Talıboğullarının qovuşma günü

Talıblı – 100

…Uzun illər axtarışdan sonra Kəpənəkçidə yaşayan Talıblıların başqa bölgələrdə yaşayan soy qohumlarına qovuşa bildik. Qaraqoyunlu mahalına, Qazağa, Dağ Borçalının Mollaevi kəndinə, Qaraçöp mahalına, Kəpənəkçiyə bölünmüş bu soyun (Talıboğullarının) bir araya gələrək, bir-birini tanıması prosesi birinci aşamada uğurla başa çatdı. İnanıram ki, bu soyu birləşdirən “Talıboğulları” kitabı (tarixi oçerk) hər bir “qol”da öyrənilərək bağlantılar daha da genişlənəcəkdir.

May ayının 30-da Qazağın İkinci Şıxlı kəndində yaşayan Talıblılarla görüşdük, qohumluq bağlantılarımızla bağlı geniş söhbətlər apararaq kitabın tanıtımını gerçəkləşdirdik. Bu işi təşkil elədiyinə, eləcə də yüksək qonaqsevərlik etdiyinə görə Fikrət əmioğluna dərin sayğılarımı bildirirəm.

İyunun 17-də bu cür qovuşma addımlarını Qaraçöp mahalında gerçəkləşdirdik. Aşağı-yuxarı 20 adam Kəpənəkçidən Qaraçöp Talıblılarının qonağı oldu. Orada da kitabın tanıtımını edib geniş söhbətlər apardıq. Bizə göstərdikləri yüksək qayğıya görə Qaraçöplü qohumlarımıza dərin sayğılarımı bildirirəm. Özəllikcə Mikayıl Qara oğluna (çox yüksək hazırlığa, qonaqsevərliyə görə) sevgilərimi sunuram.

Daha sonra Kəpənəkçidə düzənlədiyimiz törənlə doğmalaşmağımızı davam elədik. Bununla bağlı ayrıca, qısa, bilgi vermək yerinə düşər. Ulu babamız Xəlil Talıboğlunun 9 oğlundan 5-i Qarabağdan Qazağa köçüblər. Oradan isə ayrı-ayrı səbəblərdən yuxarıda adı çəkilən bölgələrə köçüb dağılıblar. Bu qardaşlardan Talıbla Abdulla 18-ci yüzilin 3-cü, 4-cü onilliklərində Kəpənəkçiyə köçüb yerləşmişlər. Ötən yüzilin 26-cı ilində isə hazırda yaşadıqları dağətəyi bölgəyə yerləşiblər. Bu bölgə ilə Kəpənəkçinin arasından Lök-Kəpənəkçi çayı axır. Sovetlik Kəpənəkçiyə baxsa da, Talıblılar (70-dən çox ev) balaca bir kənd kimi formalaşıbdır. Burada Talıblılardan başqa Kəpənəkçinin ayrı-ayrı soylarından da ailələr var. İyun ayın 19-da Talıblıların bu dağətəyi bölgədə yerləşmələrinin 100 illiyk törəni keçirildi. Bu işin təşkilatçılığında ciddi rol oynamış Rəhim Kərim oğluna (Maksim) dərin sayğılarımı bildirirəm.

Törənə “Kəpənəkçi Xeyriyyə Cəmiyyəti”nin sədri Azər Göyüşov, eləcə də Kəpənəkçinin başqa soylarından Ramiz Bəkirov, Hidayət Göyüşov, Zakir Məmmədov, Çingiz Yaqubov, əslən Soğanlıq kəndindən olan ictimai-siyasi fəal Fazil Əliyev, Bolnisi rayonunun keçmiş İcra başçısı Qoça Çopuraşvili kimi qabaqcıl adamlar da qatılmışdılar. Sayğılarımızı bildiririk. (Törənin ideyavericisi, aparıcısı Soylu Atalı idi)…

Törənə qatılanları “Talıboğulları” kitabı, eləcə də “Talıblı-100” adlı qəzet buraxılışları hədiyyə olundu. Bir sıra qonaqlara ayrıca Ocaq ədəbiyyatları da bağışlandı.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv