Asif Ata. Xalq (“Qutsal Quruculuq” Bitiyindən)

Xalq Ruhu və cəmiyyətdə bərqərar olan ideologiya – müxtəlif hadisələrdir.
Xalq – Mənəvi Ənənənin daşıyıcısı, hifz edəni və gələcək nəsillərə bəxş edənidir.
Bu səbəbdən də o, Əbədi Sərvətlər rəmzidir.
Cəmiyyət dəyişilir, Xalq Ruhu isə çox cüzi dəyişilməyə məruz qalır, onun yalnız zahiri cəhətlərində, üst qatında dəyişiklik müşahidə olunur.
Xalq Ruhunda həmişə Əbədi keyfiyyətlər saxlanılır.
Hər yeni cəmiyyət Xalq Ruhunu dəyişdirdiyinə inanır, ancaq gec-tez bu xülya yox olur, məlum olur ki, Xalq cəmiyyət qanunlarına əməl eləyir, ancaq öz qanunları əsasında yaşayır.
Bu səbəbdən də qəsbkarların yaratdıqları eybəcər mühitdə belə, Xalq Xalq olaraq qalırdı.
Çünki Xalq İnsanların sadəcə cəmi deyil, Birliyidir.
Bu Birlik Mənəviyyatın dərinliyində mövcud olur, bu dərinliyə isə cəmiyyət müdaxilə edə bilmir.
Bu səbəbdən də cəmiyyət ölür, ancaq Xalq yaşayır.
Xalqı Xalq eləyən üç keyfiyyətdir: Etnik Birlik, Mənəvi Birlik, Ərazi Birliyi.
Etnik Birlik – Xalqın yaranması, Həyata gəlməsi, İrqi xüsusiyyətləri ilə bağlıdır.
Mənəvi Birlik – Dini, Fəlsəfi, Bədii Sərvətlərlə nəsildən nəsilə keçən, sabit Adət-Ənənələrlə əlaqədardır.
Ərazi Birliyi – Vətən anlayışının coğrafi Mənasıyla, Xalqın yaşadığı ümumi məkanı ifadə edir.
Bu üç cəhətin hər biri əsasdır.
Bu baxımdan, yalnız İdeoloji Birlik əsasında yaradılan və yuxarıdakı amilləri nəzərə almayan Xalq anlayışı çox süni və yanlış anlayışdır.
İdeoloji Birlik əsasında ərəblər qəsb etdikləri Xalqlar əsasında yeni vahid Xalq yaratmadılar.
Romalılar da öz möhtəşəm imperiyasında Xalqların cəmindən yeni Xalq yetirmədilər.
Napoleon – özünü Fransa inqilabının davamçısı kimi qələmə verdi, ancaq inqilabi ideologiya əsasında ümumi bir inqilabi Xalq icad etmədi.
Bir-birindən Etnik, Mənəvi və Ərazi cəhətcə fərqlənən Xalqları ümumi, vahid Xalq Birliyi adı altında birləşdirmək yalnız bir nəticə verə bilər, sayca balaca olan Xalqları sayca böyük olan Xalqların içərisində əritmək, böyük xalqı daha da artırmaq, genişləndirmək, gücləndirmək.
Doqmatizmin ən böyük günahlarından biri Bəşəriyyəti Xalqlara, Millətlərə qarşı qoymaqdır.
Əslində Doqmatizim müxtəlif Xalqlardan, Millətlərdən ibarət olan əlvan və buna görə də Həyati, Təbii Bəşəriyyət tanımır. O, müxtəlifliklərdən təcrid olunmuş Xalqlar, Millətlər, Adət-Ənənələr əlvanlığından azad olunmuş Bəşər tanıyır.
Bu səbəbdən də o, Millətlərin gec-tez aradan qaldırılımasını, bir-birinə qovuşmasını və az qala bir dildə danışmasını, Vahid Bəşəriyyət Varlığında itməsini – qarşısıalınmaz mütərəqqi hadisə sayır.
Narahat olanları sakitləşdirmək üçün Doqmatizm Millətlərin bir-birinə qovuşmasını uzaq gələcəyin öhdəsinə buraxır. Ancaq bununla zərərli fikrin təhlükəli mənası dəyişilmir.
Hər halda biz bilməliyik ki, gec-tez ayrı-ayrı Xalqlar əvəzinə yeganə, vahid bəşər əmələ gələcək, həmin bəşərin vahid mədəniyyəti olacaq və beləliklə də həlli çətin olan Milli məsələ öz qəti, tam “həlli”ni tapacaq.
Doqmatizm Milli məsələni Millətlərin ləğvi şəklində “həll edir”.
Sual olunur: Həyatı Müxtəliflik, Əlvanlıq, Çoxcəhətlilik Gözəlliyindən təcrid edən Yeknəsəq Dünya cənnətdən çox cəhənnəmə bənzəməzmi?
Digər tərəfdən, əgər Millətlər aradan qalxacaqsa, onda onların çiçəklənməsi nəyə gərəkdir?
Bu, təxminən şaqqalanmağa hazırlanan qoyunun qəssab əlinə keçməmişdən qabaq kökəldilməsinə bənzəmirmi?
Xalqa deyirlər ki, Mədəniyyətini, Tarixini, Dilini öyrən, sonra da məlum olur ki, Xalq özü gec-tez itəcək.
Bu ona bənzəyir ki, məhsulu becərəsən, biçəsən, anbara doldurasan, sonra da anbarı yandırasan.
Doqmatizm Xalqlara çox fəlakətli aqibət hazırlayır.
Azərbaycanlıların özlərinə məxsus tarixi taleyi var: Etnik cəhətcə biz Oğuz Türkləriyik, Səlcuqların varisləriyik.
Mədəniyyət baxımından, ümumi Şərq Dünyasının bir hissəsiyik, Ərəb-Fars Mədəniyyəti ilə təmasdayıq.
Ərazi cəhətdən iki hissəyə bölünmüşük, kiçik Xalqların cərgəsindəyik.
Tarixi taleyimizdə faciəli cəhətlər çoxdur.
Faciəmiz Türklərin bir-birini sevməməsi, tanımaması, bir-birindən ayrı düşməsi, Dünyaya səpələnməsindən başlayır.
Oğuzların bir hissəsi Azərbaycanda qaldı, o biri hissəsi Osmanlı Türkiyəsini yaratdı, ancaq iki yaxın məmləkət arasında əsl ictimai Birlik bərqərar olmadı.
Faciəmizin səbəbi bir də o oldu ki, Müstəqil Dövlətimizi yarada bilmədik, taleyimizi özgələr həll etdi, yadlara bel bağladıq, aldandıq.
Öz aramızda Birlik olmadı, naşıcasına Azərbaycanı məhəllələrə böldük.
Milli Şüur yetişmədi, Xalqla bağlı olan Qeyrətli Ziyalı Dəstəsi meydana gəlmədi.
Faciəmiz Millətimizin adında da yaşayır:
“Azərbaycan” – Odlar Yurdu deməkdir və Xalqı ifadə eləmir. Odlar Yurdunda – Oğuz Türkləri də yaşaya bilər, başqa Millətlər də.
Ölkəmizin adıyla Xalqımızın adı arasında üzvi bağlılıq yoxdur.
Ümumən kimliyimiz də aləmə tam bəlli deyil.
Bizi Qafqaz Tatarları, Fars Türkləri sayırdılar.
Müstəqil Dövləti olmayan Xalq – evi olmayan kişidir.
O, nə qədər İstedadlı, Ağıllı, Mənəviyyatlı, Tarixli, Qəhrəmanlı olsa da, Kişilər arasında yeri yoxdur.
Müstəqil Dövlət olmadan – Müstəqil Ruhu təcavüzdən qorumaq çətindir.
Müstəqil Dövlətdən məhrum olan Xalq – Müstəqil Xəlqi İradədən məhrum olur.
Müstəqil Dövlət – Xalqın ictimai-siyasi yaradıcılığıdır. Dövlətsiz Xalq bu yaradıcılıqdan məhrumdur.
Azərbaycan Xalqı öz Müstəqil Dövlətini yaratmalıdır, yad axından ayrılmalıdır.
Sonra o, ətrafında Türk Ruhu saxlayan Xalqları birləşdirib Böyük Məmləkət yaratmalıdır.
Böyük balıqların balaca balıqları yediyi, möhtəşəm Dövlət-lərin Kiçik Xalqları əsarət altına saldığı dövrdə balaca Dövlətin Müstəqil yaşaması çətindir.
Azərbaycan Güclü, Müstəqil Dövlət olmalıdır və onun Özünəməxsus ictimai-siyasi Tarixi başlanmalıdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv