Əqidəyə xidmət edirsən, ancaq əqidəsizsən, çünki ona inanmırsan, ağlınla, duyğularınla ona bağlanmırsan – ona riayət edirsən! Çünki hamı ona tapınır.
Hamıdan yapışırsan, hamılaşırsan, çünki özün ola bilmirsən, özün olmaq istəmirsən, özün olmağının zəhmi səni basır, hamıyla bir olursan ki, özün olmayasan!
İnama xidmət edirsən, ancaq inamsızsan, çünki İnamı ağlında, qəlbində yaşatmırsan, ona tabe olursan. Hamıdan yapışırsan, hamılaşırsan, çünki özün ola bilmirsən, özün olmaq istəmirsən, özün olmağının zəhmi səni basır, hamıya qovuşmaqla özündən azad olursan.
Özündən kənardakı Möhtəşəm Qüdrətə xidmət edirsən, ancaq qüdrətsizsən, çünki Qüdrətə ağlında, duyğularında yer yoxdur, sən hamının təsiriylə, hamıyla birgə Qüdrətə baş əyirsən, çünki əks təqdirdə səni özün olmaq təhlükəsi gözləyir.
Həmin təhlükədən yaxa qurtarmaq üçün hamıdan yapışırsan, hamılaşırsan.
Bir sözlə, səni hamıya qovuşduran, hamıyla eyniləşdirən sənin zəifliyin, acizliyin, kiçikliyindir.
Sən özünə layiq olmadığın üçün hamıya layiq olmusan! Ağlın sənə düz yol göstərə bilməyib, ona görə də hamının ağlına tapınmısan.
Qəlbin səni aldadıb, bu səbəbdən də öz qəlbinə yox, hamının qəlbinə inanmısan.
İradən səni azdırıb, bu səbəbdən də öz iradənə yox, hamının iradəsinə tapınmısan, baş əymisən.
Unutmusan ki, hamılaşmaqla sən düz yola çıxmamısan, çünki əsl doğru həyat – fərdi ağılı, iradəni, qəlbi məhv etmir, əksinə, onlara əsaslanır, əsil vəhdət, əsil hamılıq şəxsiyyətin fərdiliyini rədd etmir, əksinə, daha yüksək səviyyəyə qaldırır.
Həmin əsil Birlikdə şəxsiyyət cəmə özündən ayrılmış, özünün əksinə çevrilmiş şəkildə qovuşmur, özünün fərdi zənginliyiylə qovuşur.
Belə vəziyyətdə fərd öz gəlişiylə cəmi zənginləşdirir, fərd cəmdən asılı olduğu kimi, cəm də fərddən asılı olur.
Ümumi fikir, duyğy, iradə – fərdi fikri, duyğunu, iradəni daha yüksək, daha yetkin, daha parlaq şəkildə təsdiq edir.
Cəmə qovuşmaqla fərd özünü cəmdə itirmir, tapır. Sürüləşmədə isə şəxsiyyət öz fərdi keyfiyyətlərini ağır yük kimi çiynindən atır və özündən əl çəkir, özünü hamının iradəsinə tapşırır, çünki fərd olmaq ağır işdir, məsuliyyətli işdir, burada səhv etmək, gərgin həyəcan keçirmək, dara düşmək qorxusu var, cəmdə, hamılaşmaqda isə məsuliyyətdən, çətinlikdən xilas olursan.
İndi taleyin hamının əlindədir.
Hamılıqda sən yaşamırsan, hamı yaşayır, bu səbəbdən də ömrün istiqaməti, mənası, fəaliyyətinin mahiyyəti – özündən ayrılmış, özündən fərqlənmiş biçimdə meydana çıxır. Sən yoxsan, yalnız hamı var, hamılıqla birgə asan, yüngül, aydın yaşayırsan.
“Həqiqət nədir, yalan nədir?” – bu suala sən cavab vermirsən, hamı cavab verir.
“Haqq nədir, nahaq nədir?” – bu suala sən cavab vermirsən, hamı cavab verir.
“Ləyaqət nədir, qəbahət nədir?” – bu suala sən cavab vermirsən, hamı cavab verir.
“Paklıq nədir, günah nədir?” – bu suala sən cavab vermirsən, hamı cavab verir.
“Ölməli kimdir, yaşamalı kim; dost kimdir, düşmən kim; böyük kimdir, kiçik kim? – bu suallara sən cavab vermirsən, hamı cavab verir.
Hamı səhv edə bilməz, yanlış düşünə, hərəkət edə bilməz. Sən isə bir fərd kimi bir çox hallarda səhv edirsən, yanlış düşünür və hərəkət edirsən.
Deməli, səndə olmayanların hamısı hamıda var. Bu səbəbdən də ona tabe olmalısan.
Beləliklə də hamının böyüklüyü sənin kiçikliyinin təsdiqindən yaranır. Ancaq bu təsdiqlə sən həm də ağır yükdən – özündən xilas olursan.
Nöqsanlı, təhlükəli, təlaşlı yaşamaqdansa, özünü hamılığa təhvil vermək yaxşı deyilmi?
Hamının biri olmaq – gərgin düşünməmək, duymamaq, yaşamamaq deməkdir.
Gərgin düşünmək, duymaq, yaşamaq fəlakətini hamıya həvalə eləmək – bundan böyük bəxtiyarlıq və hakimlik olarmı?!
Əgər hamı birini seçirsə, onun arxasınca gedirsə, mən niyə onun arxasınca getməyim?
Hamı birini dara çəkirsə, mən niyə onu dara çəkməyim?
Hamı bir ideyanı alqışlayır, başqa ideyanı pisləyirsə, mən niyə bunu eləməyim?!
Nəyi səadət, nəyi köləlik saymağı hamı bilir.
Nəyi xeyir, nəyi şər saymağı hamı bilir.
Nədən sevinməyi, nədən kədərlənməyi hamı bilir.
Nəyə baş əyməyi, nəyə nifrət eləməyi hamı bilir.
Hamı bilirsə – sənin bilməyinə xüsusi bir ehtiyac varmı?
Hamı duyursa – sənin duymağına xüsusi bir ehtiyac varmı?
Sənin qismətin yaşamadan yaşamaqdır.
Sürüləşmə səni həm də başqa bir səmtdən xilas edir.
Daxilində şər duyğular çoxdur. Onları aşkara çıxarmağa, büruzə verməyə fərdi qüdrətin çatmır. Hamıyla birlikdə sən yırtıcılığını, naqisliyini parlaq şəkildə üzə çıxarırsan.
Qan tökməkdə, xarabazarlıq yaratmaqda, ləyaqət tapdalamaqda möcüzələr göstərirsən, qorxmursan – ürkmürsən, çünki bilirsən ki, cinayət hamıyla birgə edilib, hamının bəyəndiyi niyyət naminə edilib, bu səbəbdən də törətdiklərin cinayət sayılmayacaq.
Bir adamın başını tək kəssən, bu, cinayət sayılardı. Minlərin başını hamıyla birgə kəsmisən, hamının bəyəndiyi niyyət naminə kəsmisən – cinayətkar deyilsən, qəhrəmansan. Həmin qəhrəmanlıqlar sənə imkan verir ki, illərlə qəlbində gəzdirdiyin qara duyğular qadağan bəndini aşsın, aləmi yandırsın, sənə sevinc gətirsin.
Sürüləşən öz məziyyətlərini də hamıya bəxş edir.
Sürüləşənin fərdi vüqarı yoxdur. O, vüqarını hamıya bəxş edir, hamı vüqarlı olduğu üçün fərdin vüqarlı olmağa ehtiyacı yoxdur.
Sürüləşənin fərdi qeyrəti yoxdur. Hamının qeyrəti naminə o, öz fərdi qeyrətindən keçir.
Sürüləşənin fərdi həyat tərzi yoxdur. O, öz fərdi həyat tərzini hamıya bağışlamışdır. Hamıya xas olan ümumi həyat tərzi fərdi həyat tərzinə ehtiyacı yox edir.
Sürüləşən daxili aləminin qapısını başqalarının və özünün üzünə həmişəlik bağlayır.
Bu dünya unudulmalı, itirilməlidir, çünki onun mövcudluğu hamılığın məntiqinə uyğun gəlmir. Daxili dünya – fərqli dünyadır. Hamılıq fərdiliyi aradan qaldırır. Sürüləşənin taleyi yoxdur. Hamılığın taleyi olan yerdə fərdin taleyi olmamalıdır.
Sürüləşən öləndə dünyadan heç nə əksilmir. Çünki hamılıq qalır. Çünki yaşamayan ölməz.




Aprel 15th, 2026
admin
Posted in
Tags: 