Soylu Atalı. Babək özgürlük simqəmizdir

(Babək Günü ilə bağlı toplantıda çıxışdan)

 Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli deyilik, milli gələnəklərimizdə yaşadıl­masına çalışmalıyıq.
Babək haqqında tarixi faktları burda vurğula­mayacağam. Bilirsiniz, Babək haqqında çoxsaylı yanlışlar var. Bu yanlışlar təkcə onun tarixi faktlarına yanaşmada deyil, bütövlükdə Babəkin sunulması, öyrə­dilməsi, bir dəyər olaraq, bir mənəviyyat faktı olaraq pozuntuya uğradılır (təhrif olunur). Ən yaxşı halda isə Babəki ərəb işğalçılarına qarşı döyüşən bir qəhrəman sayırlar. Bilmək gərək, Babək ərəb işğalına qarşı elə-belə döyüşmürdü. Ərəb bizim üzərimizə elə-belə gəlməmişdi, ideologiya ilə gəlmişdi. Başının üstünə İslam bayrağını qaldırmışdı. Dilində “la ilahə illallah” bağırtısı vardı. Yurdumuzun içərisinə “la ilahə illallah” bağırtısı ilə girirdi. Babək “la ilahə illallah”a qarşı, – onun xalqının içinə gələn, gətirilən ideologiyaya qarşı döyüşürdü.
Bilirsiniz, Azərbaycanı işğal eləyən Abbasilər sülaləsi olub, o çağda xilafətin başında onlar dururdu. Onu da bilirsiniz, Azərbaycanın özünün inamı vardı – Tanrıçılıq. Xilafət Azərbaycanın qarşısında şərt qoymuşdu, İslam dinini qəbul eləməsəniz xərac verməlisiniz, cizyə (can vergisi) ödəməlisiniz, bir gün, bir gecə olmaqla, ərəb əsgərlərini ailələrinizdə saxlamalısınız. Hədəf bu idi, ərəb əsgərlərindən dünyaya övladlar gətirmək, yaxın gələcəkdə Azərbaycan kimi verimli torpaqları ərəb feodallarının ələ keçirməsini sağlamaq. Bu artıq əxlaq məsələsi, namus məsələsi idi. Bizim millət belə qəbul edibdir İslamı. Namusunu qorumaq üçün fiziki dirənə bilməyib, qəbul edib. Baxmayaraq qəbul edib, xalqın qız-gəlinlərindən dünyaya ərəb övladları gətirmək planı ortadan qaldırılmayıb. Harda gəldi, qız-gəlinləri zorlama murdarlıqları həyata keçirilib. Azərbaycanlılar namussuzluğa dözməyib ərəb əsgəri­ni öldürəndə, hər öldürülən ərəb əsgərinə qarşılıq beş can istəyirdilər. Əgər bir evdə, bir ailədə beş can yoxdursa, qohumlarından o sayı düzəldirdilər. Bir ərəb əsgərinə qarşı beş can. Xalqda bir deyim var, yaşlı adamlar bunu bilir, “ərəb öldü, qan düşdü”. Bu söz ordan qalıb.
Cizyə nə idi? –  Can vergisi, yəni vətən torpağında yaşadığına görə, onun havasını udduğuna, suyunu içdiyinə görə vergi verməlisən. Bu millətdən, öz yurdunda cizyə alırdılar. Mən bunu niyə vurğu edirəm? – Bu millətin qeyrətini oyatmaq üçün. Babək buna qarşı ayağa durdu. Ancaq təkcə işğal məsələsi deyildi, Babəkin özünün Xürrəmilik adında inancı vardı. Bu gün ərəbqafalı tarixçilər ortaya düşüb sübut eləməyə çalışırlar, Babək ərəbin işğalına qarşı döyüşürdü, İslamla döyüşmürdü. Necə yəni İislamla döyüşmürdü, nə deməkdir bu? Axı onun öz inancı vardı, özünün bayrağı vardı, Dövlət quruluşu vardı, yasaları vardı. Xilafətin dövləti İslam dövləti, yasaları İslam yasaları idi…
Babək ordu başçısı idi, üsyançı deyildi. Üsyançı damğası vurublar Babəkə. Babək üsyan eləmirdi, İslam xilafətinə qarşı savaş aparırdı. Böyük bir xalqla, millətlə ayağa durmuşdu, beş-on adamla deyil. Bir yanı Zəncan, bir yanı Şəmkir, bir yanı Naxçıvan, bütöv Azərbaycanı qapsamışdı. Babək bütöv yerimişdi ərəblərin üstünə.
Babəkin inancıyla bağlı da çelişkili baxışlar var. Guya Xürrəmilər ayin yerinə yetirərkən içki içib şənlənərdilər, sonra pozğunluq edərdilər. Xürrəm sözü də bu davranışdan gəlib. Yalandır, Böhtandır! Baxın, bu məsələləri ciddi öyrənən Asif Ata deyir, xürrəm sözü kefcillik anlamına gəlmir Babəkdə, Fərəh anlamına gəlir. O, Fərəh üstə yaşayırdı. Onun inancının adı fərəhçilik idi. Babək özgürlük uğrunda döyüşürdü. Babəkin fəlsəfəsinə görə özgürlük elə-belə yaşam faktı deyil. İnsan içindən özgür olduqca onun içi Fərəhə qərq olur. Bu fərəh onun ömrünün yönünü bəlli edir. Onun kimliyini bəlli edir. Babəkdə inam, İslamdakı kimi, insanı bədbinliyə qapamır. İslam, bədbinlik yaratmaqla, insanı mənəvi fəlakətə sürüyür: Dünya oyun-oyuncaqdır, heçdir, fanidir. Gec-tez Qiyamət qopacaq, bu dünya dağılacaq, filan olacaq. Dünya niyə dağılacaq? Çünkü insan əzəli günahkardır. Onun ulu babası Adəmlə, ulu nənəsi Həvva günah işlədib, İblisin felinə uyub, Allahın buyruğundan çıxıb, ona görə Allah onları lənətləyib, cəzalandırıb, Cənnətindən qovub, yer üzünə göndərib. Bundan sonra Allaha daha çox ibadət eləyən, öləndən sonra, yenidən Allahın dərgahına qayıda bilər. Düzəlməyən isə, bu dünyayla birlikdə, məhv ediləcək…
Budur Xilafətin Azərbaycana gətirdiyi inam. Din Axirət dünyası uydurur. Axirət Dünyaya qarşıdır. Din bütövlükdə dünyanın anlamına qarşıdır. Dünyanın gözəlliyinə qarşıdır. Fani dünya ideyası yaşadığımız dünyanı insanın gözündən salır. İnsanın gözündən dünya düşürsə, o, vətən haqqında düşünmür, axirət haqqında düşünür. Çünkü dünya fanidirsə, vətən də fanidir. Vətən dünyanın bir parçasıdır. Deməli, onda vətən də fanidir. Vətən sevgisi yapılardan (şüurlardan) silinib gedir. İnsanın varlığına bütünlüklə qorxu sırınır. Babək buna qarşı döyüşürdü. Onun Özgürlük ideyası özündə insan faktının yüksəldilməsini daşıyırdı. Babək deyirdi, mən içimdə Şirvin gəzdirirəm. Onun yandaşları, yörəsində olan azərbaycanılılar inanırdılar, Şirvinin ruhu Babəkdədir. Şirvinin ruhu Babəkdədirsə, deməli, O, peyğəmbərdir. Xürrəmiliyin peyğəmbəridir. Çünkü peyğəmbər o ruhu özündə daşıya bilir. “Peyğəmbər” sözünü işlətmirdilər, bu söz fars sözüdür. Ancaq Şirvinin ruhunu gəzdirən insan peyğəmbər statusu daşıyan insandır, bunun anlamı belədir. Bunu bizim şüurumuzdan siliblər, əlimizdən alıblar.
İçimdə Şirvin var demək, əslində, Babəkdən 500-600 il sonra ortaya çıxan hürufilərimizin dediyi ənəlhəqq ideyası idi. 10-cu yüzildə Hüseyn Mənsur Həllacdan öncə “ənəlhəqq”i Babək demişdi. Şirvin qüdrət allahının adı idi. Yenilməzlik onunla bağlı idi. Babək ona görə yenilmirdi. Döyüşkənlik, sığmazlıq onunla bağlı idi. Mən içimdə Şirvin gəzdirirəm, yəni məndədir Allah. Hürufilər deyirdilər, İnsan kainatın zərrəsidir, ancaq cövhərində olan zərrəsidir. Asif Ata da bunu deyir, İnsan özündə bütün kainatın anlamını, mənasını daşıyır. Dünyanın Dünyalıq adlı mənasını, Dünyalığın İnsanlıq çalarını özündə daşıyır. Bu, elə insanın allahlığı deməkdir. İnsanlıq Allahlıq anlamının çalarıdır, onu insan özündə daşıyır. Hürufilərimiz onu vurğu eləyirdi, Babək onu vurğu eləyirdi. İnsan özündə belə bir olanaq daşıyır. İnsana elə-belə baxmaq olmaz. İnsana, içində o qüdrəti daşıyan kimi baxarsansa, insan o qüdrətə çatmaq haqqında düşünər. Böyük olar, şəxsiyyətə çevrilər. Ancaq insanı bəndə, qul, kölə sayarsansa, o, qul şüuru ilə yaşayar. İndiki kimi sürü halında. Xalqını tanımır, onun qədrini bilmir, gələcəyini düşünmür.
Biz Babəkə yanaşanda bu açıdan yanaşırıq.
Ancaq bir şeyi də mən deməliyəm. Mən burda heç kimə heç nəyi təbliğ eləmirəm. Öz düşüncəmi deyirəm. Hər kəsin düşüncəsini dinləməyə də hazıram. İslam şüurlu toplumumuz Babəkin də adından qorxurlar, Asif Atanın da. Ancaq nə qədər Babəkin adından, Nəsiminin adından, Asif Atanın adından qorxacaqsan, millət ola bilməyəcəksən. Qorxaqdan türk olmaz. Qorxaqdan ərəb olar. Qorxaqdan başqa şey olar.
Bəzən Babəkə qarşı yeniliyi bəhanə gətirənlər də olur. Yəni Babək keçmişdə qaldı. Bunu yanlış sayırıq. Yenilik nədir? Yenilik gələnəyin (ənənənin) gəlişməsidir (inkaf etdirilməsidir). Qədim gələnəklər daim həyatımızda inkiaşf eləyir, çağdaşlaşır. Ancaq heç bir qədim gələnəyi, olduğu kimi, bu gündə saxlaya bilmirsən, ya da onda dayanıb qalmırsan, bu ayrı məsələ. Konservatizm gəlişmənin ölümüdür. Yerində saymaqla millətin gələcəyi olmaz. Gələcək – inkişaf deməkdir. İnkişaf isə, dediyimiz kimi, keçmişi, qədimliyi danmaq üzərində qurulmur, onun davamı üzərində qurulur. Tanrıçılıq sistemimiz, inancımız olub. Tanrıçılığın uzantısında Xürrəmilik yarandı. Bu, bütöv Tanrıçılıq deyil, yenilikdir, ancaq onun cövhərində Tanrıçılıq var. Babəkdən sonra Hürufilər gəldi ortaya. Hürufilər yenilik idi, ancaq gələnəyin davamı idi. Bu gün Asif Ata gəldi, Hürufilərdən beş yüz il sonra, bu da yenilikdir, gələnəklərin yenilənməsidir, çağdaşlaşmasıdır. İnsan haqqında, millət haqqında, dövlət haqqında, vətən haqqında, bəşər haqqında yetgin, kamil ideya qoyub ortaya. Bu ideya səni, bir millət olaraq, gələcəyə çağırır. Bir millət olaraq səni var eləyir. Baxın, millətin gəlişməsi budur. Gələnəyin gəlişməsi belə olur – çağdaşlıq. Bu olur yenilik. Başqa cür yenilik olmur. Ancaq bu gün insanlarımız yenilik adına bütün dəyərlərimizdən, gələnəklərimizdən əl çəkirlər. Bizə sırınan, bizi əritməyə yönələn (assimilyasiyaya uğradan) gələnək­lərdən tuturlar.
Bir var gələnək (ənənə), bir də var vərdiş. Bunlar ayrı-ayrı şeylərdir. Bu gün biz, millət olaraq, özümüzün qədim gələnəklərimizin üzərində gəlişib çağdaşlaşmırıq, yenilik adında bizə sırınanlara vərdiş olunuruq. Bununla da, öz üzümüzü, öz kimliyimizi itiririk, özgənin ətəyində namaz qılırıq, kişiliyimizi itiririk, qadınlığımızı itiririk, mənəviyyatımızı itiririk. Bu gün bizim gəlişməyimiz, yenilənməyimiz budur. Ona görə papağı qabağımıza qoyub ciddi düşünmək çağımızdır. Qədim gələnəklərimizin bizim həyatımızda, gələcəyimizdə, millət olaraq, qurulmağımızda yeri, rolu nədir, bəlli etməliyik. Tapınmalıyıq ona. Babək o dəyərlərdəndir, insan böyüklüyünü öyrədir, insandakı yenilməzliyi, sığmaz­lığı, allahlığı öyrədir. Ənəlhəqqi öyrədir. Şirvinliyi öyrədir. Bu gələnəklərin üzərində, millət kimi, ciddi addım götürə bilərik. Dünya, mənəvi gəlişmə baxımından, bizdən çox şey öyrənə bilər. Dünyanın tör-töküntülərinə vərdiş eləməyimizin yerinə dünyaya dəyərlər verə bilərik.
Babək haqqında bu cür düşünürəm, onu bu cür tanıyıram, bu cür qarşılayıram. Bu cür də sevirəm. Bu cür də o ləyaqəti öz sevgimdə, öz daşıdığım dünyabaxışda yaşadıram, yaşatmağa çalışıram.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv