Soylu Atalı. Yaşamı yaşadanlar

Dünya gözəldir. İnsan bu gözəlliyi düşünəndə, duyanda, görəndə yaşayır. Əslində yaşamağın başqa anlamı da yoxdur.
İnsan doğulduğu gündən öldüyü günədək öz varlığını anlamağa, kimliyini tanımağa çalışmalıdır. Yoxsa həyat insanın imkanlarını heçə çevirir. Bütün gücünü maddi nemətlər əldə etməyə həsr edən insan bunun heçə çevrilmək olduğunu sözdə deyir, ancaq ömründə bundan imtina edib Dünyanın gözəlliyinə doğru yürüməyi bacarmır, ya da istəmir. Ancaq ölüm anında buna ürəkdən acımağa başlayır. Çünkü (ölüm anında) bu çağacan çabalarının boşuna getdiyi düşüncəsi fərdin Ölümlü yaşadığını bütün dolğunluğu ilə canlandırır.  Durumun isə geriyə – yanlışlardan qurtulmağa yolu qalmır. İnsanın yaşaya bilməsində başlıca sorun varlığında daşıdığı bu ziddiyyətlərdən qurtula bilməməsidir. Bir sıra dühalar, düşünərlər bu sorunları öz ömürlərində çözə biliblər. Bəşər övladına da anlatmağa çalışıblar. Ancaq onları çox az adamlar eşidib anlamaq istəyibdir.
Yaşamaq çətindir, çünkü anlamaq çətindir.
Dünya gözəldir, ancaq bu gözəlliyi görmək, tanımaq çətindir.

Bəşər övladı dolanmağın çətinliyi ilə yaşamağın çətinliyini ayırd etməkdə həmişə sorun yaşayıb. Biz də “yaşamaq çətindir” deyəndə dolanmağın çətinliyini önə sürmürük. İnsan mənəvi keyfiyyətlərini itirib özünə yadlaşanda həyat yarış meydanına çevrilir. Həyat şirəsini daha çox sormaq uğrunda savaş gedir. Bu savaşda udan dünyanı gözəl sayır, uduzan eybəcər. Bununla da bəşər övladının baxışında dünya öz mənasını itirir. Hər kəs üçün dünya onun maddi firavanlığının aşağı, yuxarı, yaxşı, pis olması ilə tutuşdurulur. Dünya fərdin cismani mövcudluğunun prototipi kimi dərk olunur.
Tolstoy özündən soruşmuş: “mən niyə yaşayıram. Mənim malım-mülküm, qulluqçularım, şöhrətim, hörmətim – hər şeyim var. Ancaq bu hər şey günlərin birində heç şey olacaq. Mən özüm isə torpağın altında qurdlara yem olacam”. Bu sorulara cavab tapmaq üçün Tolstoy, bəşəriyyətin qədim dönəmlərindən başlamış öz çağına kimi, bütün düşüncə insanlarına üz tutmuşdur. Eyni axtarışlar, eyni sonuclar gördükdə yaşamaqdan imtina etmək istəmişdir. Ancaq gərgin axtarışlar ona demişdir: sənin dünyaya gəlişində, yaranışında səbəb var, məzmun var. Sənin yaşamağın bu səbəbi doğrultmaq üçün gərəkdir. Əgər sən ömrünü ölümlü olanlara, bir zamanlar olmayacaq şeylərə həsr edirsənsə dünyaya gəlişin anlamını itirir. Əgər sən dünyanı anladan gözəlliklərə ömür verirsənsə ömrüyün məzmunu bu gözəlliklərdə qalır, sonsuzluğa qarışır, var olur. Tolstoy bunları düşündükcə sevinir, nikbinləşir. Bu düşüncələrdən ayrılıb həyatın ölümlü olaylarına üz tutanda isə umudu azalır, bədbinləşir…
Tolstoy səbəbi – Tanrını düşünəndə varlığının umudla dolduğunu, ölümlü həyatı düşünəndə isə umudsuzlaşdığını anlayır. Deməli, Tanrı – yaşamağın özü imiş. Ona görə də yaşamaq gərəkdir. Ona görə də yaşamaq gözəldir…
Biz də bu həqiqətləri öz varlığımızda az, ya çox anlamda izləyə bilirik. Belə demək mümkünsə, bu həqiqətlərdən bütün bəşər övladına pay düşür. Bu nədə özünü göstərir: – Mən bu il, İşıq Ayının (mayın) axırlarında Amaldaşım Günevlə Ağstafaya getdim. Asif Atanın Ağstafada yerləşən sonevinin (qəbrinin) üzərində tikdiyimiz məbədi yenidən işlədik (təmir elədik). Bunun üçün biz bir neçə gün orada qalmalı, yerləşməli, işimizi uğurla qurmalı idik. Telefonla Aydın bəyi aradıq, görüşdük, bizə yardım elədi.
Aydın (Tağızadə) bəyi uzun illərdir tanıyıram. Bu tanışlıq Asif Atanın ölümündən bir-iki il sonraya düşür. Aşağı-yuxarı 25 il olar. Aydın bəy fərqli işlərdə çalışmışdır, o çağlarda öyrətmən idi. Həm də işlədiyi məktəbin direktoru vəzifəsində çalışırdı. Biz hər il Ağstafaya Asif Atanın sonevini ziyarətə gedəndə Aydın bəylə görüşür, söhbətlər edirik. Öncələrdə işlədiyi məktəbin öyrənci gənclərilə bizim görüşümüzü də təşkil eləmişdi. Gənclərlə, Ocaq açısından, milli-insani söhbətlər eləmişdik. Eləcə də Ağstafanın ayrı-ayrı qələm adamları ilə çağaşırı görüşlərimizi ayarlayıb. Özü də bu görüşlərin qatlımcısı olub, düşüncələrini bizimlə bölüşüb.

Aydın bəy həm də qələm adamıdır, şairliyi, publisistliyi özünəxas bir düzeydədir. Yaradıcılığında vətən sevgisi, millət sevgisi qabarıq şəkildə özünü göstərir. Sözə, düşüncəyə açıq bir insandır. Sonuncu dəfə görüşdüyümüzdə sağlıq sorunları vardı. Buna baxmayaraq bizimlə görüşdü, ayrı-ayrı adamları da görüşdürdü. Bizi şəhərin qırağında yerləşən bağına apardı. Onun bağdakı yaradıcılığıyla da tanış olduq. Böyütdüyü meyvə ağacları onun sağlam əmək adamı olduğunu göstərirdi…

Bütün bu göstəricilər Aydın bəyin aydınlıq (ziyalılıq) səviyyəsinin incəliklərindən soraq verirdi. Onunla bağlı zəngin xatirələrim yeni xatirə çalarları ilə genişlənirdi. O bu xatirələrlə varlığımda dərin iz buraxa bilmişdir. Bax, elə insanı yaşadan da bu, ya buna bənzər məzmun dolu gözəlliklərdir, xatirələrdir. İnsan özü ilə bağlı başqalarına düşünmək, duymaq, sevmək məzmunu verəndə yaşayır. Bu məzmun bizi bizdən öncələr yaşamış düşünərlərlə doğmalaşdırır. Beləcə, keçmişlə bugün, bugünlə gələcək arasında qırılmaz bağlar oluşur. Bu qırılmazlıqlarda, bu ardıcıllıqlarda dünyanın gözəlliklərini kəşf eləmək imkanları yaşayır. Bu imkanlar insanların əbədi axtarışları, yaşamağın məzmununu üzə çıxarmaları ilə aşkarlanır.
Biz insan olaraq, bu kimi gözəllikləri duyanda, anlayanda yaşayırıq, var oluruq. Varlığımızın gözəlliyi də başqaları ilə ünsiyyətdə, vəhdətdə bilinir. İnsanın özünü başqasında görməsi, özünü başqası vasitəsilə tanıması məzmun yaradır, İnsanlığa gərək olur…
Mən düşüncələrimi izah eləmək üçün bir anı örnək göstərdim. Çoxlarının yaşamında bu cür hallar var, ancaq çoxlarının ömründə bu halların fərqinə varılmır.
Mənim Ağstafa ilə bağlı zəngin, fərəhverici xatirələrim yuxarıda vurğuladığım məzmunlarla dolur. Hər dəfə Asif Atanın üz qoyduğu torpağı ziyarət edəndə Ağstafalı duyğularım bir az da genişlənir. Bütün bunların hamısı insanın varlığındakı gözəlliklərlə bağlıdır. Torpağı da qutsallaşdıran insandır.
Mənim Ağstafaya sevgim – insan sevgimin özəlliklərinə özgündür. Onun da özülündə Asif Ata durur… Ancaq Sevgi də dünyanın gözəlliklərinə aparan işıq dalğası kimidir  – bir fərddə sınırlanmır, yeni fərdlərə münasibətdə üzə çıxır. İndi mənim Ağstafa sevgim, Ağstafalı xatirələrim həm də Aydın bəylə bağlıdır.
Ona sağlam ömür, can sağlığı, bundan sonrakı yaradıcılığında uğurlar diləyirəm…
…Dünya gözəldir. İnsan bu gözəlliyi duyanda, anlayanda, görəndə yaşayır…
Yaşamaq gözəldir. İnsan bu gözəlliyi aşkarladıqca xalqın dəyərlərinə çevrilir. Xalqın dəyəri olmaq əbədiliyə qovuşmaqdır. Fərd yaşamdan gedəndə belə, xalqda yaşayır…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

27.Qürub Ayı, 46-cı il.

(avqust, 2024).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv