Soylu Atalı. Kürəsəlləşmədən üstün

Dünyanı necə var, o cür qəbul eləmək əlacsızlıqdır. Dünyada pis mənada yeganələşən, əslində yeknəsəkləşən vahid mədəniyyət formalaşdırırlar – kürəsəlləşmə adı altında. Dünyanın bu halı ilə barışmaq beynəlmiləlçilikdir – yalançı dünya sevgisidir. Burada özünü itirmə var, – yolsuzlaşma, sabahsızlaşma var. Müxtəlifliyin, özünəməxsusluğun yaratdığı insani ahəngi itirmək var.
Yaxud, millətini başqa xalqlara qarşı qoymaq, onun süni üstünlüyünə can atmaq, eləcə də dağıdıcı qüvvələrin cərgəsində millətinə mövqe arzulamaq antibəşərilikdir. Əslində bu, milləti özündən aşağı görmək istəyidir. Bu istəklə özlərini millətçi sayanlar millətin gələcəyini dərk eləmirlər.
Millətin daxili, ruhani imkanlarına söykənib dünyaya məna, məzmun vermək istəyi başqa bir səviyyədir. Bu, milləti özündən yüksəyə qaldırmaqdır, bəşərsevərlikdir. Bəşərin əzəlilik daşımaq həqiqətini dərk eləyən insan millətinin ümumbəşər mahiyyətinə qovuşmasını arzulayar.
Asif Ata varlığın mahiyyəti haqqında Təlim yaradıb ortaya qoydu. Bu Təlim bizim üçün ümumbəşər mahiyyətinə qovuşmağın yollarını, ölçüsünü müəyyən edir. Bu Təlim həm ruhani bilik sistemidir, həm də milli şüurun inkişafına təsir göstərən Ruhani Dirçəliş Hərəkatının meyarıdır. Xəlqilikdən Bəşəriliyə doğru başlayan təkamül Yoludur.
Bu gün dünyada Xəlqiliyi balaca hisslərlə məhdudlaşdırmaq və xalqlarda bir-birinə qarşı nifrət halı yaratmaq gedişləri çox güclüdür. Bu gediş siyasi dünyanın rəqabət üsuludur. Xalqların mənəvi dəyərlərini aşağılamaqla ruhani ölçülərə köhnəlik damğası vurulur. Vaxtaşırı hər cür zorakılığa bəraət hazırlanır. Dağıdıcı meyillər xilaskarlıq kimi sunulur. Tərəqqini nəzarətə götürüb qəliblərə salırlar. Ağalıq istəklərinin coşdurduğu bu hal xalqların əsil, həqiqi tərəqqi yoluna düşmək istəklərinin yolunu kəsir. Xalqların öz varlığına inamı, sayğısı aradan gedir. Dünyasevərlik əvəzinə bizə “kürəsəlləşmə qəlibçilərinə” tabeçilik öyrədirlər. Bu tabeçilikdə Milli Azadlıq tələbi təsirini azaldır, Dövlət gücdən düşür.
Bəşəri sürüləşdirmək şər əməlidir. Şər niyyətlər dünyanı bürüyüb. Böyük mənada şərin niyyətləri cavabsız qalır. Bu gün şərə qarşı durmaq – özünü dünyaya qarşı qoymaq kimi görünür. Çünki kürəsəlləşdirən qüvvələr dünya hesab olunur. Onların şər əməlləri isə xilaskarlıq kimi görünür. Kürəsəlləşmə çağdaş dünyanın halına hakim kəsildiyi üçün əslində dünyasevərlik özünü dünyaya qarşı qoymaq tələb edir. Heç kim özünü dünyaya qarşı qoymaq istəmir, yəni əslində şərə qarşı qoymaq istəmir. Bunun üçün özündə güc tapmır. Yuxarıda vurğuladığımız kimi, Asif Ata özündə bu gücü tapdı. Bu güc həm Qədimliyin müqəddəs ənənələrinə söykənir, bəşəriyyətin ruhani qəhrəmanlıq tarixinin faktlarına istinad edir, həm də Böyük Gələcəyin – Əbədiliyin dərk olunması yönündə başa gətirdiyi öz Dünyabaxışına dayanır.
İnsanlığın əbədi tələbləri var. Bəşər heç vaxt bu tələblərdən axıra qədər yan keçə bilməz. Çünki bu tələblər onun varlığını qoruyan, sürüləşib məhv olmaqdan saxlayan daxili Qüdrətə bağlıdır.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv