Dəyişməli, ya da dəyişməli

Vüqar Bəyturan (Milli Qurtuluş Partiyasının başqanı)
Azərbaycanda iqtidar da, müxalifət də, xalq da mahiyyətcə dəyişməlidir!
Ölkəmizdən başdan-başa naftalin qoxusu gəlir. Televiziyalar köhnə mövzulardan, əslində çərçivələrdən kənara çıxa bilmir, küçələrdə binalar, körpülər tikilsə də, yenilik hiss olunmur, daşlar adamın üzərinə gəlir. Azərbaycan polisi mundirini dəyişsə də, sovet milisinin zorbalığını özündə tam ehtiva edir. Azərbaycanda 20-30 il əvvəl olduğu kimi təkpartiyalı sistem bərqərar olub, ölkə AKP, MK, 1-ci katib psixologiyası ilə idarə olunur. Parlamentdə kolxozçuların yerinə biznesmenlər təyin olunub. Azərbaycan müxalifəti Mavzoley, Kreml yerinə Avropa Şurasına donos və şikayət yazan sovet demokratlarına (demoqoq-V.B) bənzəyir. Mətbuatda maddi senzura hökm sürür, yəni əvvəllər xüsusi idarə və məmur mətbuatı senzuradan keçirirdisə də, indi şərtlər dəyişib. Maddi dəstək verənlər ələbaxan mətbuata vurulmasına icazə olan və toxunulmazlıq statusu qazanmışların siyahısını təqdim edir, həmin qəzet və ya agentlik də maddi dəstək kəsilməsin deyə, bütün şərtləri qəbullanır.
Sərhədi keçən, Avropaya, hətta Gürcüstana, son dövrlər Azərbaycana az-maz oxşamağa çalışan Türkiyəyə gedən soydaşlarımız geri dönmək istəmirlər. Vətən sevgisi ilə çırpınan ürəklər indi özlərini qəfəsdə hiss edir və çırpınırlar ki, bu ölkədən baş götürüb getsinlər. Millətçilik, vətənpərvərlik rəsmiləşib, sifarişlə həyata keçirilən, bayağı, yarımçıq, kompleks olmayan nəsnəyə çevrilib. Gənclik perspektivi məhv olmasın deyə, müxalifət ruhlu olmalarını gizlədir, sabah-birigün dövlət qulluqçusu adı qazanmasına maneçilik törədilməməsi üçün vicdanlarını sandığa basdırır.
Qonşularımızda, başqa uzaq-yaxın diyarlarda baş verən demokratik dəyişiklikləri həsədlə izləyir ölkə əhalisi. Xəyallarında ukrain, gürcü, qırğız, allahın Tunislisi olmaq istəyir zavallı Azərbaycanlı! Bezib standart yaşayışdan, hər gün sağ qalmaq üçün mücadilə verməkdən, bir qarın çörək naminə əyilməkdən, sınmaqdan… Axı xəyallarımızda bənzəmək istədiyimiz, bizdən fərqli olaraq rahatca nəfəs almaq imkanı qazanmış millətlər millətimizdən hansı keyfiyyətlərinə görə üstündürlər? Əksinə, tariximizə, mütəfəkkirlərimizə, mübarizliyimizə görə biz onlardan çox irəlidəyik. Elə isə bizə nə olub?
Xalqımızın özünə inamı, güvəni öldürülüb. Cinayət kimi xarakterizə oluna biləcək bu aktı Azərbaycan iqtidarı təkbaşına həyata keçirməyib. Bu işdə bizlər- müxalifət qüvvələri hakimiyyətə çox ciddi dəstək vermişik, birimiz az, digərimiz çox. Hər seçkidə xalqın inamı, etibarı ilə oynanılıb, dəstəyi qazanılıb, sonra da ümidləri divara çırpılıb. Seçkidən sonra hakimiyyəti kənara qoyub, bir-birimizi didmişik, birləşmək lazım olanda birləşmək əvəzinə qruplara bölünmüşük, adını da qoymuşuq “aparıcı” partiya! Azərbaycanı burax, təmsil etdikləri müxalifət cinahını hara apardıqları göz önündə bu “aparıcıların”. Xalq nə etsin, kimə dəstək versin bundan sonra? Dəstək verdiklərinin bir hissəsi hakimiyyətin yanında, bir hissəsi altında, bir hissəsi də səkkiz il əvvəl etməli olduğunu indi edir. Tələb olunmayan yerdə ona-buna barmaq silkələyəcək qədər pərişan durumdadırlar.
İlk növbədə müxalifət dəyişməlidir. Bu qütbün irəlidə getdiyini bəyan edən hissəsi-özlərini aparıcı adlandırırlar, böyük deyirlər, nə deyirlər-desinlər- getməlidirlər. Cavabında deyəcəklər ki, güc olun, bizdən önə keçin, gücə çevrilə bilmirsiniz, bizim getməyimizi tələb edirsiniz… Amma indi siyasətdən az-çox anlayan istənilən şəxsə məlumdur ki, sizlərdən önə keçmək mümkün deyil, buna iqtidar imkan verməz. 17 ildir ki, bu iqtidarın əlinə qısır bir ənənəvi müxalifət düşüb, istədiyi eksperimenti onun üzərində aparır, xalqla arzuladığını edir, heç kim ona mane ola bilmir. Niyə bu “aparıcılara” dəstək verməsin, niyə onları qorumasın, niyə gizli də olsa sahib çıxmasın heç vaxt hakimiyyətə gələ bilməyəcək bu qrupa? Mən, sən, o, başqa birisi, yəni “aparıcı” olmayanlar hakimiyyət tərəfindən kəşf edilməyib, bilinmir ki, həlledici an olsa, bu bələd olmadığı qüvvələr hansı qərarı qəbul edə bilər. Amma, ənənəvilərin edəcəyi o qədər bəllidir ki. Xalq hakimiyyətə gəlməyə hazır olsa, bunlar evində oturacaq, meydandan qaçacaq, qiymət danışacaq, bazar yaradacaq, satacaq, satılacaq! Bu iqtidarla ənənəvi müxalifət o qədər bir-birinə dəstək olub ki, doğmalaşıb, eyniləşib, oxşarlaşıblar. Heç bir-birindən ayrılana bənzəmirlər bunlar.
Bəzi dostlarım ənənəvi müxalifətin üzərinə çox getdiyimi deyir, “körpüləri yandırırsan” deyə narahatçılığını ifadə edir. Bilərəkdən edirəm. Bir daha aldanmamaq və xalqın aldanmasında iştirak etməmək üçün. 2010-cu il parlament seçkiləri hər birimizə sonuncu dərs oldu. Bilərəkdən bunları- həm iqtidarın, həm müxalifətin içərisində narazılıqla qarşılanacaq bu fikirləri ictimaiyyətin menyusuna təqdim edirəm, xalqın üzərində qurulan oyunu açmağa cəhddə bulunuram. Bilirəm ki, divin canı şüşədə olduğu kimi, bu hakimiyyətin də uzunömürlülüyünün sirri ənənəvi müxalifətdədir. Biri gedərsə, o birini də özü ilə aparacaq. Müxalifət dəyişərsə, yeniləşərsə, ölkədə hər şey dəyişəcək. Xalq da dəyişəcək, ümidlənəcək, qalxınacaq, 1989-cu ildəki mərdliyini, cəsurluğunu geri qaytaracaq. Müxalifət və xalq dəyişərsə, bu iqtidar da ən azından mahiyyətini dəyişməlidir. Ya möcüzə baş verməli- iqtidar xalqa üz tutmalı, sözün əsl mənasında bütün pis vərdişlərini bir yana qoymalı, mahiyyətcə yenilənməlidir, ya da getməlidir. Çünki, müxalifətin də, iqtidarın da əsaslandığı güc, material xalqdır, müxalifətlə iqtidar normalda bir tərəzinin iki gözüdür və bunlardan ikisi, yəni xalq və müxalifət yeni keyfiyyət dəyişkənliyinə uğrayırsa, hökmən hakimiyyət də bu yeniliklə ayaqlaşmalıdır. Burada yeni velosiped icad etməyə, hətta çubuqları bir-birinə sürtüb, qədim metodla od əldə etməyə də ehtiyac yoxdur. Necə deyərlər, iki üstə gəl iki, bərabərdir dörd. İqtidar da elə buna görə bu gözəlim ənənəvi müxalifətdən iki əlli yapışıb.
Tarix üçün on illiklər, yüzilliklər çox qısa bir müddətdir. Amma bir fərd üçün ömür deməkdir bu illər. Milyonlarla insanımız onlarla şəxsin səhvi, xəyanəti, cəsarətsizliyi, pula hərisliyi ucbatından ömürlərini yelə verdi, rifah içində yaşamağa layiq olduqları halda, bəxtlərinə zülüm, məzlumluq, səfalət düşdü. Hansısa müxalif liderin həlledici anda öz marağını üstün tutması bütöv bir ölkənin bəlaya düçar olması ilə nəticələnir bəzən. Biriləri fərqinə varmır ki, qəbul etdiyi qərar təkcə onun öz taleyini həll etmir, çoxlarına təsir göstərir. Qanuna uyğun şəkildə elə bir zaman gəlir ki, həmin adamın qərarları yalnız özü üçün əhəmiyyətli olur, çunki, ətrafda ona inanan başqa biriləri qalmayıb artıq…
Son on ilin hadisələrini gözdən keçirsək, yanlış qərarlar içində əriyən, yox olmağa üz tutan ənənəvi müxalifətin, Heydər Əliyevin ideologiyasız, yalnız şəxsi bacarıq və keyfiyyət bahasına qazandığı elektoratı xərcləyən, son seçkidə idarə müdirlərinin dəstəyindən başqa heç bir səs qazana bilməyən iqtidarın acı aqibətinə aparan yolu görə bilərik. İqtidar dəyişmək, yenilənmək istəmir, hətta bu meylləri yaxına buraxanları belə öz “gəmisindən” kənara tullayır. İş o yerə çatıb ki, müxalifətdə yenilənmə zamanının gəldiyini uğursuz liderlər özləri də etiraf etməkdədirlər. Əli Kərimli yeni dalğanın gəldiyini, İsa Qəmbər partiyadan gedənlərin yerini yeni qüvvələr tutacağını ümidlə söyləyir. Əlbəttə, bu, baş verəcək. Amma, kimlərsə bu yenilənmədən qurtula, daha bir müddətliyinə xalqa sırınmağa nail olmayacaqlar. Dalğa dediyin nəsnə yolunun qarşısında duranlara məhəl qoymur, ağ-qara, aparıcı olub-olmayanı tanımır. Yenilənməni qəbul etməyənlər sonda dəyişilməyə, yerini yeni qüvvələrə verməyə məcbur olacaq. Heç kim tarixin təkərini geri fırlamaq bacarığına indiyə qədər malik olmayıb. Azərbaycanda iqtidar da, müxalifət də, xalq da mahiyyətcə dəyişməlidir!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv