Xaliq Bahadır. Daha bir aşama… gözləntili yaşama!

(Qarşıdakı beş ildə bizi nələr gözləyir?)

Sıradışı seçki

Hakimiyətin ABD ilə kəskin qarşıdurması superdövlətin “yenilməsi” ilə sonuclandı. Yanlar uzlaşmaya gəldilər. Demək, ABD 30 illik əliyevçi rejimə superdemokratik seçki yoluyla daha beş illiyə legitimlik hüququ tanıyır. İ.Əliyev isə Moskvanın deyil, Vaşinqtonun diktəsiylə Ermənistanla barışığa gedir. Müxalifətimizin interpretasiyasına görə, belə bir praqmatik uzlaşma nədəniylə Amerika Azərbaycanda demokratiyanı bu “mərhələdə” istəməsə belə, ertələməli olur.

İnandırıcı olsun deyə, arqumentlər də göstərilir. 1) geopolitik güdüklər; 2) Ermənistanla barışın gərəkliliyi; 3) müxalifətin indiki gücsüzlüyü. Başqa sözlə, Amerika bütün bunları daş-tərəziyə vurmaqla Azərbaycanda demokratiyanı “indiki mərhələdə ertələmək qərarı” verib. Çox gözəl! Göz önündəki gerçəklik prizmasından yanaşmaqla bunların hamısı inandırıcıdır, özü də çox inandırıcı.

Ancaq… gəlin burasına baxaq.

Ah, gözəl Amerika, ah, gözəl müxalifətimiz, sizi çox sevsək də, doğruları deməyə bilmərik! Demokratik ilkələrə görə, BİLMƏK xalqın hüququdur. Qurtuluş yalanda deyil, doğrudadır!

Yazılarımda geopolitika anlayışından çox coğrafiya anlayışıpnı işlədirəm- ikinci topluma daha anlaşıqlı olduğu üçün. Geopolitika nədir? Qısaca desək, bu: ölkənin fiziki, ekonomik, politik coğrafiyasının özəlliklərini gözaltılayan dövlət, dış politika alanı.

Rusiya-Ukrayna savaşından öncə Amerika ilə İngiltərənin-anqlosaks biriyinin “bundan belə Birlik) Rusiya ilə Ukraynanı savaşa sürüklədiyini yazmışdım. Bir daha vurğulayıram: savaşdan öncə. Savaş başlayandan (başladılandan) sonra o savaşın nə savaşı olduğunu soruşanlara onun coğrafiya savaşı olduğunu deyirdim. Başqa sözlə, geopolitik savaş. Öncələr mənə inmanmayanların indi inandıqlarını görürəm.

Bilməyimiz gərəkdir: bir çağlar bizim hamımızı demokratiya adına qanadlandıran “Ərəb baharı” da, Suriiyadakı çoxillik dağıdıcı savaşlar da, indiki İsrail-Qəzzə savaşı da arxasında Birliyin dayandığı coğrafiya savaşıdır.Suriyanın Colan təpələri (orada yaşayanlar Kolanı Türkləriydi) kimi Qəzzənin də gec-tez İsrailin yurisdiksiyasına keçiriləcəyini görə bilərik. Yer üzündə doğal qaynaqların tükənməsi geopolitik savaşları günsəlləşdirən başlıca faktorlardandır. “Dünyanın yenidən bölüşdürülməsi” elə bu deməkdir.

İraqda, Tunisdə Liviyada “demokratikləşmə” (“Ərəb baharı”) adına törədilən qırğınların, dağıntıların üstündən illər keçib, ancaq o ölkələrin birində də demokratiyanın izi-tyozu yoxdur. Kimlərsə bunu Ərəb mentalitetinə bağlaya bilərlər. Olsun. Ancaq onda, Türkiyəni neyləyək? Atatürkün qurduğu, demokratyiya yoluna yönəltdiyi dövlət hara getdi?

Dinçi bürüncəyinə bürünmüş Ərdoğanı Birliyin hakimiyət başına gətirdiyi çoxdan bəllidir. Ərdoğan hakimiyətə gətirilmə qoşullarına uyğun olaraq Atatürkdən qalma LAYİQ- Avropa yönümlü Türkiyəni  din-təriqət dövlətinə dönüşdürməklə içindən yenilgən duruma gətirdi. Türkiyə ürətən ölkədən tükətən ölkəyə dönüşdürüldü. 70 ildən bəri Türkiyəyə yerləşən amerikan gücü uzun illər boyunca Türkiyədə demokratiyanın gəlişməsinə, dərinləşməsinə yardımçı olmaq yerinə, dövləti dinin üstləndiyi bir duruma gətirib çıxardı. Türkiyənin bu yerə necə gəlib çıxdığını görmək üçün bir sıra ingilis-amerikan politiklərinin uyğun yönərgələriylə tanış olmaq gərəkdir. Onlardan birinə- ABD-nin demokrat prezidenti B.Klintonun dediyinə baxaq: “Amerikan kontroliunda bir xəlifə ilə islam dünyasını yönətmək  bizim üçün ən yararlı yoldur”. O “xəlifə” bir çox illər öncə Türkiyədə iş başına gətirildi. Projenin uğurla başa vurulması üçün o, daha beş illiyə iş başında saxlandı.

Türkiyədə demokratiyanın gəlişdirilməsi, dərinləşdirilməsi yoluyla onu Azərbaycan başda olmaqla Türk ölkələri üçün, bölgə üçün demokratiya örnəyinə çevirmək olardı, bunun tərsi edildi. Çoxillik AŞ PA stenoqramları ilə tanış olanlar Ərdoğan Türkiyəsinin, Putin Rusiyasının, bir də İngiltərə deputat korpusunun sarsılmaz birgəliklə Azərbaycandakı antidemokratik rejimə uzun illər arxa durduqlarını görə bilərlər. Öndə isə 30 il boyunca Azərbaycandakı antidemokratik seçkiləri “demokratiya yolinda irəliyə doğru daha bir addım” adlandıran Amerika  gedib- görünür, yolgöstərənlik üçün!

Barış bağlaşması, sözsüz, önəmlidir. Ancaq, ortada bir çağlar “907-ci “düzəlişlə” aqressor Ermənistana deyil, aqressiyaya uğrayan, Xocalı başda olmaqla erməni vandalizmindən böyük qırğınlara, dağıpntılara uğrayan Azərbaycana yardımları yasaqlayan, o yasağı indiyədək götürməyən dövlət faktı var. Bir də ortada bu yanda Azərbaycana, o yanda Türkiyəyə yaradılan, tətiyi əldə tutulan “Böyük Ermənistan”, “Böyük Kürdüstan” sorunları var…

Azərbaycandakı 2003-cü il prezident seçkisindən sonra Almaniyanın baş qəzeti yazmışdı: “Amerika Azərbaycanda demokratiyanı neftə qurban verdi”. Bunlar yuxarıda sözügedən yazıda müxalifətimizin dediyi kimi, “mərhələ-mərhələ” oldu: Prezident, parlament seçkilərində Amerika Azərbaycandakı seçkiləri “mərhələ-mərhələ” özünün geopolitik güdüklərinə qurban verdi.

Aradan 30 il keçib. Bu otuz ildə Azərbaycan az-çox demokratik platformadan kəsinliklə antidemokratik platformaya keçirildi. Bu otuz ildə bir çağlar demokratiya uğrunda çarpışma meydanına atılmış çoxlu sayda yoldaşımızı itirdik. Politik, sosial-ekonomik sıxıntılar- yaşayış, dolanışıq dözülməzliyi, onların doğurduğu çeşidli xəstəlioklər ölkədə demokratik düşüncəli kəsimin, demək olar, sonunu gətirdi.

İndi ortaya atılan “arqumentlərdən” biri də budur: “Amerika bir də Azərbaycanda cəmiyətin demokratiyaya hazır olmadığını gördüyündən rejimin daha beş il sürməsini istədi”. Ölkədəki demokratik düşüncəli toplum çoxluğunda geopolitik çıxarları üçün antidemokratiyaya üstünlük verən Amerika beş il sonrakı “mərhələdə” demokratik dəyişikliyə üstünlük verəcək? Demokratik düşüncə yoxluğunda, eləmi?

30 il boyunca, Amerikanın “dərin narahatlığı” altında  gerçək QHT-lər yoxa çıxarıldı, demokratik jurnalistikanın sonu gətirildi, demokratik vəkillik institutu yox edildi, ölkə korrupsiya-repressiya axarında sağlamlıq, eyitim (təhsil), yaşayış-dolanışıq göstəricilərinə görə dünyanın sonda gələn ölkələrindən birinə çevrildi. Hansı ölkə? Doğal qaynaqları aşıb-daşan, milyardların gəlib getdiyi, oğurlanıb-mənimsəndiyi bir ölkə!

Bildirildiyinə görə, hakimiyət seçkini “qəfil” keçirməklə müxalifəti bu seçkidə “hazırlıqsız” yaxalayaraq “rəqabətsiz” seçilmək istəyindədir. Bilmirsən güləsən, bilmirsən ağlayasan. 1998-ci ildə müxalifət çox güclü, hakimiyət isə ölgün-yünilgən durumda idi. Özü də prezident seçkisinin ilin sonunda keçiriləcəyi çoxdan bəlliydi. Müxalifətin başında duranlar da başqaları deyil, indikilər idi. Kimilərinin aşırı ambisiyaları, kimilərinin hakimiyətlə gizli ilişkiləri üzündən bir araya gələ bilməyərək hakimiyəti əldən verdilər. 2003-cü ildə yenə müxalifət hakimiyətdən güclü ikən yenə oxşar nədənlərlə bir araya gələ bilməməkdən seçki uduzuldu. 2008-də boykot qərarı verildi. 2013-cü ildə prezident seçkisi keçiriləcəyi çox-çox öncədən bəlli olsa da, müxalifət başdaduranlarının arasındakı satqınlıq, gizli düşmənçilik üzündən yenə müxalifətin seçkini uduzmasıyla sonuclandı. 2018-ci ildə də eləcə… Bunları hamı bilirkən indiki “hazırlıqsızlıq”, “rəqabətsizlik” yalanlarının ortayta atılması, çox yumşaq desək, xalqa sayğısızlıq, xalqı aldatmaqdır. Burası gün kimi aydındır: hakimiyət seçkinin çağını dəyişib 2029-cu ilin noyabr ayına keçirsə belə, indiyədək olanlar olacaq: ortalığı tutub duran əski-yeni “liderlər” yenə də bir araya gəlməyəcəklər…

Qarşıdakı beş illik “mərhələnin” sonunda nə olacaq?

Demokratiyanın daha beş il ertələnməsi istər-istəməz korrupsiya-repressiya rejiminin daha beş il sürməsi deməkdir. Sonucları düşünmək belə qorxuncdur: yüksək korrupsiya, dərin ekonomik çöküş ortamında,- yaşam dözülməzliyinin doğurduğu yüksək sosial gərginlik qarşılığında,- repressiyalar daha kəskin xarakter almaya bilməz.

Geopolitik güdüklərin obyekti olaraq seçilən ölkələrdə antidemokratik rejimlərə aşama-aşama (aşama- mərhələ”) yaşarılıq qazandırılması rejimin üzüyolalığından yararlanaraq illərlə xalqı aşındırıb başqalaşdırmaqla özlüyündən uzaqlaşdırıb, kürəsəl ustanovkalara uyğunlaşdırmaq üçündür. Avropa da, Amerika da (bütünlükdə, Batı) başlıca olaraq geopolitik çıxarlarına odaqlanır. Geopolitik istəkləri yetərincə qarşılanırsa, demokrariya, insan hüquqları aşama-aşama ertələnərək saxlanca atılır.

İndiki daha bir “mərhələ” ritorikasına can-başla sarılanların bir çoxu onda olmayacaq, ancaq indiyə kimi, indikindən öncəkilər kimi, geopolitik-imperialist çıxarlar onda da olacaq, özü də praqmatizm nədəniylə yenə demokratiyadan üstün tutulacaq. Andreas Qross, Anders Herkel kimi gerçək demokratları çoxdan çıxdaş eləmiş AŞ PA-dan, Avropa birliyindən indiyədək gördüklərimizdən artıq nəsə gözləməyə dəyməz. O üzdən istər Türkiyə, istərsə də Güneyli-Quzeyli Azərbaycan olaraq öncəliklə özümüzə güvənməli, öncəliklə özümüz özümüzə gün ağlamağa yüklənməliyik. Yükümüzə ortaq olan yaxın-uzaq güclərə bəri başdan sayğılarımızı, sevgilərimizi sunarıq. Unutmamağımız gərəkir: “Özgəsinə umud olan şamsız qalar”, deyiblər…

Gərəkən əkləmə. Bu günlərdə sosial şəbəkədə ABD-nin Azərbaycandakı yeni elçibaşısının çıxışı yayıldı. Adam restoranda oturmuş kimi Azərbaycan yeməklərindən, Dolma başda olmaqla onların necə dadlı olduğundan, onları necə bəyəndiyindən danışırdı. Demokratik dövlətin elçisi olaraq demokratiyadan danışa bilərdi, danışmadı, özü də düz elədi: restoran ortamınmda demokratiyadan danışmaq çox da yerinə düşməzdi. Çoxlu ilginc yorumlar arasında bir müxalifətçinin yorumu daha ilgiçəkər idi. Müxalifətçinin paylaşdığı bilgiyə görə, elçibaşı erməniləri sevmədiyi üçün Dolmanı ayrıca vurğuyla öyürdü. Məni bağışlayın, belə düşüncəylə biz yalnız yerə gömülə bilərik.

Nədən? Diplomatiyanın özül ilkəsi budur: diplomat doğru bildiyini deyil, gərəkəni danışmalıdır. Çox sayğılı Dolmanı  Bakıda azərbaycanlıların “ən dadlı, ən gözəl yeməyi” adlandıran o adamı haçaqsa İrəvana elçibaşı göndərsələr, burda bizi sevindirmək üçün dediyini orda erməniləri sevindirmək üçün deyəcək. Bilmirəm bizdəki kimi orda onun bir Dolma öygüsünə görə erməniləri azərbaycanlılardan çox sevdiyini düşünən olacaqmı?

Ən sonda

ABD dövlət katibi Kondoliza Rays 2005-ci ildə demişdi: “Amerika yaxın Doğuda 60 il demokratiyanı stabilliyə qurban verdi. İndi aradan 60 il keçib, ancaq ortada nə demokratiya var, nə də stabillik”. Bizdəki biriləri belə faktları görməzdən gəlməyə çoxdan alışqandırlar.

Böyük Ortadoğu Projesinin Ərdoğanla birgə eş başqanı olan Toni Bleyer B.Britaniyanın keçmiş baş baxanı) deyir: “Britaniya son 20 ildə Orta Doğuda kəskin sorunlarla üzləşib. Buna görə biz  vəhabilik ideologiyasını daha çox yaymaq qərarına gəlmişik”. Bilindiyi kimi, vəhabilik Azərbaycanda da geniş yayılmaqdadır. Onu yaymaqda güdük nədir? Toplumu içindən parçalamaqla ulusal (milli) birliyə yol verməmək. Ulusal birlik olmayan yerdə isə nə istəsən edə bilərsən…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv