Vaqif Ucatay. Dədə Qorqud “Gəlimli, gedimli dünya” (Tablonun izahı)

Dədə Qorqud obrazını yaradarkən insanlığın ən yüksək qatında duran, hər cəhətcə ideal ulu türkün surətini yaratmağa çalışmışam. Tablonun bütün sahəsini qapsayan göy görsənişdə Dədə Qorqud öz işığı ilə ayrılır. Bu işıqdan surətin yörəsi də işıqlanıb. Qıraqlara doğru isə boyalar tündləşir. Kompozisiyanın belə çözümü çox uzaq ənginliklərdən insanlara “işıq seli” gəldiyi etkisi bağışlayır. Obrazın özünə gəldikdə isə, tabloda ən güclü işıq Dədə Qorqudun alnındadır. Bu, Dədə Qorqudun özünün işıq olduğunu, daha doğrusu, işığın insan şəklində insanlara görünməsi anlamı daşıyır. Dədə Qorqudun geniş alnı qırışlarla örtülüb. Bu qırışlar böyük həyat təcrübəsinin və dünya kədərinin təsviridir. Obrazın gözləri kölgədən güclə seçilir. Buna baxmayaraq, baxışlarda böyük inam, qətiyyət aydın görünür. Gözlərdəki kölgə isə onları daha çox sirli edir. Dodaqların kip yumulması gözlərdəki inamı, onlardakı qətiyyəti qüvvətləndirir. Dədə Qorqud mənəviyatca kamil olduğu kimi, analitik baxımdan da çox doğru, kamil üz cizgiləri var. Onun üzünə uyğun düz burnu bu fikri bir daha təsdiq edir. Dədə Qorqud ulu bir şaman olduğundan başında iki boyalı – ağ, göy, hündür şaman papağı var. Alnını örtən aşağı kəsimi ağ, qalan yuxarı kəsimi isə göy boyadadır.

Ağ – ağıl, idrak, işıqlıq, duruluq,

Göy– ucalıq, mənəviyatca arılıq və yüksəklik anlamı daşıyır.

Qədim Türk düşüncəsində dünya üç qatdan oluşur.

  1. Gerçək yaşam sürdüyümüz dünya.
  2. Ölənlərimizin cəsədlərini tapşırdığımız yeraltı dünya.

III. Ulularımızın ruhlarının əbədi yaşadıqları uca göylər.

Bu anlama uyğun olaraq, Dədə Qorqudun papağı 3 işıqlı xətlə dövrələnib. Bu xətlərin hər birinin üstündə, papağın qarşı tərəfində kiçik ağ nöqtələr Şamanlar Şamanı Dədə Qorqudun dünyadakı yerini göstərir.

Bu obraza üztutma zamanın tələblərindən və mənəvi ehtiyacdan yaranıb.

Tablonun ilk baxışdan şərti görünən carı isə Dədə Qorqudun öz kəlamı olub, əslində hər bir müdrik insanın ömrünün kamillik çağında gəldiyi sonucdur.

“Hanı dediyin bəy ərənlər” (Dədəm Qorqud).

Bir daha vurğulayıram, Dədə Qorqud obrazını yaradarkən tarixi-etnoqrafik köklərə dayanıb, obrazın mahiyyətinə, anlamına uyğun olaraq, heç bir dövrə, mühitə, sinfə və tarixi ortama sığmayan, zamandan yüksəkdə duran müdrik türk insanının surətini yaratmağa çalışmışam.

Bu tabloda Dədə Qorqud gerçək yaşamdan, doğadan – dağlardan, çaylardan, torpaqdan, bir sözlə, yerdən yüksəkdə, sol əlində qızılı boyada qolça qopuz tutmuş, sağ əlini isə dinamik şəkildə işığa doğru açmış, saat əqrəbinin addım yönündə, dinamik hərəkətdə olan buludlar arasında göstərilib. Kompozisiyada tamaşaçının baxış nöqtəsi gerçək yaşamdan – dağlardan, düzlərdən, çaylardan yüksəkdədir. Buna baxmayaraq, onun (tamaşaçının) göz səviyyəsi Dədə Qorqudun ayağından aşağıdır. Bu, “Dədə Qorqud bizi nə qədər yüksəltsə də, özü bizim üçün bütün çağlarda Ruhsal bir Ucalıqda qalacaq” deməkdir. Dədə Qorqud uca olduğu qədər də bizə yaxındır. Sağ əlinin belə dinamikliyi türk qüdrətinin möhtəşəmliyini, işığa doğru uzanması isə onun niyyətinin işıqlı olması anlamını daşıyır. Sol, qopuz tutan əlinin barmaqlarının incə hərəkəti isə bu millətin nə qədər incə ruhlu olduğunun göstəricisidir.

Qopuz – türk millətinin azman ucalığından, incə duyğulu, yetkin bir mədəniyyət daşıyıcısı olmasından söz açır. Qopuzun qolu üzərində pərdə bölgülərinin yerində Oğuz türklərinin (Qayı boyundan Kınık boyuna qədər) 24 damğası göstərilib (təsvir edilib). Bu, Dədə Qorqudun özünün Oğuz türkü olduğundan Oğuzlar üçün boy boylaması, soy söyləməsinə vurğudur. Qopuzun çanağında, üzərində təkə dərisi çəkilmiş dairəvi boşluqdan yuxarıda, taxtanın üstündə, yerliyindən bir qədər tünd boya ilə, bədiyyət simgəsi (rəmzi) olan “əbədi və sonsuz xoşbəxtlik zənciri” adlanan (bu həm də tısbağanın, bo(ğ)un, tanrının naxışlanmış görsənişidir) naxış çəkilib.

Qopuzun başqa-başqa qalınlıqda üç simi vardır. Dədə Qorqud çağında bu simlərin ən yaxşıları, davamlıları qurdun bağırsağından hazırlanırdı. Simlərin sayının üç olması türklərin qutsal saydıqları üç dünyaya və şamanın bu dünyalar arasındakı araçılığına vurğudur. Bu dünyaların anlamına da yuxarıda vurğu elədik. Dədə Qorqud ulu bir şaman olduğundan, onun bu qutsal dünyalar arasında bir araçı olmaq qüdrəti vardı.

Əsərdə ancaq üç boyadan (ağ, göy, qızılı), onların çalar və qarışığından qullanılıb. Bu boyaların ikisinin anlamı ilə bağlı yuxarıda vurğu elədik. Qızılı boya – hər bir çalışmanın əsasında duran enerji anlamındadır. Boyaların üçünün bir yerdə olması gerçəklikdən daha gözəl, kamil, ideal, ruhsal bir dünya yaradır.

Bu Ruhsal Dünya insanı adi dünyadan ayıraraq, naqisliyə nifrət, gözəlliyə heyrət yaratmaqla ölümlə barışmamağa, əbədiyyətə, ölməzliyə çağırır.

Dedik ki, Dədə Qorqudun başında uca, iki boyalı (ağ, göy) möhtəşəm şaman papağı var. Boyalar, yuxarıda deyildiyi kimi, ucalıq, arılıq və idrakilik anlamındadır. Papağın uca (hündür) olması da şamanın (Dədə Qorqudun) mənəvi, ruhsal ucalığından soraq verir. Papağın tamaşaçıya görünən ən son, üst kəsimi tam çevrə şəklindədir. Bu, Dədə Qorqudun Tanrı səviyyəsi, Tanrının insan şəklində insanlara görünməsi deməkdir. Papağın ön tərəfində yuxarıdan aşağıya doğru üç kiçik ağ çevrə var. Çevrələrin hər biri ortada olmaqla, papağın çevrəsi boyunca ağ xətlə dövrələnib. Sonra bu kiçik çevrələr düz xətlə (tellə) birləşdirilib. Papağın ön alın kəsimində beşləçəkli çiçək formasında olan simgə insan varlığını oluşduran beş əsas ünsürə – torpaq, su, hava, od və dəmirə vurğudur. Papağın önündə simmetrik olaraq hər tərəfdə tünd və açıq boyalı qırx iki qotaz birləşən yeddi bağ görürük. Yeddi rəqəmi yeddicənin (həftənin) günlərinə, iyirmi bir ağ qotaz ayın gündüz vaxtına, tünd boyada olan iyirmi bir qotaz isə ayın gecə vaxtına vurğudur. Bununla da, Dədə Qorqud hər zaman oyaq olaraq xalqın ruhsal Odası anlamındadır.

Tabloda Dədə Qorqudun əynində qollarının ağzı, yaxası, boyunu və ətəkləri bir enli və bir-birindən aralı, iki dar qızılı zolaqla haşiyələnmiş ağ xalat (üst geyim) göstərilib (təsvir olunub). Enli zolağın üstündə yerliyindən bir qədər tünd boya ilə, elm aləmində “Səlcuq zənciri” adlanan, türk təfəkkürünün çox qədim nişanəsi olan naxış çəkilmişdir. Paltarın bəzəyi elə bundan oluşur. Bu da obraza sadə zənginlik verməklə bərabər türkün böyük sənətindən soraq verir. Xalatın altındakı köynəyin göy olması qollarından görünür.

Burada göy boya yuxarıda göstərilən anlamları verməklə yanaşı, Dədə Qorqudun özünün Tanrı səviyyəsini, Göy Tanrı tərəfindən türklərə göndərilmiş bir elçi, Tanrı sözünü türklərə, ümumiyyətlə, bütün insanlara çatdıran ulu türk peyğəmbəri olduğuna vurğudur.

Dədə Qorqud obrazının ümumtürk siması olması ilə bərabər, onun üzündə müdrüklükdən başqa, əzablı kədərini, bu kədərdən güc alan sonsuz qüdrət yiyəsi olmasını göstərməyə çalışmışam. Uzun, qar kimi ağ saç-saqqalı onun ululuğuna, qədimliyinə vurğudur. Qaynaqlarda onun dahi bir loğman olduğu, 200 ildən çox yaşadığı göstərilir. Dedik ki, Dədə Qorqud uca göylərdə dinamik hərəkətdə olan buludlar arasında göstərilib. Bu buludlar Günəşin yörəsində saat əqrəbinin addımı yönündə hərəkət edir. Bu hərəkətdə olan bərabərtərəfli “xaç” təsviri türk düşüncəsindəki “Tanrı” obrazıdır. Ortadakı işığı dörd bir tərəfə yayan xaç “tanrı” deməkdir. Dədə Qorqud isə bizi Tanrı ilə qovuşdurur. Onlar həm İşığın (Günəşin) daimiliyinə, həyatın dövr etməsinə (svastika), həm də əsərdəki “Hanı dediyin bəy ərənlər?..” hikmətinə uyğundur. Kompozisiya, ümumiyyətlə, işıq üzərində qurulub. Burada başqa bir incə mətləb də var. Kompozisiyanın hərəkətinin saat əqrəbi yönündə olması o deməkdir ki, biz özümüzü bir millət kimi təsdiq etmək istəyiriksə, bu möhtəşəm gedişə qoşulub özümüzə qayıtmalıyıq. Dədə Qorqudun qutsal harayı elə bu səbəbdəndir. Bu, özünə qayıdışdır!

Əsərin aşağı kəsimində, ön planda tısbağa heykəlinin üstündə “bəngu” (əbədiyyət) daşı, bir qoç və iki at daş balbalları (heykəlləri) vardır. “Bəngu” daşının iki üzərində yuxarıda həyatın əbədiliyinə vurğu olaraq, hərəkətdə olan Günəş (svastika) var. Bu da anlam və tarazlıq baxımından, işıq selinin Günəşin yörəsindəki hərəkətinə uyğundur. Daşın hər iki üzündə bu işarələr altında yuxarıdan aşağıya doğru qədim Orxon -Yenisey abesi ilə “TANRI TÜRKÜ QORUSUN!” sözləri yazılıb. Bu abidə biçim və anlamca Dədə Qorqudun əlində tutduğu qopuzla səsləşir. Türkün həyat və məişətini göstərən at və qoç heykəlləri, həm də türk onları köç edərkən çölün “darıxmaması” üçün yaratdığından, dəyərlidir. Bu, türkün böyük mədəniyyətindən, doğaya yüksək duyğusundan soraq verir. Heykəllərin tünd boyalarla, bir az böyük verilməsi söykəndiyimiz böyük mədəniyyətə və onları yaradanların uyuduğu qaranlıq dünyaya vurğu olub, kompozisiyanın ağırlıq ortası (mərkəzi) rolunu oynayır. Tabloda Günəşin hərəkəti və Dədə Qorqud araçılığı ilə İşıq yerə çatdırılır. Bu, bir daha Dədə Qorqudun, ruhumuzu işıqlandıran bir Ruhsal varlıq olmasını göstərir. Bunsuz Vətənimiz varlığına qovuşmaz.

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv