Asif Ata. İnam – Şübhə

İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür.
Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür.
İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıq­dır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuz­luq, qeyri-kamilliyinin arxasında kamillik dayanır.
Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, təsdiqə layiq deyil.
İnam deyir ki, əslində ölümlü ölümsüzlüyün ifadəsidir, adi alinin ifadəsidir, dəyişkənlik sabitliyin ifadəsidir.
Həyatı təsdiq etmək üçün ona həyatdan yüksək nəzərlə baxmaq lazımdır.
Şübhə deyir ki, həyat təsdiqə layiq deyil, çünki onda müəyyənlik yoxdur, bu gün gənc olan – sabah qocadır, o biri gün isə ölüdür; bu gün həqiqət sayılan – sabah yalan sayılır. Həyatda Mütləq saflıq, böyüklük, ləyaqət olmur, müsbət keyfiyyətlər nisbi səciyyə daşıyır; gözəl çirkinə nisbətən gözəldir, xeyirxah bədxaha nisbətən xeyir­xahdır, möhtəşəm zəifə nisbətən möhtəşəmdir, ədalətli zülmkara nisbə­tən ədalətlidir, sevinc kədərə nisbətən sevincdir, azadlıq əsarətə nisbətən azadlıqdır.

Həyatdakı hadisələr, keyfiyyətlər, xassələr haqqında qəti söz demək olmur.

Kimdir insan?

Tovuz quşu kimi bəzənən, çay kimi şırıldayan, günəşlə bir oya­nan, məhəbbətli, ehtiraslı gəncmi, yoxsa duyğuları sönmüş, zəif, zəlil qocamı, yaxud torpağa çevrilib bir an içində heçə dönən ölümü?

Kimdir insan?

Məhəbbət dəlisi Aşiqmi, yoxsa nəşə dəlisi əyyaşmı?

Vətən dəlisi müdrikmi, yoxsa cah-cəlal dəlisi cahilmi?

Kimdir insan?

Sədaqətlimi – xəyanətlimi, qanadlımı – qarışqa yerişlimi, vicdanlımı – günahlımı?

Qadın – anadırmı, yoxsa nəşə alətidirmi, kişi – atadırmı, yoxsa nəşə köləsidirmi?

Kimdir insan?

Əyilənmi, ucalanmı, sevilənmi, sevdirənmi, doğulanmı, ölənmi, silahlımı, ilham­lımı, aldadanmı, aldananmı, cəmdən ayrılanmı, cəmə qovuşan­mı, şəhərlər salanmı, ölkələr talan eləyənmi?

Canavaramı bənzəyir, quzuyamı?

Şirəmi bənzəyir – filəmi?

Tülküyəmi – ceyranamı?

İlanamı – pərvanəyəmi?

Şimşəyəmi – yağışamı?

 

Nədir həyat?

Cəfəngiyyatmı – mənamı?

Evmi – səhramı?

Yolmu – bulaqmı?

Selmi – alovmu?

                   Həyatın məntiqi varmı?

“Qeyrətli ol” – deyirlər. Ancaq Mütləq qeyrətlə yaşamaq mümkündürmü?

Yaşamaq üçün kimisə satmalısan, kiməsə xain çıxmalısan, əhdini pozmalısan!

Başqa cür yaşamaq olmaz.

Çünki həyatın əsaslı məntiqi yoxdur, onun məntiqi məntiqsizlikdir.

“Məhəbbətli ol” – deyirlər. Mütləq məhəbbətlə yaşamaq olmaz. Çünki yaşamaq üçün kiminsə başını kəsməlisən, kimisə tapdama­lısan, meyidinin üzərindən keçməlisən.

“Vicdanlı ol, günaha batma!” – deyirlər. Günah işlətmədən yaşamaq olmaz.

Ya günaha batmalısan, ya da yaşamamalısan!

Həyatın əsaslı məntiqi yoxdur. Onun məntiqi – məntiqsizlik­dir.

“Mənəvi ol!” – deyirlər. Mütləq mənəviliklə yaşamaq bir araya sığmır.

Mənəvi cəhətcə kamil olmaq – yaşamamaq deməkdir, çünki ya­şa­­maq – haradasa pozğunluq, əxlaqsızlıq, heyvanilik demək­dir.

Çünki həyatın əsaslı məntiqi yoxdur.

Həyatın məntiqi məntiqsizliyindədir.

“Ədalətli ol!” – deyirlər. Ancaq Mütləq ədalətlə yaşamaq olmaz, çünki insanda hakimliyə, ağalığa meyil böyükdür.

Bu meyilə ədalətlə xidmət eləmək olmaz.

Ədalət vasitəsilə ağalıq niyyətinə çatmaq olmaz.

Çünki həyatın əsaslı məntiqi yoxdur.

Həyatın məntiqi məntiqsizlikdir.

“Doğru ol!” – deyirlər. Mütləq doğruluqla yaşamaq müm­kün deyil. Yaşamaq üçün yalana sığınmalısan.

Həyatın əsaslı məntiqi yoxdur.

Həyatın məntiqi məntiqsizlikdir.

“Vüqarlı ol!” – deyirlər və unudurlar ki, Mütləq vüqarla yaşamaq olmaz. Yaşamaq üçün vüqarı qurban verməlisən!

Həyat əyilən başları sayır.

Həyatın əsaslı məntiqi yoxdur, onun məntiqi məntiqsizlikdir.

“Mütləqi eşit!” – deyirlər. Mütləq tələblə yaşamaq – yaşama­maqdır.

“Fitnəkar olma!” deyirlər. Fitnəkar olmamaq – fitnəyə aldan­mağa bərabərdir.

Çünki həyat fitnəylə doludur və insanlar, əslində aldanan­lara və aldadanlara bölünürlər.

Çünki həyatın məntiqi məntiqsizlikdir.

İnam şübhəyə deyir ki, həyat sənin gördüyün həyat deyil, dünya sənin gördüyün dünya deyil, insan sənin gördüyün insan deyil; həyatı, dünyanı, insanı gözlə görmək mümkün deyil, çünki mahiyyət etibarilə onlar özlərindən artıq, böyük və yüksəkdirlər.

Bu baxımdan, əsil yaşamaq elə qeyrətli yaşamaqdır, çünki həyatın mənasına, mahiyyətinə uyğundur.

Bu səbəbdən insan vicdanlı yaşamalıdır, çünki bu, həyatın mənasına, mahiyyətinə uyğundur.

İnsan həqiqətçi kimi yaşamalıdır, çünki bu, həyatın əsl mənasına uyğundur.

İnsan məhəbbətli, mərhəmətli yaşamalıdır, çünki bu, həyatın əsl mənasına uyğundur.

İnsan vüqarlı yaşamalıdır, çünki bu, həyatın əsl mahiyyətinə  uyğundur.

Əslində qeyrətsiz, məhəbbətsiz, vicdansız, vüqarsız yaşamaq – yaşamamaqdır. Çünki həyat özü özlüyündə yaşamağın meyarı ola bilməz.

Həyat yaşamağın qarışıq, natam ifadəsi olduğundan vüqar­sız­lıqla, qeyrətsizliklə barışa bilər.

Buna görə də yaşamaq – həyatın məntiqsiz məntiqindən imtina etmək deməkdir.

Yaşamaq – həm də həyatı eşitməmək deməkdir.

Bu nöqteyi-nəzərdən həyatı rədd eləyən, qamçılayan Şübhə əslində onu qəbul edir, təsdiq edir, çünki insana, dünyaya həyatın məntiqi əsasında yanaşır.

Dünya öz mahiyyəti etibariylə əbədidir, kamildir, sonsuz­dur:     insan ölür – insanlıq ölmür; aşiq ölür – məhəbbət ölmür; qadın ölür – qadınlıq ölmür; qeyrətli ölür – qeyrət ölmür.

İnsan xəyanətə meyil etsə də, onu təqdir etmir; sədaqətə tapınır, sədaqəti təqdir və təsdiq edir.

İnsan əyyaşlığa meyil etsə də, əyyaşlığı təqdir etmir; məhəbbəti təqdir və təsdiq edir.

İnsan canavara bənzəyəndə belə, canavarlığı təqdir etmir;  baş kəsəndə belə, başkəsənliyi təqdir etmir; günaha batanda belə, günahı təqdir etmir.

Çünki öz mahiyyəti etibariylə insan sədaqətlidir, qeyrətlidir, məhəbbətlidir, buna görə də ən çox özünə – insana bənzəyir.

İnsanın faciəsi ondadır ki, o hələlik demək olar heç vaxt öz mahiyyətinə uyğun yaşamayıb, onun gerçək həyatı mahiyyə­tindən, ruhani imkanlarından çox aşağı, çox məhdud, çox kiçik olub.

Bu səbəbdən də o, gerçəklikdə heç vaxt özü olmayıb.

Bu səbəbdən də o, özündə israf olunmamış, üzə çıxmamış sonsuz qüdrət gəzdirir.

Bu Qüdrət həyatdan böyük olduğundan həyata sığmır və həyatı Ali Həyat səviyyəsinə ucaldır.

Həyatda İnamla Şübhə daim döyüşür, ancaq bu döyüşdə İnam tam qələbə çalmır, Şübhə həyatdan silinmir, o, həyatla yanaşı yaşayır.

Şübhə bəzən yalançı İnam şəklində meydana çıxır.

Xurafat biçimində o, insanları o dünya cəfəngiyyatıyla, hurilər-pərilər bəxtiyarlığıyla, cənnət xülyasıyla, Yeri-Göyü yaradan Allah uydurmasıyla aldadır.

Bu aldanışın arxasında insana, onun ağlına, duyğularına hədsiz şübhə dayanır.

Şübhə insanın ağılsız, naşı, xülyapərəst olduğuna inandığın­dan, cəfəngiyyatı həqiqət biçimində təqdim etməkdən çəkin­mir.

Ancaq Şübhə səhv eləyir.

İnsan Mütləqə inandığı dərəcədə xurafata inanmır.

Şübhə Mütləq tanımır, çünki önü gözlə görmək olmaz, Mütləq – dünyanın, həyatın, insanın əbədi inkişafında, kamil­ləş­məsində, xeyirləşməsində aşkara çıxır.

Bunu yalnız ruhun gözüylə görmək olar.

Şübhə öz qənaətlərində yanılır.

O, “xain olmayan yaşamır”  – deyir.

Əslində yalnız xain olmayan yaşayır, çünki yaşamaq həyatın mahiyyətinə uyğun gəlməkdir.

Şübhə “yalan danışmayan yaşamır” – deyir.

Əslində isə yalnız yalan danışmayan yaşayır, çünki əsil yaşamaq – həyatın mahiyyətinə uyğun yaşamaqdır.

Şübhə “mənəvi olan yaşamır” – deyir, əslində isə yalnız mənəvi olan yaşayır, çünki əsil yaşamaq – həyatın mahiyyətinə uyğun yaşamaqdır.

Şübhə “Mütləqlə yaşayan yaşamır” – deyir.

Əslində isə yalnız Mütləqlə yaşayan yaşayır, çünki bununla  o, həyatı ötüb keçir.

Şübhə insanı həyatda saxlamağa çalışır.

İnam insanı Ali Həyata yüksəldir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv