Ədalət həyatda öz müxtəlif nişanələriylə təzahür edir.
Zülm həyatda köklü, əsaslı, davamlı hadisə kimi təzahür edir. Ədalət zülmlə döyüşür, ancaq zülmə qələbə çala bilmir, zülm həyatdan silinmir, öz biçimini dəyişdirir və yaşayır. Son nəticədə həyatda ədalətin təzahürü artır, ancaq zülmün kökü kəsilmir. Zülm həyatı tərk etmir.
Ədalət deyir ki, dünya hamınındır, bu səbəbdən də hamının dünyadan bəhrələnməyə eyni dərəcədə haqqı var.
Zülm deyir ki, dünya – hamının deyil, zorlunun, güclünün, hakimindir, hamı zora, gücə, hakimiyyətə əyilməlidir.
Ədalət deyir ki, cəmiyyət hamınındır, bu səbəbdən də hamı cəmiyyətdən eyni dərəcədə bəhrələnməlidir.
Zülm deyir ki, cəmiyyət – güclünün, varlının, zorlunun, hakim olanındır, bu səbəbdən də hamı, gücə, vara, zora, hakimliyə əyilməlidir.
Ədalət deyir ki, insan kim olursa-olsun, qiymətlidir, hörmətə layiqdir.
Zülm deyir ki, yalnız güclü, zorlu, hakim insan hörmətə, izzətə layiqdir, başqaları gücə, zora, hakimliyə əyilməlidirlər.
Ədalət deyir ki, bütün xalqlar eyni dərəcədə bəşərin övladlarıdır və dünyada eyni hüquqa malik olmalıdır.
Zülm deyir ki, yalnız zorlu, güclü, varlı, möhtəşəm xalq bəşəri təmsil eləyə bilər, başqaları ona əyilməlidir.
Ədalət deyir ki, insan naləsindən, fəryadından, göz yaşından ürəklər od tutub yanır.
Zülm deyir ki, zorun, gücün, hakimliyin özünü təsdiq etməsi üçün nalələr, fəryadlar, göz yaşları zəruridir.
Ədalət deyir ki, həqiqətin qələbəsi – insanın şərəfidir.
Zülm deyir ki, həqiqət zora, gücə, hakimliyə baş əyməlidir.
Ədalət deyir ki, insan azad yaşamalı, düşünməli, duymalıdır.
Zülm deyir ki, insan gücə, zora, hakimliyə əyilməlidir.
Ədalət deyir ki, insan ləyaqətini tapdamaq olmaz, çünki ləyaqət insan həyatının mənasını təsdiq edir.
Zülm deyir ki, güc, zor və hakimlik ləyaqəti var, başqa ləyaqətlər yoxdur, çünki dünyada nə varsa, gücə, zora və hakimliyə baş əyir.
Ədalət deyir ki, qan tökmək günahdır.
Zülm deyir ki, qan tökmək zorun, gücün, hakimliyin təsdiqidir, ona görə də labüddür.
Ədalət deyir ki, ölkələri viran qoymaq günahdır.
Zülm deyir ki, bu, zorun, gücün, hakimliyin təsdiqidir, ona görə də labüddür.
Ədalət deyir ki, insanı əşyaya çevirmək günahdır.
Zülm deyir ki, bu, zorun, gücün, hakimliyin təsdiqidir, bu səbəbdən də labüddür.
Ədalət deyir ki, insan üzərində ağalıq günahdır.
Zülm deyir ki, bu, zorun, gücün, hakimliyin təsdiqidir və bu səbəbdən də labüddür.
Ədalət deyir ki, insanın böyüklüyü onun ruhaniliyə xidmət etməsiylə ölçülür.
Zülm deyir ki, onun böyüklüyü zora, gücə, hakimliyə gərək olmasıyla ölçülür.
Ədalət məhəbbət yaradır, zülm – nifrət!
Ədalət sədaqət yaradır, zülm – xəyanət!
Ədalət saflıq yaradır, zülm – hərcayilik!
Ədalətin üzü birdir, zülmün üzü – min!
Zülm ədalət donuna girə bilir.
Qəbahətlər törədir – ləyaqət kimi görünməyə çalışır.
Fəlakətə sürükləyir – nicat verən kimi görünməyə çalışır.
Cəhalətə salır – cəhalətdən qurtaran kimi görünməyə çalışır.
Əsarətə salır – azadlığa çıxaran kimi görünür.
Düşməndir – dost kimi görünür.
Azğındır – mərhəmətli kimi görünür.
Zülmətdir – işıq kimi görünür.
Ədalətlə döyüşdə zülm ani məğlubiyyətə uğrayır, geri çəkilir, cildini dəyişir, lakin yenidən peyda olur, yaşayır.
Zülmdən qurtarmaq üçün həyat Ali Həyata çevrilməlidir.
Ədalətin zülm üzərində tam qələbəsi Ali Həyatda baş verir!




İyul 31st, 2026
admin
Posted in 