Yadigar Türkel. AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOK­RA­Tİ­YANIN ÇƏTİNLİKLƏRİ

«1995-ci il noyabrın 12-də xalq səsverməsilə qəbul edilən Konstitusiyada «demokratik, hüquqi, dünyəvi, unitar respublika» elan edilən Azərbaycan dövlətində demokratik siyasi sistemin əsas prinsipləri həyata keçirilir. Ölkədə hüquq dövlətinin bütün göstəriciləri, nişanları, atributları vardır. Hakimiyyət qolları ayrılmış, Konstitusiya Məhkəməsi və ombudsman institutu yaradılmış, demokratiyanın əsas prinsipləri Anayasada təsbit olunmuşdur. Amma siyasi, geosiyasi, iqtisadi, sosial, milli-psixoloji, dini və b. nədənlərdən ölkədə demokratiyanın dərinləşməsi çətin və yavaş gedir. Cəmiyyətdəki ümumi gerilik, ermənilərin növbəti Dağlıq Qarabağ xəyanətinin çözülməməsi, əhalinin Anayasa hüquqlarının yaxşı qorunmaması, ali qanunverici və məhkəmə hakimiyyətinin icra hakimiyyətinə Anayasa nəzarəti edə bilməməsindən yaranan məmur özbaşınalığı, yolsuzluq (korrupsiya), qanunverici hakimiyyətin seçki adı altında icra hakimiyyətində tutulan sıra (siyahı) ilə legitimləşdirilməsi, siyasi elitanın ailə, yüksək idarəetmə institutlarının qohumluq, dostluq, sadiqlik, yerliçilik prinsiplərilə formalaşdırılması, təzyiq qruplarına oxşar çoxlu QHT və iqti­daryönlü partiyaların yaradılması, uzun illər keçməsinə baxmayaraq əhalinin əsas bölümünün kasıb yaşaması və b. cəmiyyətdə ümumi ruh düş­kün­lüyü yaratmışdır.
Bilgi çağında kütlələrə mənəvi-ideoloji təsir etmək, yeni siyasi liderlər yetişdirmək üçün ən təsirli vasitə televiziyadır. Azərbaycan Respublikasında isə bütün telekanallar iqtidarın əli, gözü altındadır. Özəl adlanan televiziyalar da, əslində siyasi elitanındır. Siyasi elitanın avtoritar düşüncəsi demokratiya adı altında cəmiyyətə yeridilir.
Azərbaycan Respublikasında 1993-cü ildən sonra çeşidli yollarla 1988-ci ildən formalaşan müxalifəti dağıtmağa başladılar. Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci il noyabrın 6-da başdan-başa saxtakarlıqla keçirilən seçkilərdən sonra insanların seçki yolu ilə siyasi hakimiyyətə nəzarət etmək ümidi tam qırıldı. İndi Azərbaycan cəmiyyətində iç siyasi ilişkilər çox güclü iqtidarla olduqca zəif müxalifətin münasibətləridir. Siyasi müxalifət baxışlı adamların sıxışdırılması, dövlət idarələrində işə götürülməməsi, icra hakimiyyətinin yolsuzluğu, məhkəmə hakimiyyətinin zəifliyi və yolsuzluğu, zülm edilmiş insanların açacağı ədalət qapısı ola bilməməsi, icra hakimiyyətinin millətin maddi sərvətlərinin bölünməsindəki təkhüquqluluğundan yaranmış ədalətsizlikdən əhalinin çox hissəsinin sosial durumunun ağırlığı və onun yaxşılaşdırılması üçün görülən hökumət işlərinin zəifliyi, yüksək türk-müsəlman milli-mənəvi dəyərlərilə tərbiyə olunmamış məmurların cəmiyyətdə yaratdığı mənəvi özgələşmə ruhu, bəzi hökumət üzvlərinin Prezidenti zorla devirmək cəhdləri, hakimiyyətiçi çəkişmələr, insanların siyasi elitaya girmək və hakimiyyətdə iştirak imkanlarının gerçək məhdudluğu, hakimiyyətin bir nəfərin – Prezidentn əlində cəmləşməsindən yaranmış avtoritarizmin doğurduğu yaltaqlıq ovqatı, hakimiyyətin 15 ildən çox bir dönəmdə total siyasi sistemlərdəki kimi dövlətlə qovuşmuş «Yeni Azərbaycan Partiyası»nın əlində olması və demokratik siyasi quruluşa yad olan başqa təzadlar azərbaycanlıların demokratik sistemə inamını azaltmışdır.
«Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nda deyilir: «Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir». Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidirsə, onun siyasi idarəetməsi də əvvəlki kimi olmalıdır. Azərbaycan Cümhuriyyəti «parlament respublikası» idi. Onun Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə mülki hökumətin işlərinə qarışmır, Parlamentin açılışında, bağlanışında çıxış edir, «Müsavat» fraksiyasının başçısı – millət vəkili kimi, siyasi qərarların milli dövlət mənafelərinə uyğun qəbul edilməsinə çalışırdı. Bu siyasi sistem qədim türk dövlətçilik gələnəklərinə daha uyğun və demokratikdir. Türkiyə Cümhuriyyətinin 1982-ci il Anayasasında olduğu kimi: «Cümhurbaşkanı Devletin başıdır. Bu sıfatla Türkiye Cümhuriyetini və Türk milletini temsil eder; Anayasanın uyğulanmasını, Devlet orqanlarının düzenli ve uyumlu çalışmasını gözetir».
Son dönəmdə KİV-də, özəlliklə də Azərbaycan Cümhuriyyətinin 90 illiyi günlərində bəzi adamlar Cümhuriyyətin dağılmasının səbəbinin onun «güclü prezident respublikası» olmaması ilə bağlamağa çalışırdılar. Bu demokratik siyasi quruluşların işləmə mexanizmlərini bilməməkdən çox ölkədəki gerçək avtoritarizmi dəstəkləmək təbliğatıdır. Azərbaycan Cümhuriyyətinin yaşaması üçün beynəlxalq siyasi şərait olmadı. Bu barədə kitabın çeşidli dərslərində danışılmışdır.
Siyasi tarix millətdən maddi-mənəvi dəstək almayan «güclü prezident»lərin ölkədən ən çox qaçan diktatorlar olduğunu göstərmişdir. Azərbaycan Respublikasında «güclü prezident respublikası» quruluşu 1995-ci ilin noyabrın 12-də tətbiq edilmişdir. Ona kimi də quruluşca eyni, SSRİ-dənqalma prezident idarəetmə sistemi işləyirdi. Bugünkü dünyada başda ABŞ və Fransa kimi dövlətlər olmaqla «prezident respublikası» quruluşları pis işləyir. ABŞ və Fransada parlament prezidentin əlaltısına çevrilmişdir. ABŞ-dan götürülüb Latın Amerikası ölkələrində tətbiq edilən «prezident idarəetməsi» burada özünü doğrultmamış və diktaturaya gətirib çıxarmışdır. İngiltərədə isə klassik parlamentarizm uğurla işləyir.
Azərbaycan Respublikasında demokratiyanı dərinləşdirmək üçün gələcəkdə Prezidentin səlahiyyətlərini azaldıb, onu Türkiyə, Almaniya, Hindistan, İsrail və b. dövlətlərdəki kimi dövlətçilik göstəricisinə, nişanına, simvoluna çevirmək gərəkdir. Konstitusiyaya görə: «I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır».
Demokratik Azərbaycan Respublikasında heç kəsə belə «mütləq hakimiyyət» hüququ verilməməlidir, çünki hakimiyyətin elmi-siyasi əsaslarını bilən alimlərin fikrincə: «Hakimiyyət insanı pozur, mütləq hakimiyyət onu tamamilə pozur» (Robert Dahl).
Azərbaycan Respublikasında icra hakimiyyəti Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə «mənsub olduğundan», onun başçısına çoxlu iradlar tutulur, haqqında mətbuatda kəskin məqalələr yazılır. İcra hakimiyyətinin başçısına yönələn bu sözlər Azərbaycan dövlətinədir. Bu isə Konstitusiya ilə yolverilməzdir! Türkiyə Cümhuriyyətində millətin Prezident institutuna sayğısı bizə də örnək olmalıdır. Prezident bütün millətin başçısıdır. Azərbaycan Respublikasının Prezidenti isə YAP-ın da sədridir. Belə olmamalıdır.
Azərbaycan Respublikasının bütün dövlət müəssisələrinin başçıları iki dəfədən artıq olmamaqla seçilməlidir. Yerli özünüidarənin cəmiyyətdəki yeri, dəyəri, rolu artdıqca rayonlarda icra hakimiyyəti ləğv edilib, sosial-mədəni idarəçilik bələdiyyələrə verilməlidir. Vəzifələri aydın cızılmış hökumət Parlamentdə yaradılmalı və onun qarşısında cavabdeh olmalıdır.
Prezident siyasi hakimiyyətin başında durmalı, yerlərdə kiçik dövlət qurumu və güc orqanları ilə təmsil olunmalıdır. Yaxın dövrlərdə dövlətin paytaxtı Bakı şəhərinin və rayonların icra hakimiyyəti başçılarının seçilməsinə başlanması əhalinin dövlətə, siyasi hakimiyyətə, demokratiyaya inamını artırar. Başqa müəlliflər də Azərbaycan Respublikasının siyasi quruluşundakı bəzi uyğunsuzluqları qeyd edirlər: «Azərbaycan Konstitusiyasının əksər norması müasir dünyada qəbul olunmuş normativ əsaslara söykənir. İnsan hüquqları ilə bağlı məsələlər də müasir normalar səviyyəsindədir… Hakimiyyətlərin bölgüsü prinsipi rəsmən elan olunsa da, icra hakimiyyətlərinin xeyrinə çoxlu üstünlük var. Qanunuverici hakimiyyətin səlahiyyətləri xeyli məhduddur. İcra hakimiyyətləri isə qeyri-məhdud səlahiyyətlərə malikdir. Konstitusiyanın normaları deklorativ xaraker daşıyır, yəni gündəlik həyatda icra olunmur. İcra və məhkəmə hakimiyyətləri, bəzi hallarda isə qanunvericilik orqanı Konstitusiyanın normalarını pozur».
Azərbaycan Respublikası demokratik siyasi sistemin üstünlüklərindən yararlanıb, yeniləşməyə daim açıq qarışıq dövlətçilik modeli yaratmaqla daha da demokratikləşdirilməlidir.

Bax: Siyasi toqquşmalar; Seçkilər; Azərbaycan Cümhuriyyəti; Azərbaycan Cümhuriyyətinin Parlamenti».

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv