Ağşın Ağkəmərli. Yolçu yolda gərək

1965-ci ildə 5 yaşında kənddə  məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim.
Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək olan ərzağı alıb yenidən qürbətə dönərdi. O il, nədənsə, atamla nənəmin arasında anlaşılmazlıq oldu. Ona görə atam geri dönəndə bizi də özüylə Tehrana apardı.
Tehranın cənub məhəllələrinin birində (Şahbaz küçəsində) yerləşdik. Mənim də adımı qonşuluqdakı Nur adlı məktəbə yazdırdılar. Farsca danışa bilmədiyimə görə hamı mənə lağ edirdi. Şagirdlər də, müəllim də, ləhcəmi lağa qoyub gülürdülər. Buna görə sinif yoldaşlarımla yola getmirdim. Onları söyürdüm, bəzən də döyürdüm. Sözün düzü, dərs oxumağa marağım olmurdu, ancaq evə verilən tapşırıqları yerinə yetirirdim, söz yox, bəzi dərsləri çıxmaq şərtilə. Müəllimin tapşırdığı dərsləri oxumadan, o biri gün (həmin dərslərin) üstünə əlavələr edib danışardım. Ancaq fars dili, riyaziyyat, həndəsə dərslərində çətinliklərim olurdu. Bunun üçün tez-tez anamı məktəbə çağırıb deyirdilər: – “Evdə bu uşaqla, çalışın, farsca danışın. Fars dilini nə qədər yaxşı bilsə, dərsləri də bir o qədər yaxşı mənimsəyər”.

Evimizdə ailə üzvlərinin sayı çox olsa da, maddi sıxıntımız yox idi.  Mən də, ailəmə kömək məqsədilə, 9 yaşından  maddi qazanc işinə başlamışdım. Belə ki, məktəbdən çıxan kimi dondurma, qarğıdalı… satmaqla məşğul olurdum. Necə deyərlər, çulumu sudan çıxara bilirdim.
Tətillərdə dostlarımla birlikdə bazardan qarğıdalı alırdıq, közdə bişirib satardıq. Velosipedlə ucqar dükanlara dondurma verirdim, axşamlar isə satılışdan yığılan pullarımı toplayırdım.
Bəzən Tehrandan elə bezərdim ki, kəndə qaçmaq istəyirdim. Kənd havası xəyalımdan çıxmırdı, çox darıxırdım. Axı orada hamı doğmaca ana dilmizdə danışırdı. Nəslimizdə bir nəfər də olsun, başqa millətin nümayəndəsi yox idi. Kimsə kimsəni ələ salmır, məsxərəyə qoymurdu…
Səhər tezdən durub məktəbə tələsərdik. Bəzən anamın gözündən yayınıb özümü əl damına salardım, qovurma küpündən bir yağlı tikə götürüb qaçardım. Anam pəncərədən başını çıxarıb hədələyərdi. Ancaq səsi mənə çatana kimi çöl qapısından çoxdan uzaqlaşmış olardım.
Günorta evə gələndə anam hər şeyi unudar və heç nə olmamış kimi davranardı.
Tehranda üç ay yayı maddi vəziyyətim yaxşı olardı. Hətta bir yayın qazancıyla velosiped də  almışdım. Sonrakı yayda motosiklet, bir neçə ay sonra isə, 12 yaşımda, (ikinci əl) maşın aldım. Buna baxmayaraq, kənd üçün çox darıxırdım.  Səbəbi bəlli…
Bir gün müəllim məndən Sahib Təbrizinin haralı olduğunu soruşdu. Təbriz adını eşidən kimi “Təbrizdəndir” – dedim. Müəllim arxasını mənə çevirib əsgər addımlarıyla lövhəyə yaxınlaşdı, təbaşirlə lövhədə “Sahib Təbrizi Təbrizli yox, İsfahanlı idi” yazdı. “Qəbri də İsfahandadır” deyə, üzünü mənə tutub gözlərini gözlərimə zillədi:
– “Türk əgər loqman şəvəd bazəm xər əst”.
Sonra başını yelləyib aşağılayıcı baxışla –”Get yerində otur” – dedi.
İçim yandı, sözlər boğazımda düyünlənib qaldı. Çox keçmədi fasilə zəngi çalındı, siniflərin qapıları birdən açıldı, – şagirdlər də, müəllim də həyətə getmək üçün qapıya yönəldilər. Bir-birlərini basa-basa ikinci mərtəbənin pilləkənindən enəndə mən də müəllimin arxasına keçib yol almaq istədim. Bu zaman müəllimin çiyninə toxundum. Müəllim pilləkənlərdən üzü üstə aşağıya yuvarlandı, üz-gözü qan içində yerə uzandı.

O gündən bəri məktəbin daşını atdım. Bir neçə gün sonra məktəbdən evimizə bir məktub gəldi. Atamı məktəbə çağırmışdılar. Anam məktəbə getdi. Məktəbin müdiri Üskü şəhərindən idi. Anamı bir küncə çəkib türkcə dedi: – sənin oğlun daha bu məktəbdə oxuya bilməz. Yaxşı olar, siz onu başqa məktəbə keçirəsiniz.
O söhbətdən bir neçə gün sonra “Dərvazə dülab” məhəlləsinin Abşər küçəsində yerləşən tam orta məktəbin şagirdi oldum.
Bir gün dükanlara dondurma paylayırdım. “Meydanı Xorasan”, “Ləbi-Xət”, “Şuş”, “Bisim Nəcəfabad”, “Səfəri” küçələrindən keçib “Tirdöqolu” məhəlləsinin dikini qalxanda bir qəribəlik hiss etdim.  Eldar adlı dükançıdan topladığım pulları Eldar əminin özünə saxladım.
Eldar əmi Qaradağın “Arpizan” kəndindən idi. Özü də Milli Hökumətin köhnə fədailərindən idi. Hərdən saz çalardı. Müştərisi olmayan vaxtlarda gizlicə Bakı radiosundan yayımlanan axşam verilişlərini dinləyərdi.
Eldar əmidən təzəcə ayrılmışdım, tini dönəndə xapa xapdan Daşqınçı Həbibin oğlu qabağımı kəsdi: – hara əkilirsən? Savaş üçün üstümdə gizlətdiyim zənciri çıxarmağa macal tapmamış üzümə bir kəllə vurdu, dünya başıma fırlandı. Ayaq üstə güclə dura bildim. Tək deyildi, o birilər də üstümə şığıyıb məni yerə yıxmağa çalışdılar. Ancaq yıxılmadım. Yanındakılar qollarımı tutdular, Daşqınçı Həbibin oğlunun zərbələrini hər yanımda hiss edirdim. Hər yanımı axtarıb pullarımı tapa bilmədiklərinə görə velosipedimi əlimdən alıb apardılar.
Ağız-burnum qan içində idi, divara söykənib doyunca ağladım. Sonra axsaya-axsaya özümü Eldar əminin dükanına yetirdim. Eldar əmi çay süzdü. Bir azdan özümə gəldim.
Dedim: Eldar əmi, Tehrandan zəhləm gedir, bu şəhərə nifrət edirəm.  Kəndimiz ürəyimə yaman düşüb, torpaq yolları, tozlu küçələri üçün darıxıram.
Eldar əmi mənim halıma baxıb, dedi: – narahat olma, mən velosipedini alıb verərəm. Daşqınçının oğlunu, Həbibin dədəsini tanıyıram. Bizim qonşu kənddəndir. Atası yaxşı adam olub.
Sonra radionun səsini bir az artırdı. Müğənni yanıqlı-yanıqlı “Qaragilə” mahnısını  oxuyurdu. Sonralar öyrəndim ki, bu yanıqlı səs Rübabə Muradovanın səsidir.
Ürəyimə yatdı, mahnı ruhumu oxşadı.
Eldar əmi astaca əyilib, qulağıma dedi: – qardaş oğlu, 46-cı ildə, təkbaşına, düz 12 gün Qaflantı dağlarında, qız qalasında, ac-susuz İran ordusuyla vuruşmuşam.
Dərindən köks ötürüb gözünü uzaqlara zilləyərək davam etdi: – düz 24 fars sərbazını öldürmüşəm. Heyif ki, ara kəsildi, Arazın o tayından kömək gəlmədi. Mən də Qızılüzən çayını keçib, Qaradağa getdim. Evə xəbər göndərdim. Uşaqlar qonşu kəndə gəldilər, Tehranda yerləşdik.
Əlini çənəsinə qoyub gözlərini qıydı, gülümsəyərək, asta səslə: – Narahat olma. Su gələn arxa bir də gələr. Kefini pozma, möhkəm ol. Hələ qabaqda görəcək günlərimiz var, çayını iç.
Rübabə Muradova “Qaragilə” mahnısını başa vurmaqdaydı. Mənim hər yanım ağrıyırdı, ancaq Eldar əminin sözləri ürəyimin dərmanı oldu. Özümü tox tutub kefimi pozmadım.
Günaşırı Eldar əminin dükanına gedər, hal-əhval tutardım. O da cürbəcür söhbətlər edərdi.
Bir gün Eldar əminin dükanına yaxınlaşanda uzaqdan dükanın qabağını dolu gördüm. Velosipedimi ağacların arasına buraxıb camaatın önünə keçdim. Çoxlu əli avtomatlı polis vardı. Hər yanı mühasirəyə almışdılar. Kimsə yaxın gedə bilmirdi.
Mənim gözüm hər yerdə Eldar əmini axtardı.
Bir azdan polislər qolları qandallı Eldar əmini dükanından çıxarıb, qara maşının arxa oturacağında, iki polisin arasında oturtdular.
İçimdən qəribə bir hiss keçdi, sanki bir daha Eldar əmini görməyəcəkdim.
Gözlərim qaynar bulağa döndü.

O məğrur, orta boylu, dağ vüqarlı Eldar əmiylə – köhnə fədai qəhrəmanıyla son dəfə baxışlarımla vidalaşdım. O gün axşama qədər küçələrdə boş-boşuna gəzdim. Elə o gündən  mən uşaqlığın daşını atdım, artıq böyümüşdüm…

 

Ağşın Ağkəmərli

İsmikəmər kəndi .

May, 2024.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv