Doğmalarıma
Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.
Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi, Səhər Təbəssümü, sonu görünməyən, ürəyimizi özü ilə aparan, Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək Nərəsi, Sel Əzəməti var…
Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başında oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu Bulağının qaynaması, Özünü başqasında tapmaq Səadəti var.
Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündənkeçmə Ülviyyəti, Qorxu hissinin ölümü, İnsanın İlahi Qüvvələrlə Yarışı, Babəkin tikə-tikə doğranılan bədəni və Xəlifəliyi sarsıdan Ruhu, Əzabdan alınan Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var.
Sizin Ruh Dünyanızda Zərdüştün Hürmüzdü, Füzulinin Məcnunu, Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Buddanın İmtinası, Muğamın Ülvi Ehtizazı var…
Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağsaqqallıq, Varislik, Valideynlik, Həya, İsmət, Qeyrət Ənənəsi, Qədimliyə pərəstiş, Babaların Müqəddəs Ruhuna İnam var.
Siz həmişə özünüzü böyük Dünyada hiss edin. Onda kimliyinizi anlarsınız.
Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyyəti görmürlər.
Dünyasızlarla döyüşün – Dünyanızı təsdiq etmək üçün!
Öz Daxilinizdəki naqisliyi öldürün – Dünyanıza layiq olmaq üçün.
Ürəyinizə baxın – orada Sabahı görəcəksiniz!




Sentyabr 25th, 2025
admin
Posted in 