Yadigar Türkel. ANANIZ BURLA XATUNDUR,  FATİMEYİ-ZƏHRA YOX! (Politik ağı-6)

 

Fizioloqlar canlıların qıcığa cavabını birinci reaksiya sayırlar. Canlılar anadangəlmə bacarıqları ilə yaşam savaşını sürdürür, varlıqlarını qoruyurlar. Bu doğal bacarıq insanlarda bioloji çevrədən çıxıb sosial-politik, kültürəl anlam qazanır. Kültür latınca kultura sözündən alınıb «becərilmə», «bəslənmə», «yetişdirilmə» deməkdir. Alınma sözlərin Türk dilinə uyğunlaşdırılması, onların qalın səslə bitmələrinin elə də düzgün olmaması ilkəsinə uysaq kultura yox, kültür (fabrik deyilən kimi) demək daha düzgündür.

İnsanın yaratdığı kültür onun toplumsal düşüncəsini oluşdurub, ulusal özünüanlamasında, özünütanımasında, özünüdoğrulamasında çox önəmlidir. Dünyadakı bütün canlı, cansız şeylərin adı vardır. İnsan gördüyü şeyləri, olayları adlandırarkən onların içdənliyinə önəm verir. Olayların duyğusal, affektiv etkisi bu adların çoxalmasında, gözəlləşməsində önəmlidir. İnsanlar ən gözəl, ən anlamlı, ən uca adları özlərinə qoyurlar. Adlar ulusal kimliyin bəlirlənməsində də önəmlidir. Ulusun bireylərinin adı yaşayıb oluşduğu doğadan qaynaqlanaraq sosial-politik, kültür, din, eləcə də başqa nədənlərdən dəyişir.

Orta çağda Doğuda, Batıda kültürəl-politik yaşam İslam, bir də Xristian dinlərinin basqısı altında olmuşdur. Bu çağda insanlara daha çox peyğəmbərlərin adları, ya da dinlə bağlı adlar verilmişdir: İslam, Xristos, Məhəmməd, Əli, Ömər, Qriqori, Məryəm…

Türklər Doğu ilə Batının mənəvi-politik ortamını yaradan uluslarından olduğundan, onların adları da göstərilən kültür çevrəsində dəyişmişdir. Orta çağda İslam dininə keçən Türklər az arada tarixi, kültürəl-mənəvi adlarını unudub, müsəlmanlığın göstəricilərindən olan İslam, Məhəmməd eləcə də b. adlara keçmişlər. Bu yanlış yol onların yaşamını başayaq etmiş, ulusal düşüncəsini pozmuşdur. Qaynaqların yazdığına görə İslama ilk keçən Bulqar şahzadəsi Şad adını Cəfər qoymuşdur. Xristianlığa keçən Türklər də özlərinə uyğun Xristian adları qoymuşlar.

Türklərin islamdanqabaqkı adları yazılmış qaynaqlar azdır. Kökləri miladdan qabaq IV minillikdən gələn «Dədəm Qorqudun bitiyi»ndəki Türk adları Oğuz Türklərinin islamdanqabaqkı adlarının ən yaxşı qaynağıdır – Qam Qan oğlu Bayandır Xan, Ulaş oğlu Salur Qazan, Qazan oğlu Uruz bəy, Dirsə xan oğlu Buğaç, Duha Qoça oğlu Dəli Domrul, Qanlı Qoca oğlu Qanturalı, Uşun Qoca oğlu Səkrək, Qazılıq Qoca oğlu Yeynək, Qaragünə oğlu Dəli Budaq, Qıyan Səlcuq oğlu, Bamsı Beyrək, Tondaz, Uruz, Aruz, Baybörə, Baybiçən, Dəli Qarcar, Bügdüz Əmən, Qağan Aslan, Bəkil, Basat, Burla xatun, Selcan xatun, Banuçiçək… Orxon Yenisey daş anıtlarında da gözəl Türk adları vardır – Bilgə Xaqan, Gültekin, Gülteriş, Elteriş, Orxon, Toğrul…

Bilginlər Türk ulusal düşüncəsinə, ulusal kültürünə, yaşamına yad – Məhəmməd, Həsən, Hüseyin… kimi Ərəb adlarının sonradan «Dədəm Qorqudun bitiyi»nə yamandığını bilirlər. Yuxarıda göstərilən ad sırasında Allahqulunun olmaması da deyilənləri doğrulayır. Göy Tanrı dinində insanı Tanrı yaratmayıb, o Tanrının qulu deyil, doğa da, insan da yaranıb.

Azərbayçanda din köklü Məhəmməd, Əhməd, Əli, Osman, Fatma, Zəhra, Həsən, Hüseyin, eləcə də bunlardan düzəldilmiş Əhmədəli, Fatimeyi-Zəhra, Hüseynqulu… kimi adlarla qarşılaşılır. 1920-çi il aprelin 27-də Azərbaycanda dövlət çevrilişi yolu ilə Sovet Ağalığı qurulandan sonra Yaşar, Sevil, Güllü, Gülçin, Elçin, Elxan, Orxan, Ayxan, Qaraxan, Sarxan, Elbəy, Elbəyi, Elsevər… kimi bir sıra yeni, gözəl Türk adları yaransa, ayrı-ayrı tanınmış adamların soyadlarına uyğun qoyulan Nizami, Füzuli, Nəsimi, Vaqif, Cavid, Müşfiq…  adları da Ərəb köklü olduğundan emosional affekt düzəyində qalıb ulusal düşüncəni az etkiləmişdir. Tərsinə, bu çağda Sovet, Marks, Engels, Vilen, Kolxoz, Sovxoz, Müəsisə, Komunizm… kimi gülünclüklər də törədilmişdir.

Son çağda Azərbaycan Respublikası Ağalığının bu işləri başlı-başına buraxmasından insanların düşüncəsində yanlış bir «müsəlmançılıq» başlayıb. Yetkili qaynaqlardan yayılan bilgilərə görə bu gün Azərbaycanda yeni doğulmuş körpələrə daha çox Həsən, Hüseyn, Fatimeyi-Zəhra, eləcə də başqa İslam adları qoyulur. Azərbaycan Respublikasının XXI yüzildə, bilim, kültür, informasiya texnologiyaları, informasiya toplumu çağında yaşayacaq insanlarına qoyulan adlara baxın: Kənan, Fəqan, Rəvan, Ramil, Ramilə, Xədicə… Bir doktorun xəstələrinin adlarından seçdikləri: Xinə, İfriz, Fəmirə, Ləkip, Mükalimə, Hekayət, İclas…

Bu ulusal düşüncəsizlikdir! Hanı Oğuz, Səlcuq, Aslan, Arslan, Alparslan, Eldəgiz, Bəybura, Toğrul, Türkel, Yaşar, Bahadır, Sevil, Burlaxatun, Banuçiçək, Güllübəyim, Tellibəyim, İncəbəyim, Ceyran, Maral…  Kişiyə də Rəvan (axan, axıcı, üzüyola, yolagedən, hamar), Rasim (rəsmçəkən), Ramil (falçı, falabaxan, ə sonluğu artıraraq başqa bir ayıb – Ramilə də yaradıblar), Taleh (pis, kötü, ayıb), Rahib (keşiş, xristian din adamı, monastrda yaşayan, dünyadan uzaqlaşmış), Rahibə, Zahid (keşişdəki anlamda), Zahidə, Qabilə (mama, mamaça) Tükəzban (yalançı qadın) adını qoymaq ancaq gerilikdən, ulusal düşüncəsizlikdəndir!

Kişiyə İgid, Qoçaq, Bahadır, Aslan, Alparslan, Toğrul, Umud, Uğur, qıza Gözəl, Burlaxatun, Sona, Sonaxatun, Sonabəyim, Güllübəyim, İncəbəyim…  adı qoyarlar.

Deyilənlər Azərbaycan Ağalığı ilə yanaşı, Azərbaycan aydınlarının da ulusumuzu, toplumu başlı-başına buraxmasındandır!

Son günlərdə YAP «Mədəniyət və Turizm Nazirliyi»nin bir işçi öyücüsü nazirin yardımçısına qoşuq qoşub, onu «Nizamülmülk kimi yaxşı vəzirsən!» sözlərilə bəzəsə də, Azərbaycan Respublikasının indiki başçılarından kimsə politikanı, dövlət yönətimini 30 il Böyük Səlcuqların Baş bakanı olmuş, gələcək soylara «Siyasətnamə» adlı taysız politika, kültür anıtı qoyub getmiş Nizamülmülkdən yaxşı bilirəm, – desə, inandırıcı olmaz!

Bitiyinin 51 bölməsində dövlət yönətiminin ayrı-ayrı qollarından danışan politik 8-ci bölümü «Din, şəriət, bu kimi işləri öyrənib nəzarət altına almaq haqqında» adlandırmışdır. Acınacaqlı da olsa, bu gün Məhəmməd Əmin Rəsulzadənin «behişt dəllalları» dediyi «cənnət alverçiləri» «demokratik, hüquqi, dünyəvi» Azərbaycan Respublikasındakı din özgürlüyündən yararlanaraq at oynadırlar: ölkənin baş mollası televizordan bizim məscidlərimizdə hər iki təriqətin adamları namaz qılır, – deməkdə, akademiklərimiz bilimlə dini qarışdırıb, doktorların nevroloji xəstə saydığı adamın «fövqəladə» vergililiyindən danışmaqda, «bilimçi»lər mələyin hızını ölçməklə uğraşmaqda, AZ.TV-lərdən «üç gün oruc tutan cənnətə gedir» kimi axmaqlamalar yayılmaqda… Dörd yanda din propaqandası – on yaşlı çocuqların başına torba keçirilməkdə, Əbülfəz Qarayev, Mübariz Qurbanlı, Hicran Hüseynova da yatmaqda.

Bir yanda da HACI yarışı. Kəbənin baş pulyığanı HACdan ona axan, ortalama 20 milyard dolları Qafqazda, Azərbaycanda vahabiliyi yayıb müsəlmanların olmayan birliyini dağıtmaqda. İrandan yoluxan şiəlik, Türkiyədən gələn nəlik, nəlik… də başqa bir qorxu. Azərbaycan Respublikası Ağalığı da Türklərin geopolitik nədənlərlə qırılmaz tellərlə bağlandığı Qafqaz Ellərini – xalaoğlu, dayıoğlularını özünə çəkmək üçün böyük kültürəl, ekonomik, bilimsəl işlər görməyə çalışmaqdansa, Monte Karloda, Vatikanda, Kannda pul dağıtmaqda. Güvənc yerimiz, Ulusal Güvənlik Bakanlığı da OBXSS-likdə…

AĞLA AZƏRBAYCAN, AĞLA!

doğanın

İnsan bilinci  bilgi – bilik – bilim – oldubitdinin (ərəbcə mütləqin)  <>

tanrının

qavranılması ilkəsilə qurulmuşdur. Bilim oldubitdini, doğanı, ərəbcə təbiəti, gerçəyi öyrənir, din isə söyləncələri. Bilimin fəlsəfəsi axtarış, dininki «ol dedi, ol»a inamdır.

Bilimlə din doğadakı, toplumdakı olaylara oxşar yanaşa bilər, ancaq onların yolu, baxışı heç kəsişmir, kəsişməz! Bilimlə din qovuşarsa, birləşərsə toplumun irəliçi yaşamı pozular, gəlişmənin, yüksəlişin yerinə din geriçiliyi girər.

Batının irəli toplumları, eləcə də Uzaq Doğunun Yapon ulusu bunu anlayıb, dini gərəkən yerinə qoyduqlarından, qarşılıqlı anlaşma, sevinc, şadlıq içində yaşayaraq, çağdaş uyqarlığın dadını çıxarır, müsəlman Doğusu isə İslam dininin geriçiliyində, «cənnət alverçiləri»nin alverində itib-batıb. Doğunun anlamaz başçılarına müsəlman aləmini gəlişdirmək üçün Avropalılar kimi dində yenidənqurmanın gərəkliyini anlatmağa çalışan Cəmaləddin Əfqani demişdir: «Getdim Avropaya müsəlman gördüm, İslam görmədim. Gəldim Şərqə İslam gördüm müsəlman görmədim».

Azərbaycan Respublikası heç kimə atasından qalmayıb! O, sayı 9,5 milyon olan Azərbaycanlılarındır! Onu Məhəmməd Əmin Rəsulzadə ilə savaş arxadaşları 1918-ci il mayın 28-də qurublar. Azərbaycan  Elinin, Türk Ulusunun aydınları 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı» ilə onu yenidən dirçəldərək, çağın demokratik ilkələrinə uyğun gəlişdirmək istədilər. Bu anlamda, dövlət qurumlarının başında olan, dövlət, ulus adından danışanlar anayasaya uymalı, danışığını bilməli, davranışını düzgün qurmalıdırlar. Özünü, danışığını bilmədiyindən, bir də görürsən, prezident olmaq istəyən, ulus qarşısında bilinməyən hansısa böyük işlərindən dolayı «ömürlük deftat» qayırılmış Qüdrət Həsənquluyev çıxıb «prezident olan kimi Azərbaycan Respublikasının adını dəyişəcəm» – deyir, başqa bir «ömürlük deftat», YAP-a yapışmış ayıb, hüquq üzrə elmlər doktoru, professor Siyavuş Novruzov, 1988-ci ilin fevralın 19-dan yenidən güclənən Azərbaycan Ulusal Axınına dönük çıxmış Fəzail Ağamalıyevin «ömürlük deftat» qayırdığı, Fizika İnstitutunda bir neçə il baş girləmiş Zahid Oruc olayları anlamaz başları ilə ölçərək Azərbaycan Milli Elmlər Akademiyasını (daha düzgünü, daha türkcəsi Azərbaycan Ulusal Bilimlər Akademiyasıdır) bağlamağın gərəkliyini basının gündəminə çıxarır…

Zahid Oruc, sən kimsən, kimin sözünü deyirsən, bilmirəm, AUBA-nı bağlatmağa çalışmaqdansa, Azərbaycan Prezidenti yanında Ali Atestasiya Komisiyasından Siyavuş Novruzov kimi bir adamı hansı ağlına, biliyinə görə  huquq üzrə elmlər doktoru, professor qayırdığını sor.

Azərbaycan bilimçiləri, aydınları, igidləri Azərbaycan Bilimlər Akademiyasını bağlamaq istəyənlərin gözünü deşər!

Ulusun yaratdığı ən böyük dəyər demokratik dövlət, ən önəmli dəyərlərindən biri isə bilim, kültürdür. Siz bunu anlamayıbsınızsa, heç olmasa, gedin Ramiz müəllimdən soruşun, sizə anlatsın, gədəbəylilər demişkən QANDIRSIN. Ancaq sizin başınız elə boşdur, inanmıram o da, ora bir şey yeridə bilə!

1990-cı il, 20 yanvar qırğınından sonra özümə söz verdim: mən bir daha Rusiyaya getmərəm! Doktorlar ancaq Moskvada sağala bilərsən desələr, bəlkə, 1-2 il yaşamaq üçün ora gedərəm. Ötən 25 ildə bir Rus qəzetini əlimə almamış, Rus televiziyasına baxmamışam. «Ömürlük deftat»ların Akademiyanı bağlamaq çağırışından sonra bilimçi arxadaşlar Rusiya Bilimlər Akademiyasının prezidentinin «Rossiyskaya qazeta»nın 30.09.2015-ci il, 219-cu sayındakı danışığını gətirdilər, oxudum. Demək olar bizdəki sorunlar oradadır. Doğa elmlərindən danışan prezident ortadakı maddi-texniki olanaqlarla böyük bilimin yaradılmasının olamazlığını deyir. Bilim Rusiyada belədirsə, ondan çıxmış «ucqar Azərbaycanda» necə ola bilər? Sözsüz, ötən 20 ildə biz böyük işlər görə bilərdik, ancaq olmadı! Bunu anlamalı, Ulusun Bilim qurumunu yüksək ağılla yenidən qurmalı, gəlişdirməliyik!

Prezidentin danışığından Rusiya bilimçilərinin donluğunun Azərbaycan bilimçilərinkindən 2-3 qat çox olduğu görünür, ancaq onların aldığı «unizitelnaya malaya pensiya» – «aşağılayıcı az pensiya» yaşılların bilimə gəlişinin qarşısını alır.

Azərbaycanda da belədir: toplumda düzgün bölgü ilkəsi pozulmuşdur, ömrü boyu oğurluq etmiş, rüşvət, yolsuzluqla pul yığmış prokuror 2 min, 2 min beş yüz manat pensiya alır, işləyən elmlər doktorları – 200 manata yaxın. İşdən çıxıb, 200 manat artırılmış pensiya almaq istəyənlərin  bir çoxunun da qarşısını 25 il AUBA-da çalışmaq «yasa»sı alır. Bu yanlış yasa insan hüquqlarını kobudcasına pozmaqdır.

Fəlsəfə doktoru, ya da elmlər dokoru adı insanın qazandığı hüquqdur. Bir bilimçi bəlirlənmiş yaşda pensiyaya çıxmaq istəyirsə, qoyun getsin.

Azərbaycanın bilimçiləri özgəsevərliklə-entuziazmla çalışırlar, özgəsevərliksə tez bitəndir.

AUBA-nı bağlamaq yox, buradakı AKADEMİK qurumunu ortadan qaldırmaq gərəkdir. Doğa bilimlərini yaxşı bilmədiyimdən onlardan danışmıram. Toplumsal-politik bilimlərdəki Tarix, Etnoqrafiya, Arxeologiya institutlarını, Ədəbiyat İnstitutu ilə Dilçilik İnstitunu, Memarlıq-İncəsənət İnstitutunu, Nizami adına Ədəbiyat Muzeyini, Əlyazmalar İnstitutunu… birləşdirmək.

AUBA-nın Fəlsəfə Hüquq İnstitutu ola-ola, İnsan Hüquqları adlı ayrı bir institut saxlamaq nəyə, kimə gərəkdir? Yeni açılmış institutları, eləcə də bilmədiyim qurumları ortadan qaldırmaq gərəkdir. Ruslar da bu yolla gedirlər.

Qabaqlar AUBA institutlarında iki yardımçı – müavin vardı. Son illərdə bürokratiya maşını yaxşı işləyib bir yardımçı ştatı da yaratdı. Kimə, nəyə gərəkdir bu? Şöbə – düzgünü, türkcəsi bölmə müdirləri (AUBA-nın yuxarı qurumlarında bölmə anlayışı olduğundan bunlara bölüm demək olar) direktorun yardımçısı deyilmi?

AUBA-nın yönətim quruluşu demokratik SEÇKİ sisteminə uyğunlaşdırılmalıdr! Bunsuz dirçəliş olmayacaqdır! AUBA-nın bütün şöbə müdirləri, direktorları, prezidenti SEÇKİ yolu ilə seçilməlidir.

Azərbaycan Ulusal Bilimlər Akademiyasına yatırım qoymaq, onu saxlamaq dövlətin borcudur. AUBA-ya qazanc yeri kimi baxmaq, ulusun sonuna çıxmaqdır. Hansısa Berti Foksa, Dimitrova, Türkiyənin «Kayserispor»unda 5 ay baş açmayan Prosineçkiyə milyonlarla, heç kimə gərək olmayan «4-cü dərəcəli» futbolçulara on yüz minlərlə manat donluq verib «idman qayırmaq» yolu yanılışdır. Alt yapısı olmayan «köpük idman»dan bir şey çıxmaz!

Berti Foks, ya da Prosineçki özü çıxıb oynamayacaq. Onlar əllərində qaynaq olarsa bir biçim – model yarada bilərlər. Ayağına futbolçu çəkməsi, əlinə boks əlcəyi, əyninə güləş köynəyi geyməmiş yolsuz bakanların-nazirlərin başçılığında böyük idman yaranmaz!

Böyük idman ancaq bilimsəl yönlü strateji dövlət proqramının uzun illər uyğulanması ilə yaranar! Qalan yollar yanlışdır, söyləncədir!

 

Yadigar Türkel

fəlsəfə üzrə elmlər doktoru

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv