Üstün Atalı. Soydaşlarıma soydaşlıq ərki

Ürəyinizdə Ata Günəşi olsun, istəkli yurddaşlarımız.
Azərbaycan toplumunun bugünkü halı, qıraqdan yurdumuza olmazın təsirlər, aydınlarımızın bu mühitə dirəniş göstərməməsi bir vətən övladı kimi məni narahat edir. İnsanların içində bu gün hünər deyil, – yaltaqlıq, özünütəsdiq deyil, – mənliyiinkar, ruhanilik deyil, – biolojilik, özümləşmə deyil, – yadlıq hökm sürür. Pulçuluğa, maddiyyatçılığa meyil gündən- günə artır. Niyə aldatma qabiliyyət sayılır? Niyə hərcayilik azadlıq sayılır? Niyə pulçuluğun İnsanlıqdan üstün olması ayıb deyil, məharət sayılır? Bu qəbahətləri yaşaya-yaşaya hansı inkişafdan danışmaq olar? Bəs deyilmi bu xalqın üzərində həyata keçirilən cinayət və xəyanətlər?

Biz, bir millət olaraq, öz içimizin səsini eşitməklə, gəncliyimizə Azərbaycan sevgisi, türklüyə bağlı dəyərləri yaşatmaq hünəri aşılamalıyıq. Ancaq hər birimiz qıraqdan elə olmalıdır, belə olmalıdır deməklə yetərlənməli deyilik. Konkret addımlar atmalı, zəhmətlər çəkməliyik. Məqsədyönlü görüşlər keçirmək, söhbətlər aparmaq, hesab edirəm ki, ziyalı kəsimin borcudur, bu kəsim bu işdə fədakarlıq etməlidir. Biz hər gün antimilli gedişləri, pozuntuları müşahidə edirik. Bu pozuntular dirəniş görmədiyi üçün gəncliyin niyyətlərində, əməllərində özünə yer edir. Mən bir məktəb öyrətməniyəm, bu dediklərimin əlamətləriylə  hər zaman rastlaşıram. Eyni halda, ictimai həyatın başqa sahələrində də…

Bu narahatlıqla biz, Asif Atanın Ocağı olaraq, vaxtaşırı bölgələrə səfərlər edib görüşlər keçirir, sözümüzü deyirik. Elə bu səfərlərimizin davamı olaraq bu günlərdə mən Qobustanda oldum. İnsanlarımızın ağlında dəyərlərimizə sevgi, kökünə bağlılıq yaratmaq niyyətilə ayrı-ayrı ünvanlara baş çəkdim. Söhbətlər elədim, Ocaq ədəbiyyatları verdim. Ancaq qəribəliklərlə də üzləşdim. Kitabxana işçilərilə söhbət edərkən ciddi narazılıqla qarşılaşdım. Oranın müdiri Xuraman xanımın inkaredici sual yağışı mənə qəribə gəldi. “Niyə bizi geriliyə çağırırsınız?”(Gerilik deyəndə milli dəyərlərimizi qəsd edir). “Niyə bizə  türk  deyirsiniz?”, “Niyə əlifbanı dəyişirsiniz ki?” (Mən onlara türk əlifbasının varlığından bəhs edirdim)…

Bu niyələrə səbəb nədir? – Özgələşməyimiz. Mən sizi çarıq geyməyə, çarşab örtməyə çagırmıram. Öz kökünə qayıtmağa, öz ömründə fədakarlıq edib milli nəsnələrimizə sahib çıxmağa çağırıram. Türk olduğunu sənə yadırğadanlara dirəniş göstərməyə çağırış, yüzillərdir  babalarımızın bizə qoyub getdiyi əlifbanı bərpa etməyə meyil məgər gerilikdir? Mahiyyətini öz əlifbanda ifadə eləməyin nəyi pisdir? Mən bura ona görə gələ bilirəm ki, milli kimliyimi tanımışam.  Bunun üçün Asif Ata bizə mənəvi-ruhani yön verib. Yurdumuza yiyəlik etmək, özümüzü yaratmaq ölçüsü verib…

Qobustanın Mədəniyyət evində,  eləcə də H. Əliyev araşdırma mərkəzində qarşılaşdığım insanlar gənc olduqları üçün Amalımızdan, işimizdən xəbərsiz idilər. Onlarla söhbət edib əlaqə üçün ünvanlar verdim. Daha ətraflı tanışlıq üçün Ocaq ədəbiyyatları da hədiyyə etdim…

Bakıya qayıdanda dostumuz İlqar Türkoğlunun dəvəti ilə, Türkiyə şairəsi Yasemin Meydanın kitab təqdimatında iştirak etdim. Şairənin yaradıcılığı ilə tanış olmasam da, mövzunun axarı mənim də söz deməyimə stimul verdi. Baxmayaraq ki, bu  mühitdə milli dəyərlərimizə hücum yox idi, sevgi var idi, – türkçülük sevgisi. Ancaq içim rahat deyildi. Burda deyilən öygülər, şeirlər Xilasa aparmırdı, yalnız duyğularımı tərpədirdi. “Təbriz türkün şəhəridir”, “Nə mutlu türküm deyənə!”, “türk Turanı quracaq!” bu kimi ifadələr məni ovundurmadı. Bu ifadələri deməklə biz, sanki içimizi sakitləşdiririk. Böyük qırım, böyük çabalar insanlarımızın halını tarıma çəkmir… Hər halda, biz türklüyə yönəlik çəkilən zəhmətləri gözardı etmirik, ancaq ərk edib deyirik ki, sarsıdan əməllər ortaya gəlməlidir. Burada biz ona görə cəsarətlə danışırıq ki, Yurdumuza İnam gəlib. Asif Atanı görmək, göstərmək gərəkdir. O, bizim milli-insani nicatımızdır. Onun yaratdıqlarına yiyəlik etmək, xalqı özümləşdirmək, yadların əlindən almaq, öz mahiyyətinə qovuşdurmaq gərəkdir!

Atamız Var olsun!

Şölə Ayı, 36-cı il.

(iyun, 2014).

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv