ASİF ATA Güney Azərbaycan – İnqilablar məskəni

İnqilab və İntibah – Ata görümündə?
ATA: Ürəyinizdə Günəş olsun!
Cənubi Azərbaycan, çox möhtəşəm, biri-birini əvəz eləyən, biri-birinin davamı olan inqilablar məskənidir. Heç kəs də həmin inqilabları inkar eləyə bilməz. O inqilablar üçdür: Səttarxan inqilabı, Xiyabani inqilabı və Pişəvərinin rəhbərlik elədiyi inqilabi hərəkat. Ondan əvvəl də dünyada inqilablar olub. Məşhur İngilis inqilabı, İngiltərə inqilabı, daha doğrusu, məşhur Fransa inqilabı – böyük inqilab adlanan və məşhur Oktyabr inqilabı – Rusiyada. Lakin bütün bu inqilablar dünyanı təzələyə bilmədilər. Dünyanın dəyişilməsi tez bir vaxtda köhnəlməsinə gətirib çıxartdı. Şüarlar, döyüşlər, manifestlər, nikbinlik tüğyanı, yeni era və sairə kimi hadisələr mahiyyətcə dünyanı öz köhnəlik dairəsindən çıxara bilmədi. İnqilabların ən radikalı olan, yəni ən qətisi olan Rusiya inqilabı kommunizm inqilabı, sosializm inqilabı sinifsiz dünya yaratmaq cəhdində məğlub oldu. Zahirən siniflər ləğv olundu – daha doğrusu, istismarçı siniflər, amma kapitalizm ölkədən, ölkənin daxilindən, onun məzmunundan, hətta biçimindən ayrılmadı. Nədi bunun səbəbi? Bunun səbəbi, bizim fikrimizcə, adamın İnsan olmamasıdır. O fikir ki, dünya o zaman dəyişilir, quruluş dəyişilən kimi; dünya dəyişilir, çünki elə İnsan da ondan sonra dəyişilir; əvvəl gərək quruluşu dəyişəsən, İnqilab eləyəsən, dağıdasan, parçalayasan olanı, təzə quruluş yaradasan, o quruluş özü-özünə İnsan yaradacaq və İnsan da dünyanı dəyişdirəcək… Bunlar hamısı utopiya oldu və bizim zənnimizcə, Atanın zənnincə, artıq bu utopiyanın səbəblərini araşdırmaq vaxtı gəlib çatıb. İnqilabın İntibahdan fərqini açmaq vaxtı gəlib çatıb. İnqilabın birtərəfliliyi ideyasını anlamağın vaxtı gəlib çatıb. Təzədən, təməlçilik səviyyəsində çıxış yolunu göstərməyin vaxtı gəlib çatıb.
İnqilab İnsanı dəyişə bilmir. Nəinki İnqilab İnsanı dəyişə bilmir, inqilab insanı pisləşdirir; insandakı canavarlığı öldürmür. İnqilab dövrünün canavarlığına bərabər heç nə yoxdur. Fransız inqilabçıları hamısı biri-birini Gilyotinada öldürmədimi?!
İnqilabın fəlakəti ondadır ki, o, insandakı yırtıcılığı artırır, azaltmır. Elə hal yaranır ki, elə vəziyyət yaranır ki, yırtıcılıq özünə gözəl meydan tapır, canavar özünə gözəl meydan tapır. Öldürmək, qatillik özünə gözəl meydan tapır.
İnqilabın ikinci adı qandı, qançılıqdır. Qanlılıqdı. Bəli, mən demək istəmirəm ki, inqilab təsadüfi bir işdi, mən bilirəm ki, o zəruriyyətdi. Lakin o elə zəruriyyətdi ki, o zəruriyyətdən İnsan yaranmır. Həyatda çox zəruri şeylər var. Elə zəruri hadisələr var ki, ondan İnsan yaranır, vicdan yaranır, böyüklük yaranır, təmizlik yaranır, xalislik yaranır, ülviyyət yaranır, Göylük yaranır. Zəruridi – olmalıdır. Eyni zamanda elə zəruri, elə olmalı hadisələr var ki, ondan quzğun yaranır. Bu, məsələnin əsas cəhəti. Əgər bunu biz Azərbaycan miqyasında götürsək, inqilabi prosesi, burada nə baş verdi? Burada Səttarxanlar, bizim qəhrəmanlarımız məşrutə yaratdı, məşrutə də onu öldürdü. Demək olar ki, İnqilabların hər üçü, ən çox İranın mürtəce qüvvələrinə, irançılığa, farsçılığa az və ya çox dərəcədə lazım oldu. Çünki İrandan ayrılmış xüsusi, milli, əsl milli, müstəqil Azərbaycan Hərəkatı, Azərbaycan inqilabı baş tutmadı. Vaxtdır daha, bunu demək lazımdı.
Səttarxan olmasa idi, İran inqilabı olmayacaqdı. İran inqilabı olduğu üçün də Səttarxan məhv oldu. Şeyx Xiyabani olmasa idi, İranda azadlıq ideyası da olmazdı. Lakin Ümumiran azadlıq ideyası elə Xiyabanini məhv elədi. Hərfi mənada özü də. Pişəvəri ümumi kommunizm ideyasına qulluq eləyirdi həm də. Azərbaycan ideyası həmin o kommunizm, ümumbəşəri kommunizm ideyasının bir hissəsi idi. Həmin o kommunizm ideyasının hər şey olması, hər şey kimi qəbul olunması da Pişəvərini məhv elədi.
Orda ki, Pişəvəri istəyirdi milli Azərbaycan hərəkatını ayırsın, o saat qəzəbə səbəb olurdu, kommunist diktatorlarının qəzəbinə ki, dünya özü kommunistləşəcək, ordan da İran səadətə çatacaq, daha doğrusu, Cənubi Azərbaycan, İran Azərbaycanı deyirdilər o vaxtı, təəssüf ki, indi də deyənlər var. Əgər bunu biz ümumiləşdirsək, ümumiləşdirməyin də vaxtı gəlib çatdı, onda görərik ki, Azərbaycan İnqilabı özgələşmənin qurbanı oldu. Və sonuncu, İnqilab – zor vasitəsiylə irəliləmək, inkişafa, azadlığa, müstəqilliyə nail olmaq deməkdi. Zor vasitəsiylə. Zor burada haradasa elə bil İnsaniliyi əvəz eləyir. Hakimiyyətin biri dağılır, o biri onu əvəz eləyir. Budur inqilab. Quruluşun biri dağılır, o biri onu əvəz eləyir. Adam da necə var, elə qalır, içindəki canavarla, içindəki ilanla, içindəki tülkü ilə bir yerdə qalır. Həmin canavar bir az keçəndən sonra elə quruluş yaradır ki, mahiyyətcə köhnəkindən heç o qədər də fərqlənmir. Adlar dəyişir, mahiyyət dəyişmir. Canavar özünə layiq, bir az bəlkə də yaxşı səslənmir – öz tərzində dünya yaradır. Adam heç özünü dərk eləyə bilmir. Adam elə bilir ki, onda canavar yoxdu. Adam belə düşünür ki, məndə canavar olsaydı, mən inqilabı eləyərdimmi? Mən xalqımı sevirdim ona görə. İnqilabçıların 90%-i özlərinin kim olduğunu bilmirdilər. Bizdə də həmçinin. O Meydana gələnlər elə bilirdilər ki, onlar çox böyük adamdılar. Və gəldilər ki, xilas eləsinlər. Müstəqil Azərbaycan yaratsınlar. Amma meydana onları gətirən ən əsas duyğu hakimiyyət duyğusu idi, varidat duyğusu idi. Lakin onlar elə bilirdilər ki, bunların heç birisi onlarda yoxdu. Elə ki, bir az imkan yarandı – hakimiyyət, varidat uğrunda döyüş başlandı. Dünənki dostlar düşmən oldular. Biri-birinə qarşı döyüşdülər. Ən çox da biri-birinə qarşı döyüşdülər. İntibahın gözəlliyi, əvəzsizliyi ondadır ki, İntibah İnsanların imtinasıdır. İnsan imtinasıdır. Yəni əvvəl intibah tələb eləyir ki, adam insan olsun. Belə bir avam, təcavüzkar fikir var ki, adam insan ola bilməz. Bu, cəmiyyətin işidir. Cəmiyyət də quruluşdu. Nə qədər quruluş var, pis quruluş deyək, naqis quruluş deyək, canavar quruluş deyək, Ağa quruluşu deyək, «Yüksək təbəqə» quruluşu deyək, Yadlaşma quruluşu deyək, Nökərlik quruluşu deyək – heç kəs İnsan ola bilməz. Az qala sübut eləyirlər ki, cəmiyyət yaradır insanı başdan-ayağa, Şərait yaradır İnsanı başdan-ayağa. Heç düşünmək istəmir ki, bəs cəmiyyətin özünü kim yaradır? Göydənmi düşür o cəmiyyət?
Cəmiyyəti yaradan adamdı. Ağanı yaradan adamdı. Nökərliyi yaradan adamdı. Belə çıxır ki, insan heç nədi, şərait hər şeydi, mühit hər şeydi, dünya elə bu şəraitdən asılıdır, mühitdən asılıdır. Hətta marksistlər deyirdilər ki, İnsan şəraitin məhsuludur. İnsan – anadan olmur ki – şəraitdən olur! Və bunu az qala dahiyanə bir tarixi materializm adlanan təzə bir elmin təməli hesab eləyirdilər – bu yalançı fikri.
Biz isə deyirik ki, bütün cəmiyyətdə – nə qədər pis cəmiyyət olur-olsun – adam İnsan ola bilər, bir şərtnən ki, Adam özünü İnsan eləsin, özüylə məşğul olsun. Yalnız o zaman quruluş dəyişiləcək ki, Quruluşu intibah yaradacaq, İnqilab yox. Yəni yaxşı adamlar yaxşı quruluş yaradacaqlar. Yaxşı adam – İnsan olacaq, özüylə döyüşəcək elə indi, elə bu saat, daxildən dəyişiləcək, İnsan olacaq, yəni İnam səviyyəsinə qalxacaq, İdrak səviyyəsinə qalxacaq, Mənəviyyat səviyyəsinə qalxacaq, İradə səviyyəsinə qalxacaq. Və bu adamlar, bu İnsanlar imtinaya çağıracaqlar, Xalq ayağa duracaq imtina mənasında: İstəmirəm sənin farsçılığını, istəmirəm sənin islamçılığını, istəmirəm sənin xariciliyini!
Bu İntibahın qələbəsinə heç kəsin şübhəsi olmasın. Niyə qələbə olmur inqilabdan sonra? Heç kəs İnsan olmur. Bərabərlik deyirlər, qardaşlıq deyirlər, azadlıq deyirlər. Hamı eşiyə çıxır, küçələrə səpələnir, dağıtmağa. Kimin ki əlləri dağıtmağı bacarır – dağıdır. Və sonra heç nə yaranmır. Adam nə yaradacaq? Yaratdığını yaratmışdı da! Ona görə də mən bir Ocaq Atası kimi, Evladlarımla bir yerdə, belə hesab eləyirəm ki, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı mərhələlərdən keçməlidir. Və gözləmək lazım deyil. Birinci mərhələdə əsas işi ziyalı görməlidir. Ziyalı adamdan insan yetirməlidir. Bu başlamalıdı.
İslamçılığa qarşı. Məgər dahi olmaq lazımdı ki, biləsən ki, indiki İslamçılıq farsçılıqdı?! Lazım deyil dahi olmaq. Nə üçün İslam tüğyanı başlayır? Nə üçün İran İslamdan beşəlli yapışıb? Çünki İran istəyir ki, kommunizmin əvəzi olsun. Dünyanı axıra qədər tam farslaşdırsın. Böyük bir imperiya yaransın. Bu İmperiya xəlifət olsun. Deyir, əşi, bir zaman xəlifətin başı dayanırdı Bağdadda, ayağı qurtarırdı Hindistanda, indi də elə bir böyüklük olsun. Və bundan ötrü hər şeyə gedir. Terror və s.
Adamın İnsan olması Cənubda başlamalıdır. İslam qismətçiliyinə, islam o dünyaçılığına, islam özgəliyinə, islamın mahiyyətcə antiinsançılığına, onun insanı oyuncağa çevirməsinə son qoyulmalı, Allah ağalığına, cəfəngiyyata. Allahın Göyün yeddi qatındakı taxtı-tacına, Allahın Quran adlı cəfəngiyyatı nazil eləməsinə. Peyğəmbərin meracına inanmaq naşılığından azad olsunlar – bu dəhşətli tələlərdən. İnsan rahat yaşasın. Bəs deyilmi ki, öz ağası evinin kənarında var?! Təzə Allah ağasından ayrılsın. Neçə əsrdir ki, bəşər nökərlik, rəiyyətçilik eləyir.
Nə qədər din yaşayır, nə qədər Göydəki Allah yaşayır – Yerdəki də yaşayacaq. Ziyalı işi tələb olunur. Hünərli ziyalı, qəhrəman ziyalı. Bizim gördüyümüz işi orda da görmək lazımdır.
70-ci ildə bizim vəziyyətimiz İrandakı ziyalıların vəziyyətindən qat-qat pis idi. Biz başladıq. Ziyalı işi davam etməlidir, paralel getməlidir, daha doğrusu, farsçılığa qarşı. Biz farsın düşməni deyilik. Ocaqda «Özümlü Şərq» ideyası var. Amma biz türkün türkçülüyünü danan farsçılığın əleyhinəyik. Türkü görmür fars, Midiya dövründə də türk olmayıb sanki. İndi də türk yoxdu, farslar var ki, sonradan dillərini dəyişiblər; fars ölkəsidir İran, orda 30 milyon türk yaşamır – 30 milyon türkdilli fars yaşayır. Və beş nəfər, on nəfər, iki nəfər, üç nəfər, bir nəfər yalançı, özündən ayrılmış, bədbəxt türk əyanlarından da yaxşıca istifadə eləyirlər. Xomeyni guya ki, azərbaycanlıdır.
Üçüncü. Ümumiyyətlə xaricilikdən əl çəkmək! İndi Türkiyədə olan varianta bənzər bir şey yaradır İran da. Yəni islama qapılan İran, İranın daxilində Qərbçilər də var. Onlar da çox istəyirlər ki, İran Qərbləşsin. Və qətiyyən anlamırlar ki, İranın Qərbləşməsi elə islamçılığın xeyrinədir. Əks qütblər birləşirlər burda. İslam qapalılığı və Qərb açıq-saçıqlığı. Qərb deyir ki, əgər mən olmasam, sən islam qaranlığına qatılacaqsan, İran deyir, mən olmasam, Qərb eybəcərliyinə, əxlaqsızlığına qatılacaqsan.
Atanın fikrinə görə, 21-ci əsr Özümləşmə dövrü olmalıdır, millətlərin, xalqların. Lakin indikinə baxsaq, əksinə, heç dünya belə özgələşməyib. Müstəqil Azərbaycanda xaricilik tüğyan eləyir. İranda da başlayıb. Türkiyədə islamla qərbçilik arasında uzun müddət gedən, çox qeyrətsiz, mən deyərdim, çox ağılsız, mən deyərdim Kamal Atatürkün əleyhinə gedən birləşmə, həm Qərbçiyəm, həm islamçıyam, həm namaz qılıram, həm parlament seçirəm… Axırı gördünüzmü hara gəlib çıxdı. İndi islamçılıq daha bəyənmir milli məclisi, filanı. Yavaş-yavaş «Böyük Türkiyə» adı altında Xəlifət düzəltmək istəyir Ərbakan.
Ola bilsin ki, İslam eybəcərliyi azaldı İranda, ola bilsin ki, hakimiyyətə bir neçə ildən sonra, mən bunu dəqiq deyə bilmərəm – demokratlar gəldilər. Bunun azərbaycanlılara heç bir xeyri olmayacaq, İran demokratlarının, İran Qərbçilərinin gəlməsinin. Gözləməyin, başlayın bu saatdan işə, əlimizdən gələn köməyi sizə eləyəcəyik. İranla bağlı fikirlərimiz çoxdur. İran, Cənubi Azərbaycan bizim bir nömrəli siyasi ideyamızdır. Siyasi ideyanın birincisidi bu saat hay-küyə getməyin, camaatı bu saat qiyama qaldırmayın. Camaat hələ heç yeriyə bilmir. Onu yüyürtməyin. Onu ayaq üstə qaldırın. Çətin işlə məşğul olun. Və bunu başlayın, bu üç ideyanın tənqidindən.
Ondan sonra özüylə döyüş ideyasını yayın. Düzdür, bu o saat yayılmayacaq, çətin ideyadı, yüksək idrak tələb eləyən ideyadı. Amma bu, bəşərin sabahıdı, bu günnən başlayan sabahıdı. Cəfəng kitablar əvəzinə, özüylə döyüş kitabını, Atanın «Yol» kitabını, o birilərini, bacılarınız sizə kömək eləsin, onlar evinizdə olsun. Müqəddəs Kitablar onlardı. Və özüylə döyüş meydanı yaradın evinizdə. Özünü tanımaq… Özünü tanımaq da o deməkdi ki, nə dərəcədə mən azad olmuşam dinnən? Nə dərəcədə məndə İnam ehtiyacı var? Nə dərəcədə mən cəfəngiyyatdan azad olmuşam? Nə dərəcədə məndə İdrak ehtiyacı var? Nə dərəcədə mən xarici hökmdən azad olmuşam? Nə dərəcədə mən vicdan hakimiyyətinə bağlıyam? Nə dərəcədə mən təmənnasızam? Nə dərəcədə mən fədakaram? Nə dərəcədə mən özümü təbliğata qarşı qoya bilirəm? Gedişata qarşı qoya bilirəm? Televizor, radio hədyanlığına qarşı qoya bilirəm? Özüm ola bilirəm? Hərə öz çağırdığını çağırsa da, mən öz çağırdığımı çağırıram. Və bu mənim vüqarımdı…
Beş ilmi olacaq? On ilmi olacaq? Ömrü boyumu olacaq? Bu, İntibahın ikinci böyük mərhələsidir. Mən bunu şərti mərhələ eləyirəm, onu elə indidən – ikisini də başlamaq olar. Üçüncü, şərti mənada desək, üçüncü mərhələ – imtina mərhələsi olmalıdı. Cənubi azərbaycanlılar ayağa qalxmalıdılar. Yalnız o iki mərhələ ilə bir yerdə. İnsanlaşanlar. İmtina olmalıdı. İntibahın üçüncü mərhələsi. Dindən imtina eləməlidi Xalq, yaxud da onun bir hissəsi. İslamçılıq cəfəngiyyatından aralanmalıdır. Farsçılığı bayaq dedik. Din əvəzinə İnam. İndiki cəmiyyətlərin hər ikisindən imtina. Xalqçılıq cəmiyyəti, daha doğrusu, xalqçılıq qurumu. Pulçuluğa qarşı. Kapitalizmə qarşı və sosializmə qarşı. İki cəmiyyətin ikisi də rədd olunmalıdır. Müstəqil Azərbaycan. Müstəqil – hər iki mənada. Müstəqillik təkcə dövlət səviyyəsində yox. Azərbaycançılıq ideyası. Türkçülük ideyası. Türkçülük və Azərbaycançılıq birliyi ideyası. Burada yenə də ziyalının rolu böyük olmalıdır. Bu İntibahın başında ziyalılar durmalıdır. Bütün başqa siniflər, o cümlədən fəhlə sinfinin rolu inkar edilmir. Bu, ziyalı intibahıdır. Səbr lazımdır, dözüm lazımdır. Bir günün işi deyil bu. Əgər ümumiləşdirsək, İdrakdan başlayan və hallara, duyğulara, ömürlərə çökən İntibah. Ona görə kitablarımızı bir dəfə oxumaq azdır, iki dəfə oxumaq azdır, amma yol budur. Uzunömürlü işlər dövrüdür. Kiçik ömürlü işlərin heç birinin sabahı yoxdur. Onun bu günü də fəlakətlidir. Ruhani ayağaqalxma və nəticəsi imtina üstünlüyü. Bizimki budur. Bütün qalan ideyalar, qalan fikirlər, qalan yollar sizə aydındır. Hətta kommunizm ideyasından da əl çəkməyiblər, demokratiya da tüğyan eləyir. Ata onların heç birinə inanmır. İnamım İnsanlaşmayadır.
Bu gün Guney Azərbaycanda millətçilik hansı yöndə getməlidir?
ATA: Birinci. Millətçiliyin mənfi və az qala mürtəce anlamını dağıtmaq lazımdır. Mən qəti əminəm ki, gələcək millətçiliyindir. Bütün federativ quruluşlar hamısı ləğv olacaq. Deyə bilmərəm nə vaxt. Federativ quruluşlar hamısı ləğv olacaq. Dünyada imperializm o zaman ləğv olacaq ki, hər bir millətin özümlüyü qorunacaq. Xüsusi super dövlət olmayacaq. Nə qədər super dövlət var – bəşəri dava gözləyir, canavarlıq gözləyir, ilanlıq gözləyir. Nədi millətçilik? Ümumən onun tərifi – Millətin, özünü dünya sayması. Bəli, dünya böyükdür, millətdən başqa da dünyada ölkələr var. Amma dünya həm də vətəndir. O müqəddəslik ki deyirlər və onu dinlə bağlayırlar, o müqəddəslik – Vətəni dünya saymaqdır. Xalqı dünya saymaqdır. Onun bənzərsizliyini qorumaqdır. Özünə məxsusluğunu qorumaqdır. İndiki siyasət isə özünü dünyaya qatmaqdır. Dünyaya qatılmaqdı. Orda itib heç olmaqdı. Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya var – Cənubi Azərbaycan milləti adlanan dünya. O dünyanın öz dili var, öz mədəniyyəti var, öz ənənəsi var. Və o dünyaya qarşı İran adlanan, İran dövləti adlanan Yağı var. O yağı doğma görünür, doğma bilinir. O yağı səni inkar eləyir, millət adlanan böyüklük əvəzinə, parçalanmış, paralanmış əyalətlər var, vilayətlər var. Millətçilik, Cənubi Azərbaycan millətçiliyi – Azərbaycanın dərkidir.
Azərbaycan nədir? Azərbaycan Türk Ruhaniyyatının zirvəsidir. Azərbaycan Zərdüştdən Saza qədər böyüklük, ruhanilik birliyidir. Azərbaycan etnos birliyidir, tarixi aqibət birliyidir, bu birliklərin möhkəmliyi uğrunda döyüşdür. Və son nəticədə mədəniyyət birliyidir. Dünyamızı əlimizdən alıblar, Dünyamızı özümüzə qaytarmalıyıq. Cənubi Azərbaycan millətçiliyi budur.
Bu gün sivilizasiya adı ilə müxtəlif tilovlar atırlar. Maddi-texniki tərəqqi tilovu, pulçuluq
, demokratiya. Buna qarşı Ocaq hansı ideyalarını qoyur?
ATA:
Ocaq elə buna qarşıdır. Ocaq elə buna qarşı çevrilib. Bizim ideyalarımız dünyanın gedişatından yaranmayıb. Dünya gedişatına qarşı yaranıb. Bəlkə bu, elə yaxşı səslənmir avam qulaqlar  üçün. Amma bu yazı avam qulaqlar üçün yazılmayıb. Dünyanın gedişatında ağalıq qələbə çaldı. Ağalıq texnika inkişafı ilə birləşdi – ağa ölkələr yarandı, ağa təbəqələr yarandı. Müasir sivilizasiya ağalığı – sənaye, texnika, pulçuluq ifadəsidir – əgər belə demək mümkündürsə. Sivilizasiya o deməkdir ki, İnsan bir fərd kimi cəmiyyətə tabedir. İnsani, bəşəri inkişaf sənayeləşmə ilə bağlıdır. Sənaye inkişafı o deməkdir ki, ölkə böyükdür. Sənaye inkişafından kənarda ölkə kiçikdir. Bu sənayeləşmə, texnikalaşma insanı alətə çevirir. Sivilizasiya texniki səviyyədə İnsansızlaşmadır. Bunu təkcə mən demirəm, bunu Fromm deyib. Bunu ekzistensialistlər deyir. Və düz deyirlər. Dünyanın sənayeləşməsi, texnikanın belə tüğyanı son nəticədə həyatın özünü avtomatlaşdırdı. İndi insan özü avtomatdı. Onun vaxtı, ömrü, günü başdan-ayağa mexanikləşib. Kommunizm yalançı sivilizasiyanı ötə bilmədi. Onun özü də, insanın alətləşməsi və avtomatlaşması, mexanikləşməsi səviyyəsini daha da artırdı. Sivilizasiya guya azadlıqdır. Amma bu nəyin azadlığıdır? Bu – varidatın azadlığıdır. Bu – varidatın başa çıxmasıdır. Bu – varidatın hakimiyyətidir. Varidatçılıqdır. İnsançılıq əvəzinə. Bütün məqsəd varidat yığmaqdadır. O söz azadlığı hamısı bundan ötrüdür. İndi təzədən Tetçerin fikriylə, məncə, 50-ci illərdən fəhlənin özünü kapitalistə çevirmək fırıldağımı deyək, fokusumu deyək, sirkimi deyək. Qoy hamı sahibkar olsun, hamının pulu olsun, hamının varidatı olsun, onda heç kəs inqilab eləməyəcək. Və bizdə indi o vauçer eybəcərliyi həmin odur.
Bu – yalandır! Hamı kapitalist ola bilməz. Kapitalizm özü müəyyən psixologiya tələb eləyir, bir az da vicdansızlıq tələb eləyir, bir az da biclik tələb eləyir, bir az harınlıq tələb eləyir. Zavodun sahibkarı bir şeydi, fəhləsi ayrı şey. O fəhlə quldu. Nə qədər onun evi olsa da, eşiyi olsa da, maşını olsa da. Bir sözlə, sivilizasiya, müasir sivilizasiya bəşərin ən aşağı, insansızlıq səviyyəsidi. Ən yuxarı texniki səviyyədi. Burda İnsana, demək olar ki, yer yoxdur. İnsaniliyə yer, demək olar ki, yoxdur. Hələ mən burada əxlaqsızlığı, seksomaniyanı və s. demək istəmirəm. Bunu mənsiz yəqin bilirsiniz. Ona görə də heç bir sivilizasiyaya qayıtmaq, kapitalizmə qayıtmaq lazım deyil.
Bizim əqidəmiz aşağıdakılardan ibarətdir. Qulağınızı açın, qulaq asın. Mütləqə İnam – Dünyanın Dünyalıqdan əmələ gəlməsinə İnam. Həyatın Həyatlıqdan əmələ gəlməsinə İnam. İnsanın İnsanilikdən əmələ gəlməsinə İnam. Dünya özündən əmələ gəlib. Qalanı hamısı cəfəngiyyatdı. O Göydəki, guya, hamısı uydurmadı. Və o uydurmada, dünya özündən ayrılır. Din dünyanı özündən eləyir. Din İnsanı dünyadan eləyir. Dünyanı İnsandan eləyir. Hələ bu dünyada ağa azdı, gərək Göydə də ağa olsun və s. Mütləqə İnam o deməkdir ki, yalnız Mütləq olan həqiqidir. Bəşər bu günə ona görə düşdü ki, o həqiqəti nisbi anladı. Nisbi qeyrəti oldu. Nisbi məhəbbəti oldu. Nisbi böyüklüyü oldu. Kiçiklik oldu. Nisbi xeyri oldu. Şər oldu. Deyə bilərsiz ki, Ata bu fikri haradan götürdü?
Heç yandan. Dünyanın gedişatını öyrənib. Və dünyanın gedişatını qəbul eləməyib. O gedişata qarşı yaradıb. Bəli, insan həqiqətin meyarıdır. İnsan kimdi? İnsan kamilləşmə ideyasıdır. Bizə deyirlər ki və yaxud demək istəyirlər ki, biz İnsanı ideallaşdırırıq, şişirdirik. Əgər İnsan bu gedişata qarşı çıxış eləyə bilirsə, niyə onu biz Mütləq saymayaq? Əgər onu dünya aldada bilmirsə, niyə biz onu Mütləq saymayaq? Hansı dövrlə İnsan razılaşır? Heç olmasa beş nəfər, heç olmasa iki nəfər, heç olmasa bir nəfər? İnsanın böyüklüyünü dərk eləmək üçün onu Dünyanın gedişatı ilə müqayisə eləmək lazımdır. Dünyanıngedişatı bir şeyi deyir, insan ayrı şeyi deyir. Qəti barışmır, qəti razılaşmır. Beş gün razılaşır, sonra razılaşmır. Bəli, səhvlər eləyir, sonra kapitalizmə qayıdır. Deməli bu onu göstərir ki, İnsan hələlik özünün Mütləqiliyini aşkara çıxarmayıb. Hələ öz imkanını aşkara çıxarmayıb. Yoxsa adamyeyən qalardıq elə.
İki cür imkan var. Bir gerçək imkan var – təzahür imkanı, bir də mahiyyət imkanı var.
İnsan öz mahiyyətindən çox aşağı yaşayır. Ona elə gəlir ki, bundan artıq olmaq imkanı yoxdur. Biz İnsanı mahiyyət imkanlarına görə yüksək qiymətləndiririk. Tək ayrı-ayrı dahilərinə görə yox. Dahiləri də bizim üçün tam deyil.
Bizim ikinci ideyamız da elə İnsanla bağlıdır. İnsan qətiyyən şəraitin, mühitin məhsulu deyil. Şərait, mühit insandan çox aşağıdır. Çünki insan hələ olmayıb. Adam kimi yaşayıb. İnsan Marksın dediyi kimi, qətiyyən ictimai münasibətlərin məcmusu deyil. İctimai münasibətlərin heç biri qalmır. Bəşər isə qalır. Qətiyyən İnsan Aristotelin dediyi kimi düşünən heyvan deyil, ictimai heyvan deyil, daha doğrusu. Homo sapiyens ideyası çox bəsit, çox primitiv, çox ibtidai bir ideyadır. İnsan dünyanın elə hissəsidi ki, dünyadan üstündür. Bizim İnamımızın canı odur. Nə cəmiyyət onu alət eləyə bilir tam, nə təbiət onu alət eləyə bilir tam. İpə-sapa yatmır dünyada İnsan. Ona görə bizim fikrimiz belədir ki, insan özündə Mütləqilik gəzdirir. Mütləqilik tamlıqdır, qətilikdir, əzəlilikdir, əbədilikdir, sonsuzdur. Və bu səbəbdən də özündə mütləqilik gəzdirən, Şəraitdən, Mühitdən üstün olan ruhani varlıqdır İnsan. Bunu hələ çoxları başa düşmür ki, bu nə deməkdir? Yazıqlar! Səbəblə nəticəni qarışdırırlar. Məgər cəmiyyətin səbəbi adam deyil?
Mütləqiliyin böyüklüyü aydın oldu, zənnimcə. Kamilliyə, yəni insan Mütləqiliyə meyil eləyən və ona qadir olan ruhani varlıqdır.
Fəlsəfə tarixində buna bənzər heç nə yoxdur. Hürufilər bizə yaxındı – İnsanın yüksəldilməyinə görə. Onun, sığmazlıq mahiyyətinin aşkarlanmasına görə. Heç bir fəlsəfədə, bizə qədər, İnsan belə yüksək olmayıb. Amma bizim fikrimiz, bizim ideyamız bizdən əvvəlkilərin heç birinin davamı deyil. Bu, təzədir, tam təzədir.
Bundan sonrakı ideyamız Ruhani Cəmiyyətdir, bayaq bir az da dedik. Nə deməkdir Ruhani Cəmiyyət? Xalqçılıq deməkdir. Ağasız cəmiyyət, nökərsiz cəmiyyət, təbəqəsiz cəmiyyət, yağısız cəmiyyətdi… Əslində bu, cəmiyyət deyil. Nə qədər ki cəmiyyət var, nə qədər ki ağa var, xəlqi birlikdən yalnız nisbi mənada danışmaq olar. Ayrı-ayrı məqamlarda xalq birləşə bilər. Sonra bəs? Ağa yenə ağadır, nökər yenə nökərdir. Yüksək təbəqə yüksək təbəqədir. Aşağı təbəqə aşağı təbəqədir. Yağı yağıdır.
Bizim idealımızda bir neçə cəhət var. Xalqçılıq – birinci, fərdi özünüidarə. Biz dediyimiz xalqçılıqda insanın üzərində heç bir idarə olmayacaq. İnsan özü öz inamının sahibi olacaq, öz İdrakının sahibi olacaq, öz mənəviyyatının sahibi olacaq, öz iradəsinin sahibi olacaq. Təzə İnsançılıq törəyəcək. Qanunun özü də İnsanın içərisində yaşayacaq. İnsan üzərində xarici ağalıq, xarici iradə, xarici idarə ləğv olunacaq. Alınmadı, cəmiyyət janr kimi, alınmadı. Cəmiyyət hamısı biri-birinə oxşayır. Quldarlıqdan sosializmə qədər. Zahiri yol çox böyükdür, daxili yol çox qısadır.
Başqa bizim cəmiyyətin xüsusiyyəti – əməkçi mülkiyyətidir. Deyərsiniz ki, indi əməkçi mülkiyyəti yarandı. Yaranmadı! Sahibkar mülkiyyəti yarandı. Sahibkar mülkiyyəti yaranacaq, daha hərtərəfli – şəhərdə. Kənddə də fermer mülkiyyəti əvəzinə ən çox köhnə mülkədarlıq qayıdacaq, artıq qayıdır da. Əgər torpaq satılırsa, o deməkdi ki, mülkədar qayıdacaq. Mülkədarın pulu olacaq, varı olacaq, şəhərdə özü oturacaq. O yazıq, guya ki, mülkiyyətinə sahib olan kəndçi də onun üçün işləyəcək, qayıdacaq mülkədarlığa.
Əməkçi mülkiyyəti bircə şeydir: torpağı becərən onun sahibidir. Nə satmaq, nə sahibkar. Zavodda işləyən fəhlə — onun sahibidir. Kommunizm kimi yox… Kommunizm dövlət kapitalizmi oldu. İndi isə adam axtarırlar, xaricdən sahibkar gəlsin, Amerikadan sahibkar gəlsin, burdakılar da bütün ümidlərini veriblər milli burjuaziyaya. A bala, milli burjuaziyanı ləğv ediblər axı guya! Yaxşı olsaydı, onu niyə ləğv eləyirdilər?!
Üçüncü, sinif məsələsi. Orta sinif məsələsi çıxır ortalığa. Dövlət hələlik qalır; çoxunun gözü kəlləsinə çıxır. Necə yəni dövlət?! Hətta bizim Ocaqçılar da məəttəl qalırlar. Dövlət nə verdi bəşəriyyətə? Ağasız yaşamaq olmazdı, dava az olacaqdı dövlət olmasaydı, zəbtçilik olmayacaqdı, fatehçilik olmayacaqdı, istismar olmayacaqdı. İstismar sözünü Karl Marks icad eləməyib ki!
Dövlət zoru yaşadır. Ədalətsizliyi yaşadır. Bir nəfər hər şey olur. Göydəki Allah Yerə gəlir. Niyə ağlaşırsız? Hələ dövlət qalıbdı. Dövlət qalır, ilkin dövlətin funksiyası dəyişir. Ağaçılıq ləğv olunur, daha doğrusu, nisbi mənada ləğv olunur. Onun yerini qoruculuq tutur. Dövlətin üç funksiyası qalır. Dövləti, ölkəni təmsil eləmək – Məgər ölkəni təmsil eləmək üçün mütləq dövlət lazımdı? Məgər səfirliyi başqa formada yaratmaq olmaz? Gərək elə mütləq əmr olsun? Hökm olsun? Öyrəşiblər bu nökərlər ağalığa. Suala bax ha! Bəs kim təmsil eləyəcək? Dövlətdən kənar səfirliklər də ola bilər. Bir nəfər də təmsil eləyə bilər. Əlaqələr də dəyişəcək o ölkələr arasında. Belə yadlıq, belə yağılıq, belə biclik, belə ağalıq olmayacaq ölkələr arasında. Super dövlətlər olmayacaq.
Dövlətin ən antiinsani cəhəti – imtiyazdır. Dövlət idarələri imtiyaza nail olurlar, ona çatırlar, evləri çoxalır, eşikləri çoxalır, varidatları çoxalır, maşınları artır, xüsusi bunlara hörmət eləyirlər, şöhrət yaranır; televizor onlarındı, radio onlarındı. Eybəcərlik! Utanmırlar! Buna hələ cəmiyyət deyirlər. Yalandan guya xalqa xidmət üçün gəlirlər. Əslində özlərinə xidmət üçün gəlirlər. Yoxsa neynirlər imtiyazı?! Əgər sən xalqı sevirsənsə, imtiyazı neynirsən? Nətəhər olur ki, sən həm xalqı sevirsən, həm də imtiyazı sevirsən?! Aldadırsan özünü də, camaatı da.
Beləliklə də Cənubi Azərbaycanda bilsinlər ki, Ocaq çox ağır, çox gözəl, təməl səviyyəli təzələşmə, yeniləşmə tələb eləyir bütün dünyadan – şimali Azərbaycandan, Cənubi Azərbaycandan.
Dünya belə qala bilməz. Belə eybəcərliklər daha artıq zirvədədi. Bundan o tərəfə tam, qəti təzələnmə tələb olunur. Biz də xoşbəxtik ki, bunun ideyasını yaratdıq. Dünyada ideya yaratmaqdan böyük Allahlıq yoxdur. İntəhası, bu Allahlıq dindar mənasında yox, üstünlük mənasındadır. Sizə uğurlar arzulayıram!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv