Xaliq Bahadır. Dostoyevskinin gündəlikləri

Fyodor Mixayloviç Dostoyevski (1821-1881). Bu ad Yer üzünün bütün az-çox gəlişmiş düşüncə yiyələrinə, gerçək oxumuşlarına, özünü kültürlü oxucu kimi yetişdirmişlərinə yaxşı tanışdır. Dostoyevski günü bu gün də açunda (açun-ərəbcə, dünya) ən çox oxunan yazıçılardandır.
Mənim Dostoyevski yaradıcılığı ilə tanışlığım tələbəlik illərindən başlamışdı. L.Qrossmanın Dostoyevski ilə bağlı iri ölçülü bioqrafik kitabını da oxumuşdum, bütün bunlara görə Dostoyevskini yetərincə tanıdığımı düşünürdüm. Ancaq belə deyilmiş. Çoxları kimi mənim də Dostoyevski ilə bağlı bilgilərim yarımçıq imiş. Bunu onun “Yazıçının gündəliyi” kitabını (Dnevnik pisatelya, Sankt-Peterburq, iz. Azbuka, 2014) oxuyandan sonra anladım.

Kitabı çoxdan almışdım, ancaq bir sıra nədənlərdən, başlıcası da göz sorunu ilə bağlı onu yaxınlarda oxuyub bitirdim. “Gündəliyin” Qanun nəşriyatında da çap edildiyini eşidincə onu da tapıb baxdım. “Gündəlik” Qanun nəşriyatında da 2014-cü ildə çıxıbmış. Onu ruscadan dilimizə professor Məmməd Qocayev çevirib. Professor giriş sözündə yazır: “Yazıçının gündəliyi” ilk dəfə 1873-cü ildə Dostoyevskinin redaktoru olduğu “Qrajdanin” jurnalında çap olunmuşdur. 1876-cı ildən etibarən “Yazıçının gündəliyi” aylıq jurnal kimi ayrıca çap olunmağa başlayır. Onun da redaktoru və müəllifi Dostoyevski özü idi. Jurnalda yazıçının həm günün vacib məsələlərinə münasibəti, həm də oxucularla ünsiyyəti, bəzən də mübahisələri öz əksini tapırdı. Mövzu baxımından jurnalda çap olunan yazılar çox rəngarəng idi, həyatın bütün sahələrini əhatə edir, bütün məsələlərə münasibət bildirilirdi. Ona görə də Dostoyevskinin dünyagörüşünü, onun həyata və tarixə baxışlarını dərindən öyrənmək üçün “Yazıçının gündəliyi” əvəzsiz bir mənbədir.

Jurnaldakı yazılar arasında ədəbiyyata, ayrı-ayrı yazıçıların və şairlərin yaradıcılığına münasibət bildirilən məqalələr xüsusi maraq doğurur. Bu topluya Dostoyevskinin məhz ədəbiyyat haqqında məqalələri daxil edilmişdir”.

Biz gördüyü işə-etdiyi çevirmələrə görə professoru alqışlayırıq, ancaq burasını da deməyə bilmərik: Dostoyevskini bütünlüklə tanıtmaq baxımından, onun gördüyü iş, yalnız ədəbiyatla bağlı etdiyi çevirmələr, yetərsizdir. Professor Sankt-Peterburq çapında olduğu kimi “Gündəliyi” bütünlüklə çevirməklə Dostoyevskini Azərbaycan oxucularına indiki təki yarımçıq deyil, bütünlüklə tanıtmış olardı. “Gündəlikdə” ədəbiyatla bağlı yazdıqları Dostoyevskini yetərincə tanıtmaq sarıdan dənizdə damla yerindədir. Başqa sözlə, aysberqin görünən üzü….

Dostoyevskini romanlarından tanımaq başqadır, “gündəlik”dən tanımaq başqa. Romanlarından tanıdığımız Dostoyevski böyük söz ustası, humanist yazar-psixoloqdur. O, bütün açunda belə tanınır, belə anılır. Ancaq “Gündəlik”dən tanınan Dostoyevski yalnız psixoloq-yazar deyil, eləcə də güclü bir publisistdir, belə desək, özünə görə konseptual düşüncəli politik, politoloqdur, ayrıca olaraq bir də qatı dinçi-provoslavdır.

“Gündəlik”lə bağlı ayrıca örnək olaraq göstərilə biləcək bir yazar Dostoyevskidə var. Burada biz bir çox irili-xırdalı sosial-politik olayları, sorunları görsənişləri gündəmə daşımaqla xalqının, ölkəsinin gündəlik yaşamı ilə yaşayan, bu yaşamı necəsə yüngülləşdirməyə, sağlamlaşdırmağa çalışan çox dəyərli bir yurddaş yazar görürük. O, gərəkən yerdə uşaqdan, böyükdən, qadından, kişidən- hamıdan yazır. Məhkəmələrdən, məhkəmə işlərindən yazır. Yazır, yalnız ələşdirmək (tənqid etmək) üçün deyil, hansısa sorunlarla üzləşmiş yurddaşlara yardım etmək, onlara arxa durmaq üçün yazır. Sorun çözülənə, iş uğurla başa çatdırılanadək yazır, çalışır. Özünü öldürənlərdən yazır, affekt durumunda ögey uşağını pəncərədən atan qadından, onunla bağlı məhkəmə prosesindən yazır, evdə ərlə, türmədə qadınla görüşüb-danışmaqla çalışmalarda bulunaraq ailənin dağılmasının qarşısını almağdan yana əlindən gələni edir. Uzun çalışmalardan sonra istəyinə çatır: məhkəmə, “cinayətin” affekt durumunda törədildiyi ilə bağlı qərar çıxarmaqla qadını evinə, ailəsinə qaytarır. Dağılmaqdan qurtulmuş ailə uşaqla birgə bütöv qalır. Yenidən birləşmiş ərlə arvad yazarla görüşə gəlir, ona sayğılarını sunurlar.

Bunları ayrıca olaraq niyə yazıram?Azərbaycanda bir belə faciələr baş verir, qanunsuzluq-hüquqsuzluq-özbaşınalıq faktlarına bağlı yaşam-keçənəcəkçətinliyindən uşaq-böyük, qadın-kişi, daha çox da gənclər özlərini öldürürlər, ölkədəki çoxsaylı “xalq” yazıçı-şairlərinin birinin də tükü tərpənmir. Pulsuzluqdan, dolanışıq dözülməzliyindən az bir arada yüzə yaxın Qazi özünü öldürür-yazarlar ordusu, başlıcası da, “xalq yazıçısı”, “xalq şairi” adını daşıyanlar sonunadək balıq kimi susqunluq, ilan sayağı soyuqluq sərgiləyirlər. Onları düşündürən, qayğılandıran yalnız nədir: özləri, yaxınları-doğmaları üçün yaxşı yaşayış ortamı əldə etmək. Yoxsulluqdan, işsizlikdən, evsizlikdən, təhsil, sağlamlıq sistemlərinin yarıtmazlığı, geniş rüşvət-korrupsiya faktlarının doğurduğu çoxsaylı sorunlar üzündən bir çağlar ailə institutunun çox güclü, belə desək, topdağıtmaz olduğu Azərbaycanda bu gün ailə dağılmaları tək MDB-də deyil, bütün açunda rekord düzəyə qalxıb:yazarlar, özləri böyük olmasa da, adları-titulları böyük kültür, bilim adamları hamılıqla susur, susurlar.Elə bil onlar Azərbaycan gerçəklərini yalnız yalana bürünmüş, gecə-gündüz çal-çağırlı, yapay mutluluqlar sərgilənən Az TV-lərdən özgə nəsə görmür, bilmirlər. Acınacaqlı, olduqca acınacaqlı, oxumuşlar adına, aydınlar adına, intelligensiya adına acınacaqlı, utancverici görsənişdir!

Dostoyevski “Gündəlik”dərus xalqının keçənəcəyi, yaşayış, yaşam çətinlikləri ilə bağlı bir çox sorunlara toxunur. Onlardan birinə baxaq. “Rusiya dəmiryoluyla bağlı belə bir formul hamıya çoxdan bəllidir: “Yol xalq üçün yaradılmayıb, xalq yol üçün yaradılıb”. Konduktordan direktoradək bu aksioma quşquyla yanaşan dəmiryolçu görməzsən. Siz bu aksiomun tərsini göstərməyə çalışsanız, onlar sizə gülər, sizi eşitmək belə istəməzlər (s. 337-338). Məncə, buradakı aksiom bizdə hamıya tanış oxşarlıqlardandır.

Burası da bizə çox uyğun özünüdoğrulama gərəyidir: “İnandırmağa çalışmaq da gülməlidir- dünyaya yeni söz deyəndən öncə biz özümüz ekonomik, bilimsəl baxımdan, eləcə də, yurddaşlılq baxımından gəlişməliyik, yalnız onda Avropa xalqları kimi yetkin (sanki)varlıqlara “yeni söz” demək istəyində buluna bilərik” (s.434).

 

Yazıçının baxış sistemi

 

Azərbaycan-Türklük açısından “Gündəlik”dən dolayı bizim üzərində ayrıca dayanacağımız iki başlıca qonu var: politika, din.

Birincidən başlayaq. Qabaqca bunu demək gərəkir: ötən il Türkiyədə “Gündəliyin” Türkcəyə çevirməsi çıxdı. Çevirmə Dostoyevskinin politik baxışları ilə bağlı bir sıra kəskin reaksiyalar doğurdu. Elə bu üzdən də “Gündəlik”dəki politik qonu üzərində ayrıca dayanmağa dəyər.

“Gündəlik”də Doğu sorunu (“Şərq məsələsi”) geniş yer tutur. Doğu sorunu 18-ci yüzilliyin ikinci yarısında Rusiya ilə bir sıra Batı dövlətlərinin, başlıcası da, İngiltərənin Osmanlı imperiyası ilə  çarpışmasını anladan söz birləşməsi olaraq tarixə keçib. (Keçib, ancaq tarix olaraq qalmayıb).

Doğu sorunu iki imperiya (Rusiya ilə İngiltərə) dövlətlərinin üçüncü birini-Osmanlı imperiyasını-yenməklə,başda İstanbul olaraq Osmanlı coğrafiyasına yiyələnmək istəyindənqaynaqlanan özümlü bir proje idi. İngiltərə dövləti Osmanlını içindən dağıtmaq üçün yunanlar, ərəblər, ermənilərlə gizli işbirliyində idi. Rusiya dövləti isə Osmanlının bir parçası olan Balkanlardakı slavyanlara arxa durmaqla onları ayaqlandırıb,Osmanlıyla savaşa sürükləyirdi. Başqa bir yandan Rusiya ermənilərlə, yunanlarla da gizli ilişkilər qurur, bir sıra sözvermə-şirnikləndirmələr,yardımlar yoluyla onları körükləyib, Osmanlının üzərinə qaldırırdılar. İstər ərəblər, istər ermənilər, istərsə də yunanlarla gizli işbirliyində olan İngiltərə imperiya dövlətinə özgü “ayır-buyur” metodundan daha böyük başarıyla, özü də hızla yararlanmaqda idi. Bütün bu gizli çalışmalarla yanaşı, İngiltərə “düşmənlərdən qorumaq” adı altında İstanbul sularına donanma gəmilərini da çəkib gətirmişdi. Güclü Rusiya ilə açıq savaşda yenilə biləcəyini gözaltılayan İngiltərə İstanbula birbaşa deyil, dolayısıyla yiyələnmək planlarına baş vururdu. O çağlar Osmanlı çox da güclü olmadığından İngiltərə İstanbulu tuta biləcəyinə az-çox güvənli idi. Ancaq I Pyotrdan bu yana İstanbulu tutmağa odaqlanmış Rusiyanın saldırıları sonucunda duruş gətirməyərək onu biryolluq itirəcəyindən qorxur, o üzdən çeşidli manevrlərə əl atmaqla özü üçün əlverişli çağı gözləyirdi. Rusiya İngiltərədən çox da çəkinmirdi, ancaq onun da özünə görə qorxuları vardı. Rusiyanın da qorxusu oxşar idi: az-çox itkilərlə İstanbulu tuta bilərdi, ancaq onu əldə saxlamaq çox çətin, ola bilsin, olamaz olacaqdı. Avropanın başlıca dövlətləri kəsinliklə Rusiyanın İstanbulu tutmasına qarşıydılar. Onların baxışına görə, Rusiya İstanbulu tutandan sonra bütün Avropa üzərində özünün hegemonluğunu quracaqdı, bu isə Avropadakı birləşmiş slavyan-pravoslav gücündən yararlanmaqla Rusiyanın bütün Avropanı rusiyalaşdırması demək olardı. Başqa bir yandan Vatikan da katolikliyin çıxarları baxımından pravoslav Rusiyasının İstanbulu tutmasına qarşıydı.Beləcə, ortaya barışmaz çıxarlar toqquşması çıxır, bu barışmaz çıxar toqquşmaları çoxbaşlı, çoxgedişli oyunlar oynanmasına nədən olurdu. Publisist-politik Dostoyevski özünün dayanıqlı, vazkeçilməz slavyan-provoslav ideyaları ilə o oyunların qumarbaz xarakterli qızğın oyunçularından birinə çevrilmişdi.

Öncə I Pyotrun bəlli “Vəsiyyətləri” ilə tanış olanlar, ardınca “Gündəliyi” oxuyanlar elə sanarlar dəli imperator ölərkən İstanbulu almağı Dostoyevskiyə tapşırıb gedib. Bəlli olduğu kimi, Pyotr “vəsiyyətində” deyir: “İstanbul kimin olsa dünyanın ağası o olacaq”. Dostoyevski, görünür, “Rusiyanın düşmənlərini” yanıltmaq, ağızlarını boza vermək üçün “Pyotrun vəsiyətlərini” polyakların “uydurması” adlandırır. Adlandırır, ancaq bu necə bir “uydurmadırsa”, yazar olaraq planetdə “böyük humanist” adıyla tanınmış Dostoyevski böyük qanlar tökülsə, böyük itkilər verilsə belə, İstanbul uğrunda başlayacağ savaşı bəri başdan Rusiyanın planetar uğuru, rus xalqının daha da güclənməsi, sağlamlaşması perspektivi olaraq dəyərləndirir, var gücünü qoymaqla, bütün enerjisini verməklə, intellektual potensialından, publisit-politik başarılarından sonunadək yararlanmaqla bizim Nizami Gəncəlinin Fərhadı kimi özmlü külüngüylə qayaları parçalayıb dağıtmağa girişir. Bəlli olduğu kimi, Fərhad sevgilisi Şirin üçün külüngüylə dağlardan süd arxı çəkirdi, Dostoyevski isə Dəli Petrodan qalma sevgilisi İstanbulun ələ keçirilməsi, başqa sözlə, qaçırılması üçün,oraya uğurlu savaş, dayanıqlı yiyələnmə yolları arayırdı.

Dostoyevski Rusiyanı, daha doğrusu, Rusiya dövlətini fanatikcəsinə öyüb göyə qaldırırdı. Guya Rusiya barışsevər, sonunadək humanist bir dövlət olaraq, slavyanları birləşdirib İstanbulu tutmaqla bütün Avropada, ondan daha geniş coğrafiyada o çağadək Yer üzündə görünməyən qardaşlıq ortamı, dənizdən-dənizə ucsuz-bucaqsız barışaçunu yaradacaqmış. Bu ideya ilə bağlı Dostoyevskini cırnadıb özündən çıxaran nədir? Rusiya çox çalışsa da, Avropanı, daha doğrusu, batı Avropanı özünün böyük qardaşlılq ideallarına, üstün barışsevərliyinə inandıra bilmir. Dostumuz Dostoyevskinibundan qat-qat artıq cırnadıb özündən çıxaran başqa nədir, bilirsizmi? Sən demə, Rusiyanın özündə də Avropadakı kimi düşünənlər, Rusiyanın Yer üzünü qapsamağa yönəlik “qardaşlıq, barış” ideyalarına inanmayanlar-oxumuşlar, aydınlar  varmış. Ən pisi isə onlardan birinin təkcə Rusiyada deyil, Rusiyadan qıraqda da sevilən ünlü bir yazıçının-Lev Nikolayeviç Tolstoyun olmasıdır. Tolstoy mənim çox sevdiyim “Anna Karenina” romanında kəsinliklə o çağlar Rusiyanın Balkanlarda apardığı savaşa qarşı çıxır. Gerçəyi desək, Tolstoy bütünlüklə qırğınlara, itkilərə, ağrı-acılara nədən olan savaşlara qarşı çıxırdı. Dostoyevski isə bütün Rusiyanı “slavyan qardaşların qurtuluşu uğrunda”, “İstanbula yiyələnmək uğrunda savasa səsləyirdi. “Anna Karenina”, gerçəkdə isə Tolstoy özü, yaydığı “pasifist” baxışlarla Dostoyevskidə böyük acıq doğurmuş,bu acıq onun romanı “Gündəlikdə”, demək olar, daşqalaq etməsinə gətirmişdi.

Bir daha vurğulamaq gərəkir: Rusiyanın da, İngiltərənin də istəyi Osmanlını yenməklə Osmanlının tutduğu ölkələrə, ən başlıcası, İstanbula yiyələnmək idi. Ancaq onlar ikisi də bunu birbaşa etməkdən çəkinərək, yuxarıda göstərildiyi kimi, “ilanı Seyid Əhməd əliylə tutmaq” taktikasına üstünlük verirdilər. Serbiya, Qaradağ, Bolqarıstan Osmanlıya savaş açmışdı. Rusiya çox istəsə də, Batı dövlətləri savaşa qatılmırdı. Rusiya özü də birbaşa savaşa girməkdən yayınırdı.

 

Slavyansevərlər

 

Slavyansevərlər (slavyonofillər) “Slavyan qardaşlara yardım üçün” Slavyan komitəsi yaratmşdılar. Komitənin başında Slavyansevərlərin öncüllərindən olanİvan Sergeyeviç Aksakov (Axsaqov) dururdu. Komitəni o özü yaratmışdı. Slavyansevərlərin ideoloqu, “Den”, “Moskva”, “Rus”, “Russkaya beseda” qəzetlərinin redaktoru olan İvan “Slavyan qardaşlarımızı türk əsarətindən qurtarma” kampaniyasının da başında dururdu.O, 1855-ci ildə Bessarabiyada Moskva könüllülərinə komandanlıq etmişdi. Aksakov Türk idi-Rusiya Türkü.Atası Sergey Aksakov varlı mülkədar, yazıçı olmuşdu.

Slavyansevərlərlə batıçılar (qərbsevərlər) arasında uzun illər çarpışma getmişdi. Batıçılar Rusiyanın Avropaya yaxınlaşmasını, Avropa kültürünə qovuşmasını istəyirdilər. Slavyansevərlər Rusiyanın gələcəyini slavyan-türk birliyində görür, belə bir birliyin oluşmasına çalışırdılar. Slavyansevərlərin baxışına görə, Avropaya üz tutan Rusiya özümlüyünü itirərək Avropanın bir parçasına çevriləcək. Onlar Rusiyanın uğurlu gələcəyini slavyan-türk birliyində görürdülər. Bu isə bügünkü anlayışla Avrasiya, başqa sözlə, avrasiyaçılıq  deməkdir.

L.N.Qumilyova görə: “Slavyanofillər (XIX yüzilin ortalarında yaranmış, Rusiyanın tarixə bağlı gəlişmə yolunu Batı Avropa ölkələrinin gəlişməsinəqarşı qoyan ideya-politik axım yandaşları) “avroasiyalıq” bilimsəl yönümünü yaratmışdılar. Slavyanofillər Rusiyanın ikili kökə-slavyan-türk kökünə bağlı olduğunu vurğulayırdılar” L.Qumilyov deyirdi:  “Mən ikili kök ideyasını doğru, özüllü, məntiqli  sayıram; bu, tək tarixlə bağlı önəmli sorunların araşdırılmasında deyil, eləcə də indiki sorunların çözümündə yararlı olar” (Lev Qumilyov, “Çeloveçnost prejde vseqo”, qazeta “İzvestiya”, 24.06.1989. İ.İbrahimovun “Tarixin olaylarında” kitabından).

Dostoyevski görünüşcə batıçılardan da, slavyançılardan da gen dururdu. Ancaq o, gerçəkdə slavyançılara çox yaxındı, bir sıra baxımlardan aşırı slavyançı idi. Yuxarıda deyildiyi kimi, slavyançılar, belə desək, doğal, tarixə bağlı keçmişindən çıxış edərək, Rusiyanın gələcəyini slavyan-türk birliyində görürkən, Dostoyevskidə slavyanlara aşırı sevgi ilə yanaşı Türklərə aşırı antipatiya vardı.

Slavyançıların qızğın çalışmalarıyla Rusiyanın dörd bir yanından Balkanlardakı “Slavyan qardaşlara yardım üçün” könüllülər axışırdı. Dostoyevski isə canlı-cansız yardımlarla bağlı qızğın kampaniya aparırdı: ”Slavyan qardaşlara yardım” kampaniyası! Slavyançılığın başlıca ideoloqu, Slavyan “partiyasının” başlıca qurucusu olan İvan Aksakov kimi Dostoyevski də kökcəTürk idi O, Qızıl Orda seçkinləndən olan Aslan Mirzənin törəmələrindəndi.

İvan Aksakov da, qardaşı Konstantin də slavyançı olmaqla yanaşı, Türk gələnək-görənəklərinə çox bağlıydılar. Onlar şəhərdə başdan ayağa Türk geyimində gəzirdilər. Ünlü jurnalist-ideoloq, çar sarayına yaxın İvan Aksakov saray yığıncaqlarına, törənlərə hamının I Pyotrun “tatar geyimidir” deyə dişladığı Türk geyimində qatılmasına çalışırdı. Onun çalışmaları sonucunda kişilər, qadınlar törənlərə, şölənlərə Doğu özəllikli yaraşıqlı-yapışıqlı, al-əlvan Türk geyimlərində qatılırdılar.

“Gündəlik”dən I Pyotrun, onun reformalarının, ideyalarının fanatikcəsinə vurğunu olaraq tanınan Dostoyevski Akskovların kökə bağlılıq düşüncəsindən çox uzaq idi. Dostoyevskini bu baxımdan manqurt da saymaq olardı-o, “Gündəlik”dən göründüyü kimi, soy-kökünü tanımaz olan birisiydi. Ola bilsin, onu ideyaca çox yaxın olduğu slavyançılardan ayıran başlıca nədən bu idi. Başqalarını fanatizmdə suçlayan Dostoyevskinin özü bir sıra baxımlardan, o sıradan, Pyotra, Pyotr ideyalarına, bir də dinə, başlıcası da pravoslavlığa baxış sarıdan dönməz fanatik idi. Publisist, politik Dostoyevskinin ən böyük çatışmazlığı, o çatışmazlığa bağlı uğursuzluğu da bunda idi. Dostoyevski sözügedən fanatizm üzündən, Pyotrun baxışlarından yanaşmaqla, Rusiyanı sonsuz coğrafiya alanı olaraq görürdü.İçində olduğu dinə, daha doğrusu, pravoslavlığa baxışı da beləydi: onun baxışına görə, ola bilsin, Sibir katorqası dönəmində qazandığı inanc baxımından pravoslavlıq Yer üzünün ən PRAV, başqa sözlə, ən doğru-düzgün din idi.

 

Tanrıçılıqdan sonrakı Türklər-Türklük

 

Tanrıçılıqdan sonrakı Türklərin faciəsi böyük oldu, çox böyük. Mən indi, yeri gəlmişkən, qısaca da olsa, ondan danışmaq istəyirəm.

Yuxarıda Dostoyevskinin “Gündəliyinin” Türkiyədə kəskin qıcıq doğurduğunu bildirmişdim. “Gündəliyin” bizdəki bəlli qısıt çevirməsini deyil, rusca variantını oxuyan Azərbaycan oxucuları da yeni tanıdıqları Dostoyevskiniöncəki yazıçı Dostoyevski kimi sevə bilməzlər: ortadakı faktlar istər-istəməz  antipatiya doğuracaq. Burada o, yazıçı Dostoyevski humanizmindən çox uzaq publisist-politikdir. Belə desək, çox sevdiyi, ideyalarının fanatikinə çevrildiyi Pyotrun publisist-politik versiyası: Rusiyanın gələcəyinə baxışında da, savaşa baxışında da, İstanbula baxışında da, dinə-pravoslavlığa, müsəlmasnlığa, Pyotrun diliylə desək, “basurmanlığa” baxışında da. Dostoyevski belə bir panoramla çox  pis görünür, deyilmi? Sözsüz! Ancaq bilin: genəlliklə-hamılıqla Dostoyevski özgəsi deyil, biz özümüzük: özümüzük-tanrıçılıqdan ayrılıb uzaqlaşmaqla özündən-özlüyündən ayrılıb uzaqlaşan bizlər! İstəyim Tanrıçılığı ideallaşdırmaq deyil, Tanrıçılıqdan uzaqlaşmanın doğurduğu faciələrimizi ötəricə anlatmaqdır.

Tanrıçı Türklərin inancına görə, Yaradanla yaradılan arasında araçı ola bilməzdi. Bunlar Türklüyün arı-duru özlüyünə-özəlliyinə özgü baxış-düşüncə görsənişi, özümlü bilinc ürünü idi. Bu baxış,  yazılmayan kodeks,hamınındanışıqsız yerinə yetirməli olduğu genetik Türk Törəsində doğrulanırdı. Törə qutsal idi. Törə danışarkən xaqan susardı. Törə: “Tanrıdan başqa Tanrı yoxdur”,- deyirdi. Törədə bu da vardı: “Tanrıdan qut almaq diləyən (uğur diləyən) başqasına yalvarmasın”. Əski Türklər ona Göy Tanrı deyir, Quzeydən Güneyə, Doğudan Batıya hamılıqla bir dildə-Türk dilində anlaşır, hamılıqla da o dildə Tanrıya üz tuturdular.

 

Türklərə qarşı Türklər

 

Sonra nə oldu? Türklər ayrı-ayrı dinlərə üz tutdular. Ayrılıb üz tutduqları dinlər onları bir-birinə yadlaşdırdı. Yer üzünün Güney yarımkürəsində Məhəmmədin, Quzey yarımkürəsində İsanın dininə tapınan qanı-canı bir Türklər bir-birinə yağı kəsildilər. Azərbaycanda, Türküstanda din adına böyük qırğınlar, soyqunçuluqlar törədən ərəblər sonucda din yoluyla Türkləri özləri üçün orduya dönüşdürdülər. Eləcə də Quzeydə-Rusiyada İsa dininə-pravoslavlığa keçən Türklər pravoslavlığın ordusuna dönüşdülər. (Avropadakı Türklər isə çoxdan-Atilladan sonrakı dönəmlərdə-pravoslavlıqla katolikliyin ordusuna dönüşmüşdülər). Beləcə, açunun bu başından o başına baş verən bir çox qanlı savaşlar xristian Türklərlə müsəlman Türklərin savaşı oldu. Beləcə, yüzilliklər boyunca Güney Türkləri ərəbin, Quzey Türkləri rusun (eləcə də Avropalıların) dini üçün bir-birini qırdıqca qırdılar. Qırdılar, qırdılar, qırdılar…

Yeri gəlmişkən. Konistantinapol patriarxı 1393-cü ildə I Vasiliyə (Moskva) yazmışdı: “Eşitdiyimə görə, Rusda kilsə var, ancaq çar yoxdur. Ola bilməz xristianın kilsəsi olsun, çarı olmasın. Çarlıqla kilsə qarşılıqlı olaraq bir-birinə sıx bağlıdır, bir-birindən ayrılmazdır”(Murad Adji. Polın polovetskoqo polya, Moskva, 1994, s.259). Müsəlmanlıqda da beləydi: din saraya bağlanırdı-toplumun istənilən kimi yönətilməsi üçün sarayla dinin (başqa sözlə, hakimiyətlə dinin) bir arada olması gərəkirdi. Keçmişlərdə beləydi, bütün antidemokratik, despotik,başqa sözlə, Allahsız rejimlərdə, indi də belədir. Qanunların yüksək tutulduğu, insan hüquqlarının qorunduğu ölkələrdə din dövlətdən ayrıdır, onların tərsi olan, qanunların tapdandığı oğurluq-korrupsiya faktlarının geniş yayıldığı ölkələrdə isə yasasal olmasa belə, dövlətlə dinbirdir, birgədir, bir-birindən ayrılmazdır…

Qonudan uzaq düşməmək üçün Rusiyaya qayıdaq. Uzun quşatmadan sonra İsmayıl qalasını ələ keçirən A.V. Suvorov (1730-1800) orada qadınlı-kişili, uşaqlı-böyüklü 23 min Türkü qılıncdan keçirmişdi. Qalanı ələ keçirib oradakıları bütünlüklə qıran iki genralın ikisi də-Suvorov da, Kutuzov(1745-1813) da-kökcə Türk idi. Onların başında durduqları ordular da başlıca olaraq Rusiya Türklərindən oluşmuşdu. Ancaq, onlar pravoslav, qırdıqları müsəlmanlar idi. Deyilənə görə, Suvorovla Kutuzov öz aralarında o çağadək bütünlüklə unutmadıqları Türkcədə danışırmışlar. Suvorovun dinə çox bağlı olduğu, tez-tez kilsə dualarına qatıldığı deyilir…

 

Burada indiyədək unutmadığım, uniuda bilmədiyim bir fakta toxunmadan keçə bilmərəm. Suriyada bilərəkdənmi-bilməyərəkdənmi biri polkovnik olmaqla iki rus pilotu vurulmuşdu. Bunun ardınca Anqarada, demək olar, ard-arda iki terror olayı baş verdi, Türkiyə ordusundan çoxlu ölən oldu. Bunun ardınca nəyə görəsə Ərdoğan Savunma baxanı Hülusi Akar başda olmaqla komandasını yığıb Kremlə, Putinlə görüşə yollandı. Putin protokolu ayaq altına alaraq Ərdoğan komandasını uzun-uzadı qapı ağzında gözlətdi. Orada mənim üçün ən ilginc olanı nə idi? Ərdoğan komandası Putinin qapısının açılmasını istər-istəməz Suvorovun portreti qarşısında gözləməli olmuşdu. Daha doğrusu, Putin onları belə gözlətmişdi. O çağlar yazmışdım, bir daha yazıram: görəsən, Ərdoğan komandasından onda Putinin Suvorovu göstərməklə nə demək istədiyini anlayan olmuşdumu? Belə gizlinləri, bu sayaq qaba diplomatik gedişləri anlamaq üçün uyğun tarixləri bilmək gərəkir!

 

Doğuda da yuxarıda deyildiyi kimiydi. Babəki tutb azğın xəlifə Mötəsimə şaqqalatdıran ordu komandanı Afşin Türk idi. İstər Azərbaycanda, istər Türküstandaislam-din adına vəhşicəsinə qırğınlar törədən, böyük-balaca, qadın-kişi demədən Türkləri qıran, sağ qalanlarını yesir aparan, qız-gəlinlərini cariyə eləyən ərəblərin ordularında “din-allah yolunda” savaşaraq soydaşlarının qanını vəhşi ərəb kimi axıdan Türklər də vardı. Ərəbliyi gücləndirməyə, üstləndirməyə yönəlik ümmətçilikonları öz ulusundan qoparıb-ayırıb ərəbin ideya köləsinə dönüşdürmüşdü.

Müsəlman Türklər özlüklərindən aralanıb (qopub) islama sarıldıqları kimi, o biri Türklər də eləcə xristianlığa sarılmışdılar.Minilliklər boyunca Yer  üzünün bu başından o başına yürüşlər yapmış, ölkələr almış Türkləryaranış özəlliyinə, inancına bağlı böyüklüyə uyğun olaraq kimsəni asimilə etməmiş, buna çalışmamışdılar. Ancaq Çindən Amerkayadək Türklərin yenildiyi yerlərdə onları acımasızca din-qırğın yoluyla özlüyündən döndərib asimilə edirdilər.

Rusiyada da beləydi. Burada da Türklər bir yandan din, o biri yandan qırğın yoluyla ruslaşdırılırdılar. Yüzilliklər boyunca Ukrayna kimi böyük bir Türk ölkəsində ardıcıl repressiyalarla ruslaşdırmapolitikası yürüdüldü. Rusiyanın özündə min il öncədən xaça tapınan (Tanrıçı xaça!) Türkləri (“staroverlər”) provoslav xaçına boyun əydirmək üçünyüzillərlə incitdilər.

Rusiyada Türklüyün faciəsi Teymurun Toxtamışı yenməsindən başladı. Qızıl Orda dövlətinin dağılması Türklərin (Türk bəylərinin) Moskvaya axını ilə sonuclandı. Onların özlərini, uşaqlarını Moskvada xaç suyuna salır, adlarını dəyişib pravoslavlığa qatırdılar. Dinin-kilsənin etkisiylə onlar çox keçmədən gerçək kimliklərini unudub (Dostoyevski kimi) pravoslav rus olurdular. Yuxarıda slavyansevərlərin başlıca ideoloqunun Türk İvan Aksakov olduğunu bildirdik, burada başqa bir bildirməyə də gərək var: uzun illər slavyansevərliklə ideya çarpışmasında olan batıçıların (“qərbçilər”) ən ünlü ideoloqu yazıçı İvan Turgenev idi. Turgenev Qızıl Ordadan çıxmış Turgen/Turgən Mirzənin törəmələrindən idi.

Yeri gəlmişkən, Rusiya tarixindən tanıdığımız ünlü admiral Uşakov (Uşaqov), admiral Kolçaq da, bir çox ünlü yazarlar, o sıradan,Nobel ödüllü İ.Bunin də, M.Şoloxova da, Rusiya biliminə planetar öncüllük qazandıran bir çoxları, o sıradan, kosmonavtikanın atası sayılan K.E.Siolkovski də Türk idi.Hə, eləcə dəRusiyanın ilkin tarixini yazan N.M.Karamzin.

Çağdaş Rusiyanın ünlü politoloq bilginlərindən olan Sergey Kara Murza (Qara Mirzə), demək olar, on il öncə “Literaturnaya qazeta”da çıxmış yazısında Rusiya gənclərini Dostoyevskinin “Gündəliyini” oxmağa çağırırdı. “Gündəlikdə” gerçəkdən çağdaş Rusiya gəncliyinin Rusiyada o çağdan bu çağa dəyişməz qalan bir sıra sorunlarla bağlı öyrənəcəyi çox nəsnələr var. (Mən bilərəkdən bu yazıda onlara toxunmnadım).Sergey Kara Murzanın N.Karamzinin soyundan gəldiyi bilinir.

Dövlətin dağılmasından sonra Qızıl Orda bəyləri bayraqlarını, damğalarını özləriylə götürərək Moskvaya sel kimi axışırdılar. Çox keçmədən onlar Rusiya dövlətinin gücünə gerçəkdən-gerçəyə sel gücü qatdılar. Türk gücünü yetərincə bilib dəyərləndirən ruslar onları sevinclə qarşılayırdılar. Türklər özlərinin tükənməz eneriləri, seçkin düşüncələri, üstün bacarıqlarıyla çox keçmədən Rusiyanı gücləndirib Batıda Avropanın, Doğuda müsəlman Türklərinin qorxusuna dönüşdürdülər. Bu bir fenomen idi. Bu fenomenin nədənini dünənə də, bugünə də baxıb görmək, bilmək olar: ölkəsindən asılı olmayaraq,  dəyərləri bilinən yerdə Türklərin istənilən dövləti üstün gücə dönüşdürmək özəllikləri var. Burada başlıcasıgərəkən politik, sosial-ekonomik ortam, elə bir ortama bağlı düzgün dəyərləndirmə, aşağıdan yuxarıya doğru-düzgün seçimdir. Bütün bunlarsa dəyərliyə dəyər verməyi üstləndirənsağlam yönətim sistemiylə ola bilir-sonucda gərəkən ortam elə budur!

 

Son söz yerinə

 

A.Nekrasov poeziyasını, o poeziyadakı yurddaşlıq yaşantısını, yanqısını yüksək dəyərləndirən Dostoyevski özü də publisistikasında alovlu yurddaş, yurdsevərdir.  “Gündəlik”də Nekrasovdan gətirdiyi bu alıntı onun publisistikası üçün çox xarakterikdir:

Sən şair olmaya bilərsən, ancaq

Borclusan, borclusan yurddaş olmağa.

Dostoyevski publisistikasında gerçək yurddaşdır, özü də aşırı yurddaş. Aşırılıq nədədir? O, toplumu antiTürk axarında qızışdırıb sava soxmaq üçün sözün gerçək anlamında dəridən-qabıqdan çıxır, faktlara söykənmədən dönə-dönə Türkləri “qaniçən”, “başkəsən” adlandırır, “slavyan qardaşları qırıb-çatmaqda” suçlayır. Ardınca da Rusiyanı-onun düşüncəsinə görə, Yer üzündə ən humanist, ən barışsevər, özgürlüksevər Rusiyanı-slavyanların qurtuluşuna çağırışlarda bulunir. Hansı Rusiyanı? Dostoyevski dönəmində də, ondan sonralar da ayrı-ayrı ulusları repressiya maşınından keçirməklə ruslaşdıran,  qanlı savaşlar yoluyla sınırlarını durmadan genişləndirməyə yüklənən, çalışan Rusiyanı!

Yeri gəlmişkən, 1926-cı il sayımına görə SSRİ-də 196 xalq vardı. 1989-cu il sayımı onların sayının 128-ə endiyini göstərirdi. Nə olmuşdu? 17 xalq asimilə edilmiş, başqa sözlə, ruslaşdırılmışdı. Demək, çar dövlətiylə sovet dövlətinin adı ayrı olsa da, ideologiya bir idi. Az qala min illik dönəmdə ruslara-slavyanlara toxunmayan, tərsinə, kilsələri ilə birgə onları Avropanın basqınlarından, basqılarından qoruyan Türklər rus-slavyanüstünlüyü dönəmində asimilə edilmişdilər. İranda da belə olmuşdu. Min illik Türk ağalığı boyuncafarslar İranda ayrı-seçkiliyə uğramamışdılar. 1925-ci ildə İngiltərəçevriliş yoluyla ölkədə fars ağalığıqurdu. İngilis imperiyasının istəyi bölgədə Türk gücünün üstünlüyünə son qoymaq idi. İngiltərənin baş baxanı lord Kerzon projesinə uyğyn olaraq Azərbaycanın batısında qondarma erməni dövləti (“Ermənistan”) yaradılması da İngiltərə imperializminin bölgədəki “yenidənqurma” doktrininin bir parçasıydı. Farslar ingilis gücünə güvənməklə İranda dili, kültürü, tarixi ilə birgə Türk kimliyini-Türk varlığını danmağa yönəliksürəkli sürəc başlatdılar.Kəskin basqılar, hüquqsuzluq,Təbrizdən Tehranadək dar ağaclarından keçirmələr… belə bir ortamda- dili, kültürü, tarixi əlindən alınmaqla!- Türkləri özlüyündən döndərmə politikaları yürütdülər. Bir sıra baxımlardan Yaradanın özünə qarşı çevrilmiş bu politikalar şah dönəmində necəydisə, islam dövlətinə dönüşmə dönəmində də elə eləcə qaldı, qalmaqdadır.“İran islam respublikası” adlandırılan dövlətin din böyüklərindən biri günlərin bir günü açunun ən gözəl, anlaşıqlı dili olan Türk dilini “cəhənnəm dili” adlandırdı. Bu, bir fars “ruhanisinin” dinin, Allahın özünü FARSA dönüşdürməsi idi!..

Sizcə, suç kimdədir? Din yoluyla Türkün gücünü özəlləşdirən-özününküləşdirən ərəbdə, rusda, farsda, başqalarında, yoxsa bizdə? Sözsüz, bizdə! Baxın, bizim ən güclü çağlarımızda belə fars ərəbin dinini özününküləşdirib bizim boynumuza boyunduruq kimi keçirirkən, biz özümüzü ərəbin dininə yerləşdirməklə bir yandan ərəbləşdik, o biri yandan farslaşdıq-dilimiz, kültürümüz, tariximizlə birgə.

Bolqarıstanın bir bölgəsində 60 min adamı qırımış, bunu Osmanlının üstünə atmışdılar. Aksakov, Dostoyevski öncüllüyündə bununla bağlı durmadan Osmanlını qaralama kampaniyası aparılırdı. İngiltərənin baş baxanı parlamentdə çıxış etmiş, o qırğında Osmanlının əli olmadığını bildirmişdi. Dostoyevski “Gündəlikdə” kəsinliklə bu fakra qarşı çıxır, İngiltərə baş baxanını “yalan” danışmaqda suçlayır, ardınca qızışdırıcı söyləmələrdə bulunurdu. (Bax: Dnevnik pisatelya, s.136). Dostoyevski burada əlinə girəvə düşmüş kimi bir daha Rusiyanı slavyan birliyi yaratmağa çağırır. Burada publisistdən politikə çevrilən Dostoyevski “Avropanı qorxutmamaq üçün”çox incə bir taktiki gedişdə bulunur: “… slavyan birliyi yaradılmalıdır, ancaq bu slavyan birliyi “zaxvat”, nasilie” (ələ keçirmək, güc göstərmək.- X.B.) üçün deyil, bütün insanlığa qulluq üçün yaradılmalıdır”. Bu yerdə Suvorovun Kutuzovla bağlı dediyini necə anmayasan?!Deyilənə görə, Kutuzovdan general-komandan olaraq söz düşəndə Suvorov deyərmiş: “Oy, xitryuk, xitryuk! On oçen xitrıy!” Bəlli olduğu kimi, Kutuzov Napoleonun Rusiyaya soxulmuş 600 minlik ordusunu daha çox Suvorovun dediyi BİCLİKLƏ yenmişdi.

Burası olduqca ilgincdir: romanlarında politik-psixoloji, sosial-ekonomik durumuyla “alçaldılmış, aşağılanmış adamlar” ölkəsi olaraq tanıtdığı Rusiyanı çox dəyərli Fyodr Mixayloviç publisist yazılarında Yer üzünün İsa Məsihi, başqa sözlə, qurtarıcısı kimi göstərməyə çalışır.

Dostoyevskinin “Gündəliklər”indən bir belə danışıb doğrulmuş bir proqnozundan danışmamaq böyük suç olardı. “Gündəliklər”in 1877-ci il noyabr sayında uzaqgörən Dostoyevski Rusiyanın çoxsaylı yardımlarının ardından Avropa slavyanlarının slavyan birliyinə dönük çıxaraq, acgözlüklə Avropanın politik, sosial quruluşuna sarıla biləcəklərini yazırdı (s.377-378). Oxucuların bildiyi kimi, Dostoyevskinin bu öncəgörməsi bizim günlərdə- 21-ci yüzildə doğruldu. Belə uğurlu öncəgörməyə görə onu alqışlamağa dəyər.

Dostoyevski “60 min bolqarı vəhşicəsinə qırdıqları üçün” Türkləri yamanladıqca yamanlayır. ADU-da (indiki BDU) bizə dərs deyən Əzizə Cəfərzadə Bolqarıstanda olmuş, Türklərə yağılıq aşılayan (yalançı “erməni genosidi” kimi) Sovet gələnəklərinə uyğun olaraq başqa turistləri apardıqları sayaq,onuda öldürülmüş 60 min bolqarın başından yapılmış“qalacığa” aparmışdılar. Yazıçı-professor Əzizə xanım bizə o faktı az qala ağlaya-ağlaya danışır, Türkləri “vəhşicəsinə qırğın törətməkdə” suçlayırdı.

SSRİ dağılıb, Rusiyada da SSRİ-nin basqısı altında olan Avropa ölkələrində də Türklüklə bağlı tarix yenidən yazılır. SSRİ tarixi indiki rus tarixçilərinin yalana çıxardığı “monqol-tatar boyunduruğu” başda olaraq Türkləri sovetlərin ideoloji ustanovkasıyla qaralayıb gözdən salırdı. Yeni bolqar tarixçiləri də eləcə Osmanlının 60 min bolqarı qırmasıyla bağlı yazılanları yalana çıxardı. Yeni tarixçilərin araşdırmasına görə, qırğın törədilən çağlarda sözügedən bölgədə Osmanlı qoşunu olmayıb. Unutmamış olarsız: Rusiya ordusunun Qarabağa yeridilməsi üçün necə oldusa Naxçıvan üzərində Rusiyanın “Ermənistandakı” 102 saylı alayının dikuçarı (helikopter) vuruldu. Putin Rusiyası dəyişmədiyi, keçən yüzillərin əski saldırğan Rusiyası olaraq qaldığı üçün Dostoyevskinin ölənədək baş tutmasına çalışdığı slavyan birliyi alınmadı-slavyanlar yad Avropaya sarılmağı yüzillərdən bəri despotizm bataqlığına batmış doğma Rusiyaya üz tutmaqdan əlverişli saydılar.Putinin çoxsaylı qırğınlara, dağıntılara nədən olan Ukrayna avantürası slavyanları Rusiyadan kəsinliklə uzaqlaşdırdı…

 

Toplam

 

Tək elə buradakı çox az sayda faktdan göründüyü kimi, dinlər, təriqətlər Yer üzünün başqa bölglərindəki təki bizim bölgəmizdə də barışmaz baxışlara, ayrımçı axışlara, onlardan qaynaqlanan qanlı qırğınlara yol açdı. Bölgə ulusları olaraq bizim bir yolıumuz qalır: dindən-təriqətdən uzaq sağlam yönətim sistemləri quraraq keçmiş yağılıqlara son qoyub, barış yolu tutmaq, barışıq içində yaşamaq. Biz Avrasiya ideyasını Aralıq dənizinə, Kəngər körfəzinədək genişləndirməkləBöyük Barış Birliyi yarada bilərik, ancaq, söz yox, öncə ayrı-ayrılıqda Sağlam Yönətim Sistemi yaratmaqla! Sayından asılı olmayaraq bütün bölgə etnosları ortaq coğrafiyanın verimli özəlliklərindən yararlanmaqlao Birlikdə bolluq, dinclik içində yaşaya bilərlər. Sağlam yönətim sistemi dediyimiz isə indilikdə alterantivini görmədiyimiz demokratik yönətim ola bilər.

Bilirəm, bu əski-yeni ideya çoxlarına fantastik görünəcək, ancaq unutmamalıyıq: biz nağıllarımızdan üzü bəri çoxlu sayda fantastik ideyaların gerçəkləşdiyi açunda yaşayırıq.

 

16-21.01.2024

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv