AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 2

2

Rus dilində «Azərbaycan» qəzetinin 11 noyabr 1918-ci il, 32-ci sayında «Azərbaycan Milli Şurasının Rəyasət heyətindən» adlı «Bildiriş» yayımlanmışdır. «Bildiriş»də deyilir: «Azərbaycan Respublikası Ağalığının qərarına, Ağalıq başçısı Fətəli Xan Xoyskinin məktubuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün yurddaşlarına noyabrın 16-da Azərbaycan Milli Şurasının çağırıldığını bildirib, Şuranın bütün üyələrindən deyilən gündə Bakıya gəlmələrini, nədənsə ayrıca çağırış almamış yurddaş bəylərin bu bildirişlə yetinmələrini istəyirəm. Azərbaycan Milli Şurasının başçısı, Məhəmməd Əmin Rəsulzadə».Rusca «Azərbaycan» qəzetinin 12 noyabr 1918-ci il, 33-cü sayında birinci səhifənin başında Azərbaycan Milli Şurasının çağırılması ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin adından yuxarıdakı «Bildiriş», altında «Bakı, 12  noyabr» yazısı verilmişdir. Yazını Rus dilindən Türk dilinə çevirirəm: «Ağalıq Azərbaycan Milli Şurasını Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının sayına uyğun çağırmaq qərarını vermişdir. Milli Şura yubatmadan, elə ilk toplantısında sayını 120-yə çatdıracaq ilkələri bəlirləməlidir.
Azərbaycan Parlamenti bütün Azərbaycan ulusunun istəncini göstərmək amacı ilə toplumun bütün qatlarından, ulusal azlıqlardan oluşacaqdır. Bu sonuncu ilkənin doğru-düzgün uyğulanması yurddaşların gözündə çox önəmli olub, Parlamentlə Ağalığın sayğınlığı ondan asılı olduğundan, Milli Şura ilə Ağalıq onu çox götür-qoyla, uzaqgörənliklə uyğulamalıdır.
Dərəbəylik dönəmində yaranmış bütün dövlətlərin elliklə səsvermə, ya da hansısa başqa bir seçkilə Ulus elçiliyi – parlament yaratmaq olanağı olmadığından, ayrı-ayrı ulusal, politik qurumlardan atma, eləcə də kooptasiya* yolunu uyğulamışlar. Gürcüstanla Ermənistan parlamentləri belə yaranmışdır. Qaçılmazlıq qarşısında qalan bizim Ağalıq da Parlamentin bu yolla yaradılmasına onay vermişdir.
Sözsüz, Azərbaycan Parlamentinin belə ilkəl yolla yaradılmasına qarşı səslər ucala bilər. Ancaq olayların başgicəlləndiriciliklə dəyişdiyi, gələcəyin gözlənilməzliklərlə dolu olduğu, dəyişən ortamların bütün çalışmalarımızı boşa çıxardığı çağda, Ağalığımız, durmadan, olkənin politik düzənini dəyişəcək kəskin addımlar atmalıdır. Ola bilər, dünən çəkişməli, istənməyən sayılacaq bir şey yarın istənən, uyğun olsun.
Ağalıq bütün bu sorunları təkbaşına çözəmməz! Dövlət yaşamının çox önəmli sorunlarını yeni yaranmış başqa dövlətlərdəkitək, ilkəl yollarla çağırılsalar belə, Ulus elçiliyi boynuna götürməlidir. Buna görə də Ağalıq, bu gün Azərbaycanın Parlamentinin quruluşunu bəlirləyəcək, dördüyəli yolla seçilmiş yaradıcısına – Milli Şuraya  üz tutub, Qurucu Toplantının çağırlımasını tezləşdirməyi istəyir.
Ölkəyə içdə-dışda uğurla çalışmaq, bağımsızlığı qorumaqdan ötrü canından keçməyə sağlanmış ulusun səsini eşitmək üçün Parlament kürsüsü gərəkdir. Biz Milli Şuranın ulus elçilərinin göndərilməsi, seçkisi biçiminin bəlirlənməsində müsəlman ulusal qurulmları ilə yanaşı, ulusal azlıqlara da olduqları yerlərdə bütünlüklə özgürlük verəcəyini düşünürük.
Biz yaşayanların bütün qatları istəyərsə, gələcək Parlamentin işlərinin ölkə üçün yaxşı sonuclar verəcəyinə inanırıq!
Bizcə Azərbaycan toprağında yaşayan ulusal azlıqlar ölkənin gələcəyilə bizim kimi ilgilənirlər. Onların çıxarları Türk ulusunun çıxarları ilə içdən qovuşmuşdur, birinin uğurları obirinkindən asılıdır, birlikdə Azərbaycan Parlamentinin yaradılmasını istəyirlər.
Biz Azərbaycan toprağında yaşayan bütün elləri eşit hüquqlarla Azərbaycan Parlamentində birləşməyə, bütün güclərimizi ortaq yurdumuzu əməklə, barışla yaşam yoluna çıxarmağa çağırırıq!».
Bu ideoloji çağırışın altında «Azərbaycanın Baş bakanının Müsəlman Milli Şurasının başçısına məktubu» verilmişdir. Vergüllərlə dolu, ağırdilli məktub Türk dilində belədir: «Çox sayğılı Məhəmməd Əmin! Azərbaycan Ağalığı noyabrın 9-da Milli Şuranın çağırılması sorununu çəkişərək, Azərbaycanın Qurucu Toplantısının çağırılması üçün «Düzük»ün yaradılması işlərinin başlandığını, ancaq gərəkən seçki yasasının çətinliyi üzündən işlərin yubanmasını gözə alır. Bütün bunlarla yanaşı Ağalığın qarşısında böyük dövlət önəmi olan işlər durur. Ağalıq bu işləri parlamentsiz çözmənin düzgün olmadığını bildirir. Buna görə də Ağalıq noyabrın 16-da Bakıda, Ağalığı  seçmiş, ancaq öz istəyilə özünü buraxmış Azərbaycan Milli Şurasını çağırmaq istəyir.
Bundan başqa Ağalıq, Milli Şuranı çox az sürədə özünü ulusal azlıqlar da olmaqla bütün qatlardan olan insanlarla bütunləşdirməyi də istəyir. Çağırılacaq Milli Şuranın başçısı olaraq bütün bunları sizə bildirməklə yanaşı, onun bəlirlənən gündə çağırılması üçün gərəkən bütün işləri görməyi diləyirik. Yaranmış olanaqdan dolayı, sizə çox böyük sayğılarla Azərbaycan Respublikasının baş bakanı Fətəli Xan Xoyski».
Bu Bildirişdən sonra «Azərbaycan Elçiliyinin başçısı Məhəmməd Əmin Rəsulzadə ilə danışma» yazısı yayımlanıb. «İstanbulda» alt başlıqlı yazıda deyilir: «Məhəmməd Əmin Rəsulzadə İstanbulda olmaları ilə bağlı duyğularını əməkdaşımızla gülər üzlə bölmüşdür.
– Elçiliyimizin amacı Qafqaz respublikalarının Böyük Dövlətlərin qatılımı ilə İstanbulda toplanmalı konfransına qatılmaqdı.  Ancaq dünya politikasının dəyişməsidən konfrans baş tutmadı. Bununla belə, İstanbulda olduğumuz günlər boş keçmədi. Biz Türkiyəlilər qarşısında çıxış edib onları Azərbaycanla, onun umudları, istəklərilə tanışdırdıq.
Müsəlmanlığın başkəndi İstanbulda Qafqazı, eləcə də Azərbaycanı az tanıdıqlarını deməliyik. Türkiyə basınının bizə, daha çox da Brest Anlaşmasına Artırma ilə bağlı gərəkən yardımı etdiyini də deməliyik. Bu anlaşma ilə bağlı Almaniya Elçiliyinə Nota verib, qarşı olduğumuzu bildirdik [Məhəmməd Əmin bəy bu Notanı Almaniya İmperatorluğu Ağalığının Osmanlı İmperatorluğundakı elçisi, qraf Valdburqa 1918-ci il sentyabrın 12-də verib].
Türkiyə basını bu sürədə şaşırdıcı birlik göstərdi. Onun sayğısı bütünlüklə bizəydi.
Biz bütün böyük dövlətlərin elçiliklərində olduq, onları Azərbaycanın durumu ilə tanışdırdıq, bizim bağımsız yaşamaq hüququmuzun olduğunu bildirdik, bütün yerlərdə də sayğı ilə qarşılandıq.
Biz Azərbaycanın bağımsızlığını yetkili Nota ilə Böyük Dövlətlərə çatdırdıq.
Sultan bizim elçiliyi törənlə qarşıladı, bizim qutlama çıxışımıza cavab verərkən, Ağalığının Azərbaycanın bağımsızlığını olacaq bütün yollarla qorumağa çalışacağını deyib, gözaydınlıgını  Azərbaycan yurddaşlarına çatdırmamızı dilədi.
Biz üç ay qabaq ölmüş sultan beşinci Məhəmmədin basdırılmasına, eləcə də sultan altıncı Məhəmmədə qılınc verilməsi törəninə də qatıldıq.
Sürədən yararlanaraq biz də istanbulluları Azərbaycanla tanışdırmaqdan başqa, dirçələn Türkiyə, onun yaşam biçimi, dolanışığı, gələnəklərilə tanışırdıq.
Bizi şaşıran gələnəklərdən aşağıdakıları göstərirəm. Sultan öləndən sonra onun ölüsünü ipək parçaya büküb, girişdə, nərdivanın altına qoyur, yeni sultanı ora gətirirlər, şeyxülislam ölünü göstərərək deyir:
Bax, sənin də sonun belə olacaq!
Gutlama sürəsində sultan məscidə çatanda xor onu – sultan, lovğalanma, tanrı səndən ucadır, sözlərilə qarşılayır.
[Bu yaxşı gələnəkdi. Ancaq bu gün, XXI yüzilin 16-cı ilində «Doğunun Müsəlman dövlətləri» deyilən ölkələrin heç biri demokratik dövlət deyildir! Anayasasına görə demokratik dövlət sayılan ölkələrdə də dövlət yönətimi avtoritar, totalitar, yolsuz, dinçi, məzhəbçi, çağ dışıdır! Ölkəsində demokratik seçki keçirməyən, insan hüquqlarını tanımayan, hüququ ayaq altına atmış müsəlman politikanların ağızlarına da çullu dovşan sığmır].
İstanbulda bütünlüklə dinclikdir. Qəzetlərdəki mitinqlərlə bağlı yazılanlar gerçəkdən uzaqdır. Ağalığa inanan insanlar toxtaqlıqla barış danışıqlarının, dünya qırğınınn sonunu gözləyirlər.
Bütün kinolar aramsız işləyir, malla dolu qalantereya maqazinləri qızğın alverdədir. Yemək-içmək şeylərində çatışmazlıq yoxdur – ancaq çörək (qara) kartla satılır, funtu 4 qəpiyə. Açıq satışda ağ çörəyin funtu 2 rubl 50 qəpikdir. Ət də çoxdur, dəyəri də bizdəkinə baxanda ucuzdur.
– Məni ən çox şaşıran, içdən sevindirən müsəlman xatunların gəlişməsidir, deyə Məhəmməd Əmin bəy danışmağı sürdürdü. İndi Türk xatununun əskidəki özünəqapanmışlığı, qul gününə salınmışlığı heç yoxdur, bu müsəlman xatunlarının şaşırdıcı gəlişimidir. Türk xatununu hər yerdə görmək olar. O, fabriklərdə, zavodlarda işləyir, onu maqazinlərdə, kontorlarda, poçtda, teleqrafda görmək olur, universitet auditoriyaları Türk qızları ilə doludur, mühazirələri, çıxışları dinləyənlərin də çoxu Türk xatunlarıdır.
İstanbulun görkəminin dəyişməsi də yeni, böyük Türk kültürünün doğulmağa başladığını göstərən, məni çox dərindən etkiləyən şeylərdən biri oldu. Toplumsal tikililər, özəl evlər arxitektur baxımından buçağadək ağalıq edən Bizans biçiminin yerinə əski Türk biçimindədir. Başdan-ayağa ulusal Türk kültürünün dirçəlməsinə yönəlmiş ədəbiyatdan heç danışmağa dəyməz [Son 14 ildə Türkiyə Cümhuriyətində ağalıqda olan «Adalet ve Kalkınma Partisi» Atatürkün başçılığında bütünlüklə yox olmaqdan qurtulub çağdaş demokratik yaşama qovuşmuş Türkiyəni yenidən şeyxlər, müridlər, mürşidlər ölkəsinə çevirir. «Molla Ərdoğan» prezidentin yetkilərini aşıb yönətim işlərinə qarışır, parlamentar quruluşu ortadan qaldırıb tək adamın sorumsuz başqanlığını qurmaq istəyir, «xatun yarıminsandır, heç bir müsəlman xatunu, ailə planlamasına uymaz, boylu xatun çölə çıxmamalı, başını örtməli, hicab geyməlidir» kimi geriçi, çağdışı sözlər danışır, ölkəni din geriçiliyinə, məzhəbçiliyə, dağılmağa sürükləyir!
Bu biçimdə olmasa da, Azərbaycan Respublikasında da dövlətin bilim, ekonomik, kültür politikasının yetərsizliyindən, ardıcıl yeridilməli ulusal ideologiyasızlıqdan son çağda ölkədə din geriçiliyi  çayır kimi yayılır, AMEA, Azərbaycan Respublikasının kültür, gənclər, bakanlıqları, xatun, din komitələri, eləcə də başqa uyğun qurumların başçıları da durub gendən boylanırlar. Heç kimin gərəkən iş görmək bacarığı, istəyi, yurd sevgisi, Azərbaycan sevgisi yox, avtoritar politik quruluşun qorxusu da bir yandan!
Ulus, ölkə bilimlə, kültürlə, hüquq eşitliyilə, sevgilə yüksələr, «padşahım Günəş də sənin üzündəki işığı, gözəlliyi görmək üçün çıxıb» qulluğu, axmaqlığı, din fanatizmilə yox!].

Parlamentdən

Müsəlman Milli Şurasının başçısı Məhəmməd Əmin Rəsulzadə bu günlərdə çağırılacaq Parlament sorusuna da toxundu.
– Sizə bəlli olduğu kimi, noyabrın 16-da keçmiş  Güneydoğu Qafqaz Seyminin 44 elçisindən oluşmuş Müsəlman Milli Şurası çağırılacaqdır. Milli Şura elçilərinin sayını 120-yə çatdırıb Parlamentə çevrilərək, keçici Yasama orqanı olacaqdır. Bu keçici Parlamentə Gürcüstanla Ermənistanda olduğu kimi ulusal azlıqların da elçiləri qatılacaqdır. Keçici Parlamentin varlığı Qurucu Toplantıya seçkilərin keçirilməsini az da olsa yubatmamalıdır! Parlament öncə gündəlik politik sorunların ortadan qaldırılması ilə uğraşacaqdır.

Qafqazın gələcəyi

Mən Azərbaycanı Qafqaz dövlətlərinin konfederasiyasının bir parçası kimi düşünürəm. Bura Azərbaycan, Gürcüstan, Ermənistan, bir də Quzey Qafqaz qatılmalıdır. Barış Konfransında [Paris] genəl çıxarlarda birlikdəliyimizi göstərmək üçün ayrı-ayrı Qafqaz respublikaları arasında olan bütün sorunları danışıqlarla çözmək gərəkdir. Biz bu yolu qabaq, Güney Qafqaz Seymində də tutmuşduq, ancaq gerçəklər bu istəklərimizin oluşmasına qoymadı. Qafqaz respublikalarının indi Tiflisdə toplanan konfransında Qafqazda barışın, qardaşlığın yaradılması üçün ortaq dil tapılacağına inanıram».

ARDI VAR

*Kooptasiya – seçkili quruma seçkisiz qatma.

**Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.

2 noyabr 2017-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv