Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?

Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə eləmək olmur. Bir sözlə, “dəmir yolu açılıb” demək özünü doğrultmur. Bu üzdən də yarım milyona yaxın soydaşımızın yaşadığı Borçalı mahalı əldən-gözdən uzaqda acınacaqlı bir durumun içinə buraxılıbdır. Əslində, Borçalı heç vaxt, sovetlər dağılandan sonra, sosial-siyasi, ya da milli ideoloji baxış obyekti olmayıbdır. Azərbaycan dövləti buna bir nədən göstərə bilər, – “Borçalı başqa bir dövlətin ərazisidir, bizim başqa bir dövlətin iç işlərinə qarışmağa hüququmuz yoxdur”. Bir açıdan yanaşanda bu deyilişə haqq qazandırmaq olar. Bir dövlət başqa dövlətin iç işlərinə qarışmamalıdır. Ancaq söz qonusu yarım milyonluq soydaşlarımızın milli-mənəvi durumu, gələcək taleyidirsə, hər cür qırağadurma bəhanələrdən başqa bir şey deyildir. Bu cür məsələlərdə sorumluluqdan qaçmaq o deməkdir ki, dövlət dış siyasətindəki funksiyalarının bir hissəsini itirmiş olur. Hər bir dövlət üçün özünün soydaşlarının taleyi, harada yaşamağından asılı olmayaraq, üstün (prioritet) bir siyasi motiv kimi qəbul olunmalıdır.
Borçalı məsələsində “A”-dan “Z”-yə kimi bütün yanaşmalar Azərbaycan dövlətinin baxış mərkəzində olmalıdır. Belə olmadıqda, qulağının dibində ona qarşı qorxunc siyasi etkilər hazırlanacaqdır. Çox sürətli şəkildə, dayanmadan hazırlanır da. Şiəçilik pərdəsinə bürünmüş İrançılığın Borçalıda cahil bir ordu yaratması artıq dönməz bir xarakter alıbdır. İllərlə biz bunu basın orqanlarında yazmışıq. Bir çağlar biz bunu yazanda ayrı-ayrı soydaşlarımız bizə təsəlli verirdilər ki, işsiz Borçalılar sadəcə pul qarşılığında bu addımları atırlar, onlar heç vaxt satılmazlar. Bilmək gərəkdir, heç bir dövlət, heç bir qüvvə heç kimə boşuna pul verməz. Pul – ideoloji baza hazırlamaq üçün xərclənir. İnsanları cahilləşdirən xərclər – qarşısında alternativ ideoloji maarifçilik görməyəndə daha ciddi pozuntulara yol açır. Bizim kimi ayrı-ayrı vətənsevərlər də qıraqdan deyinə-deyinə, qınaya-qınaya uzağa gedə bilmirlər. Alternativ maarifçilik işləri aparmaq üçün getmək, gəlmək, qalmaq kimi sorunlar həllini tapmalıdır. Bu isə böyük xərclər tələb edir.
Mən orada olanda, daha doğrusu, Bakıya yola düşdüyüm gün Marneuli şəhərinin girişindən başlamış yolların qırağına çoxsaylı adamlar düzülmüşdür. Alınlarına qara lent bağlamış bu adamlar tıxacda yavaş-yavaş hərəkət edən maşınlara sərin su (butulkalarda), bir də dondurma paylayırdılar. Bunun adına imam ehsanı deyirlər. Ancaq sadə kütlə fərqində deyil ki, bu ehsanın arxasında böyük siyasi məkr gizlənir. Onlar da bu məkrli siyasətin sadəcə qurbanlarıdırlar. Bunu anlayan, ağıllı kəsən, oxumuş insanların səsləri çıxmır, etiraz eləməkdən qorxurlar. Çünkü cahil kütlənin onların üzərinə saldırılması su içmək qədər asan bir məsələdir. “Dinsiz”, “Allahsız”, “kafir” damğaları ilə az-çox durumu anlayan insanları hədəfə götürə bilirlər. Bu cür yanaşmalar qorxunun maneəsiz yayılmasına yol açır. Bu gedişə dirəniş göstərmək Gürcüstan hökumətinin siyasi çıxarlarına uyğun deyil. Toplum nə qədər cəhalətə yuvarlanarsa onu ictimai-siyasi sürəclərdən uzaqda tutmaq bir o qədər asan olur. “Dağıdıcı, gerilikçi kütləni siyasi yönətimə yaxın buraxmaq olmaz” bəhanəsi ilə Borçalı türklərinin Gürcüstan dövlətinin ictimai-siyasi ortamında yer tutmasının qarşısı alına bilir. Görünən odur ki, Azərbaycan hakimiyyətinin də heç nə qulağına deyil. Sual ortaya çıxır: – əgər başqa dövlətin iç işlərinə qarışmaq olmazsa, nədən İran rejimi bizim insanlarımıza bu qədər ağalıq edə bilir. İkinci bir yandan, insanların taleyi ilə bağlı hansısa məsələlərdə razılığa gəlmək nədən başqa dövlətin iç işlərinə qarışmaq sayılmalıdır?! Yenə vurğulayıram, bunlar sadəcə bəhanələrdir. Bilmək olmur, Azərbaycanın Gürcüstandakı səfirliyi, Diaspora qurumu, Gürcüstan Azərbaycanlıları Konqresi, eləcə də başqa ədəbi, ictimai qurumlar nə işlə uğraşırlar. İş o yerə çatıb ki, ayrı-ayrı Borçalı soylu insanlar Bakıda fəaliyyət göstərən ateist yönlü verilişlər aparan adamlardan kömək umurlar.
…Ötən illərdə “Borçalı Vətəndir, Vətənlə oynamaq olmaz” başlıqlı yazı yazmışdım. O yazıda demək olar ki, bugünkü qorxunc gedişlər vurğulanmış, izah edilmişdir. İndi o qorxunc gedişlər gündən-günə dərinləşməkdədir. Ancaq qarşısında heç bir dirəniş görmür.
Sözüm vətənini, millətini sevən insanlaradır: Gəlin, soydaşlarımızı yuxuya verən təbliğatların qarşısına keçməyə çalışaq. Biz hər bir prosesə hazırlıqsız yaxalanırıq. Sonra da hər şeyin gec olduğunu düşünürük.
Rəsmi basın orqanları, televiziyalar, bir az özünüzdə güc tapın, maarifçilik işləri aparmaqda bizə yardımçı olun. Heç olmasa efir ayırın, yer verin. Qarşıda qaya var, bizim işimiz isə damcı çapındadır. Ancaq bu damcılar davamlı düşərsə, qayanı parçalaya bilər. Yetər ki, bu damcı davamlı düşsün.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

05 Od Ayı, 48-ci il. (05.07.26).
Saray-Soylu.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv