Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Biz böyük Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının peyğəmbəri, bu Baxışın, Ocaq Qurumunun yaradıcısı Asif Atanın (İnam Atanın) anadan olmasının 90 illiyi qarşısındayıq. Bununla bağlı onun davamçıları – Evladları ayrı-ayrı soydaşlarımızın qatqısı ilə törən keçirmişlər. Bu törəndə Asif Atanın ulusal-ruhsal kimliyinə yönəlik, eləcə də onun bu yöndə işlərinin gerçəkləşmə, davametmə məzmununda söz deyilmişdir. Hələ 60-cı illərdə Asif Atanın axtarışlarına, xalqının əsarətdən, mənəvi, siyasi işğaldan qurtuluşuna yönəlik çabalarına aydınlıq gətirilmişdir.
Asif Ata hər bir xalqın özünü ayrıca bir varlıq olaraq qəbul edir, hər hansı bir xalqın siyasi, ruhani işğal olunmasını dünyaya, İnsanlığa qarşı cinayət hesab edir. Bunun üçün o, birinci növbədə öz xalqının mənəvi əsarətdən, siyasi işğaldan qurtulması yönündə ruhsal mübarizə yolu bəlirləmiş, özü bu mübarizənin başında durmuşdur. O hesab edir ki, əgər xalqın özünün ruhsal dünyabaxışı olmasa toparlanıb xalq kimi formalaşa bilməz. Sonucda dağılmağa, parçalanmağa uğrayar.
Asif Ataya görə xalqın öz içində özgələşməsinə nədən olan iki böyük şər mövcuddur: bunlardan biri ərəblərin gətirdiyi ruhsal işğaldır, ikincisi siyasi güclərin gerçəkləşdirdiyi ideoloji işğaldır. Nə yazıqlar ki, toplumumuzun üzdə olan kəsimi bu işğalların ciddi fərqinə varmırlar. Hətta bu işğalları bu ya başqa şəkildə içimizdə qorumağa çalışan qruplara bölünürlər. Azərbaycanda hansı xalq var, – demək çətindir. İngilis, rus, ərəb, fars şüurları ilə yaşayan topluma necə Azərbaycan xalqı demək olar?! Ocaq, adı çəkilən xalqlara nifrət bəsləmir, ancaq o xalqların başbilənlərinin içimizdə ruhsal, ideoloji əsarət yaratmalarına, bu əsarəti hər vasitə ilə qorumağa çalışmalarına nifrət bəsləyir. İçimizdə bilərəkdən onların buyruqlarını yerinə yetirənləri isə xalqına qarşı xəyanət işləməkdə suçlayır…
Bütün bunların çözülməsi üçün Asif Ata öz Yurdunda mənəvi-ruhani, fəlsəfi, ideoloji məktəb yaratmışdır. 60-cı illərdən bu yana Azərbaycanda milli-mənəvi yöndə nə deyilmişsə, nə addımlar atılmışsa Asif Atanın çağrışlarından, haraylarından, milli məktəbindən qaynaqlanır. Bunun özü uğurun birinci aşamasıdır.
Ancaq bütün bunların hamısı hələ çox azdır. Bu yolda xalqımıza uğurlar, başarılar, işıqlı gələcək diləyirik…
Mütləqə İnam Ocağı
Ata Ayı, 47-ci il. (sentyabr, 2025).
Asif Ata
OCAQ MƏRAMI
Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə, Ruhani Zənginliyə sonsuz Ehtiras yaşayır.
Ocaq həmin Ehtirasdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Süniliyə, Bəsitliyə, Yalana sonsuz Nifrət yaşayır.
Ocaq həmin Nifrətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda ölməz Ənənələrə, Ali Mənəvi sərvətlərə sönməz Məhəbbət yaşayır.
Ocaq həmin Məhəbbətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Müqəddəsliyə alovlu bir pərəstiş yaşayır.
Ocaq həmin Pərəstişdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Bütöv, Parlaq, Gözəl İnsan Şəxsiyyətinə Çağırış yaşayır.
Ocaq həmin Çağırışdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Hərarətli və Dərin, Əzəmətli və Zərif, Ehtizazlı və Müqəddəs Şərq Ruhuna atəşli Meyil yaşayır.
Ocaq həmin Meyildən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Qeyrət ilə Alçaqlıq, Ləyaqət ilə Qəbahət, Cəngavərlik ilə Mənəvi Zəlillik, Vətənpərvərlik ilə Vətənsizlik döyüşür.
Ocaq bu Döyüşün ön sırasındadır!
Dünyada, Həyatda, Xalqımızda Yanar Zəkanın Övladı olan, Dünya Fikrinin Mahiyyətini özündə təcəssüm etdirən, Bədiiyyatla nəfəs alan, Mənəviyyatı Həqiqət Odunda təmizləyən Qanadlı, Hissiyyatlı, Cəsarətli İdraka zəruri Ehtiyac yaşayır.
Ocaq həmin Ehtiyacdan yaranmışdır!
XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz həmin Bayrağı başımızın üzərinə qaldırırıq.
İnsan hər bir mühitdə İnsan olaraq qala bilər. O, hər bir şəraitdə öz zəifliyi üzərində qələbə çala bilər.
İnsan özünü daim təkmilləşdirməlidir. Bu, onun özü qarşısında ən böyük borcudur. Bütün çirkinlikləri daxildən silib atmaq olar. Pisliyin bəraət imkanı yoxdur…
Ocaq İnsana İnam ideyasına əsaslanır, Kamil İnsan yaratmağı öz məqsədi sayır.
Dünyada, Həyatda, Xalqımızda – yenilik pərdəsi altında əxlaqsızlıq, yırtıcılıq, bədbinlik, eybəcərlik təbliğ edən “sənət”ə qarşı ikrah hissi yaşayır.
Ocaq pozğun, çirkin, bayağı qeyri-sənətlə döyüşündə ardıcıl, amansız olacaqdır.
Dünyada, Həyatda, Xalqımızda müasir əxlaq, müasir gözəllik, müasir həyat tərzi libasına bürünmüş, öz Əsilliyindən, Qədimliyindən, Xəlqi Mahiyyətindən ayrılmış təcavüzkar, fəal, azğın qüvvələr yaşayır.
Onların puç və zərərli əqidəsini Ocaqda yandırıb külə döndərmək lazımdır.
Biz gələcəyə keçmişimizin meyidi üzərindən adlayıb keçmirik.
Biz gələcəyə Müqəddəs keçmişimizin geniş Yollarıyla gedirik.
Biz Qərb solçuları kimi gələcəklə keçmiş arasında uçurum görmürük, “ya gələcək, ya keçmiş” demirik.
Biz belə hesab edirik ki, müasir İnsanın Qəlbində Məcnun Alovu yaşamalıdır, Nəsimi Ənəlhəqqi səslənməlidir, Zərdüşt İşığı parlamalıdır, Muğam Hikməti, Saz Əzəməti səslənməlidir.
Biz mədəni bədbinlərin “İnsan məhv olur” – hay-küyünə inanmırıq.
İnsan öz böyüklüyünə qayıda bilər, qayıtmalıdır və Ocaq bu ümumbəşəri tarixi vəzifəyə xidmət edir.
Biz geriyə yox, irəliyə gedirik.
Fəqət biz irəliyə keçmişimizlə bərabər gedirik.
Biz Bəşərin Ülvi Ruhunu Ürəyimizdə gəzdiririk. Həmin Ruh bizi Müqəddəsləşdirir və biz bu Müqəddəsliyi Dünyaya, Həyata, Xalqa qaytarırıq.
Dünya gözəlləşir, İnsan paklaşır, Əzəmət, Ülviyyət gəlir Həyata, Mehr, Məhəbbət bəzəyir Dünyanı, Qeyrət, Namus cilalayır Mənəviyyatı, Fikrə Ənginlik, Duyğuya Təravət bəxş olunur.
İnsan öz üzərində çaldığı qələbəni bayram edir.
Biz azərbaycanlıyıq, Şərq dünyasının bir hissəsiyik.
Muğamlarımızla, Şerimizlə, Adət-Ənənələrimizlə Şərqə bağlıyıq, Füzulilərimiz, Nəsimilərimiz Cəlaləddin Rumilərə, Hafizlərə qohumdur.
Şərq mədəniyyətinə qovuşmuşuq, onun Ruhuna Ruhumuzu calamışıq. İtirməmişik – Böyümüşük, Yüksəlmişik, həm də Yüksəltmişik.
Şərqin ikinci Füzulisi yoxdur, Muğamları da ən kamil şəkildə biz qoruyub saxlamışıq və ifa etmişik.
Biz həm də Qərbdən bəhrələnmişik. Ancaq heç vaxt qərbçi olmamışıq. Sənətimizdə, Fəlsəfi Fikrimizdə, Musiqimizdə təsdiq olunan Ruh – Hərarətli, Müdrik Şərq Ruhudur.
Biz həm də türkdilli xalqların bir hissəsiyik. Ancaq bu xüsusiyyətimizi bütün Şərqə qarşı qoymuruq.
Biz türkdilli xalq olsaq da, ən çox Şərqi xalqıq. Bizim Mənəviyyatımızda ümumi Şərq Mahiyyəti çox güclüdür. Adət-Ənənələrimiz, Cəngavərliyimiz hamıya bəllidir.
Belə bir xalq özünəməxsus Mənəviyyat Fəlsəfəsi yaratmalıdır. Tarix onun qarşısında bu vəzifəni qoyub.
Ocaq həmin Zəruriyyətdən yaranıb!
Füzulilərin, Nəsimilərin, Muğamatın, Sazın, Şərq Ruhunun, ümumən Dünya İdrakının davamı olan Mənəviyyat Fəlsəfəsini Ocaq mütləq yaradacaq!
Biz Dünyanı və İnsanı daha Gözəl və Kamil görmək istəyirik.
Dünyanın Aqibəti İnsanın əlindədir. Gözəl İnsanlar Gözəl Dünya yaratmağa qadirdirlər.
Azərbaycanın sinəsində yanan bu Ocaq Xalis, Qeyrətli, Pak İnsanlar yetişdirəcək, Gözəl İnsan yaratmaqla Gözəl Dünyaya xidmət edəcək.
Qoy bir an da Qəlbimizdə Ülviyyət Odu azalmasın!
Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın!
Əzmimiz, Gücümüz, Cəsarətimiz, Fədakarlığımız – Məqsədimizə bərabər olsun!
Ocağın Müqəddəs Ruhu sönməzdir!
Bakı, 1980-ciil.


















Sentyabr 29th, 2025
admin
Posted in 