Soylu Atalı. Qibləmiz – Türk Birliyi

Sovetlərin təsirində olan türk toplumlarının taleyini diqqətdə saxlamalı və ilk fürsət düşəndə onların bağımsızlıqlarına yardımçı olmalı – yaratdığı Türkiyə dövlətinə belə buyurmuşdu Atatürk. Əlbəttə, bunun üçün Türkiyə öz bağımsızlığını qorumalı və hərtərəfli inkişaf yolu keçməli idi. Siyasi dünyanın əhatəsində və basqısı altında tək qalan Türkiyə üçün bağımsız qalmaq və inkişaf etmək suyun üzündə gəzmək qədər çətin bir iş idi. Türkiyənin bu günə qədər bütöv qalması bəlkə də bir möcüzədir. Atatürk idrakının möhtəşəmliyi, dövlət quruculuğu yönündə bənzərsiz siyasi xadimliyi və dünyaya bəlli olan  misilsiz hünərləri ölümündən sonra da Türkiyənin varlığını qorudu. Özəllikcə onun hərbi quruculuq proqramı heç kimin aşa bilmədiyi bir barı kimi Türkiyənin sınırlarını əhatə elədi. Bu haqda çox deyilib, çox yazılıb.Biz də öz sevgimizi bildirmək üçün bu məsələyə qayıdır və bunu insanlarımıza dönə-dönə xatırlatmaq istəyirik. Çünkü bu gün əksəriyyətimizin arzuladığı, can atdığı böyük Türk Birliyinin baş tutması üçün hər birimiz damcı olub daşı dəlməliyik, hamımız bir nöqtəyə düşməklə. Əfsuslar olsun ki, hələ bir nöqtəyə düşə bilmirik, hərəmiz bir daşa çırpılırıq…

Sovetlər birliyi dağıldı. Bağımsız Türk dövlətləri yarandı. Ancaq bu bağımsız dövlətlərimizin bir-birini anlamasında ortaya çıxan problemlərin çözülməsi müşkülə dönüb. Belə görünürdü ki, Sovetlər dağılan kimi Türkiyə irəli duracaq və əsarətdən qurtulmuş doğmalarını bir araya gətirəcək. Təəssüf ki, bu yalnız belə görünürdü. Bunun belə olmaması üçün isə dünya ağalığını əldən buraxmaq istəməyənlər yolları çoxdan bağlamış və hazırladıqları maneələri hərəkətə gətirmişlər. Sovetlər imperiyasını dağıtmaq çalışmalarında bulunan Qərb Dünya düzəninə nəzarət edəcək böyük Türk Birliyinin yaranmaması üçün uzun illərdir Türkiyənin başında əməliyyatlar həyata keçirir. Onun əl-qolunu iqtisadi çitəmələrlə elə sarıyıb ki, böyük meydanda bir balaca müstəqil addım atmaq istəyən kimi Türkiyəni ictimai anarxiya ilə üz-üzə gətirir. NATO-nun tərkibində olan Türkiyə böyük hərbi manevr imkanlarına müstəqil şəkildə sahib deyil (mütləq ABŞ-ın mövqeyini nəzərə almalı, məsləhətləşmələr etməlidir). Dövləti (Türkiyəni) siyasi idarəetmə üsulu, ideoloji nizamı demək olar ki, Qərbin təsirindədir. Hələlik Ordunun siyasi hakimiyyətə müdaxilə imkanı istisnadır. Hərçəndi Türkiyəni tam nəzarətə götürmək üçün bu strukturu da çoxdan pozmağa çalışırlar. Bu strukturun pozulmasının çətin olduğunu duyduqlarında siyasi hakimiyyətə dinçi Ərdoğanın gəlməsini təmin etdilər. Bununla da iki mərhələni birləşdirmək əməlinə başlamış oldular. Belə ki, Türkiyə kimi güclü dövlətin guya xristian Qərbinin deyil, müsəlman Şərqinin yanında olduğu görüntüsü yaratmaq, ikincisi və əsası Türkiyə ordusunun dövlət üçün  təhlükə yarandığında siyasi hakimiyyətə təsirini müsəlman qaragüruhun demokratik səs çoxluğu ilə aradan qaldırmaq. Söz yox ki, müsəlman, xristian məsələsi kosmetik bir məsələdir. Böyük siyasətin stratejisində xristian, müsəlman məsələlərindən qaynaqlanan təsir mövcud deyil. Bunlar kütlədən taktik təsir vasitəsi kimi yararlanmaq üçündür. Ümumən dini təsir imkanları bütünlükdə böyük siyasətin əlindədir. Heç bir dövlətdə dinilik hakim deyil, dünyəvilik hakimdir. Hətta Pakistan və İran kimi dövlətlərdə də dinilik dünyəvilikdən aşağıdakı pillədə durur. Biz bunu dönə-dönə yazmışıq və demişik.

Dedik ki, Sovetlər dağılandan sonra gözləntilərimiz baş vermədi. Az qala 20 ilə yaxın bir müddətdə türk toplumları arasında o qədər də dərin kök salmayan mədəni əlaqələrdən başqa ciddi təsdiqlərin şahidi deyilik. Əsaslı ideoloji proqram olmasa, Türk Birliyi indiki kimi kövrək bir durumda qalacaq və irəli getməyəcək. Əsaslı birliyə isə mane olan səbəblərdən biri mənəvi-psixoloji cəhətdən türklüyə az bağlı olan və yaxud bağlı olmayan adamların dövlətlərimizin rəhbərliyində təmsil olunmalarıdır. İndiyə qədər onlar əsasən birlik görüntüsü yaradıblar. Atılan addımları da bizim gözardı eləmək fikrimiz yoxdur. Məsələn “Türk dövlət və topluluklarının dostluq və qardaşlıq qurultayı”nda ortaq türk danışıq dili haqqında qənaətlər, ortaq türk tarixi və mədəniyyətinin yenidən işlənməsi, bu yöndən kitab nəşrlərinin meydana gəlməsi, gömrük rüsumlarının azaldılması və b.k. işlər sözsüz ki, gərəklidir. Eləcə də “Türk Dünyası gənclik günləri və qurultayı”; burada müxtəlif məsələlər üzrə komissiyaların işləməsi; “Avrasiya Yazarlar Birliyi”nin fəaliyyəti; Türksoy – Türk dövlətlərinin ortaq kültür yönətimi; türkdilli dövlətlərin parlament assambleyasının yaranması və s. də uğur saymaq olar. Ancaq bunların heç biri, obrazlı desək, böyük okeanlarda üzə biləcək gəmilər deyil. Böyük əngəllərin qarşısında tab gətirmək üçün ayrı bir güc tələb olunur. Bu güc isə Türk dövlətlərinin siyasi və hərbi ittifaqının olmasına bağlıdır. Bu yöndə, təəssüf ki, işlər gözə dəymir.

Türkmənistan özünü neytral dövlət adlandırır və yaxın gəlmir. Bu neytrallığı sabah hansı güc qoruyacaq, o da bəlli deyil. Özbəkistanla Türkiyənin münasibəti İslam Kərimovun şıltaqlığından asılı duruma düşüb. Nazarbayev Rusiya ilə birgə addımlar atır (kollektiv Təhlükəsizlik Şurasına imza…). Bundan sonra türkdilli dövlətlərin parlament assambleyası nə iş görəcək və necə işləyəcək? Bu assambleyanın yaşaması və təsirə malik olması üçün, yuxarıda vurğuladığımız kimi, ortaya ideoloji konsepsiya qoyulmalıdır. Bu konsepsiyanın dəqiq hədəfləri və bu hədəflərə doğru gediləcək yol bilinməlidir. Biz hesab edirik ki, Birlik konsepsiyasının işə düşməsi üçün Türk dövlət və toplumları beynəlxalq birliklərin təsirlərindən azad olmalıdırlar. Beynəlxalq birliklər türk dövlətlərinə problemlər yaradırlar, onlar isə bu problemlərin həlli üçün həmin birliklərə müraciət edirlər. PKK, Kipr, Qarabağ, Kərkük beynəlxalqlaşmış və bizi əsarətdə saxlayan problemlərdir. On illərdir siyasi dünya Türkiyəni “erməni soyqırımı” hoqqası ilə təhdid edir. Abdulla Gül də Sərkisyanla cici-bacılıq edərək erməniləri qılıqlayır. Bunun dalınca Türkiyədə maraqlı qüvvələr “ermənilərdən üzristəmə” kompaniyası başladırlar. Eyni zamanda İğdırda inzibati təsirlərə malik olmaq üçün demoqrafik dəyişikliklər həyata keçirirlər. Məlum Qars özbaşınalığı indi də bələdiyyə seçkilərindən sonra İğdırda təkrar olunacaq. Problem bir deyil, beş deyil… Heç biri də çözülmür.

Böyük Türk Birliyinin əsas qayğılarından biri də Güney Azərbaycan probleminin həllidir. Bu prolemi türklərin birliyi aradan qaldırmasa, Qərb problemi öz inhisarına götürəcək və həll olmağa qoymayacaq. Bunun  cizgiləri də artıq görünməkdədir.

Çoxları hesab edirlər ki, təkcə Türk dövlətlərinin deyil, hətta ən güclü dövlətlərin də problemləri var, biz isə sanki bunları görmürük və türklərin problemlərini qabardıb həyəcanlı təqdim edirik. Söz yox ki, dünya kapitalizm pəncəsində, pulçuluq girdabında yaşadığı halda dövlətlər problemlərdən yan keçə bilməzlər. Ancaq nəzərə almaq lazımdır ki, supergüclərin fərdi problemləri olsa da, onların (əsasən Qərbin, Avropanın) bir araya gəlməkdə və birgə təsir göstərməkdə problemləri yoxdur, yaxud maneçilik etməyəcək dərəcədədir. Bizi bu məsələlər deyil, əsasən türkün birləşə bilməmək problemi rahatsız edir. Biz qəti əminik ki, Türk Birliyi dünya düzənində barış, əmin-amanlıq baxımından yeni ab-hava yaradar…

İsrar edirik:  Türk dövlətləri Beynəlxalq birliklərdən çıxmalıdır. Əlbəttə, bu fikrə ortaq çıxmaq havadan asılı qalmaq kimi görünür. Düşünərlər ki, beynəlxalq birliklərdən çıxmaq mümkün deyil. Bunu da müxtəlif siyasi, iqtisadi ilişkilərin qaçılmaz təsirləri ilə əlaqələndirə bilərlər. İndiki Dünya düzəni deyilən sistemdə böyük Türk Birliyinin yaranması möcüzəvi əməllər tələb edir. Bu əməlləri həyata keçirən qüdrətli oğullar irəli durmalıdır. Qorxu siyasəti ilə, avantürist güzəştlərlə qüdrətli olmaq olmaz. Oğlunu, qızını düşünən, varidatını, milyonlarını düşünən qüdrətli ola bilməz. Xalqlarımızı imtinalara, məhrumiyyətlərə hazırlamaq lazımdır. Demokratik təsisatları cilovlamaq, milli təsisatlar yaratmaq lazımdır. Demokratik təsisatlar bizləri Dünya ilə doğmalaşdırmır, Dünyanın ayağına zəncirləyir. Bölür bizi, anarxiya yaradır içərimizdə.

Eyni zamanda, biz türklərin Beynəlxalq birliklərdən imtinasını istəyəndə din ətrafında bir araya gəlməli olduqlarını nəzərdə tutmuruq. Bu mümkün deyil və xeyirli də deyil. Əvvəla, türk toplumlarının dini baxışları kifayət qədər mürəkkəbdir və çoxçeşidlidir. Müxtəlif dinlər və dinlərin təriqətləri türk etnosunu hissələrə bölüb. Başqa bir tərəfdən, hər hansı bir türk toplumunu çoxluğun baxışına yönəltmək olduqca çətindir və uzun vaxt tələb edir. Bütün türklərin vahid dünyabaxışa tabe olması isə qaçılmazdır. Çünki dünyabaxış həyatın bütün sahələrini əhatə elədiyi üçün fərqli həyat sistemi ilə yaşayan toplumların böyük birliyi alınmaz. Ən yaxşı halda bu birlik mədəni əlaqələr səviyyəsindən o yana getməz.

Biz Türk Dünyasına Asif Atanın yaratdığı Mütləqə İnam dünyabaxışını təqdim edirik. Türk etnosunu birləşdirən siyasi ideologiya da Mütləqə İnam Baxışı əsasında yarana bilər. Bu gün bu fikir çoxlarına nağıl kimi görünə bilər. Biz bunu başa düşürük. Ancaq başqa bir yol yoxdur axı. Olsaydı, ortaya qoyulardı və işə düşərdi. Türklüyü istəyən, onun birliyinə çalışan çox ləyaqətli, mübariz insanlarımız var – demək olar ki, bütün türk toplumlarında. Ancaq onların dünyabaxış sistemi yoxdur. Bunsuz isə birlik yaranmır. Yuxarıda dediyimiz kimi, onsuz da ayrı-ayrı toplumları çoxluğun baxışına gətirmək gərəkir. Bunun üçün on illər vaxt lazım gəlir. Yaxşı olmazmı ki, həmin on illəri öz ruhumuzdan yaranan dünyabaxışın oturuşmasına həsr edək?! Biz böyük bir millət olaraq, təkcə bu günün havası ilə yaşamalı deyilik, həm də gələcəyə baxmalıyıq. Və gələcəyimizi özümüz üçün indidən müəyyən eləməliyik. Gələcəyimizi məhsuldar eləmək üçün torpağımıza ruhani, idraki  kök  atmalıyıq. Onda hər hansı yad bir doktrina taleyimizi dalğalarında o yana-bu yana atmaz. Yadlıqlardan özümüzə dam  düzəldirik, təməlimiz isə olmur. Biz gələcəyin böyük özülünü qoymaq şansı qazanmışıq. Ciddi ağıl işlətməli və bu şansı əldən verməməliyik.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

 (arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv