Xaliq Bahadır. Qum qaranlığının qulluqçuları

Bütünlüklə Azərbaycanın gərəklərinə bağlı çoxillik ulusal-siyasi çalışmalarım boyunca bir sıra siyasi özgüdükçülərin belə yersiz qınaqları ilə dönə-dönə üzləşmişəm: “Nə oldu, belə çətin vaxtda sən bu cür çıxışlar eləməyə başladın?!” Arxamca da illərlə belə kampaniyalar aparılıb: “İndi biz bu adamı necə başa düşək: belə çətin vaxtda bu cür çıxışlar eləməyə başlayıb”. Necə çıxışlar eləmişəm? Bizi hansısa daha bir uğursuzluğa uğradan ortadakı gerçəkləri-yanlışları  dilə gətirmişəm, baş verənləri düzgün analiz etməklə doğru yola yönəlməyə çağırmışam. Belə çıxış-çağırışlar kimlərinsə işinə yaramadığından mənə qarşı haralardasa açıq, haralardasa gizli şantaj-qarayaxma yolu tutublar. Bu günlər biz İranla, İrandakı Türk qalxımı ilə bağlı belə şantaj-qarayaxmalarla üzləşməkdəyik. “Belə çətin vaxtlar” birmi, ikimi, bir ilmi, iki ilmi? Azərbaycanın çətin çağları bizim bir çoxumuzun suçu üzündən uzandıqca uzanır. Hərəmizin özündən soruşmağı gərəkir: haçağadək?!

Kimlərsə ortada, orda-burda donquldanırlar (donquldandırılırlar): “Nə oldu, Azərbaycan Türkləri indi, İranın bu çətin vaxtlarında, ayağa qalxdılar. Deməli, İŞİD-in arxasında Amerika durduğu kimi, bunların da arxasında Amerika durur”. Feysbukdakı Azərbaycan irançıları siyasi baxımdan daha korrekt çıxışlar edirlər: “Bu bir televiziya işçisinin diqqətsizliyi, səhvi-səhlənkarlığı üzündən ortaya çıxan ötəri görsənişdir, bundan ötrü bir belə hay-küy nəyə gərəkdi?” Baxın, Azərbaycan Türklərini (gerçəkdə bütün Türklüyü!) aşağılayan fars dövlət televiziyası da özünün şovinist siyasətinə belə don geydirməyə çalışdı: “diqqətsizlik, səhlənkarlıq”. Ötən yazımda (Azadlıq, 14-15. 2015) bildirdiyim kimi, televiziyada belə “diqqətsizlik, səhlənkarlıq” yalnız düşünülmüş-planlaşdırılmış olaraq ortaya çıxa bilər – istənilən televiziya verilişi bir çox əllərdən, üstəlik, ayrıca baxış-yoxlamadan keçdiyi üçün! İran televiziyaları “Həsənsoxdu dəyirmanı” metoduyla yönətilirsə, onda o televiziyalarda nəyə görə yalnız fars şovinist ideologiyasına işləklik qazandırılmasına aydınlıq gətirilməlidir.

Bu gün İran İslam Respublikası hökuməti baş verən “anlaşılmazlığı” sözügedən “Fitil” verilişinin FİTNƏSİ olaraq göstərməyə çalışır. Eləcə də bizdəki “islamçı”-irançılar! Gerçəkliksə başqadır, bütünlüklə başqa! Uzun illərdir İran İslam Respublikası Quzey Azərbaycanla bağlı açıq-aydın yağıcasına siyasətlər yürüdür. Çoxsaylı faktlardan göründüyü kimi, İran İslam Respublikası Azərbaycan coğrafiyasında yaradılan qondarma “Ermənistan”la qardaşlıqda, bu yapma dövlətə qardaşcasına yardımlarda bulunurkən, Azərbaycanın varlığı ilə barışmaq istəmir. Buna görə İran-fars rejimi indiyədək dönə-dönə Azərbaycanın quru-su sınırlarını pozub. Buna görə İran İslam Respublikası illərdir durmadan Azərbaycana fars ideologiyası ilə yanaşı narkotik ötürür. Bütövlükdə dövlətimizin, ayrılıqda Milli Təhlükəsizlik “Nazirliyimizin” bütünlüklə korrupsiyaya uğraması üzündən fars ideologiyası bu gün Azərbaycanda NARKOTİK kimi yayılmaqdadır! Azərbaycanda fars ideologiyasının başlıca yayıcıları İranın Qum kəndində oxuyub gələnlərdir…

Məhəmməd peyğəmbərin dedikləri, bunların elədikləri

İslam peyğəmbəri deyirdi: “Vətən sevgisi imandandır”. Ortada daha çox İran sevgisində iman tapanlar görünür. İslam peyğəmbəri deyirdi: “Bir saat elm öyrənmək 60 illik ibadətdən üstündür”. Ortada daha çox bunun tərsi də yox, bütünlüklə ibadətə uyma çağırışları görünür. Elə buna görə də müsəlmanlar, müsəlman ölkələri bilik dalınca gedənlərin, böyük biliklərə yiyələnənlərin əlaltılarına çevriliblər. İslam peyğəmbəri deyirdi: “Haqsızlıq önündə susan dilsiz şeytandır”. Ortada daha çox bugünkü haqsızlıq önündə susqunluq, min il qabaqkı haqsızlıqla bağlı haray-həşir görünür. İslam peyğəmbəri adına məktəbdən danışan yoxdur, ancaq, farsın islamı parçalamağa yönəlik “İmam Hüseyn məktəbindən” söyləmələr sonsuzdur. Demək, ortada nə gerçək Vətən sevgisi var, nə də gerçək din sevgisi. Belə isə, ortada olan nədir? Azərbaycanın böyüklüyü, bütövlüyü ilə barışmayan, Azərbaycanın böyüklüyünü, bütövlüyünü gözü götürməyən şovinist fars yağılığı – şovinist fars siyasətləri!

Soydaşlarımızın soyuq sözləri

Fransada yaşayan ünlü soydaşımız Qənimət Zahidin “Azadlıq”da İran-Türk olayları ilə bağlı yaxşı bir yazısı çıxıb (11.11.2015). “Türk dünyasının Güney Azərbaycan qorxusu” adlanan bu yazı doğrudan yaxşı yazıdır, yazıdakı bir çox baxışları bütünlüklə bölüşürük, bir yerdən başqa. Orası mənim bu yazını yazmağıma nədən olan başlıca, belə deyək, baxış bucağıdır. Elə Q.Zahid də o yeri oxucuya ayrıca baxış bucağı olaraq sunur.

Bəlli olduğu kimi, Güney Azərbaycanı ayağa qaldıran faktla bağlı sosial setdə bizdəki “inanclı kəsimə”, onların tanınmış aktivlərinə belə üztutmalar oldu: “Niyə susursuz?” Bu, çox düzgün, yerində olan qınaq sorusuydu. Q.Zahid bununla bağlı yazır: ”Hacı Taleh və ya Azərbaycanın din cameəsinin simasını müəyyən edən başqa şəxslərin İranda baş verən proseslərə münasibət bildirməsi kimlər üçünsə önəmli ola bilər. Amma mən bu məsələlərə bir qədər başqa rakursdan yanaşıram”. Başqa “rakurs” nədir? Gəlin yazarın özünü dünləyək: “Hacı Talehdən və ya başqalarından “münasibət” tələb edənlər Azərbaycanın rəsmi informasiya vasitələrindən də münasibət tələb etməlidirlər, prezidentdən də, hökumətdən də”.

Olduqca gözəl “rakurs”dur, mən demokratik düşüncəli kimsə olaraq bu “rakursa” çox böyük sayğıyla yanaşıram. Ancaq elə bu “rakurs”la bağlı, “rakurs” yörəsində baş verənlərə mənim də öz baxış bucağım var. Tale Bağırzadə də, ideoloji baxımdan ona yaxın olan, “Azərbaycanın din cameəsinin simasını müəyyən edən başqa şəxslər” də Azərbaycan yurddaşları, başqa cür desək, bizim yurddaşlarımızdır. Bizimlə bir ölkədə yaşayır, bizimlə bir ölkənin suyunu içir, havasını udur, çörəyini yeyirlər. Ancaq biz hələ indiyədək onların Azərbaycanın gərəklərinə bağlı bircə çıxışlarını belə görməmişik: nə İran İslam Respublikasının yuxarıda göstərilən antiAzərbaycan siyasətləri ortaya çıxanda, nə İran İslam Respublikasının prezidenti Ə.Rəfsəncani Azərbaycan bayrağını tərsinə asanda, nə İran İslam Respublikasının dış işlər baxanı Ə.Vilayəti “Azərbaycan İranın bir parçasıdır, onu İrana qatacağıq” deyəndə, nə İran İslam Respublikasının yüksək din başqanı Ə.Xamenei “Biz Qarabağ uğrunda savaşda ermənilərlə bir olmuşuq, gərəkərsə, yenə də bir olacağıq” deyəndə, nə İran qəzeti Türkləri “tarakan” adlandıranda, nə də Tehran ayətullahı Türk dilini “cəhənnəm dili” adlandıranda. Bu kimi faktlardan çox göstərmək olar, ancaq indilik bunlar da yetərlidir. Fars şovinizminə bürünmüş İran İslam rejiminin bir belə sıralama antiTürk siyasətlərindən sonra indiki Türk qalxınmasını yersiz-gərəksiz sayanların özləri yersizlik-gərəksizlik subyektləri deyillərmi?!

Azərbaycanı – Türk ölkəsini – iranlaşdırmaq üçün min bir oyundan çıxanlar; balaca qız uşaqlarının belə, oxula baş örtüsü ilə buraxılmasından ötrü hakimiyətlə savaşa qalxışanlar; hər ilin oktyabrında Bakıda Qüds günü keçirməklə İsrailin, Amerikanın bayrağını yandıranlar Qumdan, Tehrandan gələn ideoloji yönərgələrin aktiv daşıyıcılardır. Farsın yəhudilərlə min illik Esfir yağılığı var – bundan bizə nə? Nə üçün biz Qarabağı qoyub, var-dövləti başından aşan, 300 milyonluq ərəbin Qüds sorununa ortaq olmaqla hansısa dövlətləri özümüzə qarşı çevirməliyik? Hələ mən “Hizbullah” başda olmaqla ərəblərin Qarabağla bağlı erməniliklə birgəlik sərgiləməsi faktını demirəm. Biz Türklər olaraq dinclik, barış sevən bir ulusuq. Ancaq, bizimlə bağlı sürəkli olaraq yağılıq sərgilənməsi kimi görsənişlərə sürəkli olaraq göz yuma bilmərik – istər belə yağılıq içdən olsun, istər dışdan. Biz bütün qonşularımıza dinclik, barış diləyirik, ancaq özünün 12 qonşusundan (onların 11-i müsəlman dövlətidir) yalnız birilə – qondarma “Ermənistan” dövləti ilə bütün parametrlər üzrə qardaşlıqda bulunan İran İslam Respublikasının etdiklərini də görməzdən gələ bilmərik!

İkinci “rakurs” yanaşması: “Hacı Talehdən və başqalarından “münasibət” tələb edənlər…” Azərbaycan yurddaşı olarq bu gün bizim hər birimizin bir-birimizdən “tələb etmək” hüququmuz var: “İranda Türklərin dönə-dönə aşağılanmasına, alçaldılmasına niyə səssiz qalırsan?” Ola bilər çoxları, lap elə mən özüm, Hacı Məmmədov, Akif Çovdarov, Eldar Mahmudov, bütövlükdə repressiv rejim faktından qorxub çəkinərək prezidentdən, hökumətdən “münasibət  tələb etmərəm”, kiminsə bu faktdan yararlanıb yurddaş susqunluğuna görə qınanası kimsələri deyil, başqalarını qınaması düzgündürmü?

Gerçəyə qalsa,  yürütdükləri çoxillik, yazılarımda dönə-dönə vurğuladığım ANTİMİLLİ, ANTİDEMOKRATİK siyasətləri üzündən prezidentin də, hökumətin də, onların “rəsmi informasiya vasitələrinin” də İranda baş verənlərə  “münasibət” bildirmələri məndən ötrü önəmsizdir. Sosial setdəki reaksiyalarından göründüyü kimi, yurddaşlarımızın çoxu bu düşüncəni bölüşür. Deyiblər, axı, uman yerdən küsərlər.

19-cu yüzildə müsəlman dünyasının ən böyük, qabaqcıl düşüncəli ideoloqu olmuş Güneyli Şeyx Cəmaləddin Əfqani hər bir ulusun yaşaması üçün onun harmonik sosial qatı (təbəqə) olmasını önəmli sayırdı. Ulusun hər bir sosial qatının uyuşqanlığı (harmoniya) hamının nədə olmasa da, ulusal çıxarlarda birgəliyinə bağlıdır. Bu birgəliyi isə özgə ölkəyə deyil, öz Ölkəsinə doğmalıq, candan-könüldən bağlılıq, yanımcıllıq doğurur! Ulu öndərimiz, Ulusal liderimiz MƏHƏMMƏD ƏMİN AĞA deyən kimi: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, / Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv