28 May – DÖVLƏTÇİLİK BAYRAMI

Türkel Araşdırma Qurumu təqdim edir

Göylü Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Əsrlərdir milli şüurumuzun inkişafına və dövlətçilik ənənələrimizə ardıcıl olaraq zərbələr
vurulur. Bu da ən çox ərəb, fars və rus irticasının təsirində özünü göstərir. Bəlli “Türkmənçay bağlaşması” nəticəsində Qacar türk dövləti ikiyə parçalandı. Dövlətimizin bir hissəsi, Quzey
Azərbaycan Çar Rusiyasının işğalı altında qaldı, başqa bir hissəmiz isə fars üsul-idarəsi lə əvəz
olundu. Nəticədə Azərbaycanın dövlətçilik ənənəsi sıradan çıxarıldı. Təxminən 90 il sonra
Azərbaycanın Quzeyində Məmməd Əmin Rəsulzadənin başçılığı altında Demokratik Respublika
quruldu. Amma təəssüf ki, bunun ömrü heç iki il də çəkmədi və 20-ci yüzildə bu dəfə Çar
Rusiyasının varisi Sovetlər tərəfindən (ikinci dəfə) dövlət müstəqilliyimizə son qoyuldu.
Biz ADR-in qurulmasının 95-cü ildönümü qarşısındayıq və istəyərdim ki, dəyərli aydınlarımız
bu yöndə öz fikirlərini bildirsinlər. İlk sualımı da Abil bəyə yönəltmək istəyirəm.
Abil bəy, ADR hansı tarixi və siyasi şəraitdə elan olundu?

Abil Ulusoy: Günaydın istəkli yurddaşlarımız! Azərbaycan dövlətinin, bu gün deyildiyinin
əksinə olaraq, bir tarixi arasıkəsilməzliyi olubdur. Tarix boyu bu coğrafiyada Azərbaycanın
dövlətçiliyi olubdur. Ancaq bu dövlətlər müxtəlif adlarla adlanıblar. Yer, məkan isə eyni
olubdur. Bu, birmənalı şəkildə hamı tərəfindən qəbul olunmalıdır. Azərbaycan Demokratik
Cümhuriyyəti heçdən yaranmamışdı. Dövlətçilik ənənəsi olan bir millətin siyasi iradəsinin
ifadəsi idi. Ancaq o dövrdə tarixi və siyasi şərait çox mürəkkəb idi. Hamımız bilirik ki, 20-ci
yüzilin əvvəlində “Birinci Dünya Müharibəsi” baş verdi. Təbii ki, müharibənin sonucu kimi
adətən dünyada bölgülər gözlənilir. Ərazi iddiasında olan dövlətlər, siyasi, iqtisadi gəlirlər əldə
etmək istəyən dövlətlər arasında qruplaşmalar baş verir. Artıq “Birinci dünya müharibəsi” başa
çatar-çatmaz belə deyək ki, yenidən bölüşdürmə iddiası baş qaldırmışdı. Məğlublarla qaliblərin
arasında təsir dairələrin bölüşdürülməsi, dünyanın yeni idarəçiliyi məsələsi ortalığa çıxmışdı.
Bizim yaşadığımız bölgədə bizə yaxın olan, dost olan, bizimlə eyni millət olan Türkiyə
Almaniya ilə müttəfiq idi. Müharibədə Almaniya uduzmuşdu. Bu bölgədə gözü olan, iddiası
olan, bölgəni özünün təsir dairəsi hesab eləyən rus imperiyasının da bu müharibənin nəticəsindən
gözlədikləri var idi. Çox mürəkkəb bir tarixi şərait yaranmışdı. Bu mürəkkəb tarixi şəraitdə
Qafqazda Azərbaycan türkü və o yanda gürcülər dövlət qurmaq istəyirdilər. Biz özümüzün,
bayaq qeyd elədiyim kimi, dövlətçilik ənənəmizi bərpa eləməliydik. Mən sizə bir sitat gətirmək
istəyirəm. Gürcüstanın o vaxtkı xarici işlər naziri böyük bir təəssüf hissi ilə demişdi ki,
başqalarının təsiri altında Qafqazda bir millət də yaşayır. Bunlar ermənilərdir. Bunlar bura
gəliblər və dövlət qurmaq istəyirlər. Gərək biz öz ərazilərimizin hesabına onların dövlət
qurmasına yardımçı olaq. Ermənilərin burada torpağı yox idi. Gürcüstanın xarici işlər naziri desə
də ki, biz onlara torpaq verməliyik, Azərbaycan torpaqlarının hesabına onlara dövlət quruldu.
Bu gün Azərbaycan iqtidarı ADR-in qurucularına tez-tez iradlar səsləndirir ki, onlar İrəvanın
Ermənistan adlanan dövlətə baş kənd olmasına icazə verdilər. Həmin tarixi şəraiti doğru
araşdırıb ortaya qoymadan Azərbaycan ictimaiyyətinə vaxtaşırı belə mesajlar göndərilir. Bu isə
ictimai fikri çaşdırmağa xidmət edir. Bilmək lazımdır ki, o insanlar öz imkanlarından yuxarı
səviyyədə fədakarlıq göstərərək bu yurdda dövlət qurmuşlar. Onların atdıqları addımların hər
biri, qəbul elədikləri qanunlar çox təəssüf ki, əksəriyyət etibarilə həyata keçirilə bilmədi. Həm
vaxt az idi, eyni halda rus-bolşevik hakimiyyəti də təbii ki, buna imkan verməzdi. Bugünkü
Azərbaycan hakimiyyəti mən düşünürəm ki, Demokratik Cümhuriyyət tərəfindən qəbul olunmuş
qanunların müəyyən qismini həyata keçirsəydilər, Azərbaycanda ictimai-siyasi vəziyyət indiki
kimi fəlakətli olmazdı. Azərbaycan öz müstəqilliyini elan elədikdən sonra o vaxtkı tarixi, siyasi
vəziyyət bir növ 90-cı illərdəkinə bənzər bir şərait idi. Ermənilərin ərazi iddiası və beynəlxalq
güclər tərəfindən Azərbaycanın sərvətlərinə, – birinci növbədə neftə görə Azərbaycan ətrafında
müxtəlif oyunların qurulmasına gətirib çıxarmışdı. Bu cür çətin bir siyasi vəzityyətdə
Demokratik Cümhuriyyət 23 ay olsa da, duruş gətirdi. Çox təəssüf ki, dünyanın böyük gücləri
tərəfindən qəbul olunmadl. Qəbul olunmamağı isə dövlətimizin növbəti dəfə itirilməsinə səbəb
oldu. Ancaq bununla belə, 90-cı illərdə yenidən həmin dövlətçılik ənənələrinə söykənərək
dövlətimizi yaratdıq. Biz yox yerdən dövlət yaratmamışıq. Sovet imperiyası parçalansa da,
Azərbaycan dövlətçilik ənənsi olan bir ölkə idi. Belə bir deyim var: dövlət qurmaq istəyirsən,
türkü çağır. Biz həmin türkün bir qoluyuq. Bir sözlə, ADR- in qurduğu dövlətçilik bugünkü
Azərbaycan üçün bir qürur mənbəyidir.

Göylü Atalı: Azərbaycan dövlətinin bugünkü durumu haqqında sonra söhbət eləyəcəyik. Hələ
ki, o dövr haqqında danışmağımız məqsədəuyğundur. İstəyərdim Xaliq bəy fikrini bildirsin. O
dövrdə ADR- in qurucularına qarşı alternativ bir qüvvə meydana çıxmışdı. Deyək ki,
Nərimanovların timsalında bolşeviklər meydana atıldı. Sizcə Bolşeviklərin mövqeyində olan
azərbaycanlıların atdığı addım xəyanət idi, yoxsa naşılıq?

Xaliq Bahadır: Nəriman Nərimanov bolşevik olmayıb. Bolşevik başqaları idi, Əzizbəyovlar idi,
ermənilərlə bir yerdə, ruslarla bir yerdə, massonlarla bir yerdə işləyirdilər. Nərimanov başqadır.
Bunu biz ayırmalıyıq. Nəriman Nərimanov Azərbaycan tarixində 20-ci yüzildə Məmməd Əmin
Rəsulzadə ilə bir sırada duran adamdır. Onlar başlanğıcda bir partiyada olublar, Hümmət
partiyasında. Sonra yolları ayrılıb. Nəyə görə ayrılıb? Dünyada kommunist hərəkatı, sosialist
hərəkatı var idi. Nəriman Nərimanov sosiaist hərəkatında olan adam idi. Sosializm də itməyib,
qurtarmayıb. Mən düşünürəm, Azərbaycanın özünün gələcəyi üçün də sosializm pis bir şey
deyil. Avropa praktikası göstərir, Latın Amerikasının praktikası göstərir. Bir çox ölkələr keçiblər
ona. Yaxşı sonuclar verdiyinə görə. Məmməd Əmin Rəsulzadə millətçi axına qoşuldu. Daha
doğrusu, o axının başında durdu. Nəriman Nərimanov sosialist axınına qoşuldu, o axının başında
durdu. Sonu nə oldu? Məmməd Əmin Rəsulzadə hakimiyyətə gəldi, demokratik respublika
qurdu. O özü sonra sosialist hakimiyyəti ideyasına gəlib çıxdı. Bununla bağlı onun yazıları da
var. Nərimanov sosilist kimi hakimiyyətə gəldi, millətçi kimi hakimiyyətdə qaldı. Çox maraqlı,
belə deyək, paradoksal bir şeydir. Məmməd Əmin Rəsulzadə millətçi kimi hakimiyyətə gəldi,
yavaş-yavaş sosialist yolu tutdu. Nəriman Nərimanov sosialist kimi gəldi, millətçi yolunu tutdu.
Bax, mən ona görə deyirəm, bunların hər ikisi Azərbaycan xalqının böyük oğludur. Qarışdırmaq
gərək deyil. Onların imzaları da bir-birinə yaxın idi. Bunlar sonacan qəzetlərdə döyüşmüş
adamlar idilər. Məmməd Əmin Rəsulzadənin imzası “Məh” idi. Nəriman Nərimanovun imzası
“Nər” idi. Bir-birilə bu imzalar altında vuruşurdular. Çox gözəl yazılar yazırdılar. İndi bizdə elə
liderlər yoxdur, vuruşsunlar, ortaya gerçəyi qoysunlar. Yəni millət üçün vuruşsunlar. Məmməd
Əmin Rəsulzadə nəyə görə sosialistə çevrildi? Gördü ki, bu yolla millətə daha böyük uğurlar
qazandırmaq olar. Nərimanov nəyə görə millətçiyə çevrildi? Gördü o rejimdə millətçi olmaqla
millətə daha böyük uğurlar qazandırmaq olar… Bolşevizm hakimiyyətə gəlmişdi. Miillətə yaxın
adamları onlar məhv eləyirdilər. Bizdə də lap pis idi. Ona görə ki, bizdə bolşevizm başında
duranlar ermənilər idi. Şaumyandan bu yana. Hakimiyyəti də ermənilər götürmüşdü. Elə
Nəriman Nərimanov millətçilik yolunu tutduğuna görə, onu Kremlə çağırıb öldürtdülər. Bayaqkı
çıxışlarda bir sıra unudulmuş yerlər var. Onları mən demək istəyirəm. Onlar nədir? Tanınmış
politoloq deyir, bizim tarix boyu dövlətçiliyimiz olmayıb. Prezident də deyir, əsrlər boyunca
Azərbaycan başqa imperiyaların təsirində olub. Birincisi, ən əski çağlardan, dünyanın bu gün
tanınan çoxlu sayda dövlətləri dövlət yaratmayanda biz dövlətlər yaratdıq. Dövlət yox ha,
dövlətlər yaratmışıq. Minilliklərdən öncə. Manna dövləti, bir çox dövlətlər onda dövlətin nə
olduğunu bilmirdi. Bu elə-belə yaranmayıb. Deməli düşünən beyinlər olub. Dalınca gəlir Maday
dövləti, tarixdə ona Midiya deyirlər. Midiya adı yunanlardan gəlmədir. Sonra gəlir Atropaten
dövləti. Sonra Albaniya dövləti. Bunlar hamısı bir-birinə bağlıdır. Sonra gəlir Saclılar dövləti.
Tarixdə ona Sacilər deyirlər. Onu mən düzgün saymıram, o ərəbcədir. Saclılardır. O dövləti
qurub Yusif Sac. Saclı dövlətidir. Bunlar hamısı ardıcıl gəlir. Sonra gəlir Səlcuqlular, Səlcuqilər
deyirlər. O da düzgün deyil. Səlcuqlular da bizim dövlətimizdir. Bunu ayırmaq olmaz. Bilirsiz
niyə ayırırlar?! Bunlar 93-cü ildə gəldilər millətin adını dəyişdilər, elədilər Azərbaycanlı.
Azərbaycanlı olanda biz doğrudan dövlətsiz oluruq. Bunu bilə-bilə eləyirlər. Bu, bütövlükdə
türklüyə xəyanətdir. Azərbaycanlı köksüz bir şeydir. Azərbaycanlının dövləti yoxdur.
Azərbaycanlı dövlət qurmuşdu 20-ci ildə, 90-cı ildə dağıldı. O da Azərbaycan dövləti deyildi,
antiazərbaycan dövləti idi. Sonra, ikinci Azərbaycanlı dövləti quruldu 1993-cü ildə. Bu gün də
bizə nələr qazandırır, ortadadır. Ancaq türk etnosuna gələndə, türk etnosu min illər boyu
dövlətlər yaradıb. Hamısı da bir-birinə bağlı olub. Azərbaycanlını ortaya çəkəndə Səlcuqlular
bizim olmur. Başqaları bizim olmur. Ancaq türkü ortaya çəkəndə Mannadan başlamış hamısı
bizim olur. Kimsə deyə bilər, sonra gəldi monqollar, biz imperiya tərkibində olduq. Elə deyildi.
Monqol tatarların başında dururdu Çingiz Xan. Tər-təmiz türk idi. Sonra gəlir 14-cü yüzildə
Teymur imperiyası. Bizim imperiyamız idi. Moskvadan Misirəcən tutmuşdu. Sonra gəlir
Ağqoyunlular, bizim dövlətimiz idi, Qaraqoyunluar gəlir, bizim dövlətimiz idi. Səfəvilər,
Əfşarlar gəlir, Qacarlar gəlir. Bizim dövlətimiz idi. Bu bilirsiz nədir? Prezident olmur nə olurolsun,
bu adam tarixi bilmir. Prezident olaraq sən, təkcə öz tarixini yox, bütün tarixi bilməlisən.
Siyasətçi olaraq sən, dünya tarixini bilməlisən. Bizdə siyasətçilər tarixi bilmirlər. Ona görə də
İlham Əliyevə cavab verə bilmirlər. Vəfa Quluzadə deyir ki, bizim tarix boyu nə dövlətimiz
olub, nə dövlətçiliyimiz. Min illərdən bəri bir-birinə calanan dövlətlər yaranıbsa, bu etnosun
gücü deməkdir. Bilirsiz, dünyada ikinci belə etnos yoxdur. Min illər boyu bir-birinə bağlı
dövlətlər yaratsın. Yoxdur bu. Gəlir 20-ci yüzilə. 20-ci yüzildə o çağkı sosial, siyasi duruma
uyğun olaraq azərbaycanlılar üç dənə dövlət yaratdı. Balaca bir xalq üç dənə dövlət yaratdı. Özü
də maraqlı odur ki, üçü də demokratik respublika idi. Görün millətin başı nə başdır. Azərbaycan
demokratik respublikası, Cənub Qərbi Qafqaz Respublikası (Qars), üçüncü Araz türk
Respubikası. Düzünə qalsa, Azərbaycan Demokratik Respublikası ilkin yaranışında beləydi –
Azərbaycan Türk Respubikası. Məmməd Əmin Rəsulzadəgil onu elə yaratmışdılar. Bayrağı da
Babək bayrağı idi. Ay ulduzlu qırmızı bayraq. Onlardan bizi niyə döndərdilər? Birinci Dünya
Savaşında Rusiya Antantada idi, Fransa və İngiltərə ilə birlikdə. Elə bizim işimiz onda gətirmədi.
Rusiya udanların içində oldu. Qafqaz işğal olundu. Azərbaycanda da üç dövlət ortaya çıxdı.
Bunlar başladılar basqı göstərməyə. Tomson oturmuşdu burda (ingilis generalı). Dedilər siz
Türkiyənin əlaltılarısız. Dönə-dönə Fətəli Xan Xoylu danışıqlara getdi. Dedilər sizin bayrağınız
da Türkiyənin bayrağına oxşayır. Bunlar bayrağı dəyişdirdilər. Türk sözünü ordan götürdülər.
Mən inanıram ki, gələcəkdə o bayraq da olacaq, o türk sözü də olacaq.
O biri respubikalar nə oldu? Deməli, 90-cı ildə erməniləri təpədən- dırnağa qədər
yaraqlandırmışdılar. Bir yandan ruslar, bir yandan İngiltərə. Azərbaycanda ov tüfəngini də
yığışdırmışdılar. Bu bilirsiz nə idi? Bunun başlanğıcı var idi. 1918-ci ildə İngiltərə ilə, Rusiya
erməniləri yaraqlandırmışdı təpədən-dırnağatək. Yüz yetmiş minlik erməni ordusu yaradılmışdı.
Erməninin sayı çox az idi. Ancaq yüz yetmiş minlik ordu yaratmışdılar. Bizim ordumuz yox idi.
Ruslar qoymamışdı azərbaycanlı əsgər getsin, neyləsin. Bundan başqa azərbaycanlıların ov
tüfəngini ingilislər yığmışdılar. Bu tarixi faktdır. Bizdə çoxları rusların elədiyini bilir, ingilislərin
elədiyini bilmir. İngilislərlə ruslar tarix boyu bir missiyanı yerinə yetiriblər. Antitürk missiyası.
Bu gün də o missiyanı yerinə yetirirlər. Qars Respublikasının 43 nəfərini ingilslər tutdular, Malta
adasına sürgün elədilər. Sonra onları ölümdən Nərimanov qurtardı. Nərimanov belə böyük adam
idi. O hakimiyyətə gəldi. Əslində hakimiyyət buna zərbə idi. O, zərbənin altına girdi, onları
ölümdən qurtardı. Ancaq respublika əldən getdi. Bu biri yandan ingilislər Araz Türk
Respublikasını dağıtdılar. Ora ermənilər girmək istəyirdilər. Göyçə, Zəngəzurdan sonra
ermənilər Naxçıvanı təmizləmək istəyirdilər türklərdən. Onda Məmməd Əmin höküməti
Osmanlıdan yardım istədi. Gəldilər bizi qırğından qurtardılar. Əkrəm Əylisli xaincəsinə yazdığı
“Daş yuxular” əsərində deyir, Ədil Paşa gəldi quldur dəstəsilə orda erməniləri qırdı. Ermənilər
orda türkləri qırırdılar. Ədil Paşa da quldur dəstəsilə gəlməmişdi. Ədil Paşanı ora Demokratik
Respublika çağırmışdı. Orda iki respublika yıxıldı. İngilisləri ola bilsin, o, çox qıcıqlandırmışdı,
ruslarla bir yerdə. Qars Respublikası istəyirdi Azərbatycana qatılsın. Onda Dağıstan
Azərbaycana qatılmaq istəyirdi. Gəlib gedirdilər. Elçilər göndərirdilər. Bu biri yandan Araz Türk
Respublikası qatılmaq istəyirdi. Azərbaycanı parçalamaq üçün bu günkü demokratik dünyanın
“demokratik aparıcıları” olan ingilislər darmadağın elədilər, ruslarla bir yerdə. Bu tarixi biz
bilməliyik. Bilməliyik, biz hansı dövlətlərin üzərində etnos kimi oturuşmuşuq. Bu son iki yüz
ildə bizi geri oturdublar. Quzey Azərbaycan bəllidir. Güney Azərbaycanda nə oldu? Quzey
Azərbaycanda dövlətçiliyi aradan apardı Rusiya. Güney Azərbaycanda ingilislər 1925-ci ildə
türk hakimiyyətini devirdilər. Qacarlar dövlətini devirdilər. Dünyada o dövlət Qacar dövləti idi.
Özü də dili türk dili idi. Pəhləvi hakimiyyəti qurdular. O hakimiyyətin də proqramını ingilis
hazırlamışdı. Bütünlüklə antitürk proqramı idi. Türk tarixi danılırdı, türk ədəbiytyyatı danılırdı.
Türk mədəniyyəti danılırdı. Bunlar hamısı Azərbaycan dövlətçiliyinin qarşısını almaq məqsədi
daşıyırdı…

Göylü Atalı: Mənə maraqlı bilirsiz nədir? Siz toxundunuz söhbətinizdə ki, Azərbaycanda üç
demokratik respublika olubdur. Tarix boyu biz bunu görmüşük. Xüsusən son əsrlərdə.
Maraqlıdır, Ağşın bəy, istəyərdim siz bu suala cavab verəsiniz. Nəyə görə milli mübarizənin
yönü Azərbaycanın bütövlüyünə doğru deyil, əksinə, hər kəs öz bölgəsində xırda-xırda dövlətlər
yaratmağa çalışır. Tutaq ki, Azərbaycanda üç hökümət yarandı, Güneydə Pişəvəri bir dövlət
yaratdı. Hətta Naxçıvanda… Yəni bunlar xanlıqlar dövründən qalan psixoloji təsir idi, yoxsa…

Ağşın Ağkəmərli: Bilirsiz, Xaliq bəy bir az məsələyə aydınlıq gətirdi. Ancaq mən yenə də Xaliq
bəyin vurğuladığı bir məqama toxunmaq istəyirəm. Həqiqətən o dönəmdə rus tərəfindən
Azərbaycan işğal olunmuş bir ölkə idi. Təəssüf ki,düşmən bizi özümüzdən yaxşı tanıyır. Bizim
haqqımızda hesab açmışdı, üstümüzdə işlənmişdi. Təkcə buraya o, orduyla gəlmirdi. Təkcə
buraya o, erməniylə gəlmirdi. Buraya həm də İslam adı ilə gəlirdi. Buraya İslam fanatizmi
ilişirdi. Bu məsələ bəs qədər öz təsirini göstəribdir. Eyni halda, bizdə millətləşmə məsələləsi
getməmişdi. Ona görə millətin mübarizə aparan insanları bir araya gələ bilmirlər. Yəni o birlik
şəraiti olmadığına görə, siyasi parçalanma, coğrafi parçalanma getdiyinə görə çətinliklə dövlət
oluruq. Hərə bir tərəfə çəkir. O bizim beynimizdə oturuşub. İmkan düşəndə birini orda, birini
burda elan edirik. Vahid bir güc yaratmırıq. Bu da, dediyim kimi, millətləşə bilməməyimizdən
irəli gəlir. Siz bilirsiz ki, 20-ci əsrin əvvələrində bir çox imperiyalar məhv olmağa doğru getdi.
İran da həmin məqamda idi. Ancaq Səttarxan beynində düşünürdü ki, min illik bir şey əlindədir
niyə bunu rahatlıqla buraxsın. Ona da qurban getdi. Ayətulla Təbatəbainin dəvətiylə Tehrana
getdi. Tehrandakı Rusiya səfirliyində onu tərksilah elətdirdilər. Erməni daşnaklarını İran
dövlətinin ordu tərkibinə daxil etmişdilər. Elə onların əliylə də Səttarxan güllələndi.
Düzdür, bu məsələyə Səttarxanın fərdiliyində son qoyuldu. Ancaq köz var. Köz özünü Xiyabani
hərəkatında göstərdi. 1946-cı illərdə Pişəvərinin hərəkatı 20-ci əsrin əvvələrində gedən
mübarizənin sintezi idi. Eyni halda, Məmməd Əmin Rəsulzadənin hərəkatı özündən sonra böyük
izlər buraxdı. Bax, budur, ənənəmiz davam edir. Qarşısını ala bilmirlər. Ancaq dediyim kimi,
hələ uğurlu sonuca vara bilmirik, çünki millətləşmə mərhələsi keçmirik. Əgər biz istəyiriksə,
tarix təkrar olmasın, bu vaxtacan uduzduqlarımız kimi təzədən uduzmayaq, biz keçmişi ciddi
öyrənməli və gələcəyə yeni addımlar götürməliyik. Tariximizə yadlıq qayıdır, biganəlik qayıdır.
Yerliçilik, paxıllıq, qısqanclıq münasibətlərə qayıdır. Millətləşmə bunların həlli deməkdir.

Göylü Atalı: Soylu bəy, bugünki Azərbaycan Respublikasını ADR-in varisi saymaq olarmı?

Soylu Atalı: Azərbaycan Respublikasının varis olub-olmamasına münasibət bildirməzdən öncə o
dövrkü bəzi məqamları istəyirəm ki, yenidən xatırladım. Çünki varislik məsələsi özündən öncəki
bir sıra məsələlərin izahını, aydınlaşmasını tələb eləyir. Məsələn, istər Nərimanov hakimiyyəti
olsun, istər Məmməd Əmin hakimiyyəti. Biz bunlar arasında milli yöndən, dövlətçilik yönündən
seçim aparırqsa təbiidir ki, əsasən mövzumuz olan ADR-in üzərində fikirimizi cəmləşdiririk.
Demokratik Cümhuriyyətin. Çünki bizim üçün milli varolmamızın əsas şərtləri məhz ADR-də öz
ifadəsini tapmışdı. Nərimanovun ayrı-ayrı intellektual keyfiyyətlərinin olmasına baxmayaraq,
onda öz əksini tapmamışdır. Bir də yönətim kuralı deyilən bir şey var. Məsələn, Məmməd Əmin
Rəsulzadənin daşıdığı milli baxışın yönətim kuralı nədir, Nərimanovun daşıdığı baxışın yönətim
kuralı nə? Məmməd Əmin Rəsulzadənin daşıdığı yönətim kuralı birmənalı şəkildə millidir.
Nərimanovun daşıdığı baxışın yönətim kuralı milli deyil, beynəlmiləldir. Bu Leninizm
ideyasının üzərində oturuşur. O dövrü və durumu təhlil eləyəndə əsaslı məsələlərə diqqət
yetirməliyik. Əlbəttə, tənqid edəndə bilməliyik, kimi və nə üçün tənqid edirik.Təəssüf ki,
insanlarımız məsələlərə çox vaxt səthi yanaşırlar. Məsələn, tənqid edəndə elə tənqid eləyirlər ki,
süpürüb atırlar. Elə tənqid etmirlər ki, biz onun içindən xalqa, millətə gərək olan nüansları
götürək və səhvləri təkrar etməyək. Səhvlərimizdən düzgün nəticə çıxara bilək. Elə mövqe
yoxdur. Ancaq qüsurları da axıracan deməliyik. Mən anlayıram bizim dostların baxışını.
Məsələn, Xaliq bəy Nərimanovla Məmməd Əmin Rəsulzadəni müəyyən mənada bir-birinə bağlı
şəkildə ifadə eləyir. Bu da ondan irəli gəlir ki, cəmiyyətimizdə hər bir dəyərlərimizə qarşı çox
aqressiv, kəskin, dağıdıcı mövqelər var. Dediyim kimi, bu da məsələlərə səthi yanaşmaların
nəticəsidir. Ancaq həqiqətdən qaça da bilmərik. Nəticə çıxarmalıyıq, Nərimanovun düşüncəsini
əsas götürəndə gedib milli keyfiyyətlərə dayanmırıq. Bu onun ciddi qüsuru idi. Bu qüsurla
Nərimanov Məmməd Əmin Rəsulzadəyə mane oldu. Əslində Məmməd Əmin Rəsulzadənin
timsalında milli dövlətimizin devrilməsinə bais oldu. Bu mənada Nərimanovun baxışını biz əsas
kimi qəbul edə bilmərik. Nəinki əsas kimi qəbul edə bilmərik, həm də ona bu yöndən tənqidi
yanaşmalıyıq təbii. Məgər Nərimanovla bir cərgədə duran bolşevik daşnakların Bakıda və
bölgədə törətdikləri vəhşilikləri, 16 mart, 21 mart, soyqırımın pik nöqtəsi olan 31 mart faciələrini
kimlərin törətdiklərini Nərimanov görmürdümü, bilmirdimi?! Bundan sonra da o, bolşeviklərlə
bir arada mübarizəsini yürütmüşdü, əslində M.Ə. Rəsulzadə cümhuriyyətini devirməyi başa
çatdırdı.Deyirlər bilmədi, gec anladı. Siyasi xadim hardasa səhv edə bilər, ancaq elə səhvlər var
ki, milli tərəqqini yüz il dala ata bilir.
Qaldı ki, Məmməd Əmin Rəsulzadənin özünün təhlili. Biz Məmməd Əmin Rəsulzadəni təhlil
eləyərkən artıq onda qüsurlar axtarmırıq. Niyə axtarmırıq? Bayaq dostlarımızın vurğu elədiyi
məsələlərə görə. O dövrün tarixi şəraiti çox mürəkkəb idi. Baxın, əsrlər də ondan öncə biz başqa
mədəniyyətlərin təsiri altında formalaşmışıq. Fəlakətli ağrılar yaşamışıq. Hətta bizim
imperiyalarımız olduğu zamanda belə, yenə də bizim milli arzularımız əksini tapmır. Yenə də
bizim mədəniyyətimiz, dünyabaxışımız, milli şüurumuz yad mədəniyyətlərin basqısı altında
olub. Bunların hamısı bizə əsas verir ki, düzgün nəticə çıxaraq. M. Ə. Rəsulzadə dinçilərlə
Avropaya meyil eləyənlərin arasında qalmışdı. Onlarla millətçilərin vəhdəti alınmadı,
doğrultmadı özünü. Çünki burda baxış fərqi vardı. Hər bir baxışın, dediyim kimi, yönətim
kuralları var. İslam yönətim kuralı tamam ayrı bir şeyi vəd eləyir. Orda milliliyi bərpa eləmək,
bərqərar eləmək mümkün deyil. Bu tərəfdən lap Avropa yönlü düşünənlərin münasibəti.
Avropadan hansısa qabaqcıl şeyləri mənimsəmək ayrı şeydir, amma bütünlüklə üzünü onun
yönətim kuralına tutmaq ayrı şeydir. Məsələ burasındadır ki, Məmməd Əmin Rəsulzadəyə mane
olanlar həm də Avropa yönətim kuarlına üz tutan adamlar idi. Məmməd Əmin Rəsulzadə özü
Avropa tərəqqisinin üstünlüklərindən bəhrələnirdi, amma onu gətirib öz yönətim kuralının yerinə
qoymaq istəmirdi. Belə bir ziddiyyətlər yaranmışdı. Ona görə də labüd şəkildə ona qarşı olan
qüvvələr xarici qüvvələrə söykəndiyi üçün, xarici baxışlara söykəndiyi üçün üstünlük təşkil
elədilər, güclü oldular və s. və i. a.
Qaldı bugünkü Azərbaycan Respublikası ilə bağlı. İndiki Azərbaycan Respublikasının bərpa
olunması deyək, ifadəni belə işlədək, bəlkə belə doğrudur, yalnız bir cəhətdən ADR-in varisi ola
bilərdi. Baxmayaraq ki, SSRİ-nin dağılması tamamilə başqa zəminlər üzərində oturuşdu.
Baxmayaraq ki, SSRİ-nin dağılması bizim müstəqilliyə doğru addım atmağımız nəticəsində
olmadı. Yəni biz milli mücadilə apararaq o Respublikanı qurmadıq. Biz ümumi, yaranmış tarixi
şərait əsasında onu qurduq. Bəlkə də müəyyən mənada millətçilik üstə düşünən kəsim öz
düşüncələrini düzgün yönəltsəydi, milli ideolojilik əsasında fikirlər ortaya gəlsəydi, quruculuq
ortaya gəlsəydi, bəlkə də indiki Azərbaycan Respublikasını ADR-in varisi saymaq olardı.
Millətçilik baş tutsaydı, millətçi kimi başlayanların hakimiyyəti sürsəydi, bəlkə də varisi saymaq
olardı. Təbii ki, ADR-in quruculuq üçün zəmin olan o dövrkü, o şəraitdəki tələblərinin hamısını
indi götürüb təkrar eləmək mümkün deyil. Tətbiq eləmək də mümkün deyil. Dünya da o dünya
deyil, siyasi şərait də, tarixi şərait də o deyil. Dünya da başqa tələblərlə yaşayır, özüldə bizə qarşı
münasibətlər dəyişməsə də. Dövlətlər yeni tələblərlə münasibətlər qurur, ünsiyyətlər qurur və s.
Bu mənada, əlbəttə, islahatlar aparmaqla, yeniliklər etməklə ADR-in varisi ola bilərdilər. Nə
yazıqlar ki, olmadı. Respublikanın başına keçən hakimiyyət özü də yönətim kurallarında, öz
düşüncəsində, öz ideolojisində əsaslı iş apara bilmədi. Düzgün hesablaya bilmədi bir çox şeyləri.
Hakimiyyəti yenidən əldən verdilər. İndiki durum isə göz qabağındadır. İndiki hakimiyyət isə
nəinki varis adlana bilər, o, anticümhuriyyətdir. Hər şey ləğv olunub, milli heç nə yoxdur. Sanki
tarix qısaca korrektələrlə təkrar olunur. O vaxtlar tutalım ki, bolşeviklər alternativ qüvvə kimi
Məmməd Əmin Rəsulzadəyə qarşı Nərimanovları çıxartdı və milli dövləti devirdi. 90-cı illər
Heydər Əliyevi ortaya çıxardılar və millilik həvəsiylə ayağa duran qüvvələri devirdilər.

Göylü Atalı: Hər iki halda Rusiyaya bac verdilər.

Soylu Atalı: Rusiyaya da bac verdi, Avropaya da bac verdi təbii ki. Təkcə Rusiya məsələsi
deyil. Burda da, gurultulu çıxmasın, hakimiyyət zəbt olundu. Zəbt olunmasıyla da, mən təkrar
eləmək istəmirəm, bəlli proseslər başladı. Yəni türkçülüyün aradan getməsi, türk dilinə vurulan
zərbə, sonra milli qüvvələrə qarşı repressiyalar, nələr-nələr. Bunların hamısı bəlli faktlardır,
sadalamağa lüzum görmürəm. Bu mənada mən hesab eləyirəm ki, Azərbaycan Respubikası
indiki səviyyəsiylə qətiyyən ADR-in varisi deyil, sayıla bilməz. Bu da saydığım amillərlə
bağlıdır. Təəssüf ki, ADR-in adı tutulmur, bu gün bu ada bağlı fikir, düşüncə, ideoloji də yoxdur.
Sadəcə olaraq bir termin kimi işlənir ADR adı. Yaxud Müsavat məsələsi termin kimi işlənir.
Müsavatın heç bir milli tələbi, demokratik tələbi deyək, ya dünyəvi tələbi ki, xalqın inkişafı
üçün, tərəqqi üçün nəzərdə tutulmuşdu, onların heç birindən iynənin ucu qədər də söhbət getmir.
Bu mənada təəssüflər olsun ki, Azərbaycan Respublikası ADR-in varisi sayıla bilməz. Ona görə
biz hər dəfə vurğuladığımız bir məsələyə diqqət çəkmək istəyirik: Azərbaycanda Uluyurd
Hərəkatı başlamalıdır, Milli Azadlıq mücadiləsi Bütöv Aərbaycanı əhatə etməlidir. Uluyurd
Hərəkatı millətləşmə prosesini başlaya və başa çatdıra bilər. Yalnız bundan sonra Milli
Dövlətçiliyimiz öz məzmunu ilə yaşayıb var ola bilər.

Göylü Atalı: Hər birinizə təşəkkürümüzü bildiririk və millət yolunda cəfa çəkən Fədailərimizə
(Cümhuriyyət quranlarımıza) sayğı və sevgimizi sunuruq.

(arxivdən)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv