Soylu Atalı. Güney Azərbaycan haqqında düşünməmək yaşamamaqdır

Günaydın, sayğılı yurddaşlarım!
İki gün öncə Güney Azərbaycana baxışı soruşan bir status yazdım. Bir sıra yorumlar yazıldı. Türkiyəli soydaşlarımızdan da məsələyə ilginc yanaşmalar oldu. Düşüncəsini bildirən hər kəsə təşəkkür edirəm. Görünən odur ki, baxışlarda ayrıntılar olsa da, bu məsələ çoxlarını ilgiləndirən, rahatsız edən qonudur. Bu yaxşı haldır. Rahatsızlıqlar belədir: Güney Azərbaycanla Quzey Azərbaycan uzun bir aradır ayrı düşüblər, mədəniyyət, baxış, məzhəb ayrıntıları var. Bu faktlara dayanılıb düşünülür: bu iki parçanın birləşməsi qısa çağda olası deyil. Ona görə özərklik (muxtariyyat) ideyasına üstünlük verən var; “öncə bağımsızlıq əldə etməlidir” deyən var; bu məsələni gündəliyə gətirməyi – Kürdüstan qurucularına yardım kimi dəyərləndirmələr var… Hər kəsin düşüncəsinə dözümlü yanaşaq. Ancaq deməliyik: nə olursa olsun, Azərbaycanın birləşməsi yönündə düşüncələr dərinləşməli, marifləndirmələr genişlənməli, milli-ideoloji yardımlar daha böyük aşamaya keçməlidir.
Gələk Güney Azərbaycanla Quzey Azərbaycanın məzhəb ayrıntısı məsələsinə. Sayğılı soydaşlarım, məzhəb ayrıntısı təkcə Güneylə Quzeyin arasında deyil, Quzeyin öz içində də, hətta türk toplumları arasında da mövcuddur. Bütövlükdə mədəniyyət ayrıntısı türk toplumları arasında qabarıq şəkildə var. Bu ayrıntılar qıraqda öz-özünə aradan qalxmayacaq, iç-içə gələndə, bir yerdə olanda düşünülüb, işlənilib çözüləcək.
“Kürdüstan dövləti qurucularına fürsət vermək” məsələsinə gəlincə, bilməyimiz gərəkdir: məqsədli qüvvələr, bizim tutduğumuz mövqedən (əgər mövqe tutmuşuqsa?) asılı olmayaraq, nəyi planlayırlarsa, ona da çalışırlar. Kimlərsə bizim bir olmaq istəyimizdən qullanaraq məqsədlərini yeyinlədəcəklər deyə, ayağımızı üst-üstə aşırıb seyrçi olmalı deyilik. Kimin necə düşünməsindən asılı olmayaraq, biz özümüzün haqlı çabalarımızı yetirməyi düşünməliyik. Hamı planlar cızır, bizə tale hazırlayır (özlərinə gərək olan ölçüdə), biz isə gözləyirik, görək axırı necə qurtaracaq. “Axırlar” da gözümüzün qabağındadır.
“Özərklik” məsələsi də, hesab edirəm, yersiz aşamadır. Bizi nədənsə aşamalara çox həvəsləndirirlər. Qarabağ məsələmizi də aşama-aşama çözün deyirlər. Bu Vətən mənimkidir, nədən “onu qarış-qarış istəyin” deyirlər?! (Lütfən, dünyanı yönətən güclər var, biz isə heç kimik deyə yorum yazmayın). Milli-mənəvi, bəşəri haqqımızı siyasi oyunlara çevirənləri nədən fakt qarşısında qoymaq istəmirik?! Bizə deyirlər oynayın, ancaq udmayın. Biz də deyirik, onsuz da gücümüz yoxdur, gəlin aşama-aşama oynayaq. Biz tarixin aşamalarında oynayırıq, bizi parçalayanlar özlərinin qurduqları oyun aşamalarının birində qabağımızı kəsirlər. Deyirlər balaca bir güzəşt bəsinizdir, indi yüz il gözləyin. Biz isə əlimizi yanımıza salırıq. Mənə elə gəlir, biz Güney Azərbaycanla bağlı düşüncələrimizdə qəti olmalıyıq. Orada bizim 35-40 milyon gücümüz var. Mariflənib biryolluq ayağa durmalıyıq, tarixin bizə qarşı ironiyasına dur deməliyik.
Bəs marifçilik necə, nəyin əsasında oluşmalıdır?! – Burada geniş yazıb oxuyanları yormaq istəmirəm. Başqa bir statusda bu məsələyə yenidən qayıdaq. Düşüncələrinizi siz də yazın, biz də yazaq. Yeni düşüncə bölüşmələrimiz olsun. Dözüm göstərib oxuyanlara sayğılarımı sunuram.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv