Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi

Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar.
Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən də hər iki ölkəni qıcıqlandırmamaq üçün uyğun motivlərlə hər ikisini qınayırlar. Barışdırıcılıqları da onda özünü göstərir ki, bütün suçları ara qarışdıranların üzərinə ataraq, baxışları onların üzərinə çəkməyə çalışırlar.
Bu məsələdə niyyət yaxşı olsa da, yanaşmalar yanlışdır. Bilmək gərəkdir, araqarışdıranlara səbəb verilməsə onların davranışlarının heç bir önəmi qalmaz. Yanlışlıq Azərbaycan hakimiyyəti ilə Türkiyə hakimiyyətinin “Yeni Dünya Düzəni” deyilən sürəcdə tutduqları mövqedə, eləcə də bir-birlərinə qarşı yürütdükləri siyasətdədir. İndi bir az bu yanlışlıqlara aydınlıq gətirməyə çalışaq.
İllər öncələrdə də yazmışdım, – dünyanı yönətən güclər Türk Birliyinin yaranmaması üçün özlərinin “Türkçülük” ideyalarını ortaya atıblar. Bu ideyalar hərəkət etməyən passiv görsənişlərdir, toplumlarımızın ağlını yönətmək üçün məkrli oyunlardır. Di gəl ki, bizim dediklərimiz kölgədə qalır, yalançı “türkçülük” bağırtıları isə toplumlarımızı yuxuya verməkdə davam edir. Ən başlıcası, meydanda tozanaq qaldıranların türkçülüyü, Ərdoğan mollaçılığını dünyaya diş qıcayan Türkçülük kimi sırımaqdan başqa bir şey olmur.
“Türk Dövlətləri Təşkilatı” yarananda sübut eləməyə çalışırdılar ki, artıq Yeni Dünya Düzənini bu təşkilat yaradacaqdır. Hələ onda yazırdıq ki, Türk dövlətlərinin heç birinin başında bağımsız Türk ruhlu insanlar yoxdur. Hər biri boyunduruqda, buyruqda olan adamlardır. Türk Birliyi deyə bir şey yoxdur, bu təşkilatın gücünə güvənmək də özünü aldatmaqdan başqa bir şey deyil. Özəllikcə də ərəbçi-mollaçı Türkiyə hakimiyyəti Türk Birliyinin ən böyük qənimidir. Bu hakimiyyət Türkiyədə Atatürk sistemini ortadan qaldırıb, ərəbçi şüuru dövlət düzeyinə gətirib, – həm də “Türk Dövlətləri Təşkilatı”na sədrlik edəcəkdir. Bu hakimiyyətin Türklüyə qarşı yürütdüyü siyasət bütün çılpaqlığı ilə ortada olduğu halda, regional lider kimi hələ də topluma sırınmaqdadır. Ancaq kimlərə, nəyə liderlik etdiyi bəlli deyil. İranla savaş həddindədir. İraqda əsas güc şiə müsəlman kvotasıdır, baş nazir Ali əl-Zeydinin nəzarətindədir. Prezidenti kürd siyasi dairələrinin seçdiyi Nizar Amedidir. Bunlar da Batı güclərinə bağlıdır. Burada şiə İranın da etkiləri var. Ancaq Türkiyənin yoxdur.
Suriyada mərkəzi hökumət Əhməd əş-Şaraanın rəhbərliyi altındadır. O da İsrailin kadrıdır. Türkiyə hakimiyyəti isə bu hökuməti sadəcə dəstəkləyir (İsraili guya yamanladığı halda).
Azərbaycana gəldikdə isə son olaylar göz önündədir. Söz atışmaları, bir-birini aşağılamalar… Baxın, bu yalançı liderin bütün addımları ziddiyyətlidir. Məsələn, Türkiyə hakimiyyəti davamlı olaraq İsrailə qarşı olduğunu göstərir. Ancaq İsraillə döyüşən Husilərə qarşı kəskin mövqelər sərgiləyir, Husilərin döyüşdüyü Səudiyyə Ərəbistanına gərəkən yardımları göstərir. Onu da deyək ki, İsraillə Səudiyyə Ərəbistanı strateji tərəfdaş, rəsmi müttəfiqdir.
Bu yandan Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan arasında 7 avqust, 2026-cı ildə «Məkkə Birgə Müdafiə Sazişi» imzalanmışdır. Müqaviləyə əsasən, bu üç ölkədən hər hansı birinə qarşı edilən hücum hər üç dövlətə qarşı hücum kimi qiymətləndirilir. Bəllidir ki, Səudiyyə Ərəbistanı ABD-nin əsas forpostlarından biridir. Bəs Səudiyyə Ərəbistanına (İsraillə ABD-nin müttəfiqinə) kim hücum edə bilər, – İran. Görünən odur ki, Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanında ABD ilə İsrailin varlığını İrandan qorumaq öhdəliyi götürüb.
Bəs Azərbaycandan nə istəyir, – İsrailə boyun əyməməsini. Türkiyə hakimiyyəti Azərbaycan hakimiyyətinə deyir, – mən Türkiyəni mollaçılıq cəhalətinə bürümüşəm, sən də Azərbaycanı bürü. Azərbaycan hakimiyyəti də deyir, – mən bu addımı atsam, onda İran bu cəhalətin əli ilə mənim hakimiyyətimi əlimdən alacaq.
Ona görə də Azərbaycan hakimiyyəti Türkiyədən daha çox İsrailə güvənir. Elə işin faciəli durumu da bundadır. Bu hakimiyyətlər Türk Birliyinin başına oyun açırlar. Türk Birliyi onların hakimiyyətlərini qorumur, çünkü onların Türk Birliyi deyə hədəfləri yoxdur. Bu gün bizim üçün xalqlara düşmən kəsilən İsraillə Türkçülüyü devirən molla qafalı Ərdoğanın heç bir fərqi yoxdur. Azərbaycan hakimiyyəti isə bu ikisinin arasında seçim edir. Bu isə Azərbaycanın gələcəyini qorxu altına almaqdır. Azərbaycanı bunların hər ikisindən məsafədə saxlamaq gərəkdir. Bunu isə bacaran milli hakimiyyət olmalıdır…
Atamız Var olsun!

19 Xəzan Ayı, 48-ci il.
(19.10.2026).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv