaraq, İranda hələ də 1925-ci ildən ingilislərin fars antiTürk düzəni qalmaqda, ayaqda durmaqdadır.
Kimlərsə bu gün çox ağıllı çıxaraq Şah İsmayılın Türk dilini dövlət dilinə çevirməklə bağlı buyruq (“fərman”) verib-vermədiyini axtarırlar. Dövlət bütünlüklə Türk-Oğuz boylarından oluşmuşdusa, Şah İsmayıl özü TÜRKCƏ yazıb-yaradırdısa, orada ayrıca dil buyruğuna gərək ola bilərdimi?! O, buyruqlarını TÜRKCƏ verir, damğasında da adını belə göstərirdi: Şah İsmayıl Bahadır.
Opponentlərimizin “Şah İsmayıl Azərbaycanı qan tökməklə, qırğın yoluyla birləşdirib” deyə, qopardıqları vay-şüvənə gəlincə, siz bizə Yer üzündə, dünya tarixində qansız-qırğınsız yaradılan bircə dənə dövlət göstərin. Qardaş, sünni Türkiyə çoxillik qanlı qırğınlardan sonra indiki sınırlarında bütöv dövlətə çevrilib. I Karlı Fransanı, I Pyotr Rusiyanı, Bismark Almaniyanı qanlı qırğın yoluyla birləşdirmədimi?! Almaniya tarixində ağ kağıza qara hərflərlə yazılır: “Bismark Almaniyanı qanla, dəmirlə birləşdirdi”. Bu, Top-tüfənglə birləşdirmə deməkdir. Bu gün nə alman tarixçiləri Bismarkı söyürlər, nə də alman xalqı. Ancaq Şah İsmayıl bir yana, bizdə Azərbaycanı birləşdirmək uğrunda ölənədək çarpışma aparan, elə bu çarpışma sürəcində Şuşada öldürülən Ağa Məhəmməd şah Qacarı indi də “işğalçı” adlandırıb söyənlərimiz var. Son olaraq daha bir bütöv dövlət faktı. Bugünkü Amerika Birləşmiş Ştatlarının yaradılması yolunda uzun illər saysız qan tökülüb, qırğınlar olub.  Azərbaycan bu gün də parçalanmış durumdadır, başqalarında suç axtarmaq, başqalarından yardım ummaq yersizdir – onu nə yolla olur olsun birləşdirmək bizim borcumuzdur. Bu borcdan ağına-bozuna baxmadan keçmişimizi qaralamaqla çıxmaq istəyiriksə, yanlış yolda olduğumuzu bəri başdan bilməliyik!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv