YADİGAR TÜRKEL. YANLIŞ YOLDAN DÖNÜN!!!

SSRİ-nin dağıldığı illərdə Azərbaycan Türkləri də addım-addım bağımsızlığa doğru gedib, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə çağdaş, demokratik dünyaya qovuşdu. Bağımsız Azərbaycan Respublikası 1992-ci il yanvarın 30-da ATƏT-ə, martın 2-də BMT-yə, 2001-ci il yanvarın 17-də Avropa Şurasına qatıldı. “Azərbaycan xalqı” 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasına  səs verərək, bütün dünyaya “bərpa eitdiyi”, yenidən qurduğu öz dövlət Ağalığının qaynağının AZƏRBAYCAN XALQI olduğunu bildirmişdir.
Azərbaycanın strateqləri 1994-cü ildə “Azərbaycan Respublikasının Milli Təhlükəsizliyi haqqında Qanun”la Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Strategiyasının yönlərinin “avrosentrizm, atlantizm, regional perimetr” olduğunu bildirmişlər. Bu strategiyaya görə “Azərbaycan Avropanın bir hissəsidir, buna görə də Avropada təhlükəsizlik Azərbaycanın sabitliyi və tərəqqisinin rəhni [göstəricisi] kimi qiymətləndirilməlidir”. Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik Strategiyasının ikinci aspekti atlantizm – dünyanın qüdrətli dövlətlərilə, o cümlədən Birləşmiş Ştatlarla yaxınlaşmaya səmtlənməlidir”.
Milli Təhlükəsizlik Konsepsiyasının üçüncü aspekti “Regional perimetr – Azərbaycanın regional siyasi-iqtisadi dominant kimi güclənməsini, ölkə ərazisindən Şimal-Cənub, Şərq-Qərb yollarının əsas nəqliyat arteriyası kimi istifadə edilməsini, region ölkələrilə strateji tərəfdaşlıq münasibətlərinin saxlanmasını nəzərdə tutur”.
Çətin qavranılan Ərəb sözlərilə dolu olduğundan, bir sözünün Türk dilində anlamını düz ayrıcda yazmaqla ulusal dil düşüncəsində də ərəbçilikdən qurtulmanın gərəkliyini gözə çarpdırmağa çalışdığım bu strateji yanaşma düzgün olduğundan, Azərbaycan bilimçiləri, aydınları onu yazdıqları dərsliklərə, bitiklərə salmışlar. Son çağlaradək pis-yaxşı bu yolla getməyə çalışan Azərbaycan Ağalığı bəlirlənmiş strateji yoldan çıxıb, yeni Rus İmperiyası yaratmağa çalışan “Putin Federasiyası” ilə yaxınlaşmağa, bir yandan da ulusa, elə “islam fanatizmi”ndən başqa bir yarar gətirməyəcək, erkəkləri təkə saqqallı, dişiləri qara çadralı, üzü-gözü örtülü, Firdovsinin “dəvə südü içən, kərtənkələ yeyən” deyib aşağıladığı Ərəblərlə canbir olmağa başlamışdır.
Bu yanlış yol Azərbaycana, Türk ulusuna monarxiya gətirib, onu əzəcək, Orta çağ dərəbəyliyinə atacaqdır!!!
1980-ci illərin sonu, 1990-cı illərin başında Azərbaycanda oxumuş, bilimçi çox olsa da, dərin politik düşüncəli, deneyimli, tanınmış aydınlar, demək olar, yox idi. Universitetlərdə “Politologiya” bilimi də 1990-cı ildən öyrədilməyə başlandı. Dövlət qurumlarının başında duranlar “Rusun şair düşüncəli buyuruq qulları”ydı. Tək-tək geniş politik düşüncəli yurdsevər adamların da əlində heç bir dövlət yönətimi, var-yatır yoxdu. Ulusun, elin qabağına düşüb, onu ardınca apara biləcək tanınmış “xalq şairləri”, “xalq yazıçıları”, “bolşevik alimləri”nin, demək olar, bütünü özlərinə, oğul-uşağına yüksək görəv əldə etmək, var-yatır qazanmaq üçün yetişdikləri Rus-sovet imperiya quruluşunun davamçılarına boyun əyərək, Azərbaycana, Türk ulusuna dönük çıxdılar.
Azərbaycanın Türklərinin yurdsevər oğulları yüz il qabaq böyük Məhəmməd Əmin Rəsulzadənin başçılığında parlamentar tipli dövlət qursalar da, biz, ötən 23 ildə daha uyğun politik ortamda, daha böyük güc, var-yatırla çağdaş demokratik ilkələri Azərbaycanda ulusal yaşam düşüncəsinə çevirəmmədik!!! “Ulusun seçdiyi parlament qarşısında sorumlu Ağalıq” demokratik düşüncəsindən uzaqlaşmaq ölkənin var-yatırının sorumsuzcasına dağıdılmasına, özəlləşdirmə adı ilə ələ keçirilməsinə, yurddaş hüquqlarının qorunmamasına gətirib, Nizami Gəncəlinin “vəhşi Rus”unun qumara qoyduğu yazıq Erməni ulusunun adı ilə törətdiyi “Dağlıq Qarabağ sorunu”nu da çözməyə qoymadı!
Bu gün Azərbaycanda uyğulanan “güclü prezident respublikası” politik quruluşu sovetdənqalma modeldir. O çağda Ayaz Mütəllimovun başqa yönətim quruluşu uyğulaması olacaq bir iş deyildi. Ölkənin az-çox oxumuşlarının da Azərbaycanın, Türk ulusunun yaşamına daha uyğun, daha bilimsəl, daha çağdaş dövlət quruluşu önərmək biliyi, olanağı yoxdu.
15 aylıq AXC-Müsavat Ağalığı dönəmində də geopolitik olaylar oyanmağa başlayan Türk ulusal düşüncəsini dağıdıb, Azərbaycan toplumunun gələcəyini qaraltdı.
O çağda, təkcə, SSRİ-də, eləcə də dünyada az-çox tanınan Heydər Əliyevin politik olayların üstünə qalxıb, Türk ulusunun dövlət quruluşunu, seçki, hüquq sistemlərini bilimçilər, aydınlarla çoxyönlü çəkişərək çağdaş, geopolitik, strateji dövlət quruluşu yaratmaq olanağı yaranmışdı. Ancaq o bunu etməyib, sürəni boşa verdi, rusdanqalma “prezident respublikası”nı “güclü prezident respublikası” etdi. Bu gün “güclü prezident respublikası” olan Azərbaycan Respublikası prezidentinin anayasadakı  “çəkişilməz” hüquqlarını oxuyanda adamın başı gedir… XXI yüzildə belə də demokratik quruluş olarmı? Buna baxmayaraq, 1993-cü ildən dövlətin başında olan, ötən illərdə ölkədə bir yol da olsun, demokratik seçki keçirib seçilmiş parlament oluşdurmamış politikanlar 2016-cı ilin iyulunda yenidən televiziyalara çıxıb, “prezidentin iş görməyə sürəsi çatmır…” kimi gülməcələrlə ELLİKLƏ SƏSVERMƏ –  referendumla, doğrusuna qalsa, kökdən dəyişdirilib demokratikləşdirilməli 1995-ci il anayasasında monarxist dəyişikliklər etməyin gərəkliyini deyirlər.
Mən, son 30 ildə Azərbaycan, onun bilimi, ideolojisi, Türk dili yolunda dönmədən çalışmış yurdsevər bilimçi kimi, elliklə səsverməyə çıxarılmağa çalışılan bu anayasa dəyişikliklərinin “Azərbaycanın Milli Təhlükəsizlik Strategiyası”nın yönlərinə, çağdaş demokratiya ilkələrinə tərs, Azərbaycan Respublikasını Avropadan dışlayacaq GEOPOLİTİK KORLUQ olduğunu bağırır, Azərbaycan prezidenti İlham Əliyevi bu yanlış yoldan çəkilib, 26 sentyabr 2016-cı il referendumunu sürəsi çatmamış ortadan qaldırmağa çağırıram!
Azərbaycan Respublikasının Parlamenti ulusun səsverməsilə yox, “Gülər Əhmədovanın sırası”, dostluq, tanışlıq, rüşvət – proteksiya yolu ilə seçildiyindən ona üz tutmuram.
İndiki Azərbaycan Ağalığının başında duranlardan təkcə akademik Ramiz Mehdiyevlə professor Həsən Həsənova sözün bütün anlamında “dövlət adamı” demək olar. Toplumsal-politik bilimlər uzmanı olan, 26 sentyabr referendumunun Azərbaycanda Orta çağ monarxizmi yaratmaq istəyi olduğunu çox yaxşı bilən bu iki ağsaqqal “dövlət adamı”nı Azərbaycan dövlətini, Türk Ulusunu, Azərbaycan Toplumunu çağdışı qoyacaq bağışlanmaz istəyin qarşısını almağa çağırıram!
Demokratik dövlətçilik yolu 9,5 milyonluq Azərbaycan Xalqının, Türk Ulusunun, Azərbaycan Toplumunun getməli olduğu tək yoldur!!! Kimsə onu toplumsal yüksəliş, yüksək bilim-texnika, kültür, demokratiya, çağdaşlıq yolundan döndərməyə qalxmamalıdır!!!
Azərbaycan Respublikasının bütün yurddaşlarını öz anayasal hüquqlarını dinc yollarla qorumağa, sentyabrın 26-da ELLİKLƏ SƏSVERMƏYƏ gedib, monarxizmə YOX!!! – deməyə çağırıram.

2 sentyabr 2016-cı il.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv