Yadigar Türkel. ULUSAL ÖZÜNÜANLAMA DƏRSİ, YA DA İT OLUM, QURD OLUM, TÜRK OLMAYIM, BƏY OLMAYIM DÜŞÜNCƏSİZLİYİ (Politik ağı)

Bu günlərdə Rus-erməni-sovet-mason bolşefaşisminin törəmələrindən biri belə axmaqladı: «Azərbaycana heç kim bəylər-xanlar boyda pislik etməyib!». Yadıma yaşılların 1988-ci il fevralın 19-dan Bakıdakı başçısız, dağınıq çıxışları düşdü. Geri boylanıb oçağkı, elə indiki yiyəsizliyimizdən utandım. Onda Ermənilərin Zori Balayan kimi ideoloqu vardı, Ermənistan SSR Elmlər Akademiyasının prezidenti Ambarsumyan, Silva Kaputikyan kimi yanları ulusunun qabağına düşüb, yalan-düz, onun haqqını istəyirdilər.
Ağanbekyanlar Fransada, iştoyanlar SSRİ Parlamentində Dağlıq Qarabağı Ermənistan SSR-ə vermək sorusunu qaldıranda, Azərbaycanın oradakı «xalq yazıçı»larından biri tez-tez çıxış edib, «mən politik olmaq üçün doğulmamışam» – deyərək baş qatır, tutduğu görəvdənsə əl çəkmirdi, bu günədək də işinin başındadır, başqa bir «xalq yazıçısı» isə «Literaturnaya qazeta»da ermənilərlə dostluqdan dəm vururdu. Bu gün də Orucluq bayramı ayın 18-də başlasın, yoxsa 19-da, «Avropa oyunları»na qatılanlar oruc tuta bilərmi, oruc tutmayan müsəlmanlar kafirdirmi, ya yox? – sualları ilə uğraşırıq, girincik, başayağıq…
1988-1989-cu illərdəki ilk göstərilər çağında başımdan tez-tez bir duyğu keçirdi: «Bu ulusun başında duranlar, əlində dövlət telefonu, cibində pulu olanlar niyə gəlib onun balasının qabağına düşmürlər?». Onda içimdəki bu duyğunu heç kimə demirdim, deməyə «ADAM» da yoxdu. Təkcə Xan Bahadırla Ənvər Əliyevi, bir az da Sabir Rüstəmxanlını tanıyırdım, ancaq elə dərindən yox.
Azərbaycanın hər yerində Rus KQB-sinin ölüm qorxusu vardı. Bu qorxudan Xan Bahadırın hüquqçu qardaşı Azərbaycanın yaşıl igidlərinin 1989-cu il mayın 28-dəki göstərisində qaldırdığım, insanları çox duyğulandırmış, öpüb gözlərinə qoyduqları üçboyalı, üçanlamlı Azərbaycan bayrağını evdə saxlamaqdan qorxub, yandırıb.
İndiki Prezident Aparatının qarşısındakı ilk göstəridəki çıxışımda toplananlara üz tutub belə çağırmışdım: «Qardaşlar! Ruslar yurdumuzu bir yol bölüb! Biz ölsək də onun bir daha bölünməsinə yol verməməliyik!». Ancaq olmadı… Başçısız, özünü tanımayan, özünüqoruma qurumları olmayan ulusun yurdunu, toprağını əlindən alar, özünü də yox edərlər, heç səsi də çıxmaz. Ulusal çıxarlar, GEOPOLİTİKA deyilən bir şeyin olduğunu sonradan bir az öyrəndik, anladıq.
Ertəsi gün Rus-erməni-sovet-mason bolşefaşizminin «xalq düşməni» damğası vurduğu atam, Sahibəli Əzizxanlı başılovlu Bakıya gəldi, indiki «Şəhidlər Xiyabanı»nın qarşısında görüşdük. Dedi: «Oğul, bu ulus qabağına düşüb gediləsi ulus deyil! Rus KQB-si səni elə yox edər, heç tozun da tapılmaz! Bizim acı taleyimiz sənə dərs olmalıdır!». Olmadı! Olammaz da!
Dünyanın saatının hızla Azərbaycana qarşı işlədiyi o günlərdə 26-lardan birinin nəvəsi, SSRİ Ali Soveti sərdinin yardımçısı, akademik Püstə Əzizbəyova yaşılları bir az toxtatmaq amacı ilə Paris Komunası adına zavodun toplantı otağına yığıb, «Anastas Mikoyanla ailəliklə dostluqlarından, Moskvada, Kremldə birlikdə olmalarından, Sovet dönəmində ortadan qaldırılmış BƏY sözünü sosial, burjua titulu olduğuna görə işlətməyə gərək olmadığından» danışırdı.
Böyüklərə bütün sayğıma baxmayaraq, ulusal öncül Məhəmməd Əmin Rəsulzadənin «laylaçı»lar dediyi bu adama səsli təpki göstərib toplantıdan çıxdım, Püstə Əzizbəyova isə laylasını sürdürdü.
Günlər keçir, dövlətdən, başçılarından heç bir yardım, arxa-dayaq görməyən yaşıllar orada-burada toplaşır, çığırıb-bağırırdılar. Aprelin ortaları idi. Ermənistan SSR-dən qovulmuş yiyəsiz, arxasız insanlar «Hökumət evi» deyilən yerin qabağında toplaşmışdı. Dedilər Ali Sovetin Rəyasət Heyətinin sədri Süleyman Tatlıyev gələcək. Süleyman Tatlıyev arxa qapıdan tribunaya girib, onunla-bununla danışmağa başladı. Mən Bəxtiyar Vahabzadə ilə yan-yana durmuşdum. Birdən arxadan tribunaya bir su butılkası atdılar. Süleyman Tatlıyev bir göz qırpımında arxa qapıdan qaçdı… Tribunadakıların çoxu onun bu qaçışından duruxdu, utandı…
Dedim: «Bəxtiyar müəllim, sən Süleyman Tatlıyev kimi bir «padşah»ın arxasınca gedərsənmi?». Dedi: insansam gedərəm!.. Cavabı yaxşı anlamadığımdan  duruxdum… Süleyman Tatlıyev kimi «böyüklər»in üzündən insanlar yavaş-yavaş dağılıb getdilər…
Sonrakı olaylar bir çağların sözlü Bəxtiyar Vahabzadəsinin də başqaları kimi ikibaşlı düşüncədən o yana keçmədiyini göstərdi. Özünü, oğul-qızını tıxa-basa doydurandan sonra, ölümqabağı «Utanıram», «Ağıllıar ayaqda, nadanlar başda» adlı qoşular yazmaqla duruya çıxılmaz! Azərbaycan! Aydınsız, arxasız yurdum oy!!!
Bir az sonra, mayın ortalarında Ermənistandan qovulanları toxtatmaq üçün Ali Sovetin Toplantı otağına yığdılar. Suleyman Tatlıyevin dərdini anlatmaq istəyənlərə «bir dəqiqə vaxt ver»məsinə yerdən gələn təpkidən «axmaq padşah» geri çəkildi… Yazıq Azərbaycan! Bu Rus – «Nəriman Nərimanov, Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Alimov, Dadaş Bünyadzadə»dən bəri sənin başına kimləri qoymayıb…
Azərbaycanın bu ilk bolşefaşist yağıları 1920-ci il aprelin 29-da «Sovet Rusiyası ilə qardaşcasına birləşmək, Qırmızı Orduya yardım etmək» çağırışında yazırlar: «Yoldaşlar! Cinayətkar «Müsavat Partiyası» ağalıqdan salınmışdır. Onun yerinə Azərbaycanın əməkçilərin içindən doğmuş işçi-köylü ağalığı gəlir. Bəylərin, xanların, iş adamlarının, birjaçıların, alverçilərin ağalığı indilik güclə, qarışdırıcılıqla dözürsə də, bu onun görüntüsü, kölgəsidir… Biz burjuaziya ilə mülkədarların ağ terroruna acımadan, ucdantutma qırmızı terrorla cavab verəcəyik!».
«Qırmızı terrorçular»ın «kölgə başçısı» Nəriman Nərmanovun keçirdiyi, «RSFSR Xalq Komisarları Sovetinin Uluslar Bakanlığı Kollegiyasının 5 aprel 1920-ci il tarixli tutanağından [protokolundan]:
2…Güneydoğu Qafqaz Müsəlmanları Bölməsinin işini gücləndirmək amacıyla
– Güneydoğu Qafqaza yola düşən [Nəriman] Nərimanova Günyedoğu Müsəlmanlarının işləri üzrə komisar görəvini verməli.
– Güneydoğu Qafqaz bölməsinə Uluslar Bakanlığın olanından 200 000 (iki yüz min) rubl ayırıb, onu [Nəriman] Nərimanov yoldaşın işlətməsinə verməli.
– [Sultan Məcid] Əfəndiyev yoldaşı bu amacla ordudan çağırıb yararlanmaqdan ötrü Uluslar Bakanlığına göndərməli.
Sədr [Nəriman] Nərimanov, tutanaqçı Aynşteyn.
Sayğılı yaşıl yurddaş, görürsənmi? Azərbaycan Cümhuriyətini devirməyə çalışan Lenin, Stalin, Orconikidze, Mikoyan qalıb bir yanda, bəy-xan yağısı Nəriman Nərimanov onların yerini tutub, buyuruq verib yağıları yurdumuzu çalıb-çapmağa, yağmalamağa gətirir.
İndi Azərbaycan Respublikası ayrıca dövlət olsa da, Rusun bir çoxlarının varlığına yetirdiyi özümüzə yağıçılıq, satqınlıq düşüncəsi Azərbaycanı içdən dağıdan gizli bomba, dağıdıcı gücdür.
Qayıdaq «Azərbaycana heç kim bəylər-xanlar boyda pislik etməyib!» – bolşefaşist düşüncəsinin politik açıqlamasına. 2008-ci ildə yayımladığım, «Politologiya (Açıqlamalarla sözlük, ya da milli kimlik dərsləri)» bitiyindən Türkün bəylik qurumunun Türk tarixindəki önəmini göstərən bölümü bir sıra dil dəyişikliyilə oxuculara sunmaqla Xan Bahadır Törəlinin «bu kültür anıtını Ərəb sözlərindən arındır, yayımla» istəyini az da olsa yerinə yetirirəm: «BƏY (BEY, BEG, BƏG, BEK, BAY) – əski, Orta çağ, eləcə də XX yüzilin başlarında Türk dövlətlərində soy, sosial, politik titul, görəv, üztutma biçimi, insan adı. «Bəy adı bilik sözü ilə bağlıdır. Biliyin lamı getsə bəy qalar»: bilik – biik (bək-bəy)». Ən əski çağda – Oğuz xan çağında yaradılmışdır. «Göytürk yazılı daşları»ndan anlaşıldığına görə xaqanın uruğundan [göbəyindən, ailəsindən] olmayan bəysoylularla yüksək dövlət görəvlilərinə BƏY adı verilirdi.
Moğollar dönəmində də belə olub. Ancaq Çingiz xanın oğullarına bəy deyilməz, törə deyilərdi. Uyqurlar dövlətində xaqana da çox ara beg, ya da iliq beg, bir bölgənin başçısına da beg deyilib. Qaynaqlarda İla begi, Yığma begi, Kent begi deyimlərilə qarşılaşılır. Bölgəsində baş bəy, baş ağa, başbuğ olan bəy eləcə də  sübaşı-ordubaşı, güvənlikçi, yetkilidir.
Bir sıra qaynaqlar yanılaraq ordunun monqol sözü olduğunu yazırlar. Monqol monqoldur, Moğol Çingiz xanın da çıxdığı Türk soyudur. Miladdan qabaq IV-III minillikdən oluşmağa başlamış «Dədə Qorqud» boyları ordunun Türk sözü olmasına quşqu yeri qoymur.
Qırğız-qazaxlarda boyu, oymağı yönətənlərə bek, davalara baxan sivil hüquq bilicilərinə biq deyilirdı.
«Codex Cumanicus»da xristian qıpçaqların bəyliyi tanrının üzlərindən biri sayaraq beyim tenqri, beyimiz tenqri kimi işlətdikləri yazılıb.
Qazax ağız ədəbiyatında türkcə dualarda bay tenqri, biy tenqri sözlərinə çox qarşılaşılır.
Rusiya İmperiyası Azərbaycanı tutana kimi, onu BƏYLƏRBƏYİlik sosial-ekonomik quruluşu ilə BƏYLƏRBƏYİ yönətirdi. Ruslar 1841-ci ildə  bəylərin hüquqlarını  sınırlamış, ancaq bir az sonra yaranmış qarşıdurmanı azaldıb seçkinləri İmperiyaya qulluğa yönəltmək üçün 1846-47-ci illərdə vergi yığmaq, polis-məhkəmə hüquqlarını qaytarmış, 1866-cı ildə yaradılmış ayrıca bəy komisiyalarının qərarları ilə 1000-dən çox bəy, 3 xan soyunun seçkin hüquqları tanınmış, onlar İmperiyanın xristian seçkinlərilə bir tutulmuşlar.
Xaqanların baş yardımçısı olan «bəy bilikli, ağıllı, dərin düşüncəli olmalıdır», bəylər «eli qoruyan, onu yönətən, elin bəkçiləridir». Bu düşüncə Türkiyə Cümhuriyətinin  Anayasasında yaxşı açıqlanmışdır: «Cümhurbaşkanı dövlətin başıdır. Bu adla Türkiyə Cümhuriyətini, Türk Millətinin birliyini göstərər, Anayasanın uyğulanmasını, dövlət qurumlarının düzənli, uyumlu çalışmasını gözətir».
Əski Türk­lər­də hər boyun başında bir bəy durardı. İgidlik, ədalət, doğruluq, güc kimi özəlliklər başda tutulmaqla seçilən bəyin görəvi boydakı haqqı-ədaləti düzənləmək, mənəvi bağlılığı gücləndirib onu yağılardan qorumaq, ulusu yaşatmaq idi. Bəy olmaq üçün «qan tökmək, acları doyurmaq, paltarsızları geyindirmək gərəkirdi». Bu,  Türk ulusal qurumundan yazılmışdır: «Bax, iki uca insan var: biri bəy, biri bilimçi: onlar insanların başıdır… Biri əlinə qılınc alıb ulusu yönətər, biri əlinə qələm alıb, düz yol göstərər!».
Bəy titulu Türklər İslam dininə keçəndən sonra da qalmış, Ərəb sözü olan əmirlə bir sayılmış, bəylərbəyinə də əmirülüməra deyilmişdir.
Azərbaycan Cümhuriyəti ağalığının 1920-ci il yanvarın 30-da verdiyi qərarla sivil titullar ortadan qaldırılmışdır. Bu, «Düşmənlərimizin virdi-zəban [tez-tez dedikləri] etdiki «bək, xan, şallaq hökuməti» əvəzinə ən demokratik, ən hürriyətpərvər bir dövlət» quran bəylərimizin dövrün yad ideoloji düşüncə, əxlaq, yönətim istəklərinə uyğun güclə atılmış addımı idi…
Bəylik qurumu tarix boyu soy, sosial-politik tituldan başqa Türklərin ulusal-mənəvi dəyərlərini yaradan, yaşadan, qoruyan yüksək seçkinlik institutu olduğundan ulusal bilincə girmişdir. Azərbaycanlılarla Türkiyəlilər indi də sayğın, seçkin adamlarına «bəy», «bəy oğlu bəy» deyə üz tuturlar. Türk ulusunun, Türk dilinin bir çox ulusal-mənəvi dəyərlərini yasaqlayıb, Qafqazdakı birləşdirici Türk ruhunu öldürməyə çalışan, insanların davranışı, üztutma biçimi proletarlaşan-kobudlaşan Sovet dönəmində də, yavaş-yavaş görkəmli şəxsiyətlərin bəy titulunu sayğı kimi yazmağa başladılar. Ulus, dövlət qarşısında böyük işlər görmüş seçkinlərə sayğı ilə bəy deyərdilər – Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mustafa bəy Topçubaşov…
Bütün yasaqlara baxmayaraq Türk ulusu ulusal, tarix dəyərini unutmurdu, bu gün də sayğı ilə işlədir.
Azərbaycanda 1988-ci ilin fevralın 19-dan başlanan Ulusal Bağımsızlıq Axını çağında bəy titulu toplumda yenidən yayılsa da, politik olayların sonrakı əlverişsiz gedişindən, eləcə də başqa əlverişsiz sosial-politik nədənlərdən geniş yayılmadı.
Bəy sözü indi Azərbaycanla Türkiyədə sayğı göstəricisi kimi işlədilir».
Sayğılı yaşıl yurddaş! Türklərin bəylik qurumunun 1918-ci il mayın 28-də qurduğu Azərbaycan Cümhuriyəti dövlətinin Azərbaycanın uyqarlıq, dövlətçilik tarixində dəyərini verməkdə çətinlik çəkilən bu günlərdə yuxarıda göstərdiyimiz axmaqlamaya cavabtək yazılmış yazımı yaxşı anla, özünü tanı, kimliyini bil, demokratik düşüncəyə gəl, BƏYtək ucal, gəliş, çağın sayılıb-seçilən uluslarından birinin oğlu olmağa çalış!
Bil! Sən etnik anlamda TÜRK, politik anlamda AZƏRBAYCANLIsan. Dilinin adı Azərbaycan dili yox, TÜRK dilidir. Azərbaycan Respublikasında 9,5 milyon Azərbaycanlı yaşayır. Ruslar, Ukraynalılar, Yəhudilər, Gürcülər, Ermənilər, Tatarlar, Ləzgilər, Talışlar, Kürdlər, Tatlar, Avarlar, Saxurlar, Buduqlar, eləcə də b. bütün yurddaşlar Azərbaycanlıdır.
200 il varlığına yeridilmiş ulusüstü politikalar səni yatırmış, özünüanlamaz, vurdumduymaz, yurdsevməz bir topluluğa çevirmişdir. Bundan yararlanan yağılar babalarından qalmış topraqları əlindən alır, səni yurdundan qovur. Sən gəlişmək, qabağa getmək, yağıları yerində oturtmaqdansa, yuxulayır, yatır, saqqal uzadır, çadra geyir, meyxana oxuyursan. Oyan!!! Adını, kimliyini bil, dövlətini, yurdunu, ulusunu-elini, dilini qoru!!!
Deyilənləri yaxşı anlaman üçün indi yaşamında qarşılaşdığın sosial olaylarla bağlı bir neçə BƏY sözümü eşit, UCA – BƏY olmağa çalış.
Yurdun üstünə yağı gələndə onun qarşısına çıxıb savaşan, bacardığını edən BƏY, qaçıb gizlənən, orada-burada kiçik bizneslə uğraşan, 1988-ci ildə Qarabağda işləməyə «geniş profilli həkim» kişilərin yerinə, döldən bir yaşa kimi cocuqlara baxan 25-26 yaşlı neonatoloq qızları göndərənlər QULdur!
Adlarını politoloq, politik, geopolitik, nə bilim prof. Doktor qoyub, tüpürülməli Az.TV-lərində, qəzetlərində ABŞ-ı, İngiltərəni, Almaniyanı… söyüb, buna dəngəli, balanslı politika deyənlər QUL, Azərbaycanlıları demokratiyaya, yüksəlişə, çağdaşlığa çağıranlar BƏYDİR.
Donluğundan, əlində olanından yurddaşlarına, kimsəsizlərə verənlər, çocuqlara A-zər-bay-can!!! A-zər-bay-can!!! dedirdib, dondurma ilə sevindirənlər BƏY, ulusun var-yatırını sorumsuzca ora-bura dağıdanlar, dini alverə çevirib, qadınların başına çadra keçirib, 8-10 yol haca gedən din alverçiləri QULdur!
Birlikdə yaşadığı evin həyətində ağac əkən, qonşu evdən gəlib onları sulayan, böyüdən BƏY, çocuqların açdığı su kranını bağlamayan, on yol deyilsə də, ertə gedərkən həyətindəki işığı söndürməyən düşüncəsiz QULdur.
Sayğılı yaşıl yurddaş! BƏY uca, ucalıqdır. BƏY ol, uca ol, qoy ulusun-elin sevinsin, yurdun ucalsın, sənə babalarının mahnısında deyildiyitək: «Səni gördüm, bəy oldum!» – desinlər!
SÖZARDI: Yazını bitirəndən sonra «Azadlıq» qəzetinə baxdım. Elnur Astanbəyli Türkiyəyə getmiş Ağalar adlı «filosof»un «Hüseyn Cavid vaxtında represiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi» «QUL»luğunu qırmaclamışdı.
Sevindim! Azərbaycan, ana yurdum! Demək, Mübariz İbrahimli kimi orduçu bahadırlarınla yanaşı, Elnur bəyin dediyi, «Günəşə küləş» deməyən dönməz ideoloq oğulların da vardır! Rus-erməni-sovet-mason bolşefaşizminin törəməsi olan proletar düşüncəli, antidemokratik, yolsuz-korrupsioner rejim də gedəcək, yerinə seçki yolu ilə, arı-duru, «bəy oğlu bəylər» gələcək, elə ilk «seçki dönəmi»ndə səni özgür, çağdaş, «ədalət ölkə»sinə çevirəcəklər!

 

[ ] Düz ayrıcda yazılanlar Yadigar Türkelindir.

19-22 iyun 2015-ci il

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv